Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevda Ələkbərzadəni hansı mahnı ağlatdı? - MÜSAHİBƏ
Tarix: 23-01-2017 | Saat: 15:58
Bölmə:Karusel / Şou-Biznes / Müsahibə | çapa göndər

Sevda Ələkbərzadəni hansı mahnı ağlatdı? - MÜSAHİBƏ



Əməkdar artist Sevda Ələkbərzadənin müsahibəsini təqdim edirik.

- İnanılmaz dərəcədə arıqlamısınız. Bunun öhdəsindən necə gəldiniz?

- Sözün düzü, mənim üçün çox çətin olmadı. Yəni 80-90 kilo deyildim ki, arıqlamaq çətin olsun. Əslində 12 kilo arıqlamışam. Mənim üçün bu qədər çəki atmaq yetərli oldu. Efirdə həmişə kök görünmüşəm. Düzdür, 65 kilo olan vaxtlarım da olub. Ancaq son vaxtlar 60-61 kilo idim. Pəhriz saxladım və arıqladım. Normal, sağlam qidalandım və 60 kilodan 49-a düşdüm.

- Hansı qidadan tamamilə imtina etdiniz?

- İlk növbədə sağlam qidalanmaq istədim. Yağlı yeməklər, tort, pirojna, şokoladdan imtina etdim. Həm də bilirsiniz ki, evdə 50 kilo arıqlayan bacım var. Ona görə də pəhriz saxlamaq və arıqlamaq mənim üçün problem deyildi. Bir neçə dəfə pəhriz saxlamışam, sonra yarımçıq dayandırmışam. Yəni istədiyim çəkiyə gəlib çata bilməmişəm. Amma son vaxtlar qəti qərara gəldim. Yaş ötdükcə daha yaxşı görünmək, arzuladığın geyimləri geyinmək istəyirsən. Əvvəl nəyisə geyinirdim və fikirləşirdim, bu, məni bir az kök göstərir, elə geyinim ki, artıq çəkimi gizlətsin. Lakin indi sərbəstəm. İstədiyim kimi geyinə bilirəm. Gözəl görünmək istəyirəm. Bu pəhriz də mənə çox kömək oldu. Həm də üzgüçülüklə məşğul oldum, 3 ay üzmüşəm. Mənim üçün ən yaxşı idman üzgüçülükdür. Sağlam qidalanma da vacibdir. Tez-tez, amma az-az yeyirdim. 6 ay ciddi pəhriz saxladım. Ondan əvvəl də az yeməyə başlamışdım. Ümumi götürəndə bir il pəhriz saxladım.

- Hələ də pəhrizi davam etdirirsiniz?

- İndi yox. İstədiyimi yeyirəm, amma çalışıram ki, əvvəlki kimi yeməyim. Çünki əvvəlki kimi yesəm, həmin çəkiyə qayıdacam. Balansı qorumağa çalışıram.

- Yəqin yeməklə aranız yoxdur deyə asanlıqla imtina edə bilmisiniz.

- Yaxşı, gözəl yeməkləri sevirəm. Ümumiyyətlə, mən qurmanam. Bişirməyi də bacarıram. Amma deyim ki, hər gün yemək bişirirəm, yox. Çox nadir hallarda mətbəxə keçirəm. Çünki vaxtım yoxdur. Ya gərək evdə oturasan yemək bişirəsən, ya da gərək işdən sonra yemək bişirməyin öhdəsindən gələ biləsən. Bilmirəm, bəlkə də ya işləyən insanların vaxtının olmaması, ya da işləyib, üstəlik yemək bişirməyə həvəsli olmaq, buna vərdiş etmək bir səbəbdir. Bəzi insanlar öyrəşir, bütün günü işləyir, üstəlik gəlib evdə yemək bişirir. Mən elə deyiləm. Bu, mənim təbiətim deyil.

- Bəzi insanlar arıqlayanda taqətdən düşmüş kimi görünürlər, sanki hər zaman acdırlar təəssüratı yaradırlar. Dərilərində sallanmalar olur. Siz bu baxımdan yaxşısınız.

