Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İlahi, mən necə bir insanın həyat yoldaşı olmuşam....” - “Aprel şəhidi”nin XANIM
Tarix: 02-11-2017 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər


“Uşaqlarımın gözlərini yoldan yığmaq üçün atalarının cənnətdə olduğunu söyləmişəm”


Şəhidlər qürur yerimizdir. Onlar vətən, xalq uğrunda əbədiyyətə qovuşurlar.


“Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edirik. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Mühüd Orucovun həyat yoldaşı Qumru Orucovadır. 


Qısa arayış:  Mühüd Orucov 1984-cü ilin 13 iyulda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8-ci sinfi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə hərbi məktəbi bitirib. Daha sonra Heydər Əliyev  adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirib. Türkiyədə bir neçə aylıq kurs keçib. Həmin kursda Azərbaycan komandası olaraq birinci yeri qazanıblar. Türkiyə Respublikasının hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən özü onları təltif edib. 
2016-cı ildə “Aprel döyüşləri” zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Şəhidimizin  sonuncu mesajı: “Hər şey yaxşıdır”


Qumru Orucova deyir ki, Mühüd heç vaxt ordu barədə danışmazdı. 



“Mühüd peşəkar zabit idi. O, xüsusi qoşunlarda kapitan rütbəsində xidmət edirdi. Hərbi hissədə tabor komandiri idi. Xüsusi təyinatlı olduğu üçün  işlərini məxfi saxlayırdı. Evimizdə ordu və döyüş haqqında danışılmırdı. Aprel hadisələrindən sonra məlum oldu ki, döyüşlərə xüsusi olaraq hazırlaşırmışlar. Amma bir dəfə də olsun “müharibə olacaq və  biz döyüşə hazırlaşırıq, mən olmasam qorxmayın” kimi fikirlər səsləndirməmişdi. 
2016-cı ilin 28 martında səhərüzü saat 5-də sonuncu dəfə Mühüdü yola saldım. Cəbhədə vəziyyətin gərgin olmasından xəbərim yox idi. Çünki mətbuat və televiziyada da həyəcanlı anons verilmirdi. Sadəcə olaraq  müəyyən təlimlərə getməli olduğunu və 2-3 günə qayıdacağını dedi. Adətən təlim tapşırıqlarına gedərkən də belə deyirdi. Təbii ki, məni qorxutmamaq üçün elə deyibmiş. Martın 28-də adi günlərdə olduğu kimi, evdən çıxdı. Sonuncu telefon əlaqəmiz aprelin 2-də  günortadan sonra saat 5-ə 20 dəqiqə işləmiş alındı. Mesaj yazdı ki, “hər şey yaxşıdır, narahat olma”. 
Artıq həmin gün cəbhədən şəhid xəbərləri gəlirdi. Xəbərləri eşitdikcə, həyəcanlanırdım. O mesajı yazanda bir az rahat oldum. Sonralar döyüş yoldaşları deyirdi ki, şəhid olana qədər bir çox təlimlərdə iştirak etmişdi”. 


“Ölümün ağzından çıxıb gəlirmiş”


Şəhidimizin xanımı deyir ki, zamanında Mühüd bir çox məsələləri sözlə çatdırmağa çalışıb. 



“Mühüd heç vaxt işi barəsində evdə danışmazdı. İndi məlum olur ki, xüsusi təyinatlıların işi nə dərəcədə məxfi imiş. Mən də həyat yoldaşı olaraq üzərinə getməzdim. Heç demə, o, hər evə gələndə ölümün ağzından çıxıb gəlirmiş.  Amma uşaqların gələcəyi barədə keçirdiyi həyəcanı xatırlayıram. Uşaqlara görə çox narahat olurdu. Əslində, sağlığında Mühüd bir çox şeyləri mənə çatdırmaq istəyib. Üstüörtülü şəkildə fikirlərini ifadə edib. Sanki istiqamət verirdi ki, o olmasa, uşaqların gələcəyini daha yaxşı təmin edim. Zamanında bunları anlaya bilmədim. Aprelin 2-də Mühüd mesaj yazanda cəbhədə vəziyyət gərgin idi. Allah bilir ki, o mesajı necə çətinliklə yazıb. Sonuncu mesajı Mühüdün yazmamasına dair içimdə heç vaxt bir şübhə olmadı. Çünki heç kəs cəsarət edib  Mühüdün şəxsi əşyasına əlini vura və onun ailəsinə mesaj yaza bilməzdi. Elə həmin gün aprelin 2-dən 3-nə keçən gecə Mühüd şəhid oldu”. 


