Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Klublarımızın Avropa savaşı
Tarix: 09-07-2015 | Saat: 10:38
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Klublarımızın Avropa savaşı
Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Xeberaz.az Azerisport.az-a istinadan xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm də üç klub təmsil edir.

Bunlar son mövsüm Premyer Liqada müvafiq olaraq 2-ci, 3-cü və 4-cü yerləri tutmuş "İnter", "Qəbələ" və "Neftçi"dir. Təmsilçilərimizin hamısı mübarizəyə ilkin təsnifat mərhələsindən başlayacaq.

"İnter"in ilk rəqibi Albaniyanın "Laçi" klubudur. Bu komanda azarkeşlərimiz üçün o qədər də tanış rəqib deyil. 1960-cı ildə yaradılmış 55 yaşlı klubun elə də böyük uğurları yoxdur. Komanda son mövsümdə Albaniya Kubokunu qazanaraq, Avroliqaya vəsiqə qazanıb. Çempionatda isə bu komanda 5-ci olub. "Laçi" 2012/13 mövsümündə də Albaniya Kubokunu qazanıb. Əvəzində bu klub heç vaxt Albaniya çempionu ola bilməyib. Çempionatda baş tutan 36 görüşün 20-də qalib gəlmiş "Laçi" 9 dəfə heç-heçə edib, 7-də uduzub. Rəqib qapılarına 46 dəfə yol tapan komanda özü 19 dəfə məyus olub. "Laçi" avrokuboklarda da heç bir uğur sahibi deyil. Belə ki, komanda beynəlxalq arenada heç vaxt qələbə qazana bilməyib. Baxmayaraq ki, Albaniya təmsilçisi bir dəfə mərhələ keçə bilib. Bu, son mövsümdə Sloveniya "Rudar"ı ilə görüşdə baş verib. Penalti seriyasında bu komandanı üstələyən "Laçi" ardından Luqansk "Zarya"sına (Ukrayna) uduzmuşdu.

Rəqibindən fərqli olaraq, "İnter"in avrokuboklarda həm təcrübəsi, həm də uğurları çoxdur. Amma son dövrlər paytaxt klubunda baş verənlər uğura inamı bir qədər azaldıb. Maliyyə problemlərindən əziyyət çəkən, aparıcı futbolçularını itirən, hazırda gənclərin və karyerasının qürub çağını yaşayan oyunçuların ümidinə qalan komandamız mərhələ keçmək üçün çox əziyyət çəkəcək. Düzdür, ilk oyunu səfərdə keçirən təmsilçimiz Albaniyadan sərfəli nəticə ilə qayıtmağa nail oldu - 1:1. Bu üzdən də Bakıdakı cavab görüşündə uğurlu sonluğa ümid etmək olar. Məsələ burasındadır ki, bakılılar doğma meydanda hətta qolsuz heç-heçə ilə də mərhələ adlaya bilərlər. Hesab açılacağı halda isə təmsilçimiz mütləq qələbə qazanmaq məcburiyyətində qalacaq.

Digər paytaxt təmsilçisi "Neftçi"nin rəqibi Çernoqoriya "Mladost"udur. 1950-ci ildə yaradılmış 65 yaşlı klub Podqoritsa şəhərinin təmsilçisidir. Son mövsümdə bu komanda Çernoqoriya çempionatının 4-cüsü olub. 33 turda 16 qələbə qazanan komanda 9 dəfə heç-heçə edib, 8 oyunda məğlub olub. Rəqib qapılarından 53 top keçirən podqoritsalılar 36 dəfə öz qapılarında qol görüblər. "Mladost" Avroliqada oynamaq hüququna Çernoqoriya kubokunu qazanmaqla sahib çıxıb. Paytaxt klubu bundan öncə avrokuboklarda cəmi bir dəfə iştirak edib. İki il əvvələ təsadüf edən həmin çıxışı zamanı Avroliqanın birinci təsnifat mərhələsində Macarıstan "Videoton"una qalib gələn "Mladost" ardından turnirin qalibi "Sevilya"ya (İspaniya) boyun əyib.

"Ağ-qaralar" əvvəlki əzəmətini qorusaydı, bu rəqibini asanlıqla keçəcəyini demək olardı. Amma təəssüf ki, "İnter" kimi, "Neftçi" də hazırda çətin günlərini yaşamaqdadır. Samir Əliyevin ümidinə qalan komandanın heyətində də çoxlu dəyişiklik olub. Amma bu, paytaxt klubunun elə ilk mərhələdəcə mübarizəni dayandırmasına əsas verməməlidir. Düzdür, Avroliqadakı digər iki təmsilçimizdən fərqli, "Neftçi" ilk matçını evdə keçirdi. Elə bu üzdən də bakılılar maksimum güc sərf etməklə cütün taleyini məhz ilk matçda həll etməyə borclu idilər. Amma "ağ-qaralar" Bakıda bol qollu heç-heçəyə (2:2) razılaşmalı oldular. Bu üzdən də "Neftçi"ni səfər matçında yalnız qələbə qane edəcək. Hətta 1:1 hesablı heç-heçə də Çernoqoriya klubunu növbəti mərhələyə çıxaracaq.

