Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xoşqədəmin bədbəxt etdiyi alman qızı
Tarix: 02-10-2015 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Xoşqədəmin bədbəxt etdiyi alman qızı

Yazıçı Mirmehdi Ağaoğlunun yeni “Alman malı” hekayəsini təqdim edirik

Qərib kişi qızını televizorda görəndə təzə əl-ayaq eləyib evə qalxmışdı. Beş ay əvvəl Kənd Təsərrüfatı Nazirliyindən fərdi təsərrüfatın inkişafına ayrılan kreditlə Almaniyadan gətirilmiş üç baş cins inək almışdı. Qərib kişi köhnənin heyvandarı olsa da inəklərdən ikisi yerli şəraitə uyğunlaşa bilməyib tələf olmuşdu. İndi əlində cəmi bircə inək qalırdı, onun da üstündə yarpaq kimi əsirdi. Bu inək də ölsə ona iki il müddətinə quruca kredit ödəmək qalacaqdı. Elə ona görə də heyvanları farağatlayandan sonra cins inəklə xeyli məşğul olmuş, indicə evə qalxa bilmişdi.

Arvad qabağına pürrəngi çay qoyub oturmuşdu televizorun qənşərində, “Səni axtarıram”a baxırdılar. Qərib kişi nə qədər işində-gücündə adam olsa da, verilişdən də vaz keçə bilmirdi. Arvadla diz-dizə oturub maraqla baxır, yeri gələndə arvada qoşulub qəhərlənir, yeri gələndə hönkürüb ağlayırdı.

Elə bu vaxt efirdə 30 yaşlarında bir qız göründü. Hündürboy, sarı saçlı, mavi gözlü, bir az qarabuğdayı qız idi. O almanca danışır, tərcüməçi çevirirdi: “Atam sovet vaxtı Almaniya Demokratik Respublikasında qulluq edən əsgərlərdən olub. Anamla tanış olublar, bir-birlərini seviblər. Atamın tərxis olmağına az qalmış mən anadan olmuşam. Anam atamdan soruşub ki, qıza nə ad qoyaq, atam da qızım burnundan anama oxşayır, anamdı o mənim, qızımın adını da Anna qoyuram deyib. Anam bir dəfə məni atama da göstərib. Anam təklif edib ki, getmə, qal burda evlənək, yaşayaq. Atam da söz verib ki, evdəkilər nigarandılar, gedim evlə görüşüm, mütləq qayıdacam. Amma qayıtmayıb. Atamdan mənə qalan yeganə yadigar bu şəkildir...”

Arvadı ağzını açıb elə zarafata, “kişi, birdən qızın atası sən olarsan a” demək istəyirdi ki, qəfildən ekranda hündür taburetdə oturub ayağının birini o birinin üstünə aşırmış, xrom çəkməli, xaki rəngli formada qapqara bığlı bir əsgər şəkli göründü.

Qərib kişi şəkildəki əsgərin özü olduğunu anlayanda arvadın səsi evi başına götürmüşdü. O, bir neçə dəfə əllərini sinəsinə çırpandan sonra huşunu itirdi. Tez qız-gəlin naşatır, soyuq su gətirib arvadı ayıltdılar. Aynabəndin dibində sərili qalmış arvad yavaş-yavaş özünə gəlir, qızlar onu sakitləşdirməyə çalışırdılar. Qərib kişi nə qədər and-aman eləyib alman qızın “cavanlıq səhvi” olduğunu izah eləməyə çalışsa da arvadı dil-boğaza qoymur, elə hey deyirdi ki, niyə bu vaxta kimi mənə deməmisən? Hay salıb saçın yolurdu: “İndi sən də çıxassan televizora, bütün kənddə biabır olacayıq. Yenə heç kim bilməsəydi dərd yarı idi. İndi bütün ölkə biləcək bu biabırçılığı.”

Qərib kişi də arvadını inandırmağa çalışırdı, bu vaxta kimi qızını görməyib ölməyib ki... Eybi yox, bundan belə də görməz. Qızı da kor-peşman çıxar gedər vətəninə.

