Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Xoşbəxtlik" ölkəsində yaşayan bədbəxtlər
Tarix: 23-03-2018 | Saat: 22:32
Bölmə:Karusel / Siyasət | çapa göndər


Xəbəraz.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.
Ermənistanda illər ərzində getdikcə daha da dərinləşən sosial-iqtisadi problemlər ötən dövr ərzində hakimiyyətdən yaranan narazılığın miqyasının daha da genişlənməsinə gətirib çıxarıb. Bu hal hakimiyyəti son konstitusiya dəyişikliyindən sonra qəsb edən Serj Sarkisyan iqtidarına münasibətdə özünü kifayət qədər qabarıq büruzə verir. Hətta bir vaxtlar indiki dövlət başçısının əsas tərəfdarlarından sayılan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan belə, ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırkı prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənlərə qoşulub. 
Bildirilir ki, parlamentdəki "Yelk" müxalifət fraksiyası ilə yanaşı, parlamentdənkənar müxalifət sayılan "Erməni Dövləti Uğrunda Cəbhə" də Sarkisyanın hökumət başçısı olmasının əleyhinədir. Təşkilatın təmsilçiləri başqa siyasi qüvvələr, o cümlədən İrs Partiyasının sədri Armen Martirosyan və Demokratik Vətən Partiyasının lideri Petros Makeyan, Ermənistan Milli Konqresi sədrinin müavini Levon Zurabyan bir araya gələrək bu məsələni müzakirə ediblər. Onlar yaxın günlərdə keçmiş müdafiə naziri S.Ohanyanla da görüşərək danışıqlar aparacaqlar. 
"Yelk" bloku Sarkisyanın namizədliyinin baş nazir postuna irəli sürülməsinə etiraz olaraq aprelin 3-də Yerevanda mitinq-yürüş keçirəcək. Bununla bağlı artıq şəhər merinə müraciət olunub. Əhali də bu məsələdə müxalifəti dəstəkləyir. Bunun əsas səbəbi isə ağır sosial-iqtisadi durumdur. 
Bu arada yayılan məlumatlara görə, Ermənistan MDB məkanının ən yoxsul ölkələrindən biridir. Amma hökumət yalan məlumatlar yayır. "Panorama.am" saytı Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına əsasən, 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsinin 29,4 faiz olduğunu bildirib. Ermənistan Milli Statistika Xidmətinin digər məlumatına əsasən, ölkədə işsizlərin sayı 2011-2016-cı illər arasında 45 min nəfər azalıb. 2016-cı ildə işsizlərin sayı 220 min nəfər olub. Bu rəsmi statistikanın cəmiyyətə müsbət dinamika kimi təqdim edilməsini isə elə erməni ekspertlər özləri yalan sayır. Belə ki, Ermənistan Dövlət Məşğulluq Xidmətinin yaydığı bəyanatda əslində işsizlərin sayında azalma müşahidə edilmədiyi bildirilib: "İşsizlərin sayı onların iş axtarmaq yerinə ölkəni tərk etməyə üstünlük verdiklərinə görə azalır. Əhali də iş resursları kimi azalır. Hazırda Ermənistanda işsizlərin böyük hissəsi qadınlardan ibarətdir. Qadınların 66,7 faizi, təxminən 46800 nəfəri işsizdir. Kişilər iş üçün daha çox xaricə gedirlər. Son illər xaricə gedənlərin sayı isə artır".
Monitorinq, Proqnozlaşdırma və Məşğulluq üzrə Dövlət Agentliyinin əmək bazarının qiymətləndirilməsi şöbəsinin müdiri Asmik Tadevosyanın sözlərinə görə, işsizlərin sayı müxtəlif şəraitlərlə əlaqədar azalıb. O da bildirib ki, iş tapmağa müvəffəq olmayan vətəndaşlar ya müvəqqəti qazanc üçün xarici ölkələrə gedirlər, ya da həmişəlik mühacirət etməyə üstünlük verirlər. Beləliklə, kütləvi köçün hesabına hakimiyyəti razı salan statistik məlumatlar ortaya çıxır. Asmik Tadevosyanın sözlərinə görə, Ermənistanda həmişə işsiz qadınlar kişilərdən daha çox olub. O, həmçinin hesab edir ki, kişilər dostlar və tanışlar vasitəsilə işi müstəqil axtarırlar, uğursuzluq halında isə xaricə qazanc dalınca gedirlər.
