Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaradanın nə ehtiyacı var bizim ac-susuz qalmağımıza?
Tarix: 27-05-2018 | Saat: 21:27
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər


Rəbbimiz mübarək Ramazan ayının orucunu Özünə aid edib. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Allah Təala buyurur: "Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm".
Bu ay - Allah ayıdır. Məlumdur ki, hər nə var - Allaha məxsusdur, o cümlədən, nəinki bütün aylar, bütün anlar belə Allaha aiddir. Lakin, bu ayın elə bir dərəcəsi, fəziləti, üstünlüyü var ki, bu ay Allaha xüsusi olaraq aid edilir. Necə ki, əziz Peyğəmbərimizin (s) çoxlu ailə üzvləri var idi, amma yalnız bir neçə nəfərə "Əhli-Beyt" deyildi. Eləcə də, bütün aylar Allahın ayıdır, hər nə varsa Allaha məxsusdur, lakin bu Ramazan ayı o qədər əziz və kəramətlidir ki, xüsusi olaraq vurğulanır. Xüsusi olaraq qeyd edilir ki, oruc tutan insan Allahın qonağıdır. Bildirilir ki, bu ayda Allah qonağı üçün çoxlu hədiyyələr hazırlanmışdır.
Bizlər gərək Uca Allaha dua edərək, deyək: "Ey Rəbbimiz! Bizim hazırlığımız yoxdur Sənin süfrənin kənarında oturaq. Sən Öz lütfünlə bizə nəzər salıb, Öz mənəvi süfrənin ətrafında bizə yer verib, mübarək ziyafətin bəhrələrindən faydalanmanı nəsib etsən, bəlkə bizə nəsə müyəssər oldu. Özümüzə qalsa, elə daima ətrafda gəzərək, süfrəyə yaxın düşmək ləyaqətinə sahib çıxmayacağıq. Yalnız Sənin tofiqatın sayəsində bu ayın imkanlarından istifadə edə biləcəyik. Sən - rəhmətin, bağışlamanın özüsən, ey Uca Rəbbim! Bizlər hazırlıqsızıq bu mənəviyyat çeşməsindən sirab olmağa. Özbaşına qalsaq, ən sadə, ən ibtidai bir işi də həyata keçirə bilməyəcəyik. Amma, bizləri qonaqlığına dəvət etmisən. Bu ayın orucunu vacib buyurmusan. İndi ki, qonaqlığına dəvət etmisən, Səndən diləyimiz budur ki, bizlərə Özün yer göstərənsən. Biz bilmirik bu süfrədə nə var, nə yoxdur. Özün bizi yedizdir-içizdir bu süfrəndən".
Bu ruhiyyə ilə yaşasaq mübarək Ramazan ayında, özümüzü ev yiyəsinə təhvil versək və desək ki: "Sənin qonağınıq, Sənə ümidliyik" - Uca Rəbbimizin tofiqat əta etməsilə bir pay apara bilərik bu süfrədən.
Qonağa ən yaxşı hədiyyə
Hədislərdə çox incə bir mətləbə işarə edilir. Buyurulur ki, oruc - Allaha aiddir və savabını da Özü verəcək. Ev yiyəsi Allahdır, qonağını da Özü yola salacaq. Və sanki, Rəsulallah (s) da bir məsələyə işarə edir ki, qonağa qarşı ən böyük hədiyyə, ən böyük diqqət o olar ki, bəndə bağışlana. Çünki, Allah qonağının, bəndənin, insanın əldə etdiklərinin o halda qiyməti var ki, insan özünün vücudi xilasına çatmış olsun. İnsan Allah dərgahına qayıdan gündə, sağalmış bir durumda olsun. Bəs belə isə, bağışlanmaq, kamilləşmək, qurtulmaq, nicat tapmaq baxımından Ramazan ayından da gözəl ay varmı insan üçün?
Peyğəmbərimizin (s) mübarək bir buyuruşu var: "Allah Təala buyurur: "Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur"".
Allahın nə ehtiyacı ona ki, insan bir ay yemək və içməkdən çəkinsin?! Allah Təalanın bizim fiziki orucumuza ehtiyacı yoxdur ki... Budur, Rəbbimiz bizə xəbər verir. Deyir ki, kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən-içməkdən çəkinməsinə heç bir ehtiyacım yoxdur.
