Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İkinizi də Allah öldürsün, səni də, Hitleri də“
Tarix: 12-08-2015 | Saat: 12:46
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“İkinizi də Allah öldürsün, səni də, Hitleri də“
“Məşhur filmlərdən məşhur sitatlar”

“Bizim Cəbiş müəllim”dən məşhur ifadələr

Bu dəfə haqqında danışacağımız və yaddaqalan sitatlarını təqdim edəcəyimiz film 1969-cu ildə lentə alınan “Bizim Cəbiş müəllim”dir.

Həsən Seyidbəylinin lentə aldığı, Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu hərbi kinopovestdəki hadisələr İkinci Dünya Müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

“Çağırsa ellər gedərəm davaya”

Filmin rejissoru Həsən Seyidbəyli bir gün Pirşağıdakı bağına gedərkən bir qrup gəncin tinə yığışaraq meyxana dediyini görür. Aralarında bir nəfər onun diqqətini daha çox çəkir. Bu, o zaman idi ki, rejissor “Bizim Cəbiş müəllim” filmi üçün aktyor seçimləri edirdi. O gənc diqqətini çəkir və onu zorla razı salaraq filmə dəvət edir. Həmin gənc “Bizim Cəbiş müəllim” filminin ən yaddaqalan simalarından biri olan Mekedon rolunun ifaçısı Aqil Ağacanov idi. Aqil qarşıya şərt qoyaraq deyir ki, “məhəllə uşaqlarımızı da çəksən, gələrəm”. Beləcə, filmdəki məhəllə uşaqları da onun təklifi ilə filmə çəkilirlər. Bu filmə qədər ekranda heç vaxt meyxana səsləndirilməyib. Meyxanaçı Ağasəlim Çıldağ uşaqların meyxana dediyi kiçik epizod üçün iki bənd yazır. Oradakı bəzi sözlər sonradan dillər əzbəri olur:

Çağırsa ellər gedərəm davaya
Ol mənə dilbər gedərəm davaya

misraları film yayılandan uzun illər sonra dillər əzbəri oldu. Həmin səhnədəki “Makedonu dərdə-qəmə salmısan”, “Bişirərik Hitlerin də aşını” ifadələri də sonradan çox məşhurlaşdı.

“Heç belə gündə də...”

“Bizim Cəbiş müəllim” filmində ayrı-ayrı obrazlar tərəfindən deyilən başqa məşhur ifadələrə diqqət edək. Cəbiş müəllim aristokrat, insan taleyini və o zaman üçün “Böyük Vətən” məfhumunu düşünən bir ziyalı müəllimdir. Ən məşhur ifadələri “heç belə gündə də...” birləşməsi ilə başlayır. “Heç belə gündə də sabun bişirərlər?”, “heç belə gündə də dərsdən qaçarlar?” kimi ifadələrin sayını uzatmaq da olar.

Cəbiş müəllim filmin əvvəlindən axırınadək “öz yatağında qovrulan” təəssübkeş insan kimi yadda qalır. Yalnız bişirdiyi sabunu əsgərlərə paylayandan sonra bu təəssübkeşliyin ağırlığını çiyinlərindən atır, çamadanı yerə tullayır.

“Heç bilsən ki, səni nəyə görə vurdular, bəlkə onda səndən adam oldu” deyən Cəbiş müəllim həmin ifadəsi bu gün üçün də aktuallaşdırıb. Namiqin Makedona siçovulu yandırdığı üçün şillə vurduğu zamanı deyilən söz bu gün də Cəbiş müəllimi canlı saxlayır.

Onun “heç bilirsiz Bakı nefti cəbhə üçün nə deməkdi?” ifadəsi, ümumilikdə Bakı nefti haqqındakı sözləri 1969-cu il üçün çox təhlükəli idi. Amma buna baxmayaraq, Həsən Seyidbəyli və Maqsud İbrahimbəyov həm özlərini, həm də filmi riskə atsalar da, bu ifadələrə yer verirlər.

“İkinizi də Allah öldürsün, səni də, Hitleri də”

Aktrisa Şəfiqə Məmmədovanın yaratdığı Cəbiş müəllimin həyat yoldaşı obrazının dediyi ifadələr bu gün də yeri gələndə işlədilir. Təsəvvür edin, obrazın öz adı yoxdur. Hamı onu Cəbişin arvadı kimi tanıyır. Amma Şəfiqə Məmmədovanın ustalığı rolu bu gün də sevdirib.