- Çünki həmişə yeyib içən insanlar birdən-birə onu kəsirlər və taqətsiz görünürlər. Yeməyəndə isə adam aqressiv olur. Ciddi pəhriz saxlamaq çətindir. Hər insan da onun öhdəsindən gələ bilmir. Amma mənim bir az iradəm güclüdür. Xoşagəlməz hallar da baş vermədi. İlk növbədə bizdə genetik olaraq dərimiz yaxşıdır. Bacım neçə kilo arıqladı, lakin demək olar ki, dərisi sallanmayıb. Üzdə qəti sallanma yoxdur. Bədəndə isə bir balaca bəzi yerlədə boşluq yarana bilər. Bu da arıqlayan insanlar üçün təbiidir. Amma belə dəhşətli sallanma bizim ailədə heç kimdə yoxdur.

- Bu baxımdan çox zaman kosmetoloqlar köməyə çatır.

- Təbii ki, kosmetoloqlara gedirəm. Gözəl həkimim var, Aytən xanım. Özünəbaxımı, dəriyə qulluğu ona etibar edirəm. Ev şəraitində isə qulluq etmirəm. Çünki vaxtım yoxdur.

- Bayaq qeyd etdiniz ki, xanımlar müəyyən yaşdan sonra özünü gözəl görmək istəyir. Nə zamansa gözəl görünmək üçün ciddi estetik-plastik müdaxilələr etdirərsiniz?

- Ola bilər. Axı biz zaman ötdükcə cavanlaşmırıq. Gələcəkdə, yaş artdıqca ehtiyac hiss etsəm, ciddi estetik-plastik müdaxilələr etdirə bilərəm. Amma indi buna ehtiyac duymuram. İndiyədək də heç bir müdaxilə etdirməmişəm. Ümumiyyətlə, təbii gözəlliyi çox sevirəm. Ona görə də daha çox təbilliyə üstünlük verirəm. Ancaq nə vaxtsa görsəm ehtiyac var, 50 yaşımda filan, bəlkə ola bilər.

- Arıqlayandan sonra geyim üslubunuzda da dəyişikliklər hiss etdik. Yəqin arıqlamaq sizə motivasiya olub, ya da çəkiniz dəblə uyğunlaşmağa imkan verir.

- Bəli. Arıqlayandan sonra məndə stimul yarandı. İstədiyim və dəbdə olan hər bir geyimi geyinə bilirəm. Amma bir az şişman olanda insan hər şey geyinə bilmir. Baxırsan gözəl paltardı, ancaq geyinirsən, görürsən sənə yaraşmır. Arıqlayandan sonra məndə elə gözəl stimul yaranıb ki... İstəyirəm gözəl görünüm, qəşəng paltarlar geyinim. Təbii ki, məndə bu kimi dəyişikliklər oldu, stilim dəyişdi.

- Öz zövqünüzə güvənirsiniz, yoxsa məsləhətləşdiyiniz insanlar var?

- Öz zövqümə də inanıram, amma məsləhətləşdiyim insanlar da var. Soruşuram bu necədir, o necədir? Ümumiyyətlə, insan gərək hər zaman güvəndiyi insanlarla məsləhətləşsin.

- Belə bir söz var - “Mən varlı deyiləm ki, ucuz paltar alım”. Bu baxımdan prinsipiniz necədir?

- Deyim ki, paltarlara çox pul xərcləyirəm, yalan olar. Məndə bir az fərqlidir. Məsələn, sevdiyim paltarı hər gün geyinə bilərəm. Utanmıram ki, mən bunu bir dəfə geyindim, sonra görərlər, nə deyərlər. Bu baxımdan qətiyyən kompleksim yoxdur. Ola bilər ki, paltar bahalı deyil, xoşuma gəldi alıram. Paltardır da, nəticədə əhəmiyyətsiz bir şeydir, sadəcə parçadır. Qəşəng çanta, bahalı ayaqqabı, aksessuar, eynək, hə, başa düşürəm. Amma geyim elə bir şeydir ki, nə qədər geyinə bilərsən ki? Muzeyə qoyacaqsan? Ona o qədər pul vermək lazım deyil. Geyimə o qədər çox pul xərcləmirəm.

- Bəs nəyə çox pul xərcləyirsiniz?

- Gözəl eynəklər, çanta, ayaqqabını sevirəm. Amma hansına nə qədər pul xərclədiyimi açıqlamaq istəməzdim.

