Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paşinyanın Bakı üçün yeganə müsbət cəhəti – Politoloq
Tarix: 09-05-2018 | Saat: 11:36
Bölmə:Karusel / Siyasət | çapa göndər


Bizim üçün yeganə müsbət məqam kimi yalnız bunu qeyd etmək olar ki, Paşinyanın əli, Sərkisyandan fərqli olaraq, azərbaycanlı qanına batmayıb.
Bu sözləri açıqlamasında politoloq Şahin Cəfərli Nikol Paşinyanın baş nazir seçilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Moskva İrəvanla müttəfiqlik münasibətlərinin davam etməsində maraqlıdır, çünki Ermənistanın bölgəmizdə Moskva üçün strateji əhəmiyyəti böyükdür:
“Putin və Paşinyanın ilk görüşü əlbəttə ki, daha çox tanışlıq xarakteri daşıyacaq. Putin müttəfiq ölkənin yeni rəhbərini şəxsən tanımağa çalışacaq, onun fikirlərini öyrənəcək, ikitərəfli əməkdaşlıq, regionda durum, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Paşinyanın mövqeyini dəqiqləşdirəcək. Rusiya imperiyasının dövründən indiyə qədər Moskva ermənilərlə xüsusi münasibətlərə malik olub. Təsadüfi deyil ki, rusiyalı sözçülər - istər Peskov, istər Zaxarova - ermənilərdən bəhs edərkən “qardaş xalq” ifadəsindən istifadə edir. Bu, Rusiyanın Ermənistan və erməni xalqı ilə əlaqələrə nə qədər önəm verdiyini göstərir. Təbii ki, Ermənistanın da Rusiyanın dəstəyinə ehtiyacı olduğu aydındır. Təsadüfi deyil ki, Paşinyan xalq hərəkatı başladığı gündən bu yana Rusiyaya isti mesajlar ünvanlayır, Moskva ilə müttəfiqliyin önəmindən danışır, Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalmağın əhəmiyyətini vurğulayır. Paşinyan Moskva üçün yad adam olsa da, onun bu bəyanatları Putin ilə görüş üçün münbit zəmin hazırlayıb. İndi Putin bu fikirləri şəxsən Paşinyanın özündən eşitmək istəyəcək və Rusiyanın bütün bu məsələlərlə bağlı mövqeyini onun diqqətinə çatdıracaq”.
Politoloq vurğulayıb ki, Paşinyanın iqtidara gəlməsi təbii ki, Rusiyanın planı deyildi:
“Moskva Serj Sərkisyandan sonra baş nazirin 1-ci müavini Karen Karapetyanın vəziyyəti nəzarətə götürəcəyini düşünürdü. Lakin Paşinyanın inadı və erməni xalqının ona dəstəyi Moskvanın planını pozdu. Əlbəttə, Rusiya istəsə, dəyişikliyin qarşısını ala bilərdi, vəziyyətin bu həddə çatmasına imkan verməzdi. Lakin bu halda güc işlətməyə ehtiyac yaranacaqdı və zorakılıq baş verəcəkdi, ola bilsin, qan töküləcəkdi. Düşünürəm ki, Rusiya Ukrayna hadisələrindən də dərs alaraq, Ermənistanda xalqın iradəsinə zidd şəkildə, zor gücünə Sərkisyanı hakimiyyətdə saxlamaq variantına getmədi. Bu halda, Rusiyanın Ermənistanda nüfuzu məhv ola bilərdi və onun regiondakı uzunmüddətli maraqları baxımından arzuolunmaz vəziyyət yaranardı. Putin bunu istəmədi. Digər tərəfdən, əgər Paşinyan xarici siyasətdə hər hansı radikal dəyişikliyə getməyəcəksə və Rusiyanın maraqlarına zidd addımlar atmayacaqsa, onda nə fərqi var ki, İrəvandakı hökumət binasında kim oturub? Bu halda soyadların önəmi qalmır, Sərkisyan olmur, Paşinyan olsun. Önəmli olan real siyasətdir. Əgər Paşinyan Rusiyanın maraqlarına qarşı siyasət apararsa, onda Moskvanın əlində kifayət qədər imkan var ki, onu cəzalandırsın”.
Politoloqun sözlərinə görə, böyük ehtimalla Ermənistanda erkən seçkilərin keçirilməsi və yeni hökumətin formalaşdırılmasına qədər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə fasilə veriləcək:
“Bu dövrdə Ermənistan və Azərbaycan arasında hansısa təmas olsa belə, mən inanmıram ki, Paşinyan bu məsələdə ciddi qərarlar qəbul edə bilsin. Çünki hələ xalqdan mandat almamış müvəqqəti hökumətdən Dağlıq Qarabağ münaqişəsinin həlli kimi ciddi məsələdə taleyüklü qərarlar gözləməyə dəyməz. Seçkilər və onun nəticələri əsasında hökumətin formalaşmasından sonra danışıqlar prosesində yeni mərhələ başlayacaq. Böyük ehtimalla yeni seçkilərdə Paşinyanın partiyası qalib gələcək və Azərbaycanla danışıqlar masasına da məhz o özü oturacaq. Yeni hökumətin münaqişənin həllində tutacağı mövqeyə gəldikdə isə, Azərbaycan ictimaiyyəti bu məsələdə sadəlövh olmamalıdır. Mən Paşinyanın dövründə Ermənistanın mövqeyində hər hansı kardinal dəyişiklik gözləmirəm. Bunu yeni baş nazirin bəyanatları da təsdiq edir. Məsələn, Paşinyan parlamentdə çıxışında bildirdi ki, danışıqlarda Dağlıq Qarabağ erməniləri də tərəf kimi iştirak etməlidir. O, separatçı qurumun müstəqilliyinin tanınmasına çalışacağını söylədi. Yəni Serj Sərksiyanın mövqeyindən prinsipial şəkildə fərqlənən bir yanaşma görmürük, əksinə, separatçı rejimin tərəf kimi prosesə cəlb olunmasının zəruriliyi vurğulanır. Düzdür, hesab edirəm ki, Paşinyan tərəfindən bu cür sərt mövqe nümayiş etdirilməsində Ermənistanda yaranmış hazırkı situasiyanın təsiri də rol oynayır. Baş nazir vəzifəsinə namizəd və yaxın aylarda parlament seçkilərinə gedəcək erməni lider durub Dağlıq Qarabağ məsələsində hansısa güzəştlərdən danışa bilməzdi. Paşinyanın seçkilərdən sonra hər hansı ilkin şərt irəli sürmədən, o cümlədən qondarma DQR-ın tərəf kimi tanınmasında israr etmədən danışıqlar masasına oturacağına inanıram. Amma hər halda, ondan ciddi güzəştlər gözləməyə də dəyməz”.
Qeyd edək ki, Ermənistan parlamenti ötən gün Nikol Paşinyanı baş nazir seçib.


Xəbəri paylaş

1 2208 dəfə oxunub.

Digər xəbərlər
20-10-2015, 01:31 Astroloji proqnoz

bütün xəbərlər
____ Instagram ___