Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən ucuz necə istirahət etmək olar? – Qiymətlər
Tarix: 29-07-2017 | Saat: 13:12
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər






Yayın qızmarı, qorabişirən ay... Hamı bir neçə günlük də olsa, paytaxtın bürküsündən uzaqlaşmaq üçün fürsət axtarır. Əlbəttə ki, daha ucuz, daha səmərəli olmaq şərti ilə.
Bir çoxları Gürcüstanın istirahət üçün daha münasib olduğunu iddia edir. Səbəb – bir adam üçün qalmaq, yemək və s. xidmətlərin ucuz olmasıdır. Doğrudanmı Gürcüstanda dincəlmək Azərbaycanın rayonları ilə müqayisədə ucuzdur?
Sizə nə lazımdır?
İstirahətə getmək qərarına gəlmisinizsə, əvvəlcə mütləq müəyyənləşdirməlisiniz: sizə nə lazımdır? Bakının istisindən uzaqlaşıb, tutaq ki, İsmayıllının səfalı meşəsində, çinarlığında sərinləmək, çayın həzin şırıltısını dinləyib gərginlikdən uzaqlaşmaq, gəzmək, görmək, yoxsa bir sərinlik tapıb yaxşıca yeyib-içmək, səhərdən axşama qədər kabab yemək?
Əgər qərara gəlmisinizsə ki, siz yeyib-içməyə yox, istirahət etməyə gedirsiniz, onda diqqətiniz bizdə olsun!
Ən ucuz istirahət imkanı
İstədiyiniz rayonu seçin: tutaq ki, İsmayıllıya getməyə qərar vermisiniz. Bu rayona Bakıdan cəmi 2,5-3 saatlıq yoldur – 173 km. Yol əziyyətinə (Batumiyə gedərkən təxminən 700-800 km-lik yol əvəzinə) qatlaşmırsınız, üstəlik, sərhəd keçmək və sərhəddə gözləmək lazım gəlmir.
Daha rahat olması üçün sedan tipli Bakı-İsmayıllı taksilərindən istifadə edə bilərsiniz. 8 manata siz İsmayıllıdasınız. Əgər 4 nəfərsinizsə və Bakıdan birbaşa İsmayıllı şəhəri ətrafında yerləşən seçdiyiniz məkana gedirsinizsə, narahat olmayın, yanacağın qiymətinin artması rayonlara sərnişin daşıyan maşınların qiymətinə təsir etməyib - adama 10 manat verməyiniz (ümumilikdə 40 manat) kifayətdir – sürücü sizi ən ucqardakı istirahət mərkəzinə də aparacaq.
Burda da seçim sizindir: əgər səhər yeməyi də daxil olmaqla, tanınmış, bütün xidmətləri olan, necə deyərlər, “Avropa standartlarına uyğun” məkan seçmək istəyirsinizsə, otelə 80, kotecə isə 60 manat verməlisiniz.
Yox, Batumidə olduğu kimi, Azərbaycanda da sadə, meşənin dərinliyində, çayın kənarında yerləşən, tam sakit, rahat bir hücrə istəyirsinizsə, 4 nəfərlik kotec üçün 30 manat (adama 7,5 manat) bəs edir.
Bu koteci götürdünüzsə, təxminən 50 metr "radiusda” bütün xidmətlərdən pulsuz istifadə edə bilərsiniz. Manqal da təqdim edilir – nə istəsəniz, alın, özünüz hazırlayın.
Məsləhət görərdik ki, gedəndə özünüzlə kiçik samovar götürəsiniz – heç nəyə ehtiyacınız olmayacaq.
Bir az tənbəlsinizsə və yalnız gəzmək barədə düşünürsünüzsə, yenə problem yoxdur: səhər yeməyi – 4 manat, nahar və şam 6-7 manat, çay 2 manat, samovarla birlikdə çay 8 manatdır.
Başqa sözlə, sizin bir günlük qalmaq (7,5 manat) və 3 dəfə yemək xərciniz ümumilikdə təxminən 25 manata başa gəlir.
Yenə xatırladırıq: əgər siz yalnız istirahət etmək və gününüzü yeyib-içməklə yox, gəzmək-görməklə keçirmək istəyirsinizsə.
Evi necə götürmək olar?
3 otaqlı, həyətində çardağı, normal şəraiti olan evlər də baha deyil: adambaşına 10 manat; 10 yaşına qədər uşaqlar üçünsə 5 manatdır.
Belə fürsəti, məsələn, hətta İsmayıllının ən unikal kəndlərindən olan İvanovkada da əldə edə bilərsiniz. Bu kəndin özünün görməli yerlərini gəzmək-görmək üçün bir neçə gün kifayət etməz.
Sizə ilk baxışda təklif edilən evlərə görə vəziyyəti qiymətləndirməyə çalışmayın. Bir-iki saatlıq müşahidə və sorğulardan sonra siz hər şeyi biləcəksiniz.
Biz bunlardan niyə istifadə edə bilmirik?
Bir neçə problem var:
1. Əvvəla, bu istirahət mərkəzlərinin böyük əksəriyyəti təbliğatın nə olduğunu bilmir. Onlar haqda məlumatı internetdən tapmaq mümkün deyil və təəssüf ki, bu, onların qazancına, bizim isə normal istirahətimizə təsir edir. Görünür, ümumilikdə istirahət məkanlarını əhatələyən bir şəbəkənin qurulmasına ciddi ehtiyac var.
2. Bakıda oturub, hər şeyi internet və telefon üzərindən görmək istəyənlərə təklif edilən qiymətlər tamam fərqlidir. Və mənzərənin özü də qəribəliyi ilə seçilir. Məsələn, evini 60 manata təklif edən və heç bir halda bir qəpik də enməyən şəxslə söhbət əsnasında məlum oldu ki, adam mövsümün başladığı (1 maydan mövsüm başlayır) müddətdən indiyə qədər evini cəmi 3 günlük kirayə verə bilib. O, anlamaq istəmir ki, evini, məsələn, 25 manata təklif etməklə indiyə qədər 180 manat yox, 2000 manatdan çox qazana bilərdi.
Belə çıxır ki, turizmlə bağlı biznes təfəkkürü hələ də formalaşmayıb və bu da böyük təbliğat tələb edir.
Narahatlıq üçün kifayət qədər əsas var
İstirahət mərkəzlərinin yerləşdiyi rayonlarda əsasən bu söz göz oxşayır: “Təbiətin ... (rayonun adı) verdiyi gözəlliyə qıymayın”.
Doğrudan gözəl yerlərdir və tutaq ki, indi adı tez-tez hallanan Batumi o yerlərlə qəti müqayisə oluna bilməz. Ancaq təəssüf ki, qıyırıq – piknik yerlərində bu, xüsusilə gözə çarpır.
Bakıdan gedənlər özləri ilə heç də mədəniyyət aparmırlar – özlərindən sonra fanta, kola, müxtəlif cür sellofanlar, araq butulkaları saxlayırlar piknik yerlərində. Yox, saxlamırlar – onu meşənin hər tərəfinə dağıdırlar.
İnanmıram həmin şəxslər Batumidə elə cür davrana bilsinlər – qəriblikdə yetim olanlar bəzən öz yuvasını “şirə dönüb” zibilləməkdən qürur duyur.
Görünür, turizmin gəlişməsi, öz yurdumuzda daha ucuz və daha gözəl istirahət etməyimiz üçün həm də "şəhərlilərdən" asılı olan mədəniyyət məsələsi var...


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___