Gözlərimiz, qulaqlarımız, dilimiz, digər əzalarımız oruc tutmasa, zehnimiz oruc tutmasa, fikirlərimizi, düşüncələrimizi mübarək səmtə yönəltməsək, pis, dağıdıcı, ruhu alt-üst edən düşüncələrdən pəhriz etməsək, oruc tutmaq adıyla yalnız yemək-içməkdən çəkinməkdən nə fayda?!
Qəlblərimiz oruc tutmasa, zahiri orucun böyük bir əhəmiyyəti və xeyri olmaz.
Ramazan ayı oruclusunun hədiyyəsi
Peyğəmbərimizdən (s) Ramazan ayının oruclusuna verilən hədiyyə ilə bağlı çox incə bir buyuruş var: "Heç bir mömin yoxdur ki, mübarək Ramazan ayını fəqət Allaha hesablanaraq oruc tutmuş olsun, Allah Təala da yeddi xisləti onun üçün vacib etməsin:
1. Onun vücudunda, varlığında nə qədər ki, haram var - əriyib gedər.
2. Allah Təalanın rəhmətinə yaxınlaşar".
Kim Allahın əmrini yerinə yetirərək oruc tutarsa, Allahın rəhmətinə yaxınlaşar. Xoş olsun o insanın halına ki, Allahın rəhmətinə yaxın olmuş olar.
"3. Atası Həzrət Adəmin (ə) xətasını örtmüş olar.
4. Allah Təala onun can verdiyi anları asan edər.
5. Qiyamət günü aclıq və susuzluqdan azad edər".
O gün ki, insanların ən ağır günüdür, Allahın əmrini yerinə yetirən oruclu, Qiyamət gününün aclıq və susuzluğundan amanda olar.
"6. Behiştin ləziz təamları onun üçün nəsib olar.
7. Allah Təala Cəhənnəm atəşindən qurtulmanı ona nəsib edər".
Nədən uzaq olmaq? Nəyi xatırlamaq?
Mübarək Ramazan ayı boyu, sonadək ibadət amili davam edir. Ayın müxtəlif günlərində dəfələrlə müxtəlif formalarda təkrarlanan 2 mühüm nöqtə vardır. Birincisi - uzaq olmağı istəməklə bağlıdır. Nədən uzaq olmaq? Boş, bihudə işlərdən. Xətalardan, səhvlərdən. Asi olmaqdan, günah işlətməkdən. Və bu uzaqlığın vücuda dərin kök salmış formada olması istənilir. Bir mələkə formasında - dərin surətdə qəlbə hopmuş olaraq istənilir.
İkincisi - xatırlamaqla bağlıdır. Davamlı olaraq Onu xatırlamaq durumunu istəyirik Allahdan. Davamlı olaraq Allahı xatırlamaq - insanı günahlardan uzaq edər. Boş-boş işlərdən çəkinər insan. Bu da, insanın ümumi durumu ilə yanaşı, ibadətin keyfiyyətinə də müsbət təsir göstərir.
Allahı yad etməklə bağlı əziz Peyğəmbərimizdən (s) nəql edirlər: "Allahdan qafil olanların arasında Allahı yad edən kəs, fərarilərin arasında döyüşən şəxs kimidir".
Necə bəzi insanlar döyüşdən qaçaraq, fərarilik etdiyi kimi, Allahdan qafil olanlar da bəndəlikdən fərarilik ediblər. O şeyi ki, bəndə olaraq etməlidirlər - etmirlər. Bəndəliyini edən isə döyüş meydanında vəzifəsini əda edən döyüşçü kimidir. O, Allah dərgahında mövcudiyyətini təsbit edib.
Orucun digər faydası isə Qiyaməti xatırlatması ilə bağlıdır. İmam Rza (ə) buyurur: "İnsanlar oruc tutmağa əmr olunublar ki, aclıq və susuzluğu anlasınlar və onun vasitəsilə axirətdəki imkanlızlığı duysunlar".
Neçə saatlar ki, insan ac-susuz qalır - bir imkandır ki, Allahın lütfü ilə Qiyaməti xatırlasın. O günü xatırlasın ki, ac-susuz bir vəziyyətdə olacaq və əməllərinə görə cavab verəcək. Nə qohumu, nə dostu, nə tayfası və nə də digər bir şeyi o məqamda dadına gələ bilməyəcək. Fəqət yaxşı əməlləri, gözəl ibadətləri karına gələcək onun.
