Ana Sayfa > Karusel / Hadisə / M2 / Araşdırma > 17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı - MƏHKƏMƏDƏ DƏHŞƏTİ ETİRAF ETDİ

17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı - MƏHKƏMƏDƏ DƏHŞƏTİ ETİRAF ETDİ


12-02-2016, 10:28. Yazar: Xeberaz
17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı - MƏHKƏMƏDƏ DƏHŞƏTİ ETİRAF ETDİ

Təqsirləndirilən qızın ailəsi ondan elə məhkəmədəcə imtina etdi



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Xəbəraz.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə araşdırma davam edib. İfadələr elan olub. Bu zaman Alyona Baxışova cinayəti etiraf edib və məhkəməyə verdiyi ifadəni təsdiq edib.

Məhkəmə prosesi fevralın 18- davam edib.

Xatırladaq ki, Alyona Baxışova ilkin baxış iclasında ifadə verən zaman hadisəni nəql edib. O, qardaşını tək öldürdüyünü demişdi. Sonrakı iclaslarda isə Alyona Baxışova ifadəsini dəyişirək cinayətin qonşuluqda yaşayan Ələsgər Səlimov tərəfindən törədildiyini demişdi. Məhkəməyə dəvət olunan Ələsgər Səlimov isə ruhi xəstədir. Bununla bağlı tibbi arayış verib.

Alyona Baxışova məhkəməyə ilk ifadəsində belə demişdi: “Atam biz uşaq olanda rəhmətə gedib. Ata nənəm, anam, iki qardaşımla birgə yaşayırıq. Baxış hamımızdan böyük idi. Əsgər gedib gəlmişdi. Ortancıl uşağam, məndən də balaca Rafiq adlı qardaşım var. Ailədə hər zaman səs-küy olurdu. Baxış hərbi xidmətdən gələndən sonra tez-tez mənə sataşırdı. Ağlına gələni deyir, təhqir edir, vururdu. Bu barədə anama məlumat vermişdim”.

Təqsirləndirilən şəxs ifadəsinin bu yerində qardaşının zoofiliyaya meylli olduğunu və bunu iki dəfə gördüyünü bildirib. Onun anası Bacıxanım Baxışova da oğlunun zoofiliyaya meylli olduğunu təsdiqləyib və bir dəfə onu yaxaladığını, buna görə tənbehlədiyini bildirib (A.Baxışova ifadəsində bu məqamla bağlı detalları açıq şəkildə nəlq edir – red.).

Alyona Baxışova ifadəsini davam etdirib. O, bu hadisədən sonra qardaşı ilə münasibətlərin daha da pisləşdiyini deyib: “Məni tez-tez döyməyə başladı. Təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Öz otağımdaydım. Saat 3-4 arası olardı. Otağıma girdi. Üstümə cumdu. Paltarlarımı çıxarmağa çalışırdı. Əlini saçlarıma atdı. Karnizin dəmiri ilə onun başına zərbə vurdum. Həyətə qaçdım. Dalımca gəldi. Gizləndim. Amma tapdı. Gözləri çönmüşdü. Odun olan yerdən baltanı götürdüm. Qorxmuşdum. O üzərimə gələndə balta ilə başına iki zərbə vurdum. Yerə yıxıldı. Bir anlıq ayıldım. Bilmədim, neyləyəm. Həyətin küncündə yeri qazıb onu basdırdım. Yer qan olmuşdu. Yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, SDK-da işləməyə getmişəm. Davamlı olaraq hər gün mesaj yazırdım. Anam, nənəm polisə itkin düşməklə bağlı ərizə yazmışdı. Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxardım. Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orda basdırdım. Bu vaxtı məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim. Üstümə gəlirdi. Özümü müdafiə edirdim”.

Hakimlər Alyona Baxışovanın düz danışmadığını bildirib: “Sən bu cinayəti yetkinlik yaşına çatmayanda törətmisən. Düzgün danış, kimsə səni öyrədib. Sən bu boyda cinayəti tək törədə bilmərsən. Kim yardım edib? Bir meyiti sən necə qız canınla daşıya bilərsən ki? Düzgün danış, araşdıraq. Anan yazıqdır, bir övladı qəbrə, biri də türməyə gedir”.

Alyona Baxışova cinayəti özünün törətdiyini, heç kimin xəbəri olmadığını deyib.

Qeyd edək ki, hadisə 2014-cü il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Geri dön