Ana Sayfa > Karusel / Maraqlı / M2 > Dünyada ucaboylar, Azərbaycanda bəstəboylar artır

Dünyada ucaboylar, Azərbaycanda bəstəboylar artır


23-02-2016, 12:29. Yazar: Xeberaz
Dünyada ucaboylar, Azərbaycanda bəstəboylar artır

Britaniyanın Esseks Universitetinin araşdırmalarına görə, avropalıların boy göstəriciləri artır. 1870-1980-ci illər arasında yaşayan insanların fiziki göstəricilərini öyrənən professor Tim Hatton iddia edir ki, bir əsrdə orta avropalı kişinin boyu 11 santimetr artıb. BBC bu dəyişiklikləri indiki Avropa Birliyi ərazisindəki həyat səviyyəsinin yüksəlməsi ilə izah edir. Universitetin araşdırmalarında qadınlarla bağlı rəqəmlərin yoxluğunu 100 il əvvəl zərif cinsin göstəricilərinin qeydə alınmaması ilə izah ediblər.

Araşdırmaya görə, indi 21 yaşlı avropalının orta boyu 179 sm-dir. Qonşu Rusiyada da artım dinamikası hiss olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən əsrin 60-cı illərində SSRİ-də orta boy göstəricisi kişilər üçün 168, qadınlar üçün 157 sm idi. İndi isə Rusiyada kişilər üçün orta boy göstəricisi 176, qadınlar üçün isə 162 sm-dir.

AZƏRBAYCANLILARIN BOYU GÖDƏLİR...

İnkişaf edən ölkələrin insanlarında boy artımı hiss olunduğu halda orta azərbaycanlının boy göstəricisində azalma var. Bunu Dövlət Statistika Komitəsinin 2014-cü il üçün əhalinin orta boy statistikasına dair açıqladığı rəqəmlər söyləyir.

Orta avropalı gəncin boyu 179, azərbaycanlı gəncin isə 172 sm-dir.

Komitənin məlumatına görə, 2014-cü ildə ölkə üzrə 15 yaşdan yuxarı əhalinin orta boyu 168.2 santimetr olub. Bu rəqəm kişilərdə 171.9 sm, qadınlarda isə 164.3 sm-dir. 15-19 yaş arası insanların orta boyu ölkə üzrə 162 santimetr olub. Bu göstərici kişilərdə 163.7, qadınlarda isə 160.2 sm qeydə alınıb.

20-44 yaşlılar arasında əhalinin orta boyu 168.9 sm-dir. Kişilərin boy göstəricisi 172.5, qadınlarınkı isə 164.7 sm olub. 45-64 yaş arası qrupda isə orta boy 168.9 sm-dir.

60 yaşdan yuxarı insanların orta boyu isə 166.8 sm-dir.

«UŞAĞIN BOYUNUN ARTMAMASI HƏYAT ŞƏRAİTİ VƏ XƏSTƏLİKLƏRLƏ BAĞLI OLA BİLƏR»

Ölkənin baş pediatrı Nəsib Quliyev «Turan»ın əməkdaşına boy artımında genetik amillərin böyük rol oynadığını deyib:

«Bir neçə il əvvəl insanlar arasında akselerasiya, yəni boyun çox artması meylləri müşahidə olunurdu. Uzunmüddətli araşdırmalar göstərdi ki, əslində, insanın həyat şəraiti, yaşadığı yerin iqtisadi vəziyyəti yaxşılaşdıqca, bu özünü onun boyunda da göstərir. Hazırda Azərbaycanda dünyaya gələn uşaqlarda boy azlığı müşahidə olunmur. Normal göstəricilərlə doğulan uşağın boyunun inkişaf etməməsi daha çox həyat şəraiti və xəstəliklərlə bağlı ola bilər».

Alimlər boy artımına müsbət təsir edən amillər kimi qidanın, sosial gigiyenik şəraitin, ekoloji vəziyyətin və səhiyyə xidmətlərinin yaxşılaşmasını səbəb kimi göstərirlər.

ƏT İNSANI «UCALDIR»…

Pediatrlar uşaqlarda boy artımına təkan vermək üçün bir çox idman növləri ilə yanaşı, onları proteinlə zəngin qidalarla bəsləməyi təklif edirlər. Onlar mal əti, toyuq, balıq yeyənlərin boyunun protein qəbul etməyənlərə nisbətən daha uca olduğunu deyir.

Boy cılızlığı müşahidə olunan Azərbaycanda adambaşına düşən mal əti istehlakı da normadan aşağıdır.

ÜST-nin müəyyənləşdirdiyi normalara görə, bir şəxs il ərzində 80 kq ət qəbul etməlidir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azadlıq Radiosuna deyib ki, Azərbaycanda adambaşına düşən ət istehsalı 27, idxalla birlikdə isə 34 kq-dır. Bu 34 kq-a mal, qoyun, toyuq və s. heyvan və quş əti daxildir. ÜST-nin başqa bir standartında isə adambaşına balıq istehlakı 21 kq müəyyənləşib. Azərbaycanlılar balıq ətini də normadan 3 dəfə az, yəni 7 kq istehlak edirlər.

«Qida rasionundakı bu qıtlıq daha çox uşaqların boy və çəki göstəricilərinə təsir göstərir, onlarda yaddaşsızlığa səbəb olur»- deyə pediatrlar bildirirlər.

Azadlıq.org

Geri dön