Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadın işçilərə “özəl günlər” icazəsi - Azərbaycanda da mümkünmü?
Tarix: 22-11-2022 | Saat: 10:50
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Türkiyədə qadın işçilərə və məmurlara "özəl günlər"də icazənin verilməsi ilə bağlı qanun təklifi hazırlanıb. Təklif CHP-dən Mahmut Tanal tərəfindən Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.

Təklifə əsasən, qadın işçilərə və dövlət qulluqçularına özəl günlərinin başlanğıcından etibarən ayda bir iş günü rəsmi şəkildə icazə veriləcək. İkinci gün üçün icazə isə işəgötürən və ya qurumun istəyi ilə verilə bilər.

Təklifin irəli sürülməsində məqsəd kimi qeyd edilən günlərin bir çox qadın üçün çətin proses olduğu vurğulanıb. İcazənin verilməsi bununla əsaslandırılıb və onun əhəmiyyətinə diqqət çəkilib. Həmçinin bu amilin iş həyatına təsiri qeyd edilib. Ortaya çıxan fiziki narahatlıqların bəzi qadınların gündəlik və iş həyatında iştirakını qeyri-mümkün səviyyəyə çatdırdığı bildirilib.

Bu baxımdan "özəl günlər icazəsi"nin həm sağlamlıq hüququ baxımından, həm də iş həyatının normallaşdırılması üçün nümunəvi bir təcrübə ola biləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, "özəl günlər" icazəsi, yəni mensturasiya məzuniyyəti, kəskin aybaşı ağrısı yaşayan qadınların bir və ya iki gün evdə qalmaq hüququ deməkdir. Artıq dünyanın bir neçə ölkəsində bu qayda tətbiq olunur. Bununla belə, həmin ölkələrin bəzilərində bu qanun daha çox qeyri-məhsuldar addım kimi tənqidlərə məruz qalır və qadın işçilərlə bağlı neqativ stereotiplərə yol açır.

Yaponiya, İndoneziya, Tayvan, Cənubi Koreya və Çinin bir neçə əyaləti də daxil olmaqla, bəzi Asiya ölkələrində mensturasiya ərzində qadınların müəyyən günlərdə evdə qalmaq icazəsi var. Bu icazədən isə çox az qadın yararlanır.

Bir neçə il öncə İtaliya parlamentində də belə bir təklif layihəsi müzakirəyə çıxarılmışdı. Lakin parlament üzvlərinin əksəriyyəti  hər ay ödənişli üç məzuniyyət gününün işəgötürənlərin qadınları işə götürməməsi kimi riskə yol açacağını bildirmişdi.

Bəs Azərbaycanda da zərif cinsin işləyən nümayəndələrinə belə güzəştlər tanına bilərmi?

Tanınmış ginekoloq həkim Rəşad Sultan mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bu cür qanunun tətbiq edilməsi çox mübahisəli məsələdir:

"Qanunlara əsasən, bir insan xəstələnəndə sağlamlığı ilə bağlı arayış almaq istəyəndə poliklinikaya müraciət edir və həkim əmək qabiliyyətinin itirilməsi ilə bağlı 3 günlük arayış verə bilir. Hətta müəyyən xəstəliklərdə bu müddəti uzada bilir. Bülletenin vaxtının bir qədər də uzadılması üçün artıq ekspert komissiyalarının rəyi lazım olur.

Qadınların mensturasiya vaxtında işdən icazə almasına gəldikdə, bu məsələdə hamını maraqlandıran sual budur ki, həmin vaxt qadın əmək qabiliyyətini nə qədər itirir və buna görə işdən azad olunmasına ehtiyac varmı? Bu tək ginekoloqun deyə biləcəyi söz deyil. Çünki mensturasiya obyektiv bir şey deyil və bu zaman əmək qabiliyyətinin nə qədər itirildiyini, fizioloji və patoloji olaraq nə baş verdiyinə  yalnız ekspertlər birlikdə qərar verə bilər.

Doğrudur, bütün qadınlarda olmasa da, bəzi qadınlarda "özəl günlərdə" ağrılar, sancılar, hormonal düşük ola bilir. Bu zaman fiziki baxımdan deyil, qadında əhval-ruhiyyə baxımından da dəyişiklik, ruh düşkünlüyü  olur. Lakin fiziki baxımından ciddi bir dəyişiklik olmur ki, bu qanunun tərəfində ola bilim. Bəlkə də feministlər bu fikirlərimə qarşı çıxacaq, amma bir daha qeyd edirəm ki, qadınların "özəl günlərində" o qədər də ciddi bir patologiya olmur.

