Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sellofan paketlər insanları da, təbiəti də zəhərləyir
Tarix: 31-03-2017 | Saat: 14:19
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Sellofan paketlər insanları da, təbiəti də zəhərləyir

Eyyub Hüseynov: “Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir”
Türkiyə sellofan paketlərlə vidalaşır. 2018-ci il yanvarın 1-dən etibarən Türkiyədə alış-veriş zamanı sellofan paketlərdən istifadə qadağan ediləcək. Bu barədə Türkiyə Pərakandəçilər Federasiyası İdarə Heyətinin başqanı Mustafa Altınbilək məlumat verib. M.Altınbilək deyib ki, növbəti ildən başlayaraq müştəriləri yalnız tor və ağ torbadan istifadəyə yönləndirəcəklər.
Altınbilək təbiətdə çürüməsi yüz illər sürən, həm millətin gələcəyini, insan sağlamlığını, həm də təbiəti təhdid edən sellofan (neylon) paketlərdən istifadəyə görə satış nöqtələrinə cərimə tətbiq ediləcəyini bildirib. M.Altınbilək qeyd edib ki, ABŞ və Avropanın bir çox ölkələrində sellofan paket qadağasının artıq illərdir uğurla tətbiq edildiyinə diqqət çəkib. Altınbilək onu da deyib ki, əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə marketlərdə, alış-veriş mərkəzlərində alıcılara kağız və ya parça torbalar hədiyyə ediləcək, eyni zamanda bu torbaların sellofan paketlərdən üstünlükləri qeyd ediləcək: "Artıq bəzi vətəndaşlarımız Avropada bu tətbiqi gördüklərindən alış-verişə şəxsi kağız və ya bez torbaları ilə gəlir”. Bu da var ki, sellofan paketlərin alınma xərcləri də satılan malın üzərinə əlavə olunur. Sellofan paket kabusu bitərsə, ərzaq məhsullarının qiymətində ucuzlaşma olacağı gözləniləndir. Bəs bizdə vəziyyət necədir? Görünən dağa nə bələdçi?!. Kağız torbalardan tək-tük satış nöqtələrində istifadə olunur. Əksər marketlər, satış mərkəzləri alınan malları sellofan paketlərdə, həmçinin plastik qablarda qablaşdırır. Satışda olan qida məhsullarının böyük əksəriyyəti plastik qablaşdırmadadır. Bəzi çörək zavodları çörəyi kağız torbalara qoyur. Amma pərakəndə çörək satışı hələ də sellofan torbalarla həyata keçirilir. Avropa ölkələrində hətta qeyri-qida məhsulları, geyim əşyaları kağız torbalarda müştəriyə təqdim olunduğu halda, bizdə vəziyyət tamam fərqlidir. Bəzi brend mağazaları çıxmaq şərtilə alınan mallar müştəriyə sellofan torbalarda təqdim olunur.
12 dəqiqəlik istifadənin yüz illik zərəri
Alimlər tərəfindən artıq təsdiq olunub ki, sellofan paketlər alıcılar tərəfindən orta hesbala 12 dəqiqə istifadə olunur. Məhsul paketdən çıxarıldıqdan 12 dəqiqə sonra təbiətə atılan bu paketlərin torpağa qarışması üçün 100 illər gərəkdir. Sovet dönəmini tənqid etməyə həvəsli olsaq da, o dövrün müsbət cəhətlərini də görməzdən gəlməməliyik. Sovet vaxtı bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu. Mağazalarda ərzaq məhsulu alanda da, onu kağıza büküb alıcıya verirdilər. Qəndin, şəkərin kağız qablaşmada olması hələ də yaddaşlardadır. İndi karton qutuda tək-tük ərzaq məhsulu tapmaq olar.
"Bizim Cəbiş müəllim” filmində fırıldaqçının təzə pencək əvəzinə köhnəsini kağızlara büküb fağır tələbəyə "sırıması” səhnəsi yəqin çoxumuzun yadındadır. Bəlkə buna görə sonralar kağız bükmələrdən imtina edildi ki, alan paketin içində nəyin olduğunu görsün?! Təbii ki, bu, bir zarafatdır. Sellofan paketlər də başqa digər məhsullar kimi kimlərinsə gəlir sahəsidir. Hər gün nə qədər sellofan paket işlənir.
ABŞ-da ekoloqların araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərər sayılmayacaq dərəcədə çoxdur.
Amma dünya ölkələri artıq sellofan paketlərdən imtina edir. İngiltərədə 15 ildir, polietilen torbaların istifadəsində ediləcək qadağalarla bağlı bir araşdırma üzərində işlənirdi. Artıq bu ölkədə sellofan-plastik-polietilen torbaların istifadəsinə icazə verilmir. Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə edilməsini yasaqlayıb.
Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir.
Cənubi Afrikada sellofan torbalara ironiya ilə "milli çiçək” adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axınını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.
Bizdə isə sellofan paketlərlə bağlı vəziyyət ürək ağrıdır. Bu paketlərin təbiətə, ekologiyaya və insan sağlamlığına vurduğu ziyanla yanaşı, şəhərin görünüşünü də pozur. Azca külək əsdimi, sellofan paketlər havada uçuşmağa başlayır. Ağacların budağına ilişib qalır, səkilərin kənarını doldurur. Zibil qutuları da sellofan paketlərlə dolub-daşır.
Təbiətə atılmış polietilenlər isə çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çirkləndirir. Dənizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları da tıxayır, su axarlarının yolunu kəsir.
Sellofan paketlər ərzağı korlayır
Artıq sübut olunub ki, sellofan paketlərdə saxlanılan ərzaq məhsulları qida dəyərini itirir, paketlərin istehsalında istifadə olunmuş kimyəvi maddələr ərzaq məhsullarına, həmçinin geyim əşyalarına da nüfuz edərək insan orqanizmi üçün böyük təhlükə yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verirlər:
- Polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir. Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir. Bu torbalara qadağa qoyulması mütləqdir, gələcəyin qorunması üçün. İndi bir sıra Avropa ölkələrilə yanaşı, keçmiş sovet ölkələrindən bəzilərində də sellofan torbalara qadağalar tətbiq edilib.
Bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Əgər onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən öncə etiketinə baxın - yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina edilməlidir. Kağız və parça torbalara geri dönməliyik.
E.Hüseynov bildirib ki, Azərbaycanda bu torbalardan imtina hələ real görünmür: "Bu torbalardan imtina etmək üçün gərək onların alternativi olsun. Təəssüf ki, Azərbaycanda alternativ paket istehsalı ilə məşğul olan müəssisələr yoxdur”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə "Şərq”ə bildirildi ki, sellofan paketlər xarici ölkələrdən idxal edildiyi üçün onların yararlılığına sanitar-karantin müfəttişliyi nəzarət etməlidir. Yerli sahibkarlıq subyektlərində isə RGEM ekspertiza aparmaq hüququna malik deyil.
Vəziyyət bu qədər çətin və əslində sadədir. Adi məntiq sellofan paketlərin zərərli olduğunu təsdiqləyirsə, demək ondan özümüz, kimsənin müdaxiləsini gözləmədən imtina edə bilərik. Sadə bir üsulla. Alış-verişə gedəndə özünüzlə evdə olan əski parça, "setka” torbaları aparın, ya da yenisini özünüz tikin, düzəldin.


Xəbəri paylaş

9228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___