Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səkkiz ildir, bir qadını unuda bilməmək, sevgidir, sizcə? Bir kişi buna sevgi adını verə bilər? Nikbin Qasımlı yazır...(Maraqlı-Hekayə)
Tarix: 29-06-2015 | Saat: 19:34
Bölmə:Karusel / Özünü Tanıd / Təhsil / M2 | çapa göndər

Səkkiz ildir, bir qadını unuda bilməmək, sevgidir, sizcə? Bir kişi  buna sevgi adını verə bilər?  Nikbin Qasımlı yazır...(Maraqlı-Hekayə)


Vilmer (hekayə)

I hissə
Hər şey insanın özündən tez dəyişir, ölüm belə...

Xeberaz.az
saytı Nikbin Qasımlının öz yazdığı HEKAYƏSİNİ sizlərə təqdim edir . Vilmer dilinin ucunda ayəti-kursinin sözlərini təkrarlaya-təkrarlaya “Buynuz” qəzetinin redaksiyasına daxil oldu. Onu içəri girər-girməz enlikürəkli və musqullu mühafizə xidmətinin əməkdaşı qarşıladı.
Mühafizəçinin əlləri yağlı idi. Qaliba, bayaqdan bir boşqab yeməyin öhdəsindən indicə gəlmişdi. Hiss olunurdu ki, onun da işində bəzi çətinliklər var.
O, yağlı olan barmaqlarını yaladı və stolunun üzərindəki nəmli əskiylə əllərini sildi. Ardınca salamsız-kəlamsız içəridəki şəxsdən gəlşinin məqsədini soruşdu;
- Buyurun, eşidirəm sizi?!
Vilmer üçün “Salam” kəlməsinin böyük əhəmiyyəti var idi. O bu kəlməyə həm dindar olduğundan, həm də tərbiyəli bir ailədə böyüdüyündən çox dəyər verirdi. “Salam” onun zənnində allahın adlarından biri idi.
Özü məcburi mühafizəçiyə salam verdi və əlini ona uzatdı;
- Salam!
Mühafizəçi bunun o qədər də fərqinə varmadı. Onu da qınamaq olmazdı. Yazıq gün ərzində nə qədər adamla salamlaşır. Olmasa da, hər gün ən azı 20-30, bəlkə də 40-45 nəfər nəşriyyata daxil olan vətəndaşın müraciətinə qulaq asır, onları aidiyyatı yerlərə istiqamətləndirirdi. Hələ redaksiyanın daxilində işçi qrupu ilə salamlaşmağı saymasaq.
Vilmerlə mühafizəçinin ünsiyyəti yarımçıq qaldı, bu arada. Anidən mühafizə xidmətinin şəhərdaxili telefonuna zəng gəldi. Danışıqdan məlum oldu ki, zəng redaksiyanın hansısa otağındandır. Bir-neçə dəqiqə onunla kiminsə arasında söhbət baş tutdu. Sonra dəstəyi aşağı endirdi, bir-iki dəfə yanındakı pəncərədən bayıra boylandı. Kimsə gözünə dəymədi. Nəhayət, Vilmerə tərəf çevrildi;
- Eşidirəm!
- Mən, bu qəzetin baş direktoru ilə görüşmək istəyirəm. Xahiş eləyirəm, zəng edib yuxarı bildirərdiniz, - deyə Vilmer sözünü tamamladı.
- Özünün xəbəri var, bundan? Yəni, sizin gəlişinizdən? - mühafizəçi fikrini qırıq-qırıq cümlələrlə ifadə edirdi.
- Əlbəttə! Vilmer təsdiqedici tərzdə başını aşağı-yuxarı hərlədi.
Gözləmə otağı qapının yaxınlığında idi. Daha doğrusu, ora gözləmə otağı demək olmazdı. Sadəcə həmin yerdə yarımçevrəli şəklində darısqal divan qoyulmuşdu. Məhz, gələnlər də orada gözləyirdilər.
Mühafizəçi Vilmerdən orada əyləşməsini xahiş etdi. Redaksiyanın zalı səssizliyə qərq olmuşdu. Girişdəki divara asılan televizor da açıq qalmışdı, lakin səsi çox aşağı idi.
