Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana həsrətli günlərim...
Tarix: 28-06-2016 | Saat: 19:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ana həsrətli günlərim...


Ana! Bu varlığın, bu sözün qarşısında baş əyirəm. Bu söz mənə çox doğma və çox əzizdir. Səmavi kitab «Qurani-Kərim»də necə də gözəl deyilib: «Cənnət anaların ayaqları altındadır!» Bəli, bu, həqiqətən belədir. Çünki bu dünyada Böyük Allahdan sonra yaradan yalnız və yalnız ANAdır. Bəlkə də, bu baxımdan cənnət anaların ayaqları altındadır. Bilmirəm, bəlkə də belədir...

Yaşadığım bu ömrün ən ağrılı-acılı, ürəyimi parçalayan, qəlbimi didən, köksümü göynədən, sinəmi dağlayan, bağrımı yandıran günləri sevimli anamın və istəkli atamın bu dünyadan köçdüyü günlərdir.
Görəsən, neyləyə bilərdim ki, ağrı-acı dolu bu günlər həyatımda baş verməyəydi. Neyləyərdim ki, o əzablı günlərin acısını dadmayaydım. Amma neyləyim ki, həyatın bu qanunu hər bir kəs üçün qaçılmazdır. O acılı günlər canım qədər sevdiyim, ciyərparalarım olan, el-obada hörmət sahibi atam Əziz müəllim və xanım-xatın anam Firəngiz xanımın yoxluğunu yaşatdı mənə.
Nə deyim, nə deyim taleyin bu yazısına, nə deyim, heç özüm də bilmirəm nə deyim bu qismətə, bu baxta.
Deyirlər torpağın üzü soyuq və qaradır. Üzü soyuq və qara olan torpaq isti bir yay günü - 24 iyun 2011-ci ildə əlləri bacım Nigarın və mənim əllərimdə anam bu həyata əlvida deyərək dünyasını dəyişdi, sübh tezdən, saat 04:45 də. Anam Haqq dünyasına köçəndə, ömrünün son anlarında yaşadığımız evin yaxınlığındakı məsciddə azan oxunurdu. Anam azan səsini eşidərək qəm-qüssə yağan gözləri ilə üzümə baxa-baxa bu dünyası ilə vidalaşdı və gözlərini əbədi olaraq yumdu. Sopsoyuq, qapqara torpaq anamı öz ağuşuna aldı.
Aman Allah, o andaca bu gözəl, işıqlı dünya gözlərimdə qaraldı. O anda elə hiss etdim ki, bu dünyam zülmət qaranlığa büründü. Sanki heç yeri, heç nəyi görmürdüm. Elə bil ki, zil qaranlıq bir aləmə düşmüşdüm. Bu andaca “Ana, Ana, Ana”- deyib ağlayan üç bacımın səsi gəldi qulağıma. Elə bil dərin röyadan ayıldım. Anamın əlləri hələ də əllərimdə idi. Bərk-bərk qucaqlamışdım onu, ayrılmaq istəmirdim ondan. Atam bu dünyadan köçəndən sonra ən çox sevdiyim insan anam idi. O gün anamı heç kimə vermək istəmirdim, çünki onu məndən əbədilik ayıracaqdılar.
Hə, o gün anamı məndən əbədi ayırdılar. Fələyə nə deyim araya ayrılıq salan yerdə. Ayrılıq yaman dərddir. Mən qəm-qüssə gətirən bu ayrılığın ağrısını, kədərini, qəmini adı kimi özü də əziz olan atam Əziz kişinin bu dünyası ilə vidalaşdığı gündə - 2007-ci ilin 16 iyununda çəkmişdim. Ağlıma gəlməzdi ki, bu dəhşətli acını, ağrını 4 il sonra anam bu dünyadan köçəndə yenə də çəkəcəyəm.
Qəribədir, ağlım kəsəndən elə bilirdim ki, həyatım qədər sevdiyim atam və anam 100 il, hətta, bir az da çox yaşayacaqlar. Amma bu, mənim düşündüyüm kimi olmadı. Kaş ki, o acılı günlərdə atamı, anamı yenidən həyata qaytara biləydim, nə isə edə biləydim. Heyf, heyf ki, heç nə edə bilmədim...
Bir fikir mənim üçün hələ də müəmmalı qalır. Atam və anam - hər ikisi eyni yaşda, 77 yaşında, hər ikisi yay fəslində - eyni ayda - iyunda bu dünyaya əlvida söylədilər. Hətta, atam və anam eyni qəbiristanlıqda yanaşı məzarda dəfn olunublar. Hərdən mənə elə gəlir ki, valideynlərimin ölümündə hansısa bağlılıq var. Söz yox ki, bu, mənim fikrimdir. Necə ola bilər ki, atamla anamın tale yazısında bir çox məqamlar eynilik təşkil etsin?
Maraqlıdır ki, atamın bu dünyadan köçməsi ilə bağlı 17 yanvar 2008-ci ildə yazdığım «Atasız dünyamda atalı dərdim» adlı yazım atamın ölümünün ikinci ildönümündə, 18 fevral 2009-cu ildə baş redaktoru olduğum «Azərbaycan uğrunda» qəzetində dərc edilmişdi.
Anamın da bu dünyadan köçməsi ilə bağlı qələmə aldığım bu yazı onun yoxluğunun ikinci ildönümündə işıq üzü görür. Bilmirəm, bəlkə burada da hansısa bağlılıq var. Düzünü Uca Tanrı daha yaxşı bilir.
Canım ana, gözlərimin işığı ana! İki ildir sənsiz yaşayıram bu işıqlı dünyada. İki ildir ki, sənsiz keçir yaşadığım ömrün illəri, ayları, günləri, dəqiqələri, anları... İki ildir ki, sənsiz olan işıqlı dünyam qaranlığa bürünüb anacan.
Ana, heç bilmirəm nə yazım ki, sənsizlikdən alışıb yanan kövrək ürəyimə təsəlli verə bilim. Özüm və bir də sevimli Allahım bilir ki, sənsiz qaldığım bu iki ildə nələr çəkmişəm. Elə bilirəm ki, yenə kiçik bacım Zülfiyyə ilə evimizin qarşısındakı baxçada gəzişirsən. Elə bilirəm, indicə evimizin qapısını açıb otağa daxil olacaqsan.

Gözüm hələ də yolda qalıb

Getdiyin gündən gözlərim yollardadır, anacan. Hələ də düşünürəm ki, bir gün qayıdacaqsan evimizə. Anacan, axı sən 4 qızını bu dünyada taleyin ümidinə qoyub getdin. Niyə belə vəfasızlıq etdin qızlarına, niyə? Axı, deyirdin ki, istəyirəm qızlarımın ailəsi, evi, övladları olsun, onların övladlarının əlindən tutum, baxçada gəzim. Bəs sözlərinə niyə əməl etmədin, ana?! Ana da övladlarına belə vəfasızlıq edərmi?!
Qızlarının ən kiçiyi Zülfiyyə bacım gənc olmasına baxmayaraq, ona həmişə körpə uşağa olan sevgi göstərirdin. Nə üçün belə etdiyini soruşanda isə kövrələrək deyirdin ki, «övlad hansı yaşda olsa, o, ata-ana üçün yenə də uşaqdır». Bilirəm anacan, Zülfiyyə qızın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün ona lap çox ana sevgisi, ana məhəbbəti vermək istəyirdin. Başa düşürdüm səni, anacan, ana ürəyi başqa cür ola bilməzdi. Axı, Zülfiyyə qızının düçar olduğu xəstəlik onu heç vaxt tərk etməyəcək. Bunu isə sənə həkim demişdi.
Anacan, dünyanı dəyişəndən bir gün əvvəl müalicə aldığın xəstəxanada yenə də sənin yanında idim. Yadımdadır, anacan, saçlarına sığal çəkirdim, sən də mənimlə şirin danışırdın. Qəflətən gözlərimə diqqətlə baxdın və mənə dedin ki, «uşaqlardan muğayat ol, bacı-qardaşlarını deyirəm». Onu da dedin ki, Zülfiyyəni bu dünyada heç kimin ümidinə qoyma. O gün mənə başqa sözlər də dedin, anacan, mənə sözlədiyin o sözlərin çoxusunu hələ də heç kimə deməmişəm.
Anacan, o gün özün də bilmədən mənə son vəsiyyətini etdin. Ana, sənin və atamın ruhu qarşısında bir etiraf etmək istəyirəm. Çünki hər ikinizin ölümündə özümü ən böyük günahkar görürəm. Sizin ən böyük arzunuz o idi ki, mənim və üç bacımın ailəsini, övladını, xoş gününü, bəxtəvər həyatını görəsiniz. Lakin bu, atama da, sənə də qismət olmadı, ana.
Bilirdim ki, dörd qızınızın bəxtini, taleyini özünüzə böyük dərd etmişdiniz. Elə qızlarınızın dərdi də sizi bu dünyadan apardı, əziz anam. Axı, ata-ana ürəyi dörd qızının yaramıyan bəxtinə, taleyinə necə dözə bilərdi? Anacan, sən də bilirdin ki, qızlarının taleyinin ağrı-acısına dözməyərək atamın ürəyi infarkt oldu. Hə, anacan, qızlarınızın taleyindəki ağrılara, məşəqqətlərə dözmədi ata-ana ürəyiniz. Ana olmasam da, sənin ana ürəyinin nələr çəkdiyini bilirdim, hiss edirdim, anacan!
Əziz anam, sənin və atamın ruhu qarşısında özümü ona görə ən böyük günahkar bilirəm ki, sən də, atam da mənim ailə qurmağımı, toy günümü görmək istəyirdiniz. Ömrünün son illərində mənə deyirdin ki, «axı ömür-gün keçir, yaş üstünə yaş gəlir, sən nə vaxt ailə quracaqsan, qızım»?! Anacan, mən isə sənə dedim ki, Allah nə vaxt qismət etsə, o vaxt ailə quracağam.
Neyləyim, anacan, sənin və atamın görmək istədiyiniz o gün mənə qismət olmadı. Sizin mənim həyatımda görmək istədiyiniz o gözəl toy günü taleyimə yazılmadı, anacan. Anacan, sənin və atamın mənim üçün çalınmasını arzuladığınız «Vağzalı» çalınmadı.
6 ildir atam, 2 ildir sən yoxsan bu dünyamda, ana! Sizinlə birlikdə mənim də görmək istədiyim o xoşbəxt gün hələ də bəxtimə nəsib olmayıb. Bəlkə, belə olmalıymış. Axı, Allahın yazısını pozmaq mümkünsüz işdir. Allah belə istəyirmiş qızlarınızın bəxtini, taleyini, anacan.
Hərdən düşünürəm, kaş ki, atam, anam bu dünyada olanda mən də başqa qızlar kimi ailə quraydım, mənim də toyumu atam, anam görəydi. Elə bilirəm ki, atam, anam mənimlə bağlı arzuladıqları o toy gününü görsəydilər, onlar hələ də yaşayardılar. Çünki onların hər ikisinin ürəyi övlad dərd-qəmi ilə o qədər yükləndi ki, bu dərdi, bu qəmi çəkməyə kövrək ürəkləri dözmədi. Ürək daşdan deyil ki, bu qədər çəkilməz ağır dərdin ağırlığına dözsün. Hə, ana, qızlarınızın taleyindəki yükün ağırlığı ayırdı sizi yeddi övladınızdan, bu işıqlı dünyadan, bu gözəl həyatdan. Anacan, bu, sənin və atamın tale payı imiş, qismətdən artıq yemək olmur axı...
Hələ də başa düşə bilmirəm ki, məndən böyük bir qardaşım və iki bacım olmağına baxmayaraq, son günlərində demək istədiklərini yalnız mənə dedin. Anacan, amma mənə elə gəlir ki, demək istədiklərinin hamısını demədin mənə, nələrisə ürəyində özünlə apardın Haqq dünyasına.
Anacan, bir dəfə səndən soruşdum ki, görəsən, dünyadan körpə vaxtı köçən bacım dünyasını dəyişməsəydi, onun da bəxti, taleyi biz dörd bacının taleyi kimi olardı? Bu sözlərimi eşidəndən sonra üz-gözünə elə qəm-qüssə çökdü ki, hələ də baxışlarındakı o kədər gözlərimin önündən getmir, ana.
Başımın tacı anam! Sənin və atamın ruhu önündə baş əyirəm. Sizin mənimlə bağlı arzuladığınız, görmək istədiyiniz o gözəl GÜNü - toy gününü sizə bəxş edə bilmədiyimə görə, məni bağışlayın. Bağışlayın ona görə ki, sizin ən gözəl arzunuzu ürəyinizdə qoydum. Mənli tər-qönçə arzunuzu bu dünyadan köçəndə özünüzlə Haqq dünyasına apardınız. Buna görə özümü heç cür bağışlaya bilmirəm, heç olmasa siz məni bağışlayın, anacan. Canım qədər sevdiyim atam və anam. Bunu sizin ruhunuzdan təvəqqi və rica edirəm.
Canım-gözüm atam, ömrüm-günüm anam! Sizin üçün bu dünyada etmək istədiklərimi edə bilmədiyimə görə bağışlayın məni. Böyük şair Musa Yaqubun çox sevdiyim şeirindən bir misrasını xatırladım:

“Eləmədiklərim yandırır məni»

Sizin üçün etmək istədiklərimi edə bilmədiyimə görə, hələ də odsuz-alovsuz yanıram. Nə qədər bu dünyada varam, bu odun, bu alovun tüstüsü də yandıracaq məni. Bu od-alovun atəşi kövrək ürəyimi ömür boyu saracaq. Bu atəşin tüstüsü atasız, anasız qaldığım bu dünyamda yoxluğunuzdan gözlərimdən süzülən yaşı da yandıracaq. Anacan, atamın və sənin eşitmək istədiyiniz «Vağzalı» mənim üçün çalınmadı, bəlkə də, sizin eşitmək istədiyiniz o gəlin havası mənim üçün heç vaxt çalınmayacaq. Bilmirəm, bu, Allahın qismətidir. Allah-təala necə buyurur, elə də olsun. Bircə onu istəyirəm ki, atam da, sən də, məni bağışlayasınız.

P.S. Bu yazını göz yaşlarımla yazdım. Çox çətin idi bu yazını qələmə almaq. Bu yazını yazarkən nə çəkdiyimi özüm və bir də Allahım bildi. Anacan, yəqin biz dörd bacının taleyi belə imiş. Axı hamının taleyini Allah yazır. Elə ona görə də, Allahın mənim qismətimə yazdığı qəm-qüssəyə, kədərə, sevincə görə də Ona minnətdaram. Allah necə istəyir, elə olmağı məqbuldur.
Bu fani dünyada hərənin öz ömür yolu var. Sənin və atamın taleyi belə yazılıbmış. Fələyinizə nə deyim ki, sizi övladlarınızdan ayırdı. Çox arzularınız ürəyinizdəcə köçdünüz bu dünyadan.
Yoxluğunuz çətindir, çox çətin, anacan, atamın da, sənin də. Hə, hələ ki, dözürəm yoxluğunuza, sonsuz həsrətinizə, çox sevdiyim atam və anam.
Atamın və sənin adına yazdığım şeirlərdən təsəlli tapmaq istəyirəm. Bilmirəm, bu şeirlərdən təsəlli tapa bilirəm, yoxsa yox. Axı ata, ana itkisi yamanca ağır olur. Bu itkini yaşamaq həqiqətən çox dözülməzdir.
Yeriniz cənnət-behişt olsun, atamın da, sənin də, anacan. Allah sizə qəni-qəni rəhmət etsin, ruhunuz şad, məzarınız gül-çiçəkli olsun. Haqqınızı mənə halal edin, əziz anam və atam...

Xatirə Əziz (Rəhimli)
19 iyun 2013


Xəbəri paylaş

1 7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___