Arvadsa heç toxtamırdı: “Yox nə olsun, sən özünü göstərməyəssən, Xoşqədəm aləmin tülküsüdü, qurddu, gəlib tapacaq səni. Burdan Əfqanıstana vurub gedən adam üçün Bakının burnunun ucunda Qəribi tapmağa nə var? Arxayın ol, sabah, qapıdadı Xoşqədəm. A gəlin, sabah tezdən əhəngə bir az lil qat rəngləyək həyət-bacanı. Onsuz Xoşqədəm gəlməsə də sabaha çıxan deyiləm, yasıma gələnlərdən ayıb olmasın”.

Siqareti siqaretə calayan Qərib kişi də özündə deyildi. İşlərinin gərgin vaxtında bir yandan da bu qız məsələsinin ortaya çıxmasına bikef olsa da, bir gözünü ekrandan çəkə bilmirdi. Qundaqda qoyub gəldiyi qızına həsrətlə baxır, onun simasında cavanlıq elədiyi alman gözəlinin simasını görür, bir anlıq qayğısız, şən, işıql keçmişə qayıdırdı.

Anna indi özündən danışır, lap körpəlikdən Şərq dünyasına maraq duyduğunu, hind fəlsəfəsini sevdiyini, hinduist olduğunu, dəfələrlə Hindistan, Çin, Tayvan, Vyetnam kimi Şərq ölkələrini gəzsə də Azərbaycanda birinci dəfə gəldiyini və bu ölkəni belə təsəvvür etmədiyini, tipik bir Şərq şəhəri sandığını deyirdi.

Qız-gəlin bu məsələyə görə lap sevincək olmuşdu. Arvadı inandırmağa çalışırdılar ki, çox şişirtmək lazım deyil, guya özü demirdimi, ay kişi, kaş sənin də Rusyətdən zaddan varlı bir oğul-qızın çıxardı ortaya, biz də hazıra-nazır olardıq. Bax, bu da allahın payı, çıxıb qabağına daha niyə özünü məhv edirsən? Camaat ütür efirə çıxmaqdan ötrü. Çıxarıq efirə, bacımızı qucaqlayıb bağrımıza basarıq, sən də “qızım” deyim sarılarsan bu alman balasına. Bizi çəkərlər. Hamımız olarıq məşhur. Bütün kənd, yeri gələndə rayon da bizə həsəd aparar. Camaat nəzir verir ki, Xoşqədəm onların qapısını açsın, sən də naşükürlük edirsən.

Onların sözündən Qərib kişi də toxtaqlıq tapırdı. O da fürsət bilib tezcə söhbətə qoşuldu. Arvadını inandırmağa çalışdı ki, onsuz Almaniyadan aldıqları bu sonuncu malın da halı xarabdı, bugün-sabahlıqdı. Bəlkə özünü qıza göstərəndən sonra isinişərlər. Qərib də gedər Almaniyaya qızının yanına. Qız da görünür varlı-hallıdı ki, bu qədər ölkə gəzib. Gedər orda bu alman mallarının saxlanma şəraitini öyrənər, qayıdanda da qızı atası üçün beş-on dənə alman malından alıb yola salar atasını. Gələndən sonra da həm dövlətin faizini verər, həm də dolanarlar. Qabaqda qızın toyu gəlir, bu mal da ölsə nə edərlər, ümidləri bu mallara idi, südünü satıb dolanasıydırlar.

Nəhayət qız-gəlin bir yandan, Qərib kişi o biri yandan arvadı razı sala bildilər. Qərib kişi telefonu götürüb verilişin əlaqə nömrəsini yığdı. Evi həyəcan, gərginlik bürüdü. Hamı nəfəsini kəsib diqqətlə telefondan gələn səsləri dinləməyə çalışırdı. Qərib kişi Almaniyadan gələn qızın atası olduğunu deyəndən sonra verilişin prodüserləri sabah mütləq onunla əlaqə saxlayacaqlarını bildirdilər. Bundan sonra evə sanki çaxnaşma düşdü, hərə öz fikrini deyir, ata ilə balanın möhtəşəm görüşü barədə müxtəlif fərziyyələr uydurur, qızlar isə yeni bacını o ki var tərifləyir, onunla Qərib kişi arasında bənzərliklər axtarmağa çalışırdılar. Qızı deyirdi: “Burnu kopya atamdı”. Gəlin deyirdi: “Gözləri ataya oxşayır, yumrudu”.