Demək olar ki, televizorun səsi güclə eşidilirdi. Yalnız otaqlardan iki-üç adamın səsinin gəldiyini eşitmək olurdu.
Vilmer isə dizlərini bir-birinə birləşdirib əllərini də dizlərinin üzərinə dayamışdı. Gülməli olsa da, onun bu halı yenicə ərə getmiş gəlini xatırladırdı.
Arada dini moizələr oxuyurdu. Özü də dilinin altında və asta səslə. Belə edirdi ki, kimsə onu qəribə adam kimi tanımasın. Bəlkə kənardan tanımadığı birisinin nəzərinə tuş gələ bilərdi.
Axı, bu nəyə lazımdır?! Onsuz da insanlar bir göz qırpımında tanımadıqları bir kəsə ya dəli, ya da ağıllı diaqnozu təyin edirlər. Bu onların adətidir. Lənətə gəlsin, ilahi belə xislət.
Saat yarım keçdi, hələ də “Buynuz” qəzetinin baş direktoru gəlməmişdi. Bu zaman kəsiyində isə Vilmer mühafizəçidən həm onun, həm də direktorun ad və soyadını soruşmuşdu. Mühafizəçinin ismi Maygülü Nəzarətov, rəhbərliyin də ismi İdrak İdealəliyev idi.
Hərdən Maygülünün Vilmeri söhbətə tutmasını nəzərə almasaq, bayaqdan ötən vaxt çox cansıxıcı idi. Ta ki o vaxtadək.
Bu anda pilləkənlərdən iti addımlarla kök, ətli-qanlı, yanbızları və üzü kobud şəkildə totuq olan orta yaşlı qadın aşağıya düşdü. Birbaşa Mühafizə Xidmətinin stoluna yaxınlaşdı. Aralarındakı söhbət beş dəqiqəyə yaxın çəkdi, təqribən.
Az sonra məlum oldu ki, həmin qadın burada katibə vəzifəsində çalışır. Adı isə Kötükova Yekəkötük Paz qızıdır.
Cod səsi, bəzən də yüngüllük əlaməti olaraq qırtlağından çıxardığı ciyiltili səs tonu indiyənədək Vilmerin qulağından getmir, yaddaşındadır.
Katibə redaksiyanın arxa qapısınadək addımladı. Vilmer də qeyri-ixtiyari ayaq üstə qalmışdı, bayaqdan. Onun arxasınca baxırdı. Üzünə təbəssüm qonmuşdu.
Katibənin dalı ləngər vururdu, elə bil Titanik gəmisi dəqiqəbədəqiqə aysberqlə toqquşurdu. Əynindəki paltar da dalının arasına pərçim olunmuşdu. Nümayiş edilən epizoddan Vilmer komedik obraz yaxalamışdı.
Bu anda yandakı qapı açıldı, otaqdan Sonya adlı qız çıxdı. O, qapını bayır tərəfdən elə zərif qapadı ki, bircə onun bu hərəkətinə görə ona aşiq olmaq yetərli idi. Əlbəttə, Vilmer onun adını bilmirdi, hələ. Yalnız o qapıdan bayıra çıxarkən arxadan kimsə onu bu adla səsləmişdi, - “Sonya”.
Sonya əyninə topuqlarınadək uzanan don geyinmişdi. Zərif parçanın altında onun döşləri, bədən quruluşu əynindəki geyimlə uyğunlaşırdı. Heyranedici gözəlliyin qarşısında Vilmer indicə gördüyü xanımın burada xadimə işlədiyini sandı.
Artıq, əvvəlki yerinə əyləşmişdi, bayaqdan rəhbərliyi gözləyən adam. Təkcə o xanımın davranışlarını izləyirdi, oturaqlı halda. Sonra gözdən itdi, o.
Ax, mənim Sonyam, kaş, bircə dəfə dodaqlarımı dodaqlarına toxunduraydım. İlk günahımı edib, səni öpəydim. Daha sonra kişilərin qadınlara layiq olmadığını qulaqlarına pıçıldayardım. Bəlkə, buna görə, bəzən qadınlar biri-birini sevməyə başlayır. Sonda isə bu vəziyyətə alışırlar.