"Qəbələ" isə qonşu ölkə təmsilçisi - Tiflis "Dinamo"su (Gürcüstan) ilə mübarizə aparır. "İnter"lə "Neftçi"nin rəqiblərindən fərqli olaraq, gürcü klubunun xüsusi təqdimata ehtiyacı yoxdur. Gürcüstan futbolunun flaqmanı hələ Sovet dönəmində də ən güclü komandalardan biri hesab olunurdu. Tiflis təmsilçisi avrokubokların qrup mərhələsində çıxış etmiş ilk Qafqaz klubudur. Bu, 2004-cü ildə baş verib. "Dinamo" son mövsümdə Gürcüstan çempionatında ikinci yeri tutub. Komanda çempion "Dila"dan 6 xal geri qalıb. Keçirdiyi 30 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edən paytaxt klubu 6 dəfə meydanı məğlub tərk edib. Mövsümün ən çox qol vuran (56) komandası ünvanına sahib çıxan tiflislilər öz qapılarında 28 top görüblər.

Avroliqadakı təmsilçilərimiz arasında ən sanballısı hesab olunan "Qəbələ" mərhələ adlamağa da real namizədlərdən sayıla bilər. Düzdür, bu klubun avrokuboklarda elə də böyük təcrübəsi yoxdur. İlk dəfə ötən mövsüm qitə arenasına çıxan komandamız elə ilk cəhdindəcə uduzaraq, mübarizəni dayandırmışdı. Amma Roman Qriqorçukun rəhbərliyi altında daha da inamlı təsir bağışlayan, yayda xeyli ciddi transferə imza atan bölgə təmsilçisi adlı-sanlı rəqibindən çəkinməməlidir. İlk matçın səfərdə keçirilməsi də "Qəbələ"nin mərhələ keçirmək şansını artıran məqamlardan sayıla bilər. Baxmayaraq ki, bölgə təmsilçisi həmin səfər matçında 10 nəfərlə qalan rəqibindən 2 qol buraxaraq, meydanı məğlub tərk etmişdi - 1:2. Cavab görüşündə hətta 1:0 hesablı qələbə də Roman Qriqorçukun kollektivini növbəti mərhələyə çıxara bilər.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədədir və hesabında 10.750 reytinq xalı var.

Klublarımıza gəlincə, "Neftçi" 8.900 xalla klub sıralamasında Avropanın 158-ci komandasıdır. "İnter" 3.900 reytinq xalı ilə 282-ci, "Qəbələ" isə 2,650 balla 346-cıdır. Təmsilçilərimizin rəqibləri arasında ən yaxşı reytinq, təbii ki, Tiflis "Dinamo"suna məxsusdur - 5.875 xalla 217-ci yer. "Mladost" 2.050 xalla 377-ci, "Laçi" 1.975 xalla 379-cudur.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (Cavab oyunları)
9 iyul

21:00. "Qəbələ" - "Dinamo" (Tiflis) (İlk oyun - 1:2)
Baş hakim: Amori Deleru (Fransa).
Baş hakimin köməkçiləri: Loran Stien, Mişel Ammonye (hər ikisi Fransa).
Ehtiyat hakim: Sebastyan Moreyra (Fransa).
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).
Hakim-inspektor: Peter Cons (İngiltərə).
Qəbələ. Şəhər stadionu.

21:00. "İnter" - "Laçi" (ilk oyun - 1:1)
Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Samat Tergeyssizov (hər ikisi Qazaxıstan).
Ehtiyat hakim: Denis İzmaylov (Qazaxıstan).
UEFA nümayəndəsi: Petro İvanov (Ukrayna).
Hakim-inspektor: Eduard Foley (İrlandiya).
Bakı. "İnter Arena".

23:30. "Mladost" - "Neftçi" (ilk oyun - 2:2)
Baş hakim: Kevin Klensi (Şotlandiya).
Baş hakimin köməkçiləri: Alastair Mazer, Stüart Yan Makmillan (hər ikisi Şotlandiya).
Ehtiyat hakim: Brayan Kolvin (Şotlandiya).
UEFA nümayəndəsi: Jan Luis Pette (Fransa).
Hakim-inspektor: Marian Ruzbarski (Slovakiya).
Podqoritsa. "Qradski" stadionu.


Xəbəri paylaş

7368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___