Doğulmayan körpəsinin üzünü görmədən şəhid oldu
25 yaşlı Vadim Qocayevdən ailəsinə yadigar 10 aylıq qızı İlayda və hələ doğulmamış, ana bətnindəykən atasını itirən körpəsi qalıb.
Üç oğul anası olan X.Qocayevanın oğlanlarının hamısı orduda xidmət edir: "Böyük oğlum da orduda müddətdən artıq xidmət edir. Vadim isə altı il idi ordudaydı. Balaca oğlum isə əsgərlikdədir”.
"Ürəyi onun səsini eşitdi”
Həm oğlunu, həm də həyat yoldaşını itirən Xalidə ananın yeganə təsəllisi Vadimin Vətən yolunda şəhid olmasıdır: "Yoldaşım bu dərdə dözmədi. Dünən günorta saat 13:00 radələrində oğlumun yaralı xəbəri gəldi. Bizə dedilər ki, ayağından yaralanıb. Ümidimiz vardı ki, bəlkə balam sağ qala. Elə yoldaşım da bu ümidlə Gəncəyə yola düşmüşdü. Yolda elə hey deyib ki, əgər Vadimi gedib sağ görməyəcəmsə, ürəyim ona çatmamış dayansın. Ürəyi onun səsini eşidib. Alikin oğlumuzun tabutuna çatmamış, yoldaca ürəyi dayanıb. Mən bir gündə iki tabut qucaqladım. Biri oğlumun, biri də ömür-gün yoldaşımın”.
Müharibədə altı dəfə yaralansa da, yenə döyüşə atıldı
X. Qocayeva deyir ki, Vadim hərbi xidmətdə olduğu müddətdə altı dəfə yaralanıb. Amma heç vaxt döyüş yoldaşlarından geri qalmayıb:
"Axırıncı dəfə yaralananda vəziyyəti ağır idi. Ona həkim döyüşə qayıtmağı məsləhət görməyib. Həkimdən xahiş edib ki, vəziyyətini orta-ağır yazsın. Bundan sonra yaralı vəziyyətdə yenidən döyüşə atılıb. Mən bu Vətən üçün bir cəngavər yetişdirmişdim. Vadim torpağını, Vətənini məndən, ailəsindən, 10 aylıq körpəsindən, hətta hələ doğulmamış körpəsindən çox istədi. Vətən yolunda canını fəda etdi”.
Alı Qocayev də qardaşının şəhid olmasından sonra həqiqi hərbi xidmətdən məzuniyyətə buraxılıb. Evin kiçik oğlu olan Alı bir gündə həm qardaşını, həm də atasını dəfn etməyin şokunu yaşayır:
"Qardaşımın şəhid xəbəri bizi dərindən sarsıtdı. Atamın ölümü isə ailəmizin sanki "belini qırdı". Tək təsəlimiz qardaşımın Vətən uğrunda şəhid olmasıdır”.
Alı qardaşı Vadimlə ölümündən üç gün əvvəl danışdığını söylədi. Dedi ki, qardaşı ona ürək-dirək verərək hər şeyin qaydasında olduğunu, hərbi xidmətdə nümunəvi olmağı tövsiyə edib: "Mənimlə hər dəfə danışanda komandirin tapşırıqlarına riayət etməyimi, Vətənin keşiyində ayıq-sayıq olmağımı tövsiyə edirdi. Sanki, öləcəyini bilirdi. Vətəni bizə əmanət edib özü şəhadətə ucaldı”.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. V.Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi Qobustan rayonunda torpağa tapşırılıb.