Sevgi üzərində qurulan ailə


Qumru Orucova  ilk sevgilərindən danışarkən, təəssüflənidiyi məqamı da qeyd edib:



“Əslən qazaxlıyıq. Amma neçə illər idi ki, Sumqayıtda yaşayırdıq. 2010-cu ildə ailə həyatı qurduq. Ailə münasibətlərimiz valideynlərimizin təşəbbüsü ilə baş tutsa da, bir-birimizi çox sevdik. Bir-birimiz üçün yaranmışdıq. Ailəmiz sevgi üzərində qurulmuşdu. Biz bir-birimizi anlayan insan olmuşuq. Onun işinin çətinliyi məni qorxutmurdu. Çünki  Mühüd işini çox sevirdi. Onun işi ilə hər zaman fəxr etmişəm. Mühüd hərb sahəsi üçün doğulmuşdu. Döyüş dostları danışanda təəccüb içində qalıram. İlahi, mən necə bir insanın həyat yoldaşı olmuşam. Mühüd işindən ötrü ən çətin yerlərə gedirmiş. Bu topağa, bu vətənə qarşı sözlə ifadə olunmayacaq qədər sevgi varmış. Həqiqətən də aprel hadisələri zamanı canını qurban verdi.
Təəssüfləndiyim bir şey var. Xoşbəxtliyimiz, xoşbəxt ailəmiz dağıldı. Bu hadisələrdən sonra daha nəyə təəssüflənmək olar ki?! Mühüd kimi insan, dost, ər itirmişəm. Onu itirməklə hər şeyimi itirmişəm. Hər şeyi əvəz edəcək insanı itirmişəm. Bundan artıq nə deyə bilərəm?! Günü bu gün də onun yolunu gözləyirəm. Onun şəhid olduğu xəbərinə heç zaman inanmamışam. Bu gün də inanmıram. Hələ də gözüm yoldadır. Hər gün səhər saat 5-də dururam. Əvvəllər də o vaxt yuxudan durub Mühüdü yola salırdım. İndi də elə bilirəm ki, səhərlər onu yola salıram. Evin hər bir nöqtəsində Mühüdün nəfəsi duyulur. Evimizin hər yerində onun əlinin izi var. Çox həssas, təmikinli insan idi. Heç vaxt ağlıma da gəlməzdi ki, belə bir hadisə yaşaya bilərəm. Uşaqlara ataları haqqında hər gün danışıram. Onlar necə bir dəyərli insanın oğlu olduğunu bilirlər. Aprel hadisələrindən sonra evimizin eyvanından üçrəngli bayrağımız asılıb. Heç zaman o bayraq eyvanımızdan aşağı enməyəcək”.
 
Vaxtından əvvəl böyüyən uşaqlar


Qumru Orucova əkiz uşaqları barədə danışarkən, onların keçirdiyi hisslərin qarşısında aciz qaldığını dilə gətirib:



“6 yaşında əkiz oğlan  uşaqlarımız var. Onların gözünün içinə çətinliklə baxıram. Adətən deyirlər ki, uşaqdır da, ağlı kəsmir. Amma elə deyil. Çalışmışam ki, müəyyən məsələləri onlardan uzaq tutum. Hadisələri elə formada başa salmağa çalışmışam ki, qəlbləri qırılmasın. Aprel hadisələrindən sonra uşaqlar elə sözlər danışırlar ki, dəhşətə gəlirəm. Elə məsələləri yada salıb gələcəyi təsvir edirlər ki, gün ərzində neçə dəfə ölüb-dirilmək məcburiyyətində qalıram. Bir uşağa necə başa salmaq olar ki, sənin atan bir daha dönməyəcək. Onların gözü hər gün qapıda qalır, hər gün pəncərədən boylanıb atalarının gəlməsini gözləyirlər. Atalarının nə vaxt gələcəklərini soruşurlar. Psixoloqların köməkliyi ilə müəyyən məsələləri başa salmağa çalışdım. Çox çətindir. Onların gözlərini yoldan yığmaq üçün atalarının cənnətdə olduğunu söyləmişəm. Bir də görürsüz ki, oturub xəyallar qururlar. “Kaş ki, böyüyərdik,  düşmənin kökünü kəsərdik, sonra cənnətə gedib atamızı görərdik”. Təsəvvür etmək çətindir. Uşaqlar elə şeyləri gözlərinin önündə canlandırırlar ki, danışa bilmirəm.
2016-cı ilin aprelindən üzü bəri hər gün qapı döyüləndə elə bilirlər ki,  atalarıdır. Bu uşaqlar vaxtından əvvəl böyüdü. Müharibə uşaqların uşaq dünyasını əlindən almalı olur. O qədər dərin düşünürlər ki, onların sualları qarşısında aciz qalıram. Hətta mənim özümə də həssas yanaşırlar. Sanki hər an qəlbimizin qırılacağından qorxurlar. Sanki yanımda vaxtından əvvəl böyümüş iki uşaq var. Bir də görürsüz ki, sual verərkən gözümə baxırlar. Görürlər ki, kədərlənirəm, sualın davamını gətirmirlər. Nə hisslər keçirdiyimi başa düşəcək qədər böyüyüblər. Mənə çox şeylər təsir edir. Oyuncaqları ilə oynayanda “bunu atam bizə filan vaxtı almışdı”, hansısa uşaq mərkəzlərinə aparanda, “atam bizi bura gətirmişdi” deyirlər. Hər anımız belə keçir”.
(modern.az)


Xəbəri paylaş

1 0398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___