- Deyəsən, aksessuarlarla o qədər də aranız yoxdur. Bu gün heç bir aksessuar taxmamısınız

- Aram var. Amma indi çəkilişə gələndə taxmaq yadımdan çıxdı. Bayaq burada güzgünün qarşısında duranda yadıma düşdü ki, unutmuşam. Mən ümumiyyətlə, unutqan insanam. Hər zaman nələrisə unuduram, ağlımdan, fikrimdən çıxır. Ona görə də bəlkə kimsə məni diqqətsiz bilir. Amma əslində mən diqqətsiz deyiləm, sadəcə unutqanam. Verilişə gedəndə bəzən unuduram, nə sırğa, nə üzük taxıram. Bu gün də belə oldu.

- Bəs həyatınızda olan insanları və baş verən hadisələri də asanlıqla unudursunuz?

- Yox, baxır hansı insanları. Təbii ki, mənə yaxın olan, mənə yaxşılıq edən insanları həyatım boyu unutmuram. Dostları necə unutmaq olar?!

- Mahnılarınızın birində deyirsiniz ki, “Ömrün allahı sevgidir”. Bu, sadəcə mahnı sözüdür, yoxsa real həyatda da belədir?

- Ömrün allahı allahdır və sevgidir. Allaha, həyata, bəşəriyyətə, ailənə olan sevgidir. Bizi məhəbbət idarə edir. Bu sevgi bizim içimizdə var. Sevgisiz insan necə olar?!

- Digər mahnınızda isə “Əlvida” deyirsiniz. Əlvida demək asan oldu, yoxsa çətin?

- Düz deyirlər ki, bəstəkar mahnını yazanda musiqiyə öz hisslərini qoyur, amma ifaçı oxuyanda artıq ifaçının hissləri olur. Bəstəkarın yazdığını deyil, artıq sən yaşadığını ifa edirsən. Çünki o an mən fikirləşmirəm axı bəstəkar nə hiss edib. Oxuyanda öz hisslərimi ora qoyuram. Bu, artıq mənim hissim, mənim həyatım olur. Əgər qavraya bilirsə, müğənni mahnını yaşayır. Ancaq əgər içində hisslər yoxdursa, oxuduğunu hiss etməyəcək, nə oxuduğunu anlamayacaq, ona çatmayacaq. Təbii ki, ilk növbədə müğənninin qavramaq qabiliyyəti olmalıdır və musiqini hiss etməlidir. Ümumiyyətlə, musiqi təkcə sözlə bağlı deyil. Mən ifa edəndə təkcə sözləri dinləyib yaşamıram. Musiqinin özü artıq o ruhu yaradır. Elə musiqi var orada söz yoxdur, amma insanı aparır. İnstrumental musiqi, klassik simfonik orkestrdə sözlər yoxdur. Elə klassik simfonik musiqi olub ki, dinləmişəm və ağlamışam. Musiqinin özü məni uzaqlara aparıb. Mahnıda birinci yerdə musiqidir, ikinci yerdə söz. Söz birinci olsa, bu, artıq poeziyadır. Bu baxımdan, baxır nəyə və kimə əlvida deyirsən. Ola bilər ki, sənin üçün “əlvida” demək ağır olar. Bu, fərqlidir. Hər kəsə ünvanlamaq olmaz. Bəzən çətin olur, bəzən asan.

- Hər zaman qalmaqaldan uzaq olmusunuz. Adınız yalnız yaradıcılıqla bağlı hallanıb. Həyatınızda baş verən evlilik və ayrılıq hadisəsi də çox qalmaqalsız və sakit keçdi. Halbuki bir çox ayrılıqlar qalmaqallarla nəticələnir, söz-söhbətlər uzun müddət davam edir. Sizdə isə belə bir xoşagəlməz hal baş vermədi. Bunun qarşısını necə aldınız?

- Mən heç vaxt şəxsi həyatımla bağlı danışmıram və danışmağı sevməmişəm. 25 ildir sənətdəyəm. Bu 25 ildə heç kim deyə bilməz ki, Sevda Ələkbərzadə nə vaxtsa şəxsi həyatı ilə gündəmə gəlib, ya danışıb. Mən musiqini sevdiyim üçün bu sənətdəyəm. Şəxsi həyatım mənə aid olan bir şeydir. Ona görə də heç bu barədə danışmaq istəmirəm. Kim nə edir, kim necə edir bu da hər kəsin öz şəxsi işidir.