Günorta yeməyinin vaxtı çatmışdı. Kimi yavaş-yavaş evinə, kimi də redaksiyanın həyətindəki kafeyə gedirdi, nahar üçün. Bu dəfə də Vilmer Sonyanı nahara gedərkən gördü.
Naharın vaxtı bitmişdi, hər kəs də işinin başına qayıtmışdı. Arxa qapıdan kimsə rəhbərliyin gəldiyini söylədi. Aralığa vəlvələ düşdü.
Elə bil ki, hamı minanın harada olduğunu bilirdi, elə o canlar alan silahın partlamaması naminə də onlar gizlənməyə yer axtarırdılar. Təki göz önündə görünməmək xatirinə.
Hayhəşir ucbatından əl-ayağı bir-birinə dolaşan Maygülü Nəzarətov da çaşğınlığından stolunun üzərinə tələsik əl gəzdirməyə başladı.
Baş direktor İdrak İdealəliyev əlindəki balaca çanta ilə mühafizəçinin yanından ötüb yuxarıya, özünün ikinci mərtəbədəki otağına sarı getdi. Daha doğrusu pilləkənlərdən qalxmadan öncə divardan asılan televizora nəzər yetirdi. Uzunboylu, ayaqları əyri olan birisi də İdrak bəyin yanında dayanıb ona nəsə deyirdi. Onda Vilmer bildi ki, məhz, İdrak bəy bu adamdır.
Maygülü Nəzarətovun da ən zəhləsi qaçdığı adamlardan biri idi, məhz, uzunboylu, ayaqları əyri olan o adam. Vilmer bunu onun dilinin altındakı mızıldanışından hiss etdi.
Nəhayət, Vilmerin yuxarıya İdrak İdealəliyevin otağına qalxmaq, onun qəbuluna girmək vaxtı çatdı. Əlləri tez-tez tərləyən, əsəblərini cilovlaya bilməyən, işlədiyi hər yerdə “qırmızı adam” ləqəbini alan Vilmer pilləkənlərin pillələrini ard-arda geridə qoyurdu.
Heminqueyin, Dostoyevskinin, Kafkanın əsərlərini çox sevən və öz taleyini də onların taleyinə bənzətməyə çalışan Vilmer üçün bu binada ümid işartısı çoxdan qüruba qərq olmuşdu. O bunu sonralar biləcək.
Sözün doğrusu Vilmer kimi kəslər adamsız , pulsuz hətta millətçi insan olarsa, onda onlar sonda hakimiyyət tərəfindən “köhnə millətçilər” damğası ilə mükafatlanarlar.
Tet-a-tet söhbət bir saat qırx beş dəqiqə vaxt apardı. Müxtəlif suallar və ya suallara uyğun cavablar rəhbərliyin otağını dövrəyə almışdı. Maraqlı müzakirə gedirdi.
İlahiyə çox gözəl agahdır ki, iki nəfərin müxtəlif səpgili mövzularda olan müzakirəsi zamanı savadsız mövqe sərgilənmədi.
Yekunda İdrak İdealəliyev Vilmerlə birgə “Buynuz” qəzetinin “Qeybət” şöbəsinə gəldilər. Bu şöbədə çalışan əməkdaşlar fərqli mövzularda reportajlar hazırlayırdılar. Hər kəsin iş başında olduğu aşkar görünürdü.
Otağın qapısı ilə üzbəüz on addımlıqda hündürboy, cüssəcə çəlimsiz, boğazı da hindüşqanın boğaz quruluşunu xatırladan bir nəfər əyləşmişdi. Bəlli idi ki, həmin adam bu otaqdakı bütün iş prosesindən sorumlu birisidir.
Sonya, daha doğrusu Vilmerin sevimli mələyi də otaqda idi. Otaqdakı dibçəkləri sulayırdı. O, yenə də o. İnsan qanının rəngini mürəkkəb rənginə çevirən Sonya. Raskolnikovun yox, əsasən Vilmerin həyatında yer alan əbədi məşğuliyyət.