Ermənistanda işsizliyin yüksək səviyyəsi və iş yerlərinin kifayət qədər olmaması insanların alıcılıq qabiliyyətinə də ciddi təsir göstərir. Bunu Ermənistan paytaxtına səfər edən xarici turistlərin təəssüratlarından da görmək olar. Onların bir çoxu öz bloqlarında yazırlar ki, paytaxt Yerevanın ticarət mərkəzləri, yarmarkaları və bazarları müştəri sarıdan ciddi korluq çəkirlər. İndi yarmarkalar, ticarət mərkəzləri və bazarlarda ticarət edən tacirlər təhlükə siqnalı verirlər.
"Ermənistan Yarmarkası" ictimai təşkilatının sədri Qaqik Danielyan da bildirir ki, Ermənistanda yarmarkalar hətta bayramlarda da boş qalır. Onun sözlərinə görə, satıcılar bayramlarda yarmarka və bazarlarda izdihamın olacağına ümid etsələr də, bu gözləntilər özünü doğrultmur: "Ermənistanda yarmarkaların dövriyyəsinin azalması ilk növbədə miqrasiya tempinin yüksək olması nəticəsində alıcı bazasının ixtisarı ilə bağlıdır. Digər tərəfdən, yarmarkalarda satıcılar inflyasiyaya görə qiymətləri yüksəltməyə məcbur olurlar. Vəziyyət həmçinin ona görə ağırlaşıb ki, mülayim qış mövsümü geyimlərin satışlarına mənfi təsir edib. Faktiki olaraq qış mövsümünün 70 faiz malı satıcıların əllərində qalıb. Yeni məhsul əldə etmək üçün onlar kredit almağa məcbur olacaqlar". 
O da bildirilir ki, ölkədə miqrasiya tempinin artmasının əsas səbəbi isə sosial-iqtisadi problemlərdir. Məsələ ilə bağlı "panorama.am" yazır: "Bizim gələcəyə dair heç bir inamımız yoxdur. İşsizlik, yoxsul həyat tərzi hökm sürür. İnsanlar çalışmaq, ailələrini dolandırmaq üçün canlarını bu ölkədən qurtarmağa çalışırlar. Uşaqlarımızı belə ağır şərtlər altında böyüdürük. Sizcə belə mühitdən sağlam gələcək gözləmək olar? Bu yerlərdə həyat sanki dayanıb. Əhali çıxış yolunu yalnız ev-eşiklərini qoyub getməkdə görür. Bunun nəticəsində ölkədə insanların sayı xeyli azalıb. Hər il onlarla ailə buranı tərk edib xaricə köçür. Rejim isə bunun qarşısını almaq üçün heç bir addım atmır".
"Armtayms" xəbər portalı yazır ki, ölkənin Kotayk vilayətində bu mənzərəni daha aydın müşahidə etmək olar. On il əvvəl üç minə yaxın sakini olan Alaparas kəndində yaşayanların sayı indi heç 600-ə çatmır. Ermənistanın digər əyalətlərində olduğu kimi, burada da vəziyyət ürəkaçan deyil.
Alaparas icmasının sədri Artak Sarıbekyan qeyd edib ki, bu qədər problemi həll etmək əvəzinə kəndin küçələrindən birinə "Xoşbəxtlik" adı verilib. Onlar hər dəfə bu adı görəndə özlərini təhqir olunmuş hesab edirlər. 
"Armtayms" yazır ki, "Xoşbəxtlik" küçəsində yaşayanlar bədbəxtdirlər. Onların dolanışıqla bağlı problemləri var. İcma sədri portala müsahibəsində bildirib ki, küçənin adı ilə yaşadıqları həyat tərs mütənasibdir. Bu ölkədə onsuz da xoşbəxt insanlar azdır. Kəndin təkcə yollarına baxmaq kifayətdir ki, burada əhalinin necə yaşadığını görəsən. Ona görə də doğulduqları yerdə özlərini bədbəxt hesab edən insanlar xoşbəxtliyi Ermənistanda deyil, xaricdə axtarırlar. 
Məhz bu fonda ölkəni belə bərbad duruma salan Serj Sarkisyanın yenə də hakimiyyət başında qalmaq iddiaları böyük narazılıqla qarşılanır. Müxalifət isə bundan istifadə edib hakimiyyətə qarşı yeni gedişlər etməyə cəhd göstərir ki, bu da Ermənistanda yeni qarşıdurmaların olmasını istisna etmir.


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___