- Məşhur, sənətinin zirvəsində olan insanlar da zaman-zaman şəxsi həyatları ilə gündəmə gəlir. Çünki insanlara maraqlıdır və bəzən onlar özləri də bunun marağında olur.

- Siz bizi Amerika ilə müqayisə etməyin. Onların və bizim həyata baxışımız, həyat tərzimiz tam fərqlidir. Bizim dünyaya öz baxışımız var, onların ayrı. Hərə özünə cavabdehdir, hərənin öz xarakteri, dünyagörüşü var. Mən həyata belə baxıram. Bəlkə gələcəkdə həyata baxışım dəyişəcək, bəlkə mən tam fərqli olacam. Amma hələ ki, beləyəm.

- Deyirlər ki, müəyyən yaşdan sonra insanlar ailə quranda məntiqə və ağıla üstünlük verir, nəinki hisslərə.

- Bu, subyektiv fikirdir. Hərənin öz xarakteri var. Yəni kimsə ağıl və məntiqlə, kimsə də hissləri ilə davranır.

- Özünüz özünüzlə tək qalanda daha çox hansı mahnını zümzümə edirsiniz?

- Çoxdur. Ola bilər ki, heç öz mahnım olmur, başqa bir mahnı da ifa edə bilərəm. Olub ki, səhər hansısa mahnını eşidirəm və bütün günü onu ifa edirəm. “Getmə gəl” mahnısını çox sevirəm. “Kirpiklərin oxdur” mahnısını da tez-tez zümzümə edirəm. Çox sevdiyim mahnılardan biridir. Onu yenidən ifa etmək istərdim. Çünki çoxdan oxumuşam.

- Bəstəkarlığınız da var.

- Bəstəkar deyiləm. Hərdən mahnı yazıram, nadir hallarda olub. “Açıl sabahım”, “Sev məni bu payız” mahnılarının musiqisini yazmışam. Bir neçəsi var, indi adları yadımdan çıxdı. Hərdən mahnıya söz də yazıram. “Sevərək yaşadım”, “Mən və o” mahnılarının sözlərini yazmışam. “Salam, Allahım” mahnısının sözləri atama aiddir, musiqisini mən yazmışam. Neçə ildir musiqinin içində olanda istər-istəməz insanda belə bacarıq yaranır. Lakin özümü bəstəkar hesab etmirəm. Bu, sadəcə bir hobbidir.

- Daha çox hansı əhvalda olanda söz və ya musiqi yazırsınız?

- Bilmirəm, heç fikir verməmişəm. İnsana maraqlı bir vəhy gəlir və yazırsan. Bir də görürsən yol gedəndə başlayırsan nəsə oxumağa. Əsasən gecə yatanda beynimə nəsə gəlir.

- Sonuncu dəfə Mehriban Zəkinin yaradıcılıq gecəsinə kompozisiya təqdim etdiniz. Bunun davamı olacaq?

- Ola bilər. Bizə təklif də gəlmişdi. Alınsa edəcəyik. Mehriban xanım özü çox maraqlı insanıdır, sənətkardır. O da hamıdan seçilir, fərqlidir. Ona görə də onunla işbirliyi mənə maraqlı olardı. Məncə, bizim ikimizə də maraqlıdır. Hələliksə bəstəkar və aranjemançı İsmayıl Əsədovla yeni duetimiz təqdim ediləcək. Bir də, çox məşhur və sevilən mahnılardan birini ifa etmişəm. Ona klip çəkiləcək. İsa Məlikov da mənə gözəl mahnı hədiyyə edib, onu hazırlayırıq.

- Əvvəllər festival, qastrol səfərlərində tez-tez iştirak edirdiniz. Son vaxtlar deyəsən ara vermisiniz?

- İki il ailəmə görə demək olar ki, səhnəyə az-az çıxdım. Bakıda çəkilişlərə getmirdim. Qastrol səfərlərindən də imtina edirdim. Çünki gedə bilmirdim. Amma indi yavaş-yavaş artıq işə başlamışam. Hələ ki, buradayam və repertuarımı təzələyirəm. Həm də qastrollardan bir az yorulmuşam.




Xəbəri paylaş

7698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___