Qərib kişi də həvəsə düşüb yerli-yataqlı Annanın anası ilə tanış olmağından danışır, qız-gəlin də maraqla qulaq asırdılar. Təkcə arvadı özünü o yerə qoymur, eşitməməzliyə vurur, başı söz-söhbətə qarışmış gəlinin uşaqlarına baxır, özünü elə göstərirdi ki, guya ərinin danışıqları ona maraqlı deyil. Ürəyində isə sabah bazara kimin gedəcəyini, kimin həyət-bacanı əhəngləyəcəyini, nələrin alınacağını planlaşdırırdı.


Arvad televiziyanın gəlişinə qiyabi olaraq bütün hazırlıqları görmüşdü. Səhər prodüserlər zəng edib bir qədər sorğu-sualdan sonra bu hadisənin o qədər də ciddi hay-küyə səbəb olmadığına görə kəndə çəkilişə gəlməyəcəklərini bildirdirlər. Qərib kişi təyin olunmuş gündə studiyaya gəlib qızı ilə görüşər, vəssəlam.

Açığı prodüserlərin bu hərəkətlərinə məyus olsalar da arvad Xoşqədəmin dalısıyca qarğışlaya-qarğışlaya təkid elədi ki, Qərib kişi inadından dönməsin. Bakıya gedəndə şəxsən onunla danışıb bildirsin ki, hazırlıqlar görülüb; bütün kənd yığışacaq, qapıda qızının ayağının altında qurban kəsəcək, şadyanalıq olacaq, böyük məclis qurulacaq. Lazım gəlsə, lap rayondan musiqiçilər də çağırar. Yəqin bundan sonra Xoşqədəm xanım rədd cavabı verməz.

Ona görə də ehtiyatı əldən vermədilər. Lazımı işlər görüldü, qurbanlıq qoç ayrıldı. Qərib kişi ilə Bakıya kimin getməsi məsələsi ortaya gələndə isə arvadı razı olmadı, bildirdi ki, yorası üçün ayıbdır. Ayın on beş gününü dənizdə işləyib, qalan on beş gününü də evdə olan oğlu isə hazırda dənizdə olduğu üçün, üstəlik gəlinin iki uşaq əlindən bayıra-bazara çıxmağa macalı olmadığından qərara aldılar ki, Bakıya ancaq qız getsin. Bir də Qərib kişinin böyük qardaşı. Onsuz verilişdən sonra Annanı götürüb ləngimədən kəndə gələcəkdilər.

***

Maşın döngədə görünəndə kimsə həyətə yığışmış oğlanlardan birini səslədi ki, tez damdan qurbanlıq qoçu tut gətirsin. Qərib kişinin kiçik qardaşı isə bülövlənib qəzet parçasına bükülmüş bıçağı götürüb hazır dayandı. Tələsməyə gərək yoxdu, işlər qaydasında gedirdi. Maşın şəhərdən çıxandan kəndə çatana kimi dəfələrlə Qərib kişiyə zəng olunmuşdu; necədilər, Xoşqədəm xanım da gəlirmi, görüş necə keçdi, qız necədi, indi hardadılar, yolda bir şey yeyiblərmi-hamısı yerli-yataqlı soruşulmuşdu.

Maşının kəndə çatmağını qabaqcadan bilirdilər deyə narahatlığa səbəb yox idi. Hər şey hazırdı; salatlar hazırlanmışdı, ocaq çatılmışdı, qazanlar asılmışdı, plov dəmlənmişdi. Bircə qalırdı qurbanlıq qoçun ayaqlarını bağlayıb Qərib kişinin otuz ildən sonra tapdığı alman qızının ayaqları altında kəsmək. Qoç da artıq hazırdı, bayaqkı oğlan heyvanın dal ayağından yapışıb sürüyə-sürüyə darvazanın ağzına gətirirdi.

Maşın dayandı, cavanlardan biri tez qabağa qaçıb Qərib kişinin qapısını açdı. O biri də arxa qapını açdı. Qərib kişinin qızı maşından düşəndə alqışlar yüksəldi. Hamı heyranlıqla alman qıza baxırdı. Darvazaya yığılanların içində kimlər yoxdu. Qərib kişinin ailəsi, anası, kiçik qardaşı, qardaşı uşaqları, bacısı uşaqları, qayınları, baldızları, onların uşaqları, digər qohum-əqrəbalar, qonum-qonşular. Hamı Qərib kişinin alman qızının marağında idi.