Böyük insanlarla dostluq
Mübarək Ramazan ayının dualarının bir qismi insanlarla olan münasibətə bağlıdır. Əgər əvvəlinci günün dualarında fərdi yüksəlişlə, fərdi islahatla bağlı məsələlər önə çıxırsa, sonrakı dövrdə sanki xüsusi məsələlər, xüsusi mənəvi qidalar var ki, daha çox insanın digər insanlarla münasibətini tənzimləməyə aiddir.
Mübarək ayın bəyənilən əməlləri arasında yetimə qayğı xüsusilə təkid olunmuşlardandır. Ehsan vermək üçün imkanın olması kimi nöqtələr vurğulanır. Salamı verməkdən tutmuş, ünsiyyətə aid digər məsələlər də mübarək ayın dualarında öz əksini tapmışdır. Ayrıca olaraq, ləyaqətli, şəxsiyyətli, yüksək mənəviyyat sahibləri ilə ünsiyyət məsələsi də bu dualarda vurğulanır.
Mübarək ayın günlərinin mənəvi qidalarının insan üçün hədəfi odur ki, bir növ mələkəyə çevrilsin, vücuduna hopan bir xüsusiyyət şəklini alsın.
Rəbbin rəhmətini istəmək
Mübarək Ramazan ayının dualarında keçən mühüm mövzulardan biri - geniş rəhmətdir. Görürük ki, mübarək ayın əvvəli rəhmət, ortası bağışlanma, sonu - insanın cəhənnəm atəşindən nicat tapmasıdır. Ayın əvvəlinin rəhmət olması xüsusiyyəti sonrakı günlərdə bir daha vurğulanır, yada salınır. Allah Təalanın geniş rəhmətindən bəhrələnmək dilənilir. Sanki bu rəhmət günlərinin, rəhmət imkanlarının, rəhmət kimi mənəvi fürsətlərinin dərk edilməsi ilə yanaşı, bunların insanın üzərinə yağması istənilir dualarda.
Rəhmətlə yanaşı paralel xətt - dualarda olan hidayət mövzusudur. İnsan Allah Təalanın hidayətinə qovuşmaq istəyir, aydın və qüdrətli dəlilləri ilə hidayət olunmasını istəyir. Allahın hidayəti - əslində hər bir insan üçün yönəlikdir. İnsanın tutumu olmalıdır bu hidayəti qəbul etməyə.
Bütün varlıq aləmi, bütün mövcudat aydın dəlillərlə başdan-başa doludur. Bunların fərqinə varmaq, bunları dərk etmək - tutuma bağlı bir mövzudur. İnsan özü öz tutumunu müəyyənləşdirir. Öz hazırlığını özü həyata keçirir.
Bəs hansı ayda bağışlanacaq?
Həzrət Əli (ə) buyurur: "Ramazan ayı ilə bağlı sizə tapşırığım, nəsihətim budur ki, çoxlu dua və istiğfar edəsiniz". Bəli, bu ay - dua və istiğfar ayıdır.
Həzrət Əlidən (ə) nəql edilən digər bir hədisdə bildirilir: "Ramazan ayındakı duanın vasitəsilə bəla sizdən uzaqlaşar. Ramazan ayında istiğfar və tövbənin vasitəsilə sizin günahlarınız məhv olar".
Əziz Peyğəmbərdən (s) nəql olunur: "Əgər bəndə Ramazan ayının nə olduğunu bilsə, arzu edər ki, bütün il boyu Ramazan ayı olsun".
Bir başqa mübarək hədisdə əziz beşinci İmamımız Həzrət İmam Muhəmməd Baqirdən (ə) buyurulur: "Ramazan ayı - Allah ayıdır və bu ayda oruc tutanlar Allahın qonaqlarıdır və Onun kəraməti və lütfü əhatəsindədirlər".
Digər mübarək hədisdə İmam Əlidən (ə) nəql olunur: "Bu ayda ən gözəl əməl - İlahi haramlardan özünü qorumaqdır".
İmam Sadiqdən (ə) nəql olunur ki: "Oruc tutanın yatmağı - ibadət, sükutu - təsbih, əməli - məqbul, duası - müstəcəbdir".
Yenə İmam Sadiqdən (ə) bu mübarək ayla bağlı buyurulur: "Allah Təala buyurur: oruc Mənə aiddir və savabını da Mən verəcəyəm".
Əziz Peyğəmbərimizdən (s) nəql olunur: "Bir kəs ki, Ramazan ayında bağışlanmayacaq, bəs hansı ayda bağışlanacaqdır?".
