Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yayda kəndə gedək - Azərbaycanın ən sərin, maraqlı, gəzməli 12 kəndi
Tarix: 23-06-2022 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər



Yayın od tökülən günlərində belə Azərbaycanın bəzi kəndlərində hava maksimum 18 dərəcə olur. Ona görə də təklif edirik ki, yayda kəndə də gedək. Bəs hansı kəndlərimizin buz bulaqları, gözəl yaylaqları, gur şəlaləri, füsunkar təbiəti var, bunları siz oxucularımız üçün seçdik.     

1. Sım kəndi, Astara 

Qayalıqda yerləşən kənd Təngərüd çayının sahilindədir, şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur. Sım kəndi Astaranın açıq səma altında təbiət muzeyi adlanır. Kəndə sehirli abu-hava qatan həm də mamırlı qayalar və ağaclardır, bütün gün heyranlıq dozası ilə insanın bütün energetikası təzələnir. Kənddə Sım şəlaləsinin ətrafında piknik edə və ya samovar çayına qonaq ola bilərsiniz. Şəlaləyə getmək üçün isə yerli əhalinin təşkil etdiyi UAZ və Niva markalı avtomobillər yardımçınız olacaq. Keçilməz və dar yollar, cığırlar sizə əsl macəra hissini yaşadacaq. 


Bundan əlavə, Sım kəndi yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi, Sım kəndinə giriş hissə) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Sım kəndində digər maraqlı məkanlardan biri də Ağ Körpüdür. Burada çayın ortasında əyləşərək, yerli Astara çayının dadına baxmaq və təbiətdən həzz almaq olar. Yolboyu naringi bağları sizdə xoş təəssürat yaradacaq və mövsüm zamanı səfər edərsinizsə, bağlarda burada yetişən orqanik meyvələrdən də ala bilərsiniz. Bundan əlavə maşını saxlayaraq, dağın başından Xəzər dənizinə açılan nəfəskəsici mənzərəni izləmək də burada "mütləq edilməli"lər siyahısındadır. 

2. İvanovka kəndi, Gədəbəy 

Gədəbəy özünün ətirli yaylaqları, uca dağları, gur çayları, mineral bulaqları ilə məşhurdur. Bu rayonun ərazisində yerləşən İvanovka kəndi isə gözəlliyi ilə yanaşı, molokanların yaşayış tərzi, adət-ənənləri ilə da maraqlıdır. Bir sözlə, həm sərin, buz kimi təmiz havca, həm də koloritli bir kənd axtarsanız, İvanovkaya gedin.

İvanovkalılar özlərini "molokan" adlandırırlar. "Molokan" süd kimi təmiz Allah kəlamı ilə qidalanan insanlar deməkdir. Molokanlar Rusiyanın kilsə islahatını qəbul etmədiklərinə və köhnə ayinlərə sadiq qaldıqlarına görə sürgün edilmişdilər.

3. Xoşbulaq kəndi, Daşkəsən

Xoşbulaq rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Deyilənə görə, bu kənd elə bir coğrafi zolağa düşür ki, günəşin ən xeyirli şüaları buradadır. Üstəlik, Xoşbulağın yaylağı, təmiz havası, saf bulaqları çox məşhurdur. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub.

Gəncə özü isti olduğundan yayda insanlar buradakı bağ evlərində dincəliblər. Yaylaq mövsümü başlayan kimi kəndin camaatı evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar. Bir aylıq kirayə isə üstünə tez düşsəniz, 250 manata tapa bilərsiniz. 

4. Hacıkənd, Gəncə

Zəngin meşə zolaqlarına sahib Hacıkənd qəsəbəsi qərb bölgəsinə istirahətə gələnlərin ən gəzməli, ən görməli məkanlarındandır. Burada bir çox istirahət düşərgələri var.

Ərazidən Kürəkçayın axması buraya gələnlərin istirahəti üçün daha da əlverişli imkan yaradır. Hacıkənd Göygöl və Maralgöl yolunun üstündədir və milli mətbəxi sevənlər üçün xüsusən maraqlıdır.   

Maraqlı yerləri: Calalın dam yeri, Əşrəfdüşən, Qaragöl, Təpələr, Ortadaşın dibi, Meydan düzü, Qoşqatala, Böyük güney, Sarıtala, Sərbazdəfi, Armudluq, Qaramalıx, Talalar, Parçameşə, Qalaxtın zirvəsi, Öküz arxacının başı, Qırmızı yoxuşun başı, Vahiduçan qaya, Yadigaruçan qaya, Xıdırın tələsi, Daş karxanası, Ayqoban, Sandıqdaş, Kərimbiçən, Qovuşuq, Ardışlı burun, Qanqallı çökək, Dana dəfi, Dəyirmanın dərəsi, Sarıdaş, Qayanın altı, Ağdaşın dərəsi.

5. Kiş kəndi, Şəki

Bu kənddə yayda həmişə hava sərindir və oksigen bolluğu ağciyərinizin dərmanıdır. Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi adı çəkilir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Buz kimi bulaqları, sərin yaylaqları, gözəl süfrə mədəniyyəti ilə unikal bir kənddir. 

Ən məşhur yeri Kiş kilsəsi - Qafqazın ilk kilsəsidir. Kilsə İsanın qardaşı Yakov tərəfindən tikimişdir. "Alban ölkəsinin tarixi"nə görə o, xristianlığı yaymaq üçün bir müddət Çola və Uti vilayətində missionerlik edib, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikib. Aparılan tədqiqatlara görə bu indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınır.

6. İlisu kəndi, Qax

İlisu gözəlliyi, xüsusən də yayı möhtəşəmdir. Təmiz kənd qidaları, şəlalər, bulaqlar, yaylaq, bir sözlə nə desəniz var. Kənd tarixi-memarlıq abidələri ilə zəngindir: Sumuq qala, Ulu körpü, Ulu məscid, Qalaça (Şamilqala), Qala kompleksi, Cinli qala və s.  

İlisu - rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356-1091 metr yüksəklikdə yerləşir. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. 

7. Makov kəndi, Zaqatala

Kənddə əsasən avarlar yaşayırlar. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Balıq həvəskarları Makov kəndi ərazisində yerləşən "Forel birliyi"nə baş çəkə bilərlər. "Forel birliyi" 1978-ci ildən fəaliyyət göstərir. Buna "balıqçılıq istirahət mərkəzi" də deyirlər. Ərazidə forel balıqları yetişdirilir.

8. Katex, Balakən

Katex kəndi Xaldan-Balakən magistralı üzərində yerləşir, sıx meşə örtüyünə, əla təbiətə malikdir. Burada 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid islam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur, bolsulu şəlalədir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bura turistlərin ən çox sevdiyi məkanlardan biridir.

9. Duruca kəndi, Qəbələ

Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir.

Kəndin ərazisindən eyniadlı çay axır. Təqribən 2 saatlıq bir uzaqlıqda gözəl şəlalə mövcuddur. Sərin bulaqlar, möhtəşəm mənzərələri yay üçün şəhərdən qaçmağa əsl səbəbdir.  

10. Xınalıq kəndi, Quba

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir.

11. Ləzə kəndi, Qusar

Ləzə kəndi Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.

Ləzə şəlaləsi Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır.

12. İstisu kəndi, Masallı

Yayın isti günlərini sərin məkandada unudulmaz, faydalı keçirmək istəyənlər üçün maraqlı kəndlərdən biri də İstisudur. Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir.

Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır.

Həmişə gəzməkdə!






1918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___