Zatən, otağa daxil olanda hər kəs ayağa qalxmışdı. İşçilər əyləşməyə cəhd etmədiklərinə görə, işlərini ayaq üstə görürdülər. Hindüşqa görünüşlü kəs də ayaq üstə idi. Yaltaqcasına gülümsünürdü, sanki hər şeyi İdrak bəylə eyni vaxtda fikirləşirdi. Qısası, o, tülkülüyü yaxşı bacarırdı.
Üç ay vaxt keçdi, Vilmer bu müddətdə başıaşağı işini görürdü. Düzü, ona hələlik məsuliyyətli işlər tapşırılmırdı. Lakin az da olsa bir işin qulpundan yapışırdı.
Uzunsov Gülməşəkərbəyli, əlbəttə Vilmerə çox şeydə köməklik etmişdi. Daha çox kürd zövqündə geyim tərzlərinə önəm verən Uzunsov müəllimin sözsüz ki, bəzi yaxşılıqları gözardı edilə bilməzdi. Hərçənd ki, onun hiyləgər, xəstə təxəyyüldən doğan siyasətcil təfəkkürü olsa da, azından ona müəyyən mənada “təqdirəlayiq jest” mükafatı hədiyyə etmək olardı.
Dikbaş Xurmalov, Dəmmək Vəliyeva, eləcə də Gictempo Hizbullahov, məhz Uzunsov müəllimin yetirmələridir. Üçü də jurnalistika sahəsində özlərini əvəzedilməz hesab edirdi. Bircə, Ulubəy Səlcuqşanlıyev ürəyi yufqa, qəlbi kövrəkdir.
Bəzən kinini daxilində böyüdüb-bəsləsə də, heç vaxt o, kininin əsirinə çevrilmirdi. Yəni, qisas hissi onluq deyil. Sadəcə bu bir adət halını almışdı onda.
Üstəgəl, Ulubəy jurnalistika peşakarlığına görə, redaksiyada seçilən əməkdaşlardan sayılırdı. Yazı sahəsi üzrə, xüsusilə də savadı, dərrakəsi və təfəkkürü ilə başqalarından seçilirdi. Elə Vilmer yazı yazmağı ondan öyrənmişdi. Özü də heç kimin onu öyrətmədiyi bir vaxtda.
Evli idi, lakin, ailə qurduğu qadın ona görə simvolik məna daşıyırdı. Yaxınlığındakı qadın isə Ulubəy üçün daima itirməkdən qorxduğu əbədi uğur idi.
Di, gəl, bunu İdrak İdealəliyevə başa sal. Təbii, bunlar bütün günü içki şüşələrinin və siqaret tüstülərinin əsri olan bir yazarın beyin məhsuludur.
Vilmer bu yazarı çox gözəl tanıyırdı. Həm də ondan həddən-ziyadə zəhləsi qaçırdı. Dediyinə görə, Nikolay Nikolayeviç müsəlman dünyasına nifrət edirdi. Heç bir dinə inanmır, amma bütün səmavi kitabları oxumuşdu, bugünədək. Başıbatmışın ən çox sevdiyi kitab isə Tövrat idi. Hə, düzdür bu.
O, öz əqlinə etibar edən “ən sadiq ateist” idi. Nə etmək olardı ki, “allahsız” bəndəni öldürməklə, insanlığı məhv etmək olmazdı, axı.
Ulubəylə Vilmerin birlikdə işlədikləri müddətdə çox söhbətləri olmuşdu. Birgə çox şeyləri müzakirə edirdilər. Əsas odur ki, ortaq məxrəcə gələ biləcəkləri bir amalları mövcud idi, onların.
Bütün bunlar bir kənara, əsas məsələ Vilmerin özü idi. O, işə qəbul olunduğu andan bu yana gözləri ilə Sonyanın saçlarında, bəzən də bədənində sevgi nişanəsi həkk edirdi.
Əlləri ilə masaya sığal çəksə də, zənnincə, bu sığalı onun saçlarına, xüsusən saçının hər bir telinə çəkirdi.
O ola-ola, yəni Sonya, axı necə olacaq, Vilmer hər deyilən sözü Quran ayəsi kimi beyninə yerləşdirəcək? Qəliz məsələdir.