Mübarək İslam dinimiz öyrədir ki, əgər bəndə bilsə Ramazan ayının əhəmiyyəti və fəziləti nə qədərdir, arzu edərdi ki, bütün il boyu Ramazan ayı olsun. Əgər bilsə Ramazan ayı nədir və nə üçündür, bilmiş olsa ki, bu ayın qiyməti nədir, dərəcəsi nədir, bu ayda nələr baş verir, bu ayda nələr əldə etmək olar - onda deyər ki, kaş bütün il boyu Ramazan ayı olardı.
Bağışlanma diləmə fürsəti
Mübarək dinimizin məntiqində müqəddəs ay - tövbə, istiğfar, Allahdan əfv diləmək üçün ən münasib dönəmdir. Hər bu vəziyyətə görə, hər o hala görə bu mübarək ayın dəqiqələrində, anlarında Allahdan bağışlanma, tövbə diləmək gərəkdir. Tövbə nədir? Səmimi tövbə budur ki, insan, etdiyi mənfi işlərindən, öz eybəcər daxili durumundan peşman olsun. Tək bu peşmançılıq da kifayət etməz. Gərək daxilində əzmi, iradəsi olsun ki, bu durumla vidalaşsın.
Ən gözəl bir fürsətdir, ən gözəl bir imkandır ki, bu ayda Rəbbimizlə bir bağlantı yaradaq, Rəbbimizlə bir rabitə quraq. Deyək: "Rəbbimiz, gəlmişik. Gəlmişik və bilirik ki, bir aya daxil olmuşuq ki, o ayda bütün imkanlar hazırdır. Hətta şeytanın (lən) da əli-qolu zəncirlənib. Və bu ayda nə pisliklər varsa, nə çatışmazlıqlar varsa, bizim il ərzində topladıqlarımızın nəticəsindədir".
Zəhmət və səy ayı
Mübarək Ramazan ayı möminin özünü tərbiyə etməsi üçün fövqəl imkanlar təqdim edir. İmam Cəfər Sadiqin (ə) Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrində bildirilir: "Bu ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır".
İnsan Ramazan ayında İlahi rəhmətə qovuşduğu kimi, özünü bu rəhmətdən ayrı da sala bilər. Allahın Peyğəmbəri (s) buyurub: "Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah Təala onu Öz rəhmətindən uzaqlaşdırar".
İnsan özünü bu ayda xoşbəxt də edə bilər, bədbəxt də. Hər şey öz əlindədir. Seçimi insan özü edir. Rəsuli-Əkrəm (s) Ramazan ayının gəlişi ilə bağlı xütbəsində buyurub: "Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə - bədbəxtdir".
Mübarək Ramazan ayı insan üçün İlahi bağışlanmanı qazanmaq üçün ən nəcib fürsətdir. Allah Elçisi (s) buyurub: "Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!".
İmanlı insan bir fürsət axtarışındadır ki, günahlarının bağışlanmasına nail olsun. Bu imkanı ən gözəl surətdə Ramazan ayı təqdim edir. Allahın Peyğəmbəri (s) buyurub: "Ramazan (ayı) - günahları yandırdığına görə "Ramazan" adlandırılmışdır".
Allahı xatırlama məqamı
Mübarək Ramazan ayı böyük bir fürsətdir. Çünki, bu ayın içərisində olan bütün əməlləri - orucu, duaları və digər əməlləri, bir mühüm məsələyə gətirib çıxarır - bizlər Allahı xatırlayırıq. Allahın dərgahında olmağı daha çox xatırlayırıq, Allahın hüzurunda olmağın fərqinə varırıq.
Bu fürsət başqa aylarda da var, başqa zamanlarda da var, Şəban ayında da, Rəcəb ayında da var, digər aylarda da var. Amma Allahın hüzurunda olmağımızı başqa zamanlarda unuduruq. Mübarək Ramazan ayında isə Allah Təala bizlərə bir fürsət yaradır ki, bu ayda özümüzü toparlayaq, özümüzü səfərbər edək. Oruc tutmağımızla, dualar etməyimizlə, zikrlərimizlə, əhya saxlamaqlarımızla - bütün əməllərin yekun mahiyyəti ondan ibarətdir ki, bizlər Allah dərgahında özümüzü aparmağı öyrənək. Ən azı oruc tutanda o imkan daha da çoxalır.
Allahım, bizləri mübarək Ramazan ayını dərk edənlərdən qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu
(ilahiyyatçı-filosof)


Xəbəri paylaş

8818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___