Anna maşından düşən kimi arvadlar qabağına qaçıb sarıldı. Hər biri növbə ilə qızın üzünü əlləri arasına alaraq yanaqlarından dəfələrlə öpdülər. Qəfil öpüş yağışından çiyrinəntəhər olmuş Anna çaşbaş qalmışdı. Qərib kişi Annann özünü itirdiyini anlayıbmış kimi tez qadınları uzaqlaşdıraraq qızının çiynindən yapışıb özünə çəkdi. Birlikdə qabağa yeridilər.

Ata-bala yerə sərilmiş qoçun qabağında dayandı. Qərib kişinin kiçik qardaşı “Bismillah” deyib bıçağı qoçun boynuna çəkəndə qızın sifəti dəyişdi. Bayaqdan gülər üzlə tanımadığı insanlara baxan, onlardan hansının qohumu olduğunu müəyyənləşdirməyə çalışan Annanın sifəti bozardı. Heç nə başa düşmürdü. Boğazına bıçaq dəyib əvvəl əti ağaran, sonra kəsiyindən qanı fışqırdıqca bədənini əsməcə tutan, qəssabın əlinin altında titrəyən heyvanın bərəlmiş göyümtül qara gözlərinə baxanda Annanı da titrəmə tutdu. Almanca “Ooo mein Gott! Nein. Bitte, bitte. İch will nicht” (Ooo Tanrım! Xahiş edirəm. Mən istəmirəm) desə də heç kəs heç nə başa düşmədi, gah xırıldayan qoça, gah Qərib kişinin təzə qızına baxan camaat bir ağızdan “Allah qəbul eləsin” söyləyirdi.

Qərib kişi də Almaniyada qızının olduğu məlum olan gün kimi pərt, pis iş tutan adamlar kimi “günahkar” deyildi, əksinə indi onun boy-buxunlu gözəl qızına həsədlə baxan gözləri gördükcə otuz il əvvəl elədiyi işə görə qürrələnirdi. Buna görə də çiynindən tutub özünə sıxdığı qızının titrəməsini sevinc hissi hesab elədi. Qoçun qanı tamamilə kəsiləndən sonra Qərib kişi əyilib çəçələ barmağını qoçun boğazının kəsiyinə toxundurub, isti, buğlanan al qana batırdı. Sonra dikəlib barmağını Annanın iki qaşının arasına yaxdı.

Qız yeldöyəndə əkilmiş ting kimi əsməyə başladı. O, səntirləyə-səntirləyə qoçun qənşərinə gəldi və birdən öyüyərək düz qoçun kəsilmiş boynunun üstünə qaytardı.


Camaatın xoş ovqatı qəfil dəyişdi. Bəziləri iyrənib ağzını büzdü. Kimsə dedi ki, daha bu qurbanı yemək olmaz. Qızın halının xarablaşması hər kəsi qorxuya saldı. Ən çox narahat olan isə Qərib kişi idi. Qız əlinin içində acxəmrə kimi axıb gedirdi, gözləri hədəqəsindən çıxıb yaşarmışdı, rəngi avazımışdı. Kimsə cəld stul gətirdi, başqası bir qab su üçün çənə qaçdı. Qızı stula oturtdular, hələ tanış olmağa macal tapmadığı analığı bir tərəfdən, bacısı da o biri tərəfdən əllərini ovuşdurub, üzünə sərin su çilədilər. Dəsmalı su ilə isladıb qızın üzünə, boynuna, sinəsinə çəkdilər. Qurbanlıq qoçun boynu, dərisi qusuntu ilə bulanmışdı.

Halı xarab olmuş Anna mızıltı ilə elə hey “Ich bin Vegetarierin,” Ich bin Hindu” (“mən vegeterianam, mən hinduistəm”) desə də onun dediklərini anlamaq olmurdu. Qərib kişiyə şəhərdə tərcüməçi təklif olunanda bir az maşında əlavə yer olmadığından, bir az da zağarlığından demişdi ki, biz qızımla bir-birimizi baxışlarımızdan da başa düşərik, bizə tərcüməçi gərək deyil. Qız almanca elə hey “mən vegeterianam, mən vegetarianam” və daha nələrsə deyirdisə də o heç nə başa düşməyib çaşqınlıq içində qalmışdı. Ona bir şey olacağından qorxurdu. Qızını otuz il görməsə də atalıq hissi dinc dayanmağa qoymurdu, üstəlik bu qısa müddətdə Annaya o qədər bağlanmışdı, heç deməzdin ki, ata-qız biri-birini otuz il görmürlər.

Qarışıqlıqdan kimsə dedi ki, qız “vegeterianam” deyir. Arvad cəld üzünü tutub soruşdu ki, bu nə deməkdi. O dəqiqə yerbəyerdən cavablar gəldi, əlüstü bir neçə nəfər izah elədi ki, vegeterianlar ət yemirlər. Qərib kişi o dəqiqə kiçik qardaşının üstünə çığırdı ki, tez ortalıqdan qoçu yığışdırsın. Qanı da yuyub təmizləsinlər. Sonra qızını bağrına basıb təskinlik verməyə başladı. Qızı sakitləşdirməyə çalışaraq üz-gözündən öpdü və başını qatmaq üçün özünün bərbad almancası ilə - əslində buna almanca da demək olmazdı, iki-üç sözdən, “ya-ya”dan ibarət bir dil idi-arada bir ruscası ilə və orda olan məktəbli uşaqların ingiliscə ona kömək etməsi ilə qızı ilə qohumlarını tanış eləməyə başladı. Tez də araya salıb arvadına göstəriş verdi ki, süfrədən bütün ət yeməkləri yığışdırılsın, ortaya çoxlu, kartof, göy-göyərdi pomidor, xiyar, pendir, yağ düzülsün.

Bir azdan təzə qohumları ilə tanış olan Annanın da kefi düzəldi. Daha Qərib kişinin “almanca”sına da ehtiyac qalmamışdı, sən demə qız ingilscə bilirmiş. Ona görə də Qəribin onuncu sinifdə oxuyan qardaşı qızını qabağa verdilər; yerə-göyə sığımırdın ki, ingilis dilini elə bilirəm, belə bilirəm, instituta girib ingilis dili müəllimi olacam, bu meydan bu da şeytan, göstər məharətini. Qəribin dilindən tələyə düşmüş qardaşı qızı da əmiqızının yanında oturub onun suallarına cavab verir, qohum-əqrəba ilə Anna arasında körpü yaradırdı. Süfrə arxasında şən məclis gurlayırdı.

Qızının qohumları ilə xoş ünsiyyət qurduğunu görən Qərib kişi qürrələndi, bikef əhvalı tamamilə düzəldi, toxdadı. Mətbəxə keçib orada yemək çəkən arvadına yeni tapşırıqlarını verdi və sevincək olub qapının ağzına qoyulmuş yarıboş araq kasetindən bir butulka çıxarıb mətbəxdə kömək edən qardaşı ilə özünə daş stəkanla bir araq süzdü, bir nəfəsə başına çəkdi.

Yerdə çömbəlib teştdən plov çəkən arvadı deyəndə ki, indus qızından soruş gör plovu yağlı yeyir, ya yağsız, Qərib kişi sualın kinayəsini duymazlıqdan gəldi. Arvadı da ərinin cavab vermədiyini görüb əlindəki işi saxlayaraq dikəldi və ərinə təpindi: “Nə sevincək olmusan, elə bil biz ögeyik o doğmadı, nədi otuz ildi axtarmırdın, nə tez istəkli oldu. Bayaqdan burda deyirlər ki, bu farmazon qızın həm də indusdu. Televizorda da deyibmiş”.

Qadının xəyalları məhv olmuşdu, elə bil dünənki sevincək, ərini bəzəyib televiziyaya yola salan bu deyildi, zəhər tuluğu olmuşdu. Qərib kişi ona deyəndə ki, qızı Almaniyadan çoxlu mal alıb göndərər, onlar malları artırıb qazancına həm krediti ödəyər, həm də qızın cehizini alıb toyun edərlər, arvadı çox sevinmişdi. Elə buna görə də Qərib kişinin qızı ilə görüşməyinə razı olmuşdu. İndi isə Annanın təsəvvüründəki adam çıxmamağına yanır, həm arzularının məhv olmağına, həm qohum-qonşu içində biabır olmağına, həm də bu qədər xərc-zəhmətə heyfslənirdi.

“Hind kinolarında görməmisən guya, induslarda mal müqəddəsdi. Qızın nəinki ət yemir, malı da müqəddəs bilir. Qorx ki, əlindəki malı da açıb buraxsın çölün düzünə, nə var-nə var müqəddəsdi. İsaya-misaya da inanmır bu qız, kafirdi kafir”.

Qərib kişi isə qardaşı ilə ikinci yüzü də aşırdandan sonra arvadını da, malı da tamamilə unutdu. Qapının çərçivəsinə söykənərək qarabaş qohumları arasında oturmuş sarısaç, su zanbağına oxşayan, hind qızları kimi alnında bayaq çəkdiyi “qırmızı xalı” qızaran qızına tamaşa edir, ona baxdıqca özünün otuz il əvvəlini, o illərin Almaniyasını, Annanın anası ilə yaşadığı xoş günləri, sevişmələrini xatırlayırdı.

Arvadı bir də Annanın inəyə sitayiş elədiyini vurğulayanda Qərib kişi saymazyana şəkildə “arvad özün də bilirsən ki, mənim həmişə mallara böyük hörmətim olub” deyərək artıq yarılanmış butulkanı əlinə götürdü və aşa-aşa mətbəxdən çıxdı.

Qərib kişi masaya yaxınlaşıb düz qızının yanında oturdu. Butulkanı masaya qoydu, qızına sarılıb yanaqlarından öpdü, qız “Dein Schnurrbart kratzt mein Gesicht” (ata, bığın üzüm dalayır) desə də heç nə başa düşmədi. Qızıl dişlərini ağardaraq qızına gülümsədi. Evdəki kişilər də stolun Anna oturduğu tərəfində cəmləşdilər, süfrəyə ət xörəyi verilmədiyi üçün elə pomidor xiyarla, aş-qarasız plovla araqdan vurmağa başladılar.

Evi hay-küy, şadyanalıq bürümüşdü. Qədəhlər dolub boşalırdı. Anna da artıq süfrə başında olmadığına görə rahatca ət xörəyi gətizdirib vururdular. Qızlar Annanı dövrələyib həyəti gəzməyə çıxarmışdılar.

Qərib kişinin arvadı bir də baxdı ki, əri süfrə başında deyil. Əvvəl elə bildi, təzə qızı ilə gəzməyə gedib. Aynabənddən boylandıqda isə həyətdə Anna ilə gəzişənlərin arasında ərini görmədi. İstədi baş qoşmasın, üstəlik ürəyində yamanladı da, amma kişi içmişdi deyə ehtiyat elədi. Onun tualetdə qaytaracağından, ya da toqqaşıb yıxılacağından qorxdu.

Həyətə düşüb tualetə baxdı. Qapısı açıq idi. Yəqin tövləyə mala baxmağa gedib. Tövləyə girəndə isə dəhşətə gəldi. Qərib kişi alman inəyin başını qucaqlayıb ağlayırdı: “Anna, bağışla məni, mən o vaxt nahaq ananı atdım. Bağışla məni, qızım, bağışla. Mən sizi atmasaydım, sən atasız böyüməzdin, bizim gözəl ailəmiz olardı. Mən də bu cəhənnəmə qayıtmazdım”. Arada almanca da nəsə deyirdi.

Qərib kişi bunları deyib inəyin qaşqasından öpdü. Arvadı yerində quruyub qaldı. Divara söykənilmiş yabanı götürüb kişini kötəkləmək istəsə də əli qalxmadı, boğazı qəhərlənmişdi, səsi çıxmırdı. Arvad dinməzcə tövlədən çıxdı. Bir bağda gəzişən qızlığına, bir də aynabənddən gələn səs-küy tərəfə baxdı. Şalını başından açıb tarazladı, yenidən başına bağladı, hirslə çənəsinin altında düyünlədi və tövlənin arxa qapısından küçəyə çıxıb qonşu kənddəki qardaşıgilə getdi.

***

Qərib kişi arvadının evdən getməyindən səhər ayılanda xəbər tutdu. Başağrısını aparmaq üçün çaydan içib siqaretdən piləyə-piləyə qızını süzürdü. Bir-birlərinin dillərini anlamayan ata və bala müxtəlif işarələrin, hərəkətlərin vasitəsilə guya söhbət edirdilər. Qız-gəlin isə başının üstündə dayanıb arvadın getməyindən danışırdı. Arvad xəbər göndəribmiş, o “nemes” getməyincə bir də bu həyətə ayaq basmayacaq.

Odur ki, Qərib kişinin gedib arvadı ilə görüşüb özünün bu işə bir əncam çəkməsi üçün yalvarıb yaxarırdılar. Qərib kişi isə “gedib, cəhənnəmə gedib”dən başqa bir söz demir, arada da qərarını möhürlə təsdiqləyirmiş kimi qolunu Annanın boynuna dolayıb özünə çəkərək yanaqlarından öpürdü.

Hələ də qızının boy-buxununa baxa-baxa ötən günlərini xatırlayan Qərib kişi yalnız alman inəyin xəstə böyürtüsünü eşidəndə xülyadan ayıldı. Həmişə arvada arxayın idi, özü olmayanda o baxırdı inəyə. Birdən yadına düşdü ki, bu gün inəyə baxan olmayıb. O dəqiqə tövləyə qaçdı.

Sonuncu alman inək də böyrü üstə uzanıb çapalayırdı. Tez qız-gəlini səslədi ki, evdən dava-dərman gətirsinlər. Özü isə inəyi qaşovlayırdı, ayaqlarını, bədənini ovxalayırdı. Anna da öz dilində gah atasına, gah inəyə ünvanlanmış sözlər deyir, inəyin başını dizinin üstünə alıb sığallayırdı.

Qərib kişi iynə hazırlayıb vurdu. Sonra qızlarla köməkləşib inəyin ağzını ayırdı və dərman damızdırdı. Amma nə iynənin, nə də dərmanın təsiri oldu. İnək çabalaya-çabalaya böyürürdü. İnəyin böyürtüsü, Annanın qışqırıqlarına, almanca dediyi ifadələrə qarışmışdı.

Bir anda Qərib kişi bütün planlarını gözünün qabağından keçirdi. Qızın toyu, götürdüyü heyvanların krediti, dolanışığı. Axırıncı alman inək də ölürdü. O biri ikisi eləcə canını tapşırmışdı, barı bunu kəsib ətini kolbasa sexinə verərdi. Beş-on manat da qənimətdi. Odur ki, cəld gəlini bıçaq üçün yolladı. Özü isə tövlənin atmasından keçirilmiş kəndiri götürüb inəyin ayaqlarını bağladı.

Anna nə baş verdiyini başa düşmədi. Elə bircə onu gördü ki, bıçağın tiyəsi inəyin qalın boyun dərisinə sürtüldü. İnəyin kəsilmiş boynundan fışqıran qan üz-gözünə, pal-paltarına sıçradı. Qız əllərini üzünə aparıb var gücü ilə bağırdı və sonra özündən getdi. Gəlin-qız Annanı sürüyərək tövlədən çıxardılar.

Qərib kişi inəyin başını bədənindən ayırandan sonra işini təmiz bitirib əsəbi halda tövlədən çıxdı. Heyvanların ölməsi heç, qızın belə qorxacaq olması onu əsəbiləşdirmişdi. Lap acığı tutmuşdu qızına. Adam da bir heyvana görə ağlayıb vay-şivən salar, özündən gedər? Ona görə də acığından yarı uzanıqlı vəziyyətdə su çəninə söykənilmiş qızına tərəf getmədi. Cansız cəsəd kimi hərəkətsiz qalmış üz-gözü qana bulaşıqlı Annaya baxıb laqeydcəsinə başını buladı. Yanında dayanmış qız atasının bir az yumşaldığını görüb sual verdi:

- Ata, bu mal niyə öldü?

- Nə bilim, a bala, yəqin almanlara buranın havası düşmür.

Sonra bir daha Annaya tərəf baxdı və ucadan əlavə elədi:

- A gəlin, mıxçadan şapkamı ver, gedirəm ananı gətirməyə. (kulis)


Xəbəri paylaş

8168 dəfə oxunub.

Digər xəbərlər
29-07-2017, 11:48 Nişanlandılar - Fotolar

bütün xəbərlər
____ Instagram ___