Ana Sayfa > Karusel / Səhiyyə / Fotogalereya > Yeni doğulan körpəni necə çimizdirməli? - 10 SUAL-10 CAVAB

Yeni doğulan körpəni necə çimizdirməli? - 10 SUAL-10 CAVAB


7-02-2016, 16:31. Yazar: Xeberaz
Yeni doğulan körpəni necə çimizdirməli? - 10 SUAL-10 CAVAB
Yumşaq və həssas dəriyə zərər verməmək, sağlamlığına mənfi təsir göstərməmək üçün körpə hamamı haqqında hər detalı bilsəniz, həm uşağı yormadan, həm də narahatlıqlarınızı minimuma endirərək, körpənin çimmək vaxtını xoş keçirə bilərsiniz. Aile.lent.az körpənin çimizdirilməsi haqqında maraqlı məqamları təqdim edir.

Körpənin vacib ehtiyaclarından biri də hamamdır

Bir az böyüdükdən sonra və suyun içində oturub əylənə biləcəyi vaxtlarda hamam saatı daha maraqlı keçəcək. Amma yeni doğulanda körpənin bütün ehtiyaclarını ödəmək, suyun istiliyini düzgün tarazlamaq kimi bir çox mövzular sizi narahat edir və stresə səbəb ola bilər.

Əvvəlcə hazırlaşın

1. Körpələrin dərisi həssas olduğu üçün asanlıqla qıcıqlana və zədələnə bilər. Buna görə də hamamdan əvvəl dırnaqlarınızın qısa olmasına diqqət edin. Bundan başqa, qolbaq, üzük, saat kimi aksessuarlarınızı çıxarın.

2. Hamamlanmağa başlamazdan əvvəl şampun, dəsmal, uşaq bezi, paltar kimi lazım olacaq bütün vasitələri hazırlayın.

3. Əgər unutduğunuz bir şey varsa, onu götürməyə gedən zaman uşağı tək qoymayın. Dəsmalına bükərək onu da özünüzlə aparın.

4. Uşağın hamamlanması üçün xüsusi hazırlanan plastik vanna və ləyənlər sizin işinizi asanlaşdıracaq.

5. İlk günlərdə təcrübəli və təmkinli bir köməkçinin yanınızda olması sizi narahatlıqdan bir az da olsa xilas edəcək.

6. Körpəni hamama hazırlayan zaman və ya onu çimizdirərkən gülümsəməyi və onunla danışmağı unutmayın. Birlikdə həzin mahnılar da dinləyə bilərsiniz.

10 sual, 10 cavab

Türkiyəli uşaq həkimi Zərminə Böyükkeçəçi uşağın hamamlanması haqqında bütün anaları maraqlandıran 10 suala cavab verib.

1. - Körpəni doğulduqdan neçə gün sonra çimizdirmək olar?
- Uşaq doğulan kimi çimizdirilməlidir.

2. - Körpənin göbəyi düşməmiş onu çimizdirmək olarmı?
- Bəli, olar.

3. - Çimizdirən zamanı uşağı necə tutmaq lazımdır?
- Uşaq uzanırmış kimi olmalıdır, başı yuxarı, sol əl ənsənin altında, vannanın içinə sürüşməyən bir material qoyub körpənin yanını onun üstünə oturdurmuş kimi çimizdirmək lazımdır.

4. - Suyun istiliyi necə olmalıdır?
- Körpəni çimizdirdiyiniz suyun hərarəti 36 dərəcə olmalıdır. Termometr yoxdursa, suyun istiliyini dirsəyinizlə yoxlaya bilərsiniz.

5. - Otağın istiliyi hansı hərarətdə olmalıdır?
- Otağı istiliyi normal geyim hərarətində necə olmalıdırsa, körpə eyni istilikdə çimizdirilməlidir. 22-23 dərəcə ideal hərarətdir, otağı çox isitməyə ehtiyac yoxdur.

6. – Çimmə müddəti nə qədər davam etməlidir?
- Körpələr ana qarnında olan zaman suyun içərisində olduqları üçün suyu sevirlər. Əgər uşağınız onu çimizdirən zaman narahat olmursa, əksinə, xoşuna gəlirsə, onu 15 dəqiqəyədək çimizdirə bilərsiniz.

7. - Körpəni çimizdirən zaman o ac olmalıdır, yoxsa tox?
- Uşağın qarnı tox olarsa, çimən zaman qusa bilər. Ona görə də uşağın ac qarnına çimizdirilməsi arzuediləndir.

8. - Səhər, yoxsa axşam çimizdirmək lazımdır?
- Əsasən rahat yatsın deyə axşam çimizdirmək məsləhətdir.

9. - Qulağına su getməsin deyə nələrə diqqət etmək lazımdır?
- Yetkin bir insanın duş altında olan zaman qulağına su getmə ehtimalı nə qədər azdırsa uşaq üçün də o qədərdir. Çünki uşağın qulaq quruluşunun yetkin insanlardan heç bir fərqi yoxdur.

10. - Hər dəfə çiməndən sonra uşağın dərisinə qulluq etmək vacibdirmi?
- Körpənin dərisinə nəmləndirici vasitələr çəkilsə yaxşı olar. Çünki uşaq dərisi nəmləndiricini sevir.


Çimizdirdikdən sonra

Körpənin başı və bədənini yumşaq hərəkətlərlə qurulayın
Ayaq aralarını, qasıqlarını, barmaq aralarını qurutmağı da unutmayın
Uşaq lasyonları və uşaq yağları ilə masaj edərək dərisini nəmləndirin. Bu, həm uşağın sakitləşib rahatlanmasına, həm də aranızda gözəl əlaqə yaranmasına xidmət edəcək.
Geri dön