Redaksiyada fotoqraf vəzifəsində çalışan Həcc Məkkəli Vilmerlə yoldaşlıq münasibətləri qurarkən bir neçə dəfə söhbətlərində sevgi ilə bağlı düşündürücü fikirlər səsləndirmişdi:
“Çalış, evlənəcəyin və onunla sonunadək yaşaya biləcəyin bir qadını tap, əziz dost.”
O indi yaşayır. Peşakar fotoqrafdır. Həmkarları onun paxıllığını o qədər çəkir ki, bir o qədər də onların ürəyindən onu öldürmək hissi keçir. Hətta, bir qaşıq suda boğmaq niyyəti belə.
Zaman ötdükcə, Vilmer özü də bilmədən Nikolay Nikolayeviçin gününə düşmüşdü. Aqibəti ona bənzəyirdi, getdikcə. Nə vaxt içməyə başlamışdı, o? İlkin içkini kim vermişdi, ona? Özü, yoxsa kim? Nikolay idi Vilmerin həyatını yazan, yoxsa? Onu uçuruma aparan nədir? Ya bu yuxudur, ya da artıq, ölmüş bir insanın geridə qoyduğu həyatına qayıdışıdır.
- Həcc, mən içəndə o yadıma düşür. Məndə ona zəng vurmaq istəyi oyanır. İstər gecə, istər gündüz, nə vaxt içirəmsə, onda o yadıma düşür. Zəng edib ona ürəyimdə yığılıb-qalan sözləri demək istəyirəm, həmin anda, deyə Vilmer on dördüncü bakalın təsirindən iş yoldaşına dərdini açmışdı. Buna zəif nöqtə demək olmazdı.
- Vilmer, bir qadına olan sevgindən ötəri içməyə dəyməz, ancaq içkini tərgitməyə dəyər. Həm dərd şərabı iç, həm də spirt. İkisi bir yerdə olan iş deyil, - Həcc bir-iki dəqiqə bundan öncə eyni sayda pivə bakalını tükətmiş, ardınca süfrəçidən yenisini istəmişdi.
Vilmer çox içəndə ağlayırdı, hərdən də rabitəsiz cümlələr qura-qura gülməyə başlayırdı. Bir vaxtlar Həcc Məkkəli barəsində bu sözləri demişdi:
“O, atasının belindən gələrkən mənliyə sahiblənib. Fotoqrafçı iş yoldaşları da mənliyi, kişiliyi, adicə estetik qaydaları iri həcmli aş qazanından boşqab-boşqab oğurlayaraq, əldə edib. Onu da hər gün yeyib-qurtarırlar. Həcc Məkkəli, özünü qoru! Çünki ilahi güclərə etibar yoxdur.” Fərq, buradadır.
Bu ölkənin dırnaqarası reperi Hüseyn Dəryanı adam saymasaq, onda Arvad Nurini də adam saymayaq, gərək. Heç adam yerinə də qoymayaq. Pinqvin İTov, Dördgöz Ağacdələni də. Hamısı bir bezin qırağıdır, onsuzda.
Kötükova Yekəkötük Paz qızının həmdəmi, “dəm”ini dəmləyən, “ək” inini sulayan Arvad Nuri haqqında yazmaq çox çətindir. Elə onunla yanaşı onun “dərd yoldaşı”nı da götürüb birbaşa kitabın içinə soxsaq, daha dəqiqi dürtsək, nəticədə, əla roman alınacaq.
Kim idi, onun daxilində yaşayan başqası? O, o deyil. Misal üçün, bu hekayəni Günayım yazırsa, onda onun daxilində yaşayan başqası kimdir?
Vilmer, Nikolay Nikolayeviç və Günayım. Mənim adım mənə məlumdursa, o birilər kimdir, axı? Bəlkə bölünmüşəm? Birisi ibadət edir, birisi içir, birisi də allahsızlıqla məşğuldur, deyəsən.
Vilmer yuxudan oyanıb “Buynuz” qəzetinin redaksiyasında gecələdiyinin fərqinə vardı. Deməli, Həcc Məkkəli ilə içmək anı və digər qeyri-etik normalar, həqiqətdə Vilmerlə əlaqəsi yox imiş. Yalnızca Sonya və o biri bəndə qismində olan canlı həyatın obrazlı məxluqları, əksinə gerçəkmiş.
