Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sosial şəbəkələrdə təhlükəyə çevrilən tendensiyalar - Gündəmi kim dəyişir?
Tarix: 05-04-2017 | Saat: 14:23
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Sosial şəbəkələrdə təhlükəyə çevrilən tendensiyalar - Gündəmi kim dəyişir?

Məlum məsələdir ki, həmişə, hər yerdə - dünyanın istənilən ölkəsində, şəhərində, kəndində, milliyyətindən, dilindən, dinindən, əqiqəsindən asılı olmayaraq, ən alçaq, iyrənc əməl sahibləri olub, olur və olacaq. Təbii ki, kütləvi deyil, fərdi şəkildə. Amma nə məsələdirsə, ölkədə məişət zəminində baş verən hər neqativ hal dərhal böyük ajiotaja səbəb olur, sosial şəbəkələrdə "qan su yerinə axır". İlk baxışdan düşünürsən ki, belə faktları tənqid etmək yaxşıdır, əlbət, nəticəsi olar. Əslində isə qananın da, qanmayanın da məsələyə münasibəti ən murdar hadisənin belə təbliğinə səbəb olur.

Bir qismi bir nəfərə görə bir məmləkətin sayı 10 milyona yaxınlaşan bütün əhalisini söyür - sanki hamı belə imiş. Bir qrup bir az keçmişə baş vurub əxlaqsızlığın bizdə ta qədimdən mövcud olduğunu iddia edir. Bir az da irəli gedərək klassik ədəbiyyatdan misallar gətirir. Sanki bu dəqiqə elmi tədqiqat işinə başlayacaq. Avropaya köç edən bir qrup azərbaycanlı (amma bütün günü Azərbaycan haqqında məlumatları izləyirlər - detallarına qədər) isə dərhal yaşadığı ölkəni nümunə gətirərək doğma vətənini aşağılayır. Sanki, Avropa əxlaqın nirvanasına çatıb.

Sualım hamınızadır: Bir əbləhin, bir şərəfsizin, bir biqeyrətin əməlini bir millətə, xalqa pərçim etməkdə əsl məqsədiniz nədir? Küyə getməklə, boş qazan səsi çıxardıb baş aparmaqla, özünüzü "sürü psixologiyası"na qurban verməklə nə qazanırsınız? Bu dövlətin, xalqın düşmənlərinə bilərəkdən və bilməyərəkdən xidmət etməyinizin fərqindəsiniz? Cavab yoxdur.

Bəlkə bununla haqq-ədalət, düzlük tərəfdarı olduğunuzu nümayiş etdirmək istəyirsiniz? Dəqiq?! Elə isə iki gün əvvəl "Təzə bazar"da baş vermiş yanğın zamanı nisyə mal alıb satan, sonra borcunu qaytarmaqla dolanan neçə-neçə insanın külli miqdarda ziyana düşdüyünü, aqibətlərinin necə olacağını, onlara kompensasiya verilib-verilməyəcəyini düşünün, gündəmə gətirin, hay-küy salın və s. Siyahını uzatmaq da olar.

Hamı birmənalı olaraq etiraf edir ki, artıq sosial şəbəkələrin, xüsusilə "Facebook"un ictimai şüura təsiri qaçılmazdır. Belə olan halda, bəzən və bir çox hallarda təhlükəli tendensiyanın şahidi oluruq. Heç siz sosial şəbəkələrdə Azərbaycanda nümunəvi bir ailənin kütləvi olaraq statuslarda örnək göstəriləcəyi faktına rast gəlmisiniz? Heç 50-60 il nikahda olan ailə başçılarının saf, müqəddəs sevgisindən bəhs edən kütləvi yazılar görmüsünüz? Əlbəttə, yox. Ancaq bir jurnalistin metro vaqonunda öpüşlə bağlı şəxsi mövqeyini lağlağıya çeviririk, hətta təhqir edirik, hansısa əminin qeyrətsizliyini ictimailəşdiririk, intihar xəbərlərini gündəlik "menyu"muza salırıq. Sonra da bir-birimizi qınayırıq ki, cəmiyyət niyə korlanıb?

Hərdən də belə təsəvvür yaranır ki, haradansa "Facebook"un Azərbaycan seqmentini idarə edənlər, gündəmi axmaq mövzularla dəyişən, baş qarışdıranlar var.

İllərdir sosial şəbəkələrdə, bəzi KİV-lərdə ictimailəşdirilən mövzular indi hər birimizi təhlükəyə atıb. İntiharı ictimailəşdirdik, buna meyillilik gündən-günə artır; öpüşdən yazdıq, ülvi hissləri iyrənc hala gətirdik. Çox qəribədir, insanlar bir-birini sosial şəbəkədə belə statuslara görə qınayır, ancaq heç biri əməl etmir. Azad sözün, fikrin bir sərhədi var axı.

Yeniyetmə, gənc nəsli hara sürükləyirsiniz? Sosial şəbəkələrdəki səhifələriniz sizin daxili dünyanızı, mənəviyyatınızı, şəxsiyyətinizi göstərən güzgüdür. O güzgüyə sizə hörmət edən, sizdən örnək götürmək istəyən xeyli uşaq, gənc baxır, yazdıqlarınızı oxuyur. Bunu nəzərə almaq lazımdır. İndi belə məsələləri statuslar yazmaq və başqa yollarla kütləviləşdirən şəxslərin cəzalandırılmasına dair qanunvericiliyə dəyişiklik etmək lazımdır?! Biz niyə düşüncə tərzimizi dəyişdirə bilmirik və ya dəyişdirmək istəmirik?

Bəlkə belə məqamlarda mətbuat başqa olmaqla, hamı sussun? Susmaq məhz bu hallarda qızıldır! Qoy aidiyyəti qurumlar işə girişsin, tədbir görsünlər.

Bəxtiyar Hacıyev


Xəbəri paylaş

5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___