Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qohum evliliklərinə qadağa qoyula bilərmi?
Tarix: 21-05-2017 | Saat: 16:49
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər



"Ətimizi yesə də, sümüyümüzü çölə atmaz” deyiminə söykənən ailələr adətən qohum evliliyində maraqlı olublar.
Bunun yaratdığı fəsadlarla bağlı deyilən sözlər, yazılan rəylər isə onları zərrə qədər də narahat etmir.
Əvvəla onu deyək ki, qohum evliliyi mövzusunun yenidən aktuallaşmasına səbəb Biləsuvarda 4 aylıq gəlinin xalası oğluna məcburi verilməsi səbəbindən intihar etməsidir. Bu hadisə ətrafında danışan ekspertlər məcburi evliliklə yanaşı, qohum evliliklərinin də kifayət qədər ciddi problem olduğunu və getdikcə geniş vüsət aldığını qeyd ediblər.
Çox təəssüflər olsun ki, haqsız da deyillər. 21-ci əsrdə yaşamağımıza rəğmən cəmiyyət olaraq bu gün də "əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib” kimi ifadələrə inanıb, ailələr qurulur. Hələ üstəlik, bu sıraya xalaqızı, xalaoğlu, bibioğlu, dayıqızı da daxil olur. Bu evlilikdən övladlar dünyaya gətirilir. Nəticədə isə həm fiziki, həm də əqli cəhətdən qüsurlu uşaqlar dünyaya gəlməkdədir.
Halbuki bir çox Avropa ölkələrində, o cümlədən İngiltərədə, Hollandiyada, İsveçdə, hətta Küveytdə, Hindistanda, Fələstində, Livanda, Ərəbistanda qohum evliliklərə çox nadir hallarda rast gəlinir. Tacikistanda isə ötən il yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.
Statistik məlumatlardan belə məlum olur ki, ölkəmizdə baş tutan nikahların demək olar ki, 50 faizi qohumlar arasında olan evliliklərdir. Qohumların nikahı daha çox bölgələrdə, o cümlədən Şəki, Masallı və digər yerlərdə müşahidə olunmaqdadır.
Mütəxəssislərin qeydinə görə, daha çox xalaoğlu-xalaqızı evliliyindən olan uşaqlar qüsurlu doğulurlar. İkinci yerdə əmioğlu-əmiqızı, digər sırada isə bibioğlu-dayıqızı nikahları durur. Ekspertlər deyir ki, ana tərəfdən olan qohumların nikahlarından dünyaya gələn uşaqlar daha çox əqli cəhətdən zəif olurlar. Eyni zamanda müxtəlif xəstəliklər var ki, yadla evlilikdə onlar özlərini büruzə verməsə də, qohum genlər birləşən zaman daha tez ortaya çıxa bilir. Buna görə də qohum cütlüklərin qüsurlu uşaq dünyaya gətirmə riski çox böyük olur.
...Valideynlərin düşüncəsini dəyişə bilmirik

Mövzu ilə bağlı sherg.az-la fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, cəmiyyətimizin bəlasına çevrilən qohum nikahlardan qurtulmağın yeganə yolu inzibati qadağalardır: "Bu bizim cəmiyyətimizdəki cəhalətlə bağlıdır. Bu cəhaləti ortadan götürə bilmirik. Tez-tez mətbuatda, mediada məlumatlar dərc olunur, qohum nikahların fəsadları açıqlanır. Sadəcə, valideynlərin düşüncəsini dəyişə bilmirik. Görünür ki, bunu inzibati yolla qadağan etmək lazımdır. Çünki əgər bu məsələ neçə dəfə izah edilib və bildirilib ki, bu nikahlardan doğulan uşaqlar əsasən qüsurlu olur, bu da həm ailə üçün və cəmiyyət üçün bir problemə çevrilir, lakin buna əhəmiyyət verən yoxdur. Bir daha qeyd edirəm, əgər insanlar bunu başa düşmək istəmirsə, məsələni inzibati yolla həll etmək lazımdır. Valideynlərin maarifləndirilməsi ilə bağlı görünür ki, xüsusi işlər aparılmalıdır. Bu məsələdə televiziyaların öhdəliyinə çox böyük iş düşür. Son vaxtlarda cəmiyyətimizdə elə bir böyük dəyişikliklər yaranıb ki, valideynlərin hər sahədə maarifləndirilməsinə böyük ehtiyac yaranıb, istər təhsil, istər də evlilik barədə”.
Bu, mentalitetə bağlı məsələdir

Həkim Adil Qeybulla hesab edir ki, əsas məsələ hansı kateqoriya qohum evliliyi olması məsələsidir: "Birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalı məhdudlaşır. Yəni döl hər iki valideyndən gen götürdüyünə görə yaxın qohumlarda müxtəlif xəstəliklər nəsil üzrə davam elədiyindən, məsələn, şəkərli diabet, döldə onların qalma ehtimalı daha çox artır. Ona görə də yaxşı olar ki, evlənən cütlüklərin qohumluq əlaqələri olmasın. Ancaq bu, mentalitetə bağlı məsələdir. Ona görə hesab edirəm ki, bu cür məsələlər təbliğatla həyata keçirilməlidir. Yəni bunu insanlara hansısa qadağalarla etdirmək mümkün deyil, ancaq maarifləndirmə işləri aparılmalıdır”.
...Biz qohum evliliklərinə qadağa qoyub, kimin-kiminlə evlənməsinə qərar verməliyik?

Millət vəkili Musa Quliyev isə yaxın qohumlarla evliliyə qadağa qoyulmasının insan hüquqlarına zidd olduğunu düşünür. Onun sözlərinə görə, cəmiyyətdə belə evliliklərdən qüsurlu uşaqlar doğulsa da, insanlar evlilikdən öncə genetik analizlərdən keçib bunun qarşısını ala bilərlər. Yəni qanuna dəyişiklik etməkdənsə, maarifləndirici tədbirləri artırmaq lazımdı: "Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da yaxın qohumların evlənməsi halları məqbul sayılıb və kifayət qədər də geniş yayılıb. Düzdür, yaxın qohumların evliliyi zamanı genetik xəstəliklərin üzə çıxma ehtimalı yüksək olur və daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur.
Amma bu o demək deyil ki, biz qohum evliliklərinə qadağa qoyub, kimin-kiminlə evlənməsinə qərar verməliyik? Sadəcə səhiyyə sahəsində maarifləndirici addımlar atmalı, insanlar arasındakı mədəni əlaqələri yüksəltməliyik. Onu da deyim ki, qohum evliliklərində dünyaya gələn uşaqların heç də hamısı qüsurlu olmur. Bəzən belə ailələrdə dünyaya gələn uşaqlar daha istedadlı, fiziki və əqli cəhətdən daha yüksək potensiala sahib olur. Burada əsas məsələ sağlam və xəstə genlərin kombinasiyasından gedir. Əgər hər hansı bir nəsildə xəstə gen daşıyıcıları varsa, həmin nəsildə qohum evlilikləri riskli ola bilər. Bunu ayırd etmək isə o qədər də çətin deyil. Artıq bir ildən çoxdur ölkədə nikaha girən şəxslərin icbari-tibbi müayinəsi həyata keçirilir. Hazırda genetik xəstəliklərin yoxlaması aparılmasa da, gələcəkdə müəyyən əlavələr etmək olar. İndiki mərhələdə öz əmisi qızı, yaxud da xalası qızı ilə evlənmək istəyənlər həkimə müraciət edərək genetik xəstəlik daşıyıcısı olub-olmadıqlarını müəyyənləşdirə bilər”.
Mən yaxın qohumların nikaha girməsinin əleyhinəyəm, amma...

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də hesab edir ki, qanunvericilik heç bir halda qohum nikahlarını qadağan edə bilməz. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, nikaha girmək könüllü olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında olur:
"Bəzi kateqoriyalara görə, bəzi şəxslərin nikaha girməsi həm qanunvericiliyə, həm də adət-ənənəyə ziddir. Bildiyiniz kimi, bacı-qardaşla nikaha girmək olmaz. Digər şəxslərlə, o cümlədən əmiqızı, əmioğlu, dayıqızı, bibioğlu, xalaqızı, xalaoğlunun nikaha girməyi ilə bağlı hər hansı qadağa yoxdur. Ailə Məcəlləsinə əsasən nikaha girən tərəflər könüllü olaraq, həkim müayinəsindən keçirlər. Bu, daha yaxşı variantdır. Mən yaxın qohumların nikaha girməsinin əleyhinəyəm, amma bunun qanunvericilik qaydasına uyğun olaraq, qadağan olunmasının da tərəfdarı deyiləm. Hesab edirəm ki, bu zaman nikahın könüllülük prinsipi pozulur. Bu, dövlətin ailə münasibətlərinə həddindən artıq müdaxiləsi kimi dəyərləndirilə bilər. Biz bir çox məsələləri qanunla qadağan etmişik. Məsələn, azyaşlıların nikahını qadağan etmişik, amma yenə də erkən nikahların sayı günü-gündən çoxalır. Yaxşı olar ki, bu istiqamətdə maarifləndirmə işləri aparılsın, bu nikahların ziyanlı tərəfləri göstərilsin”.
Parlament bu istiqamətdə hər hansı bir qanunvericilik bazasının yaranmasına nail olsa da, onun icrası cəmiyyətdə özünü doğrultmayacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimli qohum evliliyi probleminin kökünün çox dərində olduğunu deyib: "Bu ənənənin kökü islamdan əvvəlki mərhələyə qədər gedib çıxır. Hətta qədim dövrlərdə ölən qardaşın arvadını almaq kimi xoş olmayan ənənələr də geniş yayılıb. İslam dini bu kimi adətlərin qarşısını almağa çalışsa da, mümkün olmadı, günümüzə qədər gəlib çatdı.
Halbuki bu, cəhalətdən başqa bir şey deyil. Biri-birinə bacı-qardaş deyə-deyə böyüyən əmiuşaqları, xalauşaqlarının evlənməsi heç etik baxımdan da doğru sayılmır. Qohum evlilikləri cəmiyyətin ziyalı təbəqəsi tərəfindən hər nə qədər etiraz doğursa da, qarşısıalınmaz dərəcədə artıb. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, yaxın qohumlar arasında qız alıb-vermək adəti olmasın. Hətta bəzi insanlar varidatını, nəslinin ad-sanını qorumaq üçün qohum evliliyində maraqlı olur”.
Tahir Kərimli qohum evliliklərinə qadağa qoyulmasının tərəfdarı olsa da, mövcud şərtlər altında bunun qeyri-mümkün olduğunu hesab edir: "Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq bəndi ilə nikahın bağlanma qaydası və şərtləri müəyyən olunub və qanunvericilik yalnız qardaş-bacı evliliyini qadağan edir. İkinci və üçüncü dərəcəli qohumların nikahında isə qadağa yoxdur. Bu mənada qohum evliliklərinin qarşısının inzibati yollarla alınmasını təmin eləmək o qədər də asan məsələ deyil. Parlament bu istiqamətdə hər hansı bir qanunvericilik bazasının yaranmasına nail olsa da, onun icrası cəmiyyətdə özünü doğrultmayacaq. Amma yenə də düşünmək və bir çıxış yolu tapmaq lazımdır. Deputat yoldaşlarımla müəyyən məsləhətləşmələr aparıb, bir nəticəyə gəlməyə çalışarıq”.


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___