Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Peşə təhsili yeni tələblər əsasında formalaşdırılır” - MÜSAHİBƏ
Tarix: 04-04-2017 | Saat: 17:46
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Peşə təhsili yeni tələblər əsasında formalaşdırılır” - MÜSAHİBƏ



İlk peşə-ixtisas təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab olunur. Təəssüf ki, ölkəmizdə bu sahəyə maraq heç də ürəkaçan hesab edilmir. Lakin ölkədə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət peşə təhsilinin inkişafını da gündəmə gətirib. Məhz bu səbəbdən bir il əvvəl Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı.
Agentliyin bir il ərzində fəaliyyəti, eləcə də peşə məktəblərinin imicinin artırılması, bu sahənin inkişafı ilə bağlı görüləcək işlər barədə Publika.az-ın suallarını Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili cavablandırıb.
- Ölkəmizdə peşə təhsilinə münasibət birmənalı deyil. Əsasən, aşağı qiymətlərlə oxuyan uşaqlar bu məktəblərə yönləndirilir. Sanki məqsəd peşə təhsili almaq deyil. Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərdiyi bir il ərzində bu imici dəyişmək üçün hansı işlər gördü?
- Ölkənin sosial iqtisadi inkişafının təmin edilməsi üçün peşə təhsilinin yeni tələblər əsasında inkişafı vacib bir məsələdir. Ötən ilin aprel ayında ölkə başçısının Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasında məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi, habelə əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkili, idarəedilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasıdır. Artıq işəgötürənlərin özündə də ixtisaslı kadr hazırlığı, bu sahədə mövcud peşə təhsili müəssisələrinin imkanlarından istifadə marağı var. Son illərin inkişaf meyllərinə uyğun olaraq peşə təhsili müəssisələrinin imicinin formalaşdırılması, marağın artırılması istiqamətində xeyli dəyişiklər hiss olunur.
- Yəqin ki, bir il ərzində həm də ilk peşə təhsili müəssisələrinin problemləri də araşdırılıb. Bu müəssisələrdə müəllim-mühəndis heyətinin vəziyyətini necə dəyərləndirirsiniz?
- Mövcud vəziyyət müasir dövrün tələbinə uyğun kadr hazırlığına kifayət etmir. Mövcud müəllim-pedaqoji heyətin və kadrların hazırlıq səviyyəsinin qənaətbəxş olmaması peşə təhsili sektorunda ciddi problemlərdən hesab olunur. Qarşımızda duran məsələlərdən biri peşə təhsili üzrə təhsil verən mütəxəssislərin yeni texnologiya ilə tanışlıq imkanlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. İlkin olaraq yaxın müddət ərzində ilk peşə-ixtisas müəssisələrində ümümitəhsil fənn müəllimlərinin bilik və bacarıqlarının artırılması üçün diaqnostik qiymətləndirilməsinin aparılması təşkil ediləcək. Bu baxımdan artıq bu sahədə işləyən müəllim və pedaqoji heyətin müxtəlif kurslara cəlb edilməsi istiqamətində işlər aparılır. Onlar həm də xarici ölkələrə təlimlərə göndərilir. Beynəlxalq təcrübələrin öyrənilməsi diqqət məqsədindədir. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə mövcud müəssisələrdə olan müəllim-mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin aparılması, onların bilik bacarıqlarının artırılması məqsədilə zəruri ixtisasartırma kurslarına cəlbi istiqamətlənməsi nəzərdə tutulub.
- Müəllim-pedaqoji heyətin müasir tələblərə uyğun kadr hazırlaması üçün əsas çatışmazlıqları nələrdir?
- Mühəndis pedaqoji heyətin hazırlanması ciddi problemdir. Çünki ümumtəhsil müəssisəsi üzrə adi fənn müəlliminin hazırlanması çətin deyil. Lakin aqroservis üzrə mütəxəssis yetişdirən pedaqoq adi müəllim deyil, bu sahə üzrə ixtisaslaşmış, zəruri praktik, nəzəri biliyə malik olması əsas məsələdir. Bu baxımdan yaxşı mütəxəssis yetişdirmək üçün mühəndis pedaqoji heyətinin hazırlanması və diaqnostik qiymətləndirilməsinin keçirilməsi vacib məsələdir.
- İlkin peşə təhsilində maddi-texniki baza da kadr potensialı qədər vacibdir. Bu sahədə hansı problemlər var?
- Bu gün aqrar, tikinti, turizm sektoru üzrə bazarın tələbinə uyğun olaraq ilk peşə ixtisas təhsili müəssisələrinin yeni texnika-texnologiya ilə təchizatı məsələsi aktualdır. Yeni yaradılan dövlət təhsil müəssisələrində bu məsələdə ixtisaslaşma özünü göstərir. Sənayə və İnnovasiyalar üzrə Peşə Təhsili müəssisələri, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kimi müəssisələr yaradılıb. Bunların adları artıq fəaliyyətlərini həmin sahələrin inkişafı üzərində quracaqlarından xəbər verir.
