Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Oğlan evi”nin 10 üstünlüyü
Tarix: 06-12-2015 | Saat: 23:17
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“Oğlan evi”nin 10 üstünlüyü

Aliyə yazır


Kommersiya filmlərinin çəkilməsi milli kinonun inkişafında vacib məqamdır, çünki, kino bazarı formalaşır, tamaşaçı kinoteatr, prokat kimi komponentlər dirilir, peşəkarlıq artır, ən azı teatrdan ayda 150 manat maaş alan aktyorlar filmlə xoşbəxt olur.

Kommersiya filmlərinin keyfiyyətinin yüksəlməsi isə lap başqa aləmdir, bu, o deməkdir ki, tamaşaçı zövqü inkişaf edir, rəqabət yaranır və ən əsası bu filmlərin sayəsində geniş tamaşaçı kütləsinə televiziyadan fərqli olaraq alternativ modellər təqdim olunur; insan modeli, vətəndaş modeli, ailə modeli, cəmiyyət modeli və s.

Bu modellər istər-istəməz insanların şüuruna hopur, onun dəyərlər sistemində yer alır. Ona görə də bu filmlərin keyfiyyət göstəricilərinin artması ikiqat sevincdir. Sevinirsən: insanlara birbaşa təsir gücü olan bir nəhəng sistem işə düşür və bir həyəcan-qorxu var: Nə çəksək o olacağıq və olanı çəkməliyik.

Bu günlərdə premyerası keçirilən “Oğlan evi” (Rejissor İlham Qasımov, ssenari müəllifləri DJ Fateh, Tural Sevdimalı və İlham Qasımov) komediyası da məhz bu baxımdan sevindirici hadisədir. Bir az televiziyaya, bir az küçəyə, bir az “Bu şəhərdə”yə, bir az baxçaya-məktəbə, sayta, xəbərlərə baxıb gələcək haqda qara-qara düşündüyün yerdə “Oğlan evi”nə baxıb ümidlənirsən: Vallah, deyəsən, hər şey yaxşı olacaq.

Yalnız ona görə yox ki, sözügedən komediya “Happy end”lə bitir, finalda gələcək oğru əllərdə yox, doğru əllərdə təqdim olunur, yox. Belə utopiyalar bəlkə də bizim nəslə görə deyil. Sadəcə, ona görə ki, kütləyə birbaşa təsir gücü olan kommersiya filmlərinin keyfiyyəti artır, ona görə ki, bu sahədə belə istedadlı adamlar var, ən əsası da ona görə ki, bu adamların filmində reallıqlara güldükcə, bu reallıqlar böyüyüb tamaşaçını da udmur, əksinə, daha da balacalaşıb gülünc olur. Və bu, Azərbaycanda baş verir.

“Oğlan evi” kommersiya filminin üstünlükləri nələrdir?

1. Filmin sosial qatı var. Bu sosial qatın sayəsində hadisə yükü əsaslandırılır.

2. Film real hadisə əsasındadır: mənzil üç adama satılıb-belə hadisələrin real qurbanları Bakıda 3 nəfər yox, onlarladır.

3. Dramaturji keyfiyyətli sayıla bilər. Məsələn; Bu tip yeni filmlərimizdə adət olunan problem yoxdur. Dialoqlar yerindədir, nə çox jarqon və vulqar sözlərdən istifadə olunur, nə də camaatın kitab dili dediyi rəsmi üslubdan. Rus sözlərinin leksikonda yer almasına yumorla ironiya var.

4. Milli psixologiyamızdan irəli gələn problem və nüanslar hətta ziddiyyətlər dəqiq seçilib, bu mənada konflikt və subkonfliktlər sual doğurmur. Məsələn; qız evinin oğlandan ev tələbi, ümumiyyətlə, evin xoşbəxtlik mərkəzi kimi təqdim olunması, əlbəyaxa şəraitdə qəhrəmanın “Bismilah” deyib çörəyi öpməsi, Sovetski uşağının qeyrət anlayışı, insanların ünsiyyətində “sarı sim”in övlad toyu olması, hətta aparıcı Mətanətin hallüsinasiya obyekti kimi təqdim olunması...

5. Sosial deqradasiyaya aparan məqamların qabardılmadan, eynən həyatda olduğu kimi sıradan bir detal kimi təqdim olunması-dekanın rüşvət alması. Və ya xırda oğruların tutulub da böyük oğruların kef çəkməsi. Bu sıradanlıq filmi hansısa sosial pafosdan xilas edir, eyni zamanda məsələ də diqqətdən yayınmır.

6. Assosiativ və vizual həll: kasıblıq - zavod çörəyi, oğru - ədalət tərəzisi tutmuş Femida, dəvətnamə-rüşvət,

7. Aktyor oyununda “doza həddi” aşılmayıb. Aktyora qəhrəmanın vəziyyət və xarakterindən kənara çıxıb imkanlarını təqdim etməyə icazə verilməyib.

8. Montaj lakonikdir-ləngimə yoxdur. Yalnızca operator işində ümumi informativ rakurs hakimdi. Ssenari məlumatlarından kənar hansısa vurğulamalar, ayrı-ayrı detallara fokuslanmalar, iti baxış, çeviklik yoxdur. Bu komediyanın üslub xüsusiyyətindən irəli gələ bilər: bütün kadrlarda diqqət aktyor oyununa mizan kompozisiyaların səliqəli olmasına yönəlib.

9. Aktyorlar Fərda Xudaverdiyev, İslam Mehrəliyev və Elcan Rəsulovun oynadıqları kasıb qəhrəmanlar eyni dərdlərlə bir-birinə yaxınlaşdıqca, tamaşaçıya da doğmalaşır. “Kasıb ürəyi” balaca “May gülü” minibusunda böyük görünür. Ümumiyyətlə filmdə konflikt kəskin olmasına baxmayaraq, tərəflər sərtcə ayrılmayıb, “hamının ürəyi var” və bu tərəflərdə barışdırıcılıq yalnız mənəvi müstəvidə, qoyulan prinsiplər tapdanmadan mümkündür. (Finalda mafioz Valeh (Abbas Qəhrəmanov) incitdiyi adamlardan üzr istəyir).

10. Müəlliflər ədalət tərəzisini xırda oğruluqla məşğul olan İsinin əlindən alsa da ədalət prinsipini gözləyirlər-onu məhkəmə hakiminə yalnız o halda verirlər ki, böyük oğruluqlar edib, dolayısı ilə camaatın cibinə girən Valeh də İsi kimi cəzalansın, mühakimə olunsun...

Filmdə ki, bunu etmək mümkündü-elə təkcə buna gör filmin yaradıcılarına bir tamaşaçı kimi təşəkkür edirəm. Necə deyərlər, oğlan igid, qız qəşəng...
“Oğlan evi”nin 10 üstünlüyü


Xəbəri paylaş

1 1158 dəfə oxunub.

Digər xəbərlər
9-02-2020, 19:38 Səsvermə başa çatdı

bütün xəbərlər
____ Instagram ___