Ana Sayfa > Karusel / Gündəm / M2 > Səfirimiz etimadnaməsinin surətini təqdim edib

Səfirimiz etimadnaməsinin surətini təqdim edib


21-01-2016, 14:42. Yazar: Xeberaz
Səfirimiz etimadnaməsinin surətini təqdim edib
BƏƏ-nin dəyişməz mövqeyi Azərbaycanda yüksək dəyərləndirilir.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni təyin olunmuş səfiri Daşqın Şikarov etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.

Səfirlikdən Xeberaz.az-a verilən məlumata görə, dost və qardaş BƏƏ-də səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən D.Şikarov ölkələrimizi bağlayan əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxarmaq istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

Səfir BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərini xatırladıb, bu səfərin iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd edib.

Azərbaycan səfirini yeni təyinat münasibətilə təbrik edən nazirin birinci müavini ona fəaliyyətində müvəffəqiyyətlər diləyib və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətə çatdırıb.

Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ölkəmizə səfərinə toxunan XİN rəsmisi həmin səfərin uğurla keçdiyini vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.

BƏƏ nazirinin birinci müavini Azərbaycan səfirinin öz diplomatik fəaliyyətinə uğurla başladığını vurğulayıb və belə uğurların davamlı olmasını arzu edib.

Sonra BƏƏ xarici işlər nazirinin protokol məsələləri üzrə müavini Şihəb Əl-Fəhim ilə görüş olub.

Görüşdə səfir D.Şikarovu təyinatı münasibətilə təbrik edən nazir müavini ona fəaliyyətində uğurlar diləyib. O, fəaliyyətinin uğurlu olması üçün səfirə lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

D.Şikarov onun dost və qardaş ölkədə səfir vəzifəsinə təyinatından sevinc hissi duyduğunu deyib. O, fəaliyyət göstərəcəyi müddət ərzində iki dost və qardaş ölkə arasındakı əlaqələrdə hərtərəfli yüksəlişə nail olmağa səy göstərəcəyini vurğulayıb.

Hər iki görüşdə qarşı tərəfə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar haqqında məlumat verilib. Həmçinin münaqişə ilə bağlı BƏƏ-nin dəyişməz mövqeyinin Azərbaycanda yüksək dəyərləndirildiyi qeyd edilib.
Geri dön