Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kərkükdən bir səs gəldi... - VİDEO
Tarix: 09-07-2015 | Saat: 10:48
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər


Kərkükdən bir səs gəldi... - VİDEO
Evlәrinin önü yonca,
Yonca qalxmış dam boyunca.
Boyu uzun, beli incә,
Ninnә yarım, ninnә,
Әsmәr yarım, ninnә......



Dillər əzbəri olan bu sözlərə yazılmış musiqini kim eşitməyib axı? Çoxlarının ürəyi yanır, gözləri dolur musiqi sədalarında bu sözləri eşidən zaman.

Qədim Kərkük folklorunun türk dünyasında böyük yeri var.

Şimali İraqın cәnubunda Zaqros dağlarının әtәklәrindә, gözdən uzaq bir köşədə yerlәşәn tarixi Kərkük şəhəri yad, özgə deyil bizə. O torpaqlar hələ də buğum-buğum Azərbaycan qoxur. Hələ Teymurilərdən əvvəl mövcud olan bu şəhər XIV əsrdən etibarən “Kərkük” adlandırılır.

Kәrkükdә dağlar gördüm,
Meyvәsiz bağlar gördüm.
Gәldim bağı dolaşdım,
Bağbanı ağlar gördüm.


Kәrkükdәn keçdi hasa,
Hasa batıbdı yasa.
Kәrkükü viran etdi,
Yad ayaq basa- basa.



Kәrküklә Azәrbaycan arasında böyük körpünü Qәzәnfәr Paşayev qurub. Bu işdə Qəzənfər Paşayevin rolu danılmazdır. 6 il türkman kəndlərini, qəsəbələrini qarış-qarış gəzən Q.Paşayev bu təşəbbüsü ilə Azərbaycana böyük töhvələr verib. Kәrkük folklorunu yaxından öyrәnən Paşayevin araşdırmaları Kərkük folklorunun Azərbaycan folklorunun bir qolu olduğunu ortaya çıxarır.
Hazırda İraq sərhədləri daxilində qalan Kərkük əyalətində Kərkük türkmanları yaşayır. Bu gün İraq əhalisinin 13 faizini (3 milyona yaxın)türkmanlar təşkil edir. Çox maraqlıdır ki, türk dilli kərküklərin dili “Kitabi Dədə Qorqud Dastanı”nın dilinə çox yaxındır. Bəlkə də elə buna görə dilimizdən düşməyən Sinan Səid musiqiləri bizə bu qədər doğmadır.


Sinan Səid Kərkük şəhərində anadan olan türkmandır. Türk dünyasına, xüsusilə Azərbaycana olan sevgisi onu XX əsrin sonlarında, 1958-ci ildə Azərbaycana gətirir. Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayan Sinan Səid, müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlir. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışır. Azərbaycanda çalışdığı müddətdə ADU-nun jurnalistika şöbəsini bitirir (1965). 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

O vaxtdan qabiliyyətli diktor olan Sinan Səid, gözəl səsi ilə hər kəsin yaddaşına həkk olunur. Onun Nərminə Məmmədova ilə birlikdə oxuduğu Kərkük bayatıları bu gün də Azərbaycanda səslənir.

Hər gün axşam olur dallam,
Əlimdə kamançam çallam.
Əşirətimə xəbər verrəm,
Mən səni sevmişəm allam...

Gördüyüm gün səni gülləm,
Görmədimsə yarım, ölləm!
Babam verməm desə, gəlləm
Qapınızı yarım çallam.



Bu cür kərkük bayatı misraları ilə başlayan Sinan Səid musiqiləri təkcə Azərbaycanı yox, bütün türk dünyasını sehirləmişdi. Heç təsadüfi deyil ki, tanınmış türk müğənnisi İbrahim Tatlısəsin ifasında da səslənən bu mahnını, indiyəcən Sinan Səid ürəyi ilə ifa edən olmayıb.

Dilim-dilim;
Kəs qovun dilim-dilim.
Mən dilimnən vaz keçməm,
Olursam, dilim-dilim.

İraq vətəndaşı, İraq türkmanları arasında böyük nüfuz sahibi olan Sinan Səid Azərbaycan vurğunu idi. Heç danılmazdır ki, Azərbaycanda da onun vurğunları kifayət qədərdi. Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək geniş müqəddimə ilə "Ərəb ellərinə Azərbaycan nəğmələri" adlı (Bağdad, 1971) kitab çap etdirmişdi.

Qənirə Paşayeva öz kitabında Kərküklər haqqında verdiyi məlumatda Sinan Səidə də geniş yer verimiş, onu Azərbaycan vurğunu adlandırmışdı. Haqsız da deyil. Sinan Səid ədəbiyyat həvəskarı olmaqla yanaşı həm də rəssam idi. Azərbaycan ədəbiyyat nümunnələrini ərəb dilinə ilk çevirən Sinan Səid olub. 1963-cü ildə “Dost ellər” adlı almanaxında Səməd Vurğun, Süleyman Rustəm, Rəsul Rza kimi bir çox şairlərin şeirlərindən tərcümələrini çap etdirmişdi.

Sözləri dilindən süzdükcə ürəyi səs tellərində döyünən bu musiqiçinin eşqi türk dünyasının İraq torpağından gələn səsidir.

Sinan Səid...



Taleyi türkman xalqının bəxtsiz keçmişinə və ümidsiz gələcəyinə bənzədi.

Onun şirin və məlahətli səsi hüzn qoxuyur. Bu günün özündə də uzaqdan gələn haraya, itirilmiş imkanlara ağı deyən bir səsə bənzəyir.

Onun kimi minlərlə türkmanın taleyinə bircə patron son qoydu.

Amma hələ, neçə illər biz uzaqdan gələn o səsi eşidəcəyik.

“Həsrətindən xəbər verrəm”-deyən bir uzaqlıq, bir həsrət var.

Türkmanların faciəli taleyi və əlimizin çatmadığı bir ünvanda milyonlarla türkün acı çəkməsi...

Türkman folklorunun leytmotivi-qürbət ellər...

Verməsələr başım allam,
Qürbətlərə gedib, qallam.
Əşirətimə xəbər verrəm,
Mən səni sevmişəm allam...



Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
25-07-2017, 12:46 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___