Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili: “Cəmiyyəti özbaşına buraxmaq olmaz”
Tarix: 28-05-2016 | Saat: 10:03
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Millət vəkili: “Cəmiyyəti özbaşına buraxmaq olmaz”

Deputat Adil Əliyevlə söhbət etmək məqamımız bir neçə dəfə təxirə salındı. Onun tez-tez səfərlərdə olması, yaxud boş vaxtımızın üst-üstə düşməməsi bu söhbəti ləngidirdi. Axır görüşə bildik. Zəng etdim, cavab verdi ki, idmandayam, saat ikinin yarısı görüşək. Razılaşdıq. Amma mən vaxtından tez getdim. Zəng etdim, bu dəfə telefonuna zəng çatmadı. Dəqiq adam imiş. Dediyi vaxtda həm telefonu zəngləri qəbul etdi, həm də özü idman zalından çıxdı. Ətrafında da idmançı dostları, sinif yoldaşları. Çay süfrəsinin ətrafında oturduq. Söz sözü çəkdi:

- Mənim müsahibə vermək fikrim yoxdur. Sadəcə, görüşək, söhbət edək dediniz, - dedi.

- Elə mən də söhbətə gəlmişəm. Müsahibə deyəndə bir qədər elə bilirəm ki, qeyri-səmimi söhbət edəcəyik...

- Siz çayınızı için, - sonra dostlarından birinə deyir ki, mürəbbəni yaxına çəksin və söhbətin davamını edir, - biz dövlətimizə xidmət edirik. Heç kim də bizi ruhdan sala bilməz. Neçə illərdir yazıram, sosial şəbəkədə paylaşıram, onları ortalığa çıxartsam, 5 ilin, 10 ilin yazılarıdır, görərsiniz ki, həmişə belə olmuşam. O vaxt dediyimi bu gün də deyirəm. Heç kim bizim nə bu dövləti, nə bu milləti, nə bu xalqı, nə bu prezidenti sevməyimizə məhdudiyyət, qadağa qoya bilməz. Biz, nəyin bahasına olursa-olsun, pul qazanmırıq, vəzifə istəmirik, millətə olan sevgimizi dilə gətiririk. İndi sevgimizi də əlimizdən alacaqlar? Bu millətə məhəbbətimizi necə öldürə bilərsiniz axı, - bu dəfə bədxahlarına müraciətlə deyir bunları, - danışırlar, yazırlar, generalın, deputatın qohumu belə etdi... Belə şeylərlə də mümkün deyil bu hissləri öldürmək.

Bilirəm ki, bir neçə müddət bundan qabaq idmançı bir gəncin yanacaqdoldurma məntəqəsində etdiyi xuliqanlığa görə həbs olunmasından, mediada Adil müəllimlə o gəncin qohumluğundan bəhs edilməsindən və bu işdə onların da qınağa tuş gəlməsini nəzərdə tutur.

- Adil müəllim, belə başa düşürəm ki, o yazılar, dedi-qodular sizə doğrudan da mənfi təsir eləyib.

Etiraz etmir:

- Mənə mənfi təsir eləyib, düzdür, amma bu, məni heç vaxt ruhdan sala bilməyib.

- İndi ki təsadüfən o mövzuya toxunuldu, deyin, o gənc yaxşı bir işlə, uğurlu bir layihə ilə ölkənin, millətin adına şərəfli bir işlə gündəmə gəlsəydi, görəsən deyəcəkdilərmi ki, generalın qohumu bu işi görüb?

- Deməyəcəkdilər. Elə mən də onu deyirəm də. Baxın, gündə bir idman zalının açılışında çıxış edirik, Feysbukda da bunu paylaşırıq, işiqlandırırq. Niyə saytlar bunu vermir? Demək olar ki, hər gün bir hərbi hissəyə gedirik. Son bir il ərzində bizim 4-cü yarışımızdı keçirdirik, bir manat da bu dövlətdən pul güdmürük. Azərbaycanın elə yerlərində yarışlar təşkil edirik ki... Məqsədimiz də bölgələrdə idmanı inkişaf etdirmək, rayonlarda olan istedadlı uşaqları idmana cəlb eləməkdir. Şərt deyil bu insanlar Avropa, Olimpiya çempionu olacaqlar, şərt odur ki, bu insanlar sabah səngərdə düşmənlə üz-üzə gələcəklər. Bu uşaqlar sabahının əsgəridir. Sənin, mənim, bizim ana-bacılarımızın müdafiəçiləridir. Düşmənlə üz-üzə gələcəklər, biz həm də döyüşçü hazırlayırıq. Baxın, bunu bizə irad tutanlar var. Bu insanların təfəkkürü Biləcəridən o tərəfə keçməyənlərin təfəkkürüdür.

Ürəyimizi açdığımız insanlar var

- Adil müəllim, bizdə fərdi idman növləri yaxşı inkişaf eləyib. Amma nədənsə bizimkilər elə xaricdən daha çox idmançı alıb onları çempion eləməyin tərəfdarlarıdır. Burda bəlkə qara bir şey var?

- Burda heç bir qara şey yoxdur. Yəni əgər bu gün xaricdən idmançı dəvət edən futbol, bir az güləş növüdür. Güləşi götürək. Güləşdə ağır çəkili güləşçilərimiz yoxdur. Yəni bu gün azərbaycanlı gəldi dağıstanlını uddu, Güləş Federasiyası dedi ki, qardaş, sən dağıstanlını udmusan, amma səni beynəlxalq yarışa buraxmıram, dağıstanlını göndərirəm? Yəni elə şey yoxdur. Legionerlərin gəlməsi isə gözəl bir işdir. Qoy gəlsinlər, rəqabət olsun. Eyni adam nə qədər eyni adamla güləşər. Bir var 5 nəfərlə güləşirsən, biri də var 25 nəfərlə.

- Bəzən legionerlər Azərbaycanda kifayət qədər ad-san, pul-para qazanıb gedir və ölkəmiz haqda xoş olmayan söhbətlər edir. Adil müəllim, sizinlə “Xatirə dəftəri” layihəsində söhbət edəcəkdim. Gənclik illərindən idman sahəsindəsiniz, polisdə işləmisiniz, bu gün parlamentdəsiniz. Dostlarınızdan burada olanlar var, əksəriyyəti də idman məktəbindən üzü bəri bir gəldiklərinizdir. Bəs parlamentdə necə, dostlarınız var? Onlarla fikir mübadiləsi apara bilirsiniz?

- Çoxdur, niyə yoxdur ki? Var əlbəttə... Parlamentdə dost deyəndə, çoxuyla tədbirlərdə bir yerdə oluruq, boş vaxtımızda, Milli Məclisin iclasında, tənəffüslərdə bir yerdə çox oluruq. Əgər biz orda təmsil olunuruqsa, təbii ki, orada da bizim ünsiyyət qurduğumuz, ürəyimizi açdığımız insanlar var.

- Bəs o susqun millət vəkilləri var ha, sizdən və bir neçə deputatdan fərqli olaraq səsləri