Agent Sukayan Uzunsov Gülməşəkərbəylini əvəz etdikdən sonra, daha doğrusu Uzunsovun işindəki səriştəsizliyi ucbatından “Buynuz” qəzetinin baş direktoru İdrak İdealəliyev bu dəyişikliyi eləmişdi.
Agent müəllim stulunu göz bəbəyi kimi qoruyurdu. Hətta, “Qeybət” şöbəsinin əməkdaşları söz-söhbət olmasın deyə onun stulunda əyləşməyə və masasına toxunmağa risk eləmirdi.
Deyilənə görə, Agent Sukayan ləzgidir. Yəqin, allah ləzgilərə qəzəblənib. Ona görə də “Çəpgöz Keçəl Həmzə” ləqəbli məxluqu ləzgilərin içərisinə “iblis” cildində göndərib. Həm də “xəbərçi” qismində.
Vilmer bu barədə qısa araşdırma etmişdi. Öyrənmişdi ki, məhz Agent Sukayan əvvəlki iş yerlərindən yazı üstündə qovulub. İndiki vaxtda isə “Buynuz” qəzetinin “Qeybət” şöbəsində...
Bu bir faciə idi o vaxtlar üçün. Nikolay Nikolayeviç və Vilmer ilk dəfə idi ki, eyni fikri bölüşürdülər. Biri-biriləri ilə razılaşırdılar. Günayımın isə yazmaqdan başqa əlindən bir iş gəlmirdi.
Hizbullahov və Kəlçəliyeva Agent Sukayanın susmuş adamları roulunu rahat şəkildə canlandırırdılar. Ağılla işi idarəetmə templəri mükəmməldir, onların. Buna söz ola bilməz.
Çox keçmədi ki, Hizbullahov beşmərtəbəli binadan özünü ataraq, intihar elədi. Erməni əsilli idi, amma həmişə iki xalqı da birliyə çağırırdı, barışığa dəvət edirdi. Sonda dözmədi, nə birlik gördü, nə də barışıq.
Kəlçəliyevanın isə Arvad Nurini görməyə gözü yox idi, elə Arvad Nurinin də onu. 2000-ci ildə “Quşzadə” kafesi bağlanarkən Arvad Nuri Kəlçəliyevanı evinə gətirmişdi, sonuncu dəfə. Məqsəd yollarda itib-batmasın deyə.
Həmin kafe fahişələrin toplaşdığı məkan kimi bilinirdi. Nuri də oranı və ordakıları çox yaxşı tanıyırdı. Beləliklə, Kəlçəliyeva Nurinin yanında “çepe” buraxmışdı.
Dəmmək Vəliyeva isə çox keçmədi, uzaqlaşdı redaksiyadan. Demək olar ki, bu iş Agent Sukayanın sayəsində ustalıqla həll olundu.
Vilmer özünü çoxdan asmışdı. Təxminən, 2013-cü ilin dekabr ayında. Bu onun daima arzuladığı həyat seçimi idi. O, bir gün bunu edəcəyini deyirdi. Nəhayət bunu elədi.
Vilmerin ölümü ilə Nikolayeviç tək qaldı. Günayım isə yazır, hələ də. Sonuncu dəfə İdrak İdealəliyevin Vilmeri gördüyü gün dəqiq məlum deyil. Deyəsən, hansısa yazı üzərində müzakirə gedirdi. Eşidilənlərə görə, Vilmer hirslənib, həmin gün. Sonya da boşluğa çevrildi.
Külək isə bayırda at oynadır. Ağacların çoxu özündən asılı olmadan yarpaqlarının qırılıb-tökülməsinə şahidlik edir. Günayım isə son cümlələri yazıb-bitirdikdən sonra axırıncı siqaretini çəkməyə başlayacaq, evlərinin həyətində.
Son

Əlavə qeyd: “dəmmək” sözü qədim türk sözüdür. Parıltılı daşqaş mənasındadır. Eyni zamanda, - ucqar, yəni o dövrdə “ucqur” bölgələri ayırmaq üçün çəkilən “sərhəd ipi” anlamındadır. Bu hekayədə isə həmin sözə “xüsusilik” verilib.


Xəbəri paylaş

1 3528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___