“Allah sizin ikinizi də öldürsün, səni də, Hitleri də”, “Uf, nə bağrıma basardım o tankı... O tankı ki, səni basacaqdı...”, “Müharibə qurtaracaq, amma nə mən, nə də sənin uşaqların o günü görəcək” məşhur ifadələrini bir cəhət birləşdirir. Belə ki, onların hamısı Cəbiş müəllimə hiddətlənərək deyilən sözlərdir. Onlar xaraktercə bir-birlərinin tam əksidirlər. Dünyagörüşlərində və təəssübkeşlik baxışlarında da fərqlər var. Biri üçün yalnız üç uşaqdan ibarət olan kiçik ailəsi, o biri üçün isə milyonların əziyyət çəkdiyi böyük ailə əsasdır. Amma analıq kultu Cəbişin arvadının dilli-dilavərliyini daha da artırır. “Yeyin mənim şoppana balalarım”, “pencəyimiz yoxdur, əvəzində yağımız, qəndimiz var” kimi ifadələr də bu kultdan yaranır.

“Əmanətdü, Əbili”

İki böyük aktyor - Nəsibə Zeynalova və Əliağa Ağayevin oynadığı rollar ikinci dərəcəlidir. Amma birincinin yaratdığı Suğra xala, ikincinin isə möhür vurduğu alverçi Əbülfət obrazı o qədər dinamikdir ki, hətta məşhurluqda Cəbiş müəllimi də qabaqlaya bilirlər. Cəmi yarım dəqiqəlik ayaqyolunda qalma səhnəsində deyilən ifadələr bu gün də məşhurdur: “Qonşu aç qapını, bombalar töküldü başımıza”, “Siz orda neynirsiz?”, “Adə rəhmətliyin oğlu burda neyniyərlər” fikirlərini bu gün də xatırlamayan tapılmaz. Bu səhnənin ötürdüyü mesaj da çox dərindir. Bildiyiniz kimi, sırf öz maraqlarını güdən, bunun üçün saxtakarlıqlara əl atan alverçi Əbülfət elə bir simadır ki, hətta küçə təfəkkürlü, avara Makedon da ona nifrət edir. Buna görə də bomba atılan zaman ayaqyolunun qapısını arxadan bağlayır.

Ondan sonrakı səhnə də çox dinamikdir. Qışqıraraq Tanyanı axtaran Suğra xala “uşağımı görməmisən?”, - deyə soruşanda Əbülfətin “Uşağın olub məgər?” deməsi və eşitdiyi “qadam ağzuva, doğan vaxtumdu?” tənəsi bu gün də çox məşhurdur.

Amma “Əbili”nin məharəti bununla da bitmir. Kinonun bütün emosional ağırlığına qarşı sanki tək döyüşən obraz bir neçə ifadə ilə həm gülüş doğurur, həm də həmin ifadələri dillər əzbəri edir:

“Hansı dəliyə desən bizi hoydu-hoyduya qoyub gülər (səngər qazma səhnəsində Cəbiş müəllimə dediyi sözlər), “Yəni mənim arvadımla ildə bir dəfə bazara çıxmağa ixtiyarım yoxdur?”, “Canım sənə desün qoğol-moğol” (Əbülfət bunları hər iki halda Cəbişin arvadına deyir).

Təbii ki, burada Makedonu da unutmaq olmaz. Fərqli vizual siması və danışıq tərzi olan Makedonun dediyi sözlərin də bəziləri məşhurlaşdı: “Atova nə var e, dezertir adamdı”, “Bizim Cəbiş də işə yarayarmış” (hər ikisi neftçi Nəcəfovun oğlu Namiqə müraciətlə deyilir).

Kütləvi səhnədə səslənən “çəkilün, indi Makedonla Namiq dava eləyəcək” nidası və Namiqin atası neftçi Nəcəfova (Muxtar Maniyev) dediyi “ata, sən dezertirsən?” ifadələrini də unutmaq olmaz.

Film çox təəssüf ki, layiqli qiymətini ala bilməyib. Yalnız Cəbiş müəllim rolunun ifaçısı Süleyman Ələsgərova adi diplom verilir. Filmin özü isə mükafatlardan kənarda qalır. Bunun da səbəbi Bakı nefti və başqa məsələlər haqqında deyilən ifadələr idi ki, Moskva bunu gözdən qaçırmır.

Filmdə Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov, Həsən Seyidbəylinin qızı (Cəbiş müəllimin qızını Məryəm Seyidbəyli oynayır) da çəkilir. Bu da onun göstəicisi idi ki, artıq nəsil yeniləşirdi. Köhnələrin yerinə jımıxla böyüyən və Bakı neftinin qədrini bilən yeni nəsil gəlirdi... Artıq Cəbiş müəllim çemodanını rahat tullaya bilərdi...(modern.az)


Xəbəri paylaş

1 5938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___