- Bu müəssisələrində tədris olunan ixtisaslardan müasir tələbə uyğun gəlməyənlər varmı?
- Adətən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək bazarında təlabatın öyrənilməsi, sifarişlərin müəyyən edilməsindən sonra müvafiq ixtisaslar üzrə kadr hazırlığına diqqət ayrılır. Bu gün çevik əmək bazarında peşə və ixtisasların yenilənməsi, müasir dövrün tələbinə cavab verməsi, yeni peşələrin yaranması prosesi müşahidə edilir. Bu məsələlərə baxılır və əmək bazarının tələbinə uyğun yeni peşə ixtisasların yaradılması istiqamətində iş aparılır.
- Bu gün müasir texnologiya ilə işləmək üçün şərabçı, aqronom kimi peşəkarlarla yanaşı, yeni ixtisaslara da ehtiyac var. Bu sahədə kadr təminatında problemlər müşahidə edilir. Yeni ixtisasların yaradılması üçün hansı real addımlar atılıb?
- Yeni ixtisasların yaradılması üçün ilk növbədə müəssisənin maddi-texniki bazası və işəgötürənin sifarişi də nəzərə alınmalıdır. Ölkə iqtisadiyyatının yeni mərhələdə olması nəzərə alınaraq peşə təhsili sahəsində də yeni ixtisasların yaradılmasına start verilib.
2016-2017-ci tədris ilin ilk peşə ixtisas təhsili üzrə 15 yeni ixtisas daxil edildi. Bu məsələdə ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən asılı olaraq qeyri-neft sektoru, o cümlədən aqrar, tikinti, turizm sahələri hədəf götürülüb. Yaradılan ixtisaslar “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Tədbir və mərasimlərin təşkilatçısı”, “Bağban-dekorator”, “Ağac nəqqaşı”, “Quru inşaat və suvaq işləri ustası”, “Daşdoğrayan maşın operatoru”, “Oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş)”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi” və başqalarıdır. Ölkədə kənd təsərrüfatının inkişafı üçün soyuducu anbarlar yaradılır, bu sahədə mütəxəssisə ehtiyac var. Eləcə də, digər ixtisaslar günün tələbinə uyğundur.
- Sadaladığınız ixtisaslar tikinti, bağçılıq və s. sahələrdir. Bunlar yeni sahələr deyil, bu vaxta qədər həmin ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilməyib?
- Əvvəlki dövrdəki tikinti sektoru ilə müasir dövr eyni deyil. Yeni texnologiyanın tətbiqi yeni ixtisaslara təlabatını ortaya qoyub. Ona görə də işəgötürənin təlabatı yeni ixtisasların yaradılmasında əsas götürülərək bu sahələrdə mütəxəssis hazırlığına başlanılıb. Bilirsiniz ki, son illərdə ölkə başçısının tapşırığına uyğun olaraq rayonların ixtisaslaşması, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı məqsədyönlü işlər davam etdirilir. Ötən tədris ilindən başlayaraq pambıqçı, baramaçı, tütün ustas ixtisaslara kadr hazırlığı həyata keçirilir. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
- Növbəti tədris ili üçün hansı yeni ixtisaslar yaradılacaq?
- Hazırda qəbul planının işlənməsi dövrüdür. Mövcud inkişaf meylləri nəzərə alınmaqla əmək bazarının tələbləri, işəgötürənlərin sifarişləri əsasında yeni ixtisaslar üzrə kadr hazırlığı davam etdiriləcəkdir. Ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsində olduğu müasir dövrdə təbii ki, sektorlar üzrə yeni peşə və ixtisaslara tələbatın yaranması zəruridir. Burada eyni zamanda, məzunların sonradan işlə təminatı məsələləri də nəzərə alınmalıdır.
- Əmək Müfəttişliyi Xidmətindən verilən məlumatda bu gün ən çox ehtiyac duyulan ixtisaslar sırasında aqronom, baytar həkim, zootexnik, çilingər də olduğu deyilir. Bəzən bu mütəxəssislərin tapılmasında ciddi problemlər yaşanır. Baxmayaraq ki, sadaladığım ixtisaslar bu gün ölkəmizdə tədris edilir. Bu məzunlar nə üçün əmək bazarında özlərinə yer tapa bilmir?
