Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sehrli xalat” filminin Zərifəsi: “Simlər başladı qırılmağa, məni tez aşağı saldılar”
Tarix: 23-07-2016 | Saat: 10:27
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Sehrli xalat” filminin Zərifəsi: “Simlər başladı qırılmağa, məni tez aşağı saldılar”

“Sehrli xalat” filminin Zərifəsinin – Solmaz Hətəmovanın Milli.Az-a müsahibəsi.

– Solmaz xanım, bildiyimə görə siz Zərifə yox, digər bir başqa rola çəkilməli idiniz. Bəs rol bölgüsününün dəyişilməsinə səbəb nə oldu?

– “Sehrli xalat” filmi 1963-ci ildə çəkilib. Dərs vaxtı sinifə direktorla 2 nəfər daxil oldular. Uşaqlara baxıb, 1-2 nəfəri seçdilər. O vaxtı eşitdiyimə görə Zərifə roluna görə təxminən 600-ə yaxın məktəbli qızı kinostudiyaya dəvət etmişdilər. Rejissor Əlisattar Atakişiyev ssenarini oxumaq üçün mənə verdi. Əslində, məni Səidə roluna dəvət etmişdilər, amma o biri qızı – Afəti – Zərifə roluna. Rejissor məndən soruşdu ki, sən hansı rolda çəkilmək istəyirsən? Mən dedim ki, Zərifə. Mənim heç xəbərim yox idi ki, Bədii Şura məni artıq Zərifə roluna təsdiq etmişdi. İstəyimlə məni rejissor Zərifə roluna çəkdi.

– Məktəbli bir qızcığaz üçün filmdə baş rolu oynamaq nə qədər asan idi?

– Bizə səhnələri əyani göstərirdilər, başa salırdılar. Təbii ki, mənim yaşda qız üçün filmə çəkilmək çox çətin idi. Səhər saat 9-dan 6-ya kimi biz çəkiliş məkanında olurduq. Etiraf edim ki, çox yorulurduq. Çox şeylər yadımdan çıxıb, istərdim onları yenidən yaşayım.

– Çəkilişdə hər hansı təhlükəli vəziyyətlə üz-üzə qalmışdınız?

– Təhlükəli səhnələr mənimlə bağlı Ayın üzərindəki çəkilişdə olub. Simlər bir-bir başladı qırılmağa, məni tez aşağı saldılar. Qorxudan, həyəcandan rəngim də ağarmışdı. Bu səhnə Minsk şəhərində çəkilib.

– Uşaqlıq illəriniz necə keçib?

– Biz AZDRAMA tərəfdə yaşayırdıq, orada da hamı bilirdi ki, mən kinoya çəkilmişəm. Bu filmlə də hər şey qurtardı. Mən filmə çəkilə-çəkilə Odessa kinostudiyasından gəlmişdilər. Azərlə məni dəvət etdilər, Azər getdi çəkilməyə, amma mən yox.

– Sehrli aləmə düşən uşaqlardan bu gün kimlərlə əlaqələriniz qalıb?

– Əvvəl çox dostluq edirdik. Azər də, Almaz da, Yusif və digər uşaqlar da burada idi. Filmin 40 illiyində neçə ildən sonra hamımız görüşdük. Görüşməməyimiz normaldır, çünki hamının başı öz ailəsinə qarışıb. Hal-hazırda Rəşid rolunun ifaçısı Azərdən başqa hamısıyla əlaqəm var.

– Azər bildiyimə görə Amerikada yaşayır…

– Mən Skayp vasitəsilə onu gördüm, amma çox dəyişilib. Küçədə də rast gəlsəydim, onu tanımazdım. Yəqin ki, o da məni çətinliklə tanıyıb. Filmin çəkilişindən artıq 52 il keçib. İstərdim ki, o, Azərbaycana gəlsin və oturub söhbət edək.

– Ailə həyatından söz düşmüşkən… Həyat yoldaşınızla necə tanış oldunuz?

– Filmdə polis rolunu oynayan Tələt Rəhmanov bizə elçi gəldi. O, mənim gələcək yoldaşımın qohumu idi. O, məni görəndə dedi ki, “Solmaz, mən sizə elçi gəlmişəm”. Ailə həyatı qurduq. İki oğlum var, 3 nəvəm. Mən nəvələrimə Aya getməyimdən danışıram, onlar da buna inanır. Mən istəmədim ki, mənim adımı nəvəmə qoysunlar. Öz adım mənim xoşuma gəlmir.

– İxtisasınız nədir?

– Mən özüm İqtisadiyyat fakültəsini bitirmişəm. Ondan sonra Elmi tədqiqat universitetində işləmişəm. Təqaüddən çox-çox tez əvvəl mən işdən çıxdım. Çünki uşaqlarım balaca idi. Bugünkü günümü mən yalnız nəvələrimə həsr etmişəm. Başım onlara qarışıb.

– Bu gün filmə baxanda hansı hissləri keçirirsiz?

– Filmin şedevr olmasını çoxu indi başa düşür. Bizim rejissor elə bil ki, öncəni görmüşdü. Oradakı kamera, planşet və s. buna sübutdur.

– Gələcəyə getmək istərdiz, yoxsa keçmişə qayıtmaq?

– Gələcəyə də qayıtmaq istərdim, keçmişə də. Bundan qabaq film göstəriləndə adi baxırdım ki, filmdir də. İndi isə bu filmə baxanda qeyri-adi hisslər keçirirəm. Yenidən öz sehrli aləmimə qayıtmaq istərdim. Təbii ki, bu, artıq mümkünsüzdür.


Xəbəri paylaş

9108 dəfə oxunub.

Digər xəbərlər
26-10-2015, 22:26 Prezident fərman imzaladı

bütün xəbərlər
____ Instagram ___