Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
16 il ev dustağı olan qız: “Atam bələkdəki qardaşımı pəncərədən yerə tulladı” - FOTO
Tarix: 01-01-2017 | Saat: 21:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

16 il ev dustağı olan qız: “Atam bələkdəki qardaşımı pəncərədən yerə tulladı” - FOTO


- Heç görmüsünüzmü, ata arvadına hirsləndiyi üçün uşağını pəncərədən yerə tullaya? Atam körpə qardaşımın bələyindən yapışıb pəncərədən yerə atdı.

- Uşaq öldümü?

- Yox, həmin gün qar yağmışdı, uşaq qarın üstünə düşdüyündən əzilmədi. Amma bu hadisədən sonra anam evdən getdi. Düz 16 ildir anamdan xəbərsizik. 16 ildir bacımla mən evdə dustağıq, nə bayıra çıxa, nə də telefonla danışa bilirik.

- Bəs sığınacağa necə gəldin?

- İndi danışacağam, amma xahiş edirəm, uşaqlıqdan indiyədək başıma gələnləri danışmağıma icazə verin...

...Qapının zəngi çalınır. Həyəcandan titrəyən əllərini dizlərinin arasında gizlədir. Sığınacaq əməkdaşının "narahat olma" sözlərindən sonra dərin nəfəs alıb sakitləşməyə çalışır. Gözləyirik.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 28 yaşlı Gülər Həsənova hər gün gördüyü fiziki və mənəvi işgəncələrdən sonra bacısı ilə birgə evdən qaçaraq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gəlib. Sığınacaq sakinləri deyir ki, dekabrın 3-dən burda olsa da, hər qapı zənginə belə həyəcanlanır. Birdən atası gələr, yenidən onlara işdəncə verər qorxusu ilə...



- Ailədə 5 uşağıq - 3 qardaş, 2 bacı. Anam evdən gedəndə mənim 12 yaşım vardı, balaca qardaşım isə bələkdə idi. Başa düşürəm, anam atamın işgəncələrinə dözməyib, evdən qaçmağa məcbur olub. Amma bizi özü ilə aparmaq istəməyib. Bu illər ərzində bir dəfə də olsa, bizimlə maraqlanmayıb. Bəlkə də fikirləşib ki, bizi özü ilə aparsa, atamdan tam yaxa qurtara bilməyəcək. Atam nə mənim, nə də bacımın oxumasına icazə verməyib, mən 2-ci, bacım 5-ci sinifdən sonra məktəbə getməmişik. Bütün ailənin yükünü mən çəkmişəm, amma hər gecə ən çox mən döyülmüşəm. Atam deyir ki, anana bənzədiyin üçün sənə nifrət edirəm.

- Atan qardaşlarınla necə rəftar edir?

- Atam vaqonda bələdçi işləyir, hər gün işdən sonra mütləq süfrədə araq şüşəsi olur. Onun üçün fərqi yoxdur, 100 qram araq içəndən sonra dava etməyə səbəb tapır. Bir görsəniz, necə boy-buxunlu, cüssəli adamdır, qardaşlarımın ona gücü çatmır. Neçə dəfə araq şüşəsini başıma çırpıb, gecədən səhərə qədər baş ağrısından gözümü yuma bilməmişəm. Səhər isə 4 kişinin paltarlarını soyuq su ilə yumaq məcburiyyətində qalmışam. Qardaşımın biri evlidir, gəlinin yanında ona elə söyüşlər söyür ki, ata-bala əl davasına çıxırlar. Gəlin də onun əlindən bezib, yazıq getməyə yer axtarır. Sonuncu dava isə bacımın üstündə oldu. Bacımın 26 yaşı var, ağzındakı bütün dişlər çürüyüb. Mən də dedim ki, heç olmasa, həkimə apar, insan bu qədər qəddar ola bilməz axı, gözünün qarşısında qızın ağrıdan başını divara vursun. O da məni və bacımı kəmərlə döydü.

- 16 ildir evdən çıxmamısınız. Bəs sığınacağa necə gəldiniz?

- Əslində, çoxdan evdən qaçmağı düşünürdük. Televizordan Mehriban Zeynalovanın telefon nömrəsini götürmüşdük. Dekabrın 3-də qardaşımın övladı oldu, gəlin xəstəxanada idi. Biz də bundan istifadə edib, qardaşımın telefonundan Mehriban xanıma zəng vurduq, sığınacağın ünvanını öyrəndik. Atam içib yatmışdı, evdən çıxdıq. Qorxumuzdan heç bir dəst paltar belə götürmədik ki, heç kimin evdən qaçdığımızdan xəbəri olmasın. Qarşımıza çıxan avtobusla "20 Yanvar"a gəldik, oradan isə taksiyə minib sığınacağa. Dekabrın 3-dən sığınacaqdayıq.



- Atan sığınacaqda olduğunuzu bilir?

- Mehriban xanım zəng vurub xəbər etdi. Atam bura gəlmişdi, dedi ki, məni qohum-qonşu arasında biabır etməyin, tez evə qayıdın. Mehriban xanım da dedi ki, qonşunu fikirləşməkdənsə, qızlarınızı, onların gələcəyini düşünün. Bura gələndən sonra bizi həkimə apardılar, məndə kista, xırda şişlər tapdılar. Həkim dedi ki, baş ağrıların əsəbdəndir, nevroza tutulmusan. Bacımın isə dişlərini müalicə edirlər. İndiyədək şəxsiyyət vəsiqəsi almamışıq, indi sənədlərimizi düzəldirlər. Hələ bibim də zəng vurmuşdu. Deyir ki, kənddən bir neçə nəfər sənə elçi gəlmək istəyir, evə gəl, "həri"ni edək. Dedim ki, indiyədək atam bizi bu qədər incidib, bir dəfə maraqlanmamısan. İndi deyirsən ki, tanımadığın, heç vaxt görmədiyin biri ilə ailə qur. Neçə dəfə bibimə şikayət etmişəm, əvəzində ərə getməyi məsləhət bilib. Bizim kənddə (Bakı kəndlərindən biri - virtualaz.org) qızların çoxu şəkillə ərə verilir. Oğlan qızın şəklini bəyənir, elçi gəlir, toy olur. Anamı da bu cür ərə veriblər. Bir də elə bilirəm ki, qarşıma çıxacaq bütün oğlanlar atam kimi olacaqlar.

- Bura gələndən sonra ananı axtarmağa cəhd eləmisən?

- Anamın qohumları bizim kənddə yaşayır, bilirəm ki, ölməyib, sağdır. Qohumlarına deyib ki, uşaqları görmək istəmirəm. Sonradan ərə getməyib, qardaşlarının yanında yaşayıb. İndi onunla görüşüb nə deyim? Yəqin bizə baxmağa gücü çatmayıb. Adam 5 uşağını qardaşının, bacısının evində nə qədər saxlaya bilər? Tez-tez bacımın, qardaşlarımın yanında da belə deyirdim ki, ona qarşı kin saxlamasınlar. Son illər evimizdə anamla bağlı heç bir söhbət olmur, elə bil ki, heç bizim anamız olmayıb. İndi meydana çıxsa, bizim yanımıza gəlsə, nə olacaq ki? Çalışıram ki, heç olmasa, sığınacaqda qaldığımız müddətdə hər şeyi, yaşadıqlarımızı unudaq.

...Onunla 1 saatdan artıq söhbət etdik, hər cümləsində "qulaq asın", "məni eşidirsinizmi" deyə təkrarlayır. Bəzən susub onu dinləyib-dinləmədiyimi öyrənməyə çalışır.

Pilləkənlərdə dayanmışıq. "Başıma gələnləri Zaura, Xoşqədəmə danışırdım. Elə bilirdim ki, ekrandan mənə qulaq asırlar. 16 ildən sonra yad biri ilə söhbət etdim. Bilirsiniz...", - qapının zəngi çalır. Söhbəti yarımçıq saxlayaraq qaça-qaça otağa girib ardınca qapını bağlayır...

16 il ev dustağı olan qız: “Atam bələkdəki qardaşımı pəncərədən yerə tulladı” - FOTO
16 il ev dustağı olan qız: “Atam bələkdəki qardaşımı pəncərədən yerə tulladı” - FOTO


Xəbəri paylaş

1 1998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___