Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva: "Yeni ənənənin təməli qoyuldu"
Tarix: 26-07-2015 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər

Mehriban Əliyeva: "Yeni ənənənin təməli qoyuldu"
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Məktubda deyilir: “Əziz dostlar! Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır. Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir.

Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir.

Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə vurğuladı.

2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu.

Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Bu festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisədir.

Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.

Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək, bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayıblar.

Bildirilib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib.

Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin möhtəşəm konserti olub. Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, M.Maqomayevin, C.Rossininin, K.Sen-Sansın, J.Bizenin, P.Maskanyininin və digər tanınmış Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.

Qeyd edək ki, İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm orkestrlərindən biridir və 30 ildən çoxdur fəaliyyət göstərir.


Xəbəri paylaş

7778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___