Qadın var ki, mensturasiya vaxtı heç bir ağrı, sancı keçirmir. Lakin ağrılı keçirən də var. Bununla belə, buna görə işdən icazə verilməsini doğru hesab etmirəm. Burada, sadəcə, fərdi yanaşma ola bilər. Yəni kimsə ağrılı keçirərsə, həkimə müraciət edib, arayış ala bilər və bu doğru olar, nəinki qanun qəbul edib, bu məsələni bütün qadınlara şamil etmək".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri, qadın hüquq müdafiəçisi Mehriban Zeynalova qeyd edir ki, Azərbaycanda da bu cür qanun qəbul edilməsinə ehtiyac yoxdur:

"Ola bilsin ki,  "özəl günlər" bəzi qadınlarda normal, bəzilərində isə ağrılı keçir və bir çox ölkələrdə artıq bununla bağlı icazələr var, amma sizcə, bu, ayrı-seçkilik deyilmi? Əgər bərabərlikdən danışırıqsa,  buna nə ehtiyac var? Bir də ki, bundan da vacib qanunlar var. Yəni hazırda ən vacib məsələ bu deyil.

Doğrudur,  hansısa qadınlarda bu məsələ ağrılı ola bilir. Lakin bunun üçün həmin qadın həkimdən icazə arayışı ala, evdə qala bilər. Amma bunu  xüsusi qanuna çevirməyə, fikrimcə, ehtiyac yoxdur. Təsəvvür edin, əgər belə bir qanun olarsa və işçi qadın buna uyğun olaraq evdə qalarsa, problemi gündəmə gətirmiş olacaq. Yəni bütün iş yerində hamı biləcək ki, qadın hansı səbəbdən icazə  alıb. Onu da təsəvvür edin, əgər bir iş yerində eyni vaxtda 10 nəfər qadının "özəl günləri" olarsa və onlar işdən icazəli olarlarsa, onda həmin  iş yerində nə baş verər? Hansı direktor bu məsələyə razı olar? Yəni bu məsələləri də nəzərə almaq lazımdır.

Bir daha qeyd edirəm, bu məsələ bizim cəmiyyətin müzakirə mövzusu deyil. Həm də əksəriyyət qadınlar bu məsələnin qabardılmasını, onda nə baş verdiyinin kimlərinsə bilməsini istəmir. Ola bilsin ki, gənc yaşda olan qadınlar belə bir qanun olmasını istəyər, amma orta yaşda olan qadınlar, ümumiyyətlə, bu cür məsələnin qabardılmasını istəməz".

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov isə bu cür qanunun ölkəmizdə də tətbiq edilməsinin tərəfdarı olduğunu bildirdi:

"İnsanların mənafeyinə uyğun qanunların qəbul edilməsi həmişə təqdirəlayiqdir. Bir sıra ölkələrdə artıq bu cür qanunlar var, ölkəmizdə də bu qanunun olmasının, fikrimcə, heç bir zərəri olmaz. Əksinə, insan hüquqlarının qorunmasına, iş yerində yaxşı şərait yaradılmasına səbəb olacaq.

Əgər qardaş Türkiyədə belə bir qanunu tətbiq etmək istəyirlərsə, niyə Azərbaycanda da olmasın? Onların təcrübəsindən istifadə edə bilərik. Beləliklə, hesab edirəm ki, bu cür qanunun olması yaxşı amil, ideyadır".

Psixoloq Vəfa Rəşidova isə qeyd etdi:

"Hesab edirəm ki, əgər artıq bir sıra Avropa ölkələrində bu məsələ qanunla müəyyənləşibsə, ölkəmizdə də həyata keçirilməsi mümkündür. Lakin cəmiyyətimiz bu məsələyə əvvəlcədən hazır olmalıdır. Əks təqdirdə, bu cür qanun müzakirə olunduğunda tənqid, qınaq obyektinə çevriləcək, bu qanunla icazə alan qadınlar da stereotiplərlə üzləşəcək. Yəni cəmiyyətimiz əvvəlcədən buna hazır olmalıdır.

Təbii ki, bu cür qanunun ölkəmizdə də tətbiqi baş verərsə, çox gözəl olar. Bu, qadınlara qarşı humanizmi artırar.

Bəziləri düşünər ki, bu, qadınlar üçün o qədər də problem deyil. Amma bilirik ki, bəzən "özəl günlər" qadın üçün problemli, ağrılı keçir və bunu heç də adi hal kimi qəbul etmək olmaz. Çünki bu zaman qadınlar stress yaşayır, aqressiv, gərgin olur, bəzən isə işləməyə belə halı olmur. Yəni bəziləri həmin günləri çox ağrılı keçirir və bu vəziyyətdə də işləməli olur. Bu zaman onun gördüyü işdə o qədər effektiv olmaz, mütləq orada nəsə axsaqlıq olacaq. Bəzən isə bu ağrılar sonsuzluğa, digər qadın xəstəliklərinə gətirib çıxarır.

Ona görə də bir psixoloq, həm də qadın olaraq bu cür qanunun olmasını dəstəkləyirəm. Lakin bir daha qeyd edirəm ki, əvvəlcədən maarifləndirici işlər aparmaq lazımdır. Yoxsa ki, bir qadın hər dəfə direktoruna ərizə yazıb, bu səbəbdən işdən icazə ala bilməz və direktor da hər dəfə bu səbəbi qəbul etməyə bilər. Buna görə də işəgötürünlərlərlə də maarifləndirici söhbətlər aparılmalıdır!"

 musavat.com



Xəbəri paylaş

3058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___