- “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə özəl sektorun peşə təhsilinə cəlb edilməsi qeyd olunub. Bu istiqamətdə mexanizmlərin hazırlanması, stimullaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Dediyiniz məsələnin həlli baxımdan özəl sektorun bu sahəyə cəlb edilməsi əsas məsələdir. Onları cəlb etdiyimiz halda hazırlanan kadrların gələcəkdə iş təminatı da həllini tapacaq. Hətta özəl sektorda çalışan peşəkar mütəxəsislərin belə kadr hazırlığına cəlb edilməsi nəzərdə tutulur.
- Məzunlarınızın əmək bazarında nə qədər pay tutması ilə bağlı araşdırma varmı?
- Dövrdən asılı olaraq tələbat dəyişir. Bu məsələnin araşdırılması və marketinq tədqiqatının aparılması Strateji Yol Xətirəsində nəzərdə tutulub. Hər il qəbul planında bazarın tələbinə uyğun bəzi ixtisasların sıradan çıxması, yenilərinin yaradılması nəzərdə tutulub.
- Özəl sektorda ilk peşə təhsili müəssisələri ilə əməkdaşlığa necə cəlb ediləcək?
- Peşə təhsili sistemində hazırlanan kadrların bazarın tələbinə uyğun olmasına çalışırıq. Özəl sektorun cəlbi üçün işlər aparılır. Strateji Yol Xəritəsində bu istiqamətdə özəl sektorun bu sahədə keçirilən tədbirlərə cəlb edilməsi əsas tələblərdən biridir. Özəl sektor da yaxşı qazanc üçün keyfiyyətli işçi qüvvəsi tələb edir. Keyfiyyətli kadr üçün də peşə təhsili müəssisəsinin müasir tələbə uyğun qurulması da vacib şərtdir. Özəl müəssisə sahibi peşə məktəbində zəruri infrasturukturu görməzsə, ona lazım olan kadrın hazırlanacağına da inanmır. Ona görə də, peşə ixtisas təhsili müəssisələrinin yenidən qurulması günün tələbləri səviyyəsində kadr hazırlığına uyğunlaşdırılması əsas məqsədimizdir.
- Ötən il bir neçə peşə təhsili müəssisəsi birləşdirildi. Bu proses davam edəcəkmi?
- Optimallaşdırma prosesi, ilk növbədə, iri sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin birləşdirilməsi ilə başlamışdır. Bakı və Gəncə şəhərində 32 ilk peşə təhsili müəssisəsinin bazasında 13 yeni dövlət peşə təhsil mərkəzləri yaradıldı. Belə ki, Bakı üzrə 26 məktəb birləşib 11, Gəncə üzrə 11 məktəb 2-sində birləşdirildi. Bu zaman, müəssisələrin infrastrukturu, maddi-texniki bazası müəllim-pedaqoji heyətinin potensialı qiymətləndirilir və əldə olunan nəticələrə istinad edilərək proses aparılır. Eyni ixtisas üzrə kadr hazırlayan müəssisələrin birləşdirilməsi ilə daha keyfiyyətli və müasir standartlara cavab verən kadr hazırlığı günün tələbidir. Müəssisələrin kadr potensialı, infrasturukturu, maddi-texniki bazası və s. məqamlar da nəzərə alınmaqla növbəti mərhələdə bu proses regionlarda həyata keçiriləcək.
- Növbəti ildən ilk peşə təhsili müəssisələrinin imicinin yüksəlməsi üçün daha hansı addımlar atmağı planlaşdırırsınız?
- Peşə təhsilinin imicinin yüksəldilməsi üçün xüsusi yerli, regional və beynəlxalq səviyyəli yarışmaların təşkili, eləcə də, yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, qızlar, işsizlər və digər həssas əhali qruplarının təhsilə cəlb olunması üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması nəzərdə tutulub. Ümümtəhsil məktəblərində şagirdlərin peşə təhsili ixtisasları ilə praktiki qaydada tanışlığını təmin etmək üçün müxtəlif tədbir və müsabiqələrin, peşə təhsili müəssisələrində “Açıq qapı” günləri mütəmadi təşkil ediləcək. Ölkə başçısının da bu günlərdə Saatlı rayonunda keçirilən müşavirədə də qeyd etdiyi kimi “növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var”. Bu istiqamətdə peşə təhsili ilə bağlı qarşımızda çox mühüm məsələlər qoyulub və əsas məsələ peşə təhsili müəssisələrini müasir tələbə uyğun qurmaq, işəgötürənlərlə səmərəli əməkdaşlığın yaradılması, əmək bazarına uyğun səriştəli kadr hazırlamaqdır. Strateji Yol Xəritəsində də qarşımıza qoyulduğu kimi bu sahənin yenidən qurulması, özəl sektorun cəlbi, peşə təhsili müəssisələrinin özünü maliyyələşdirmə imkanlarının yaradılması qarşıya qoyulmuş əsas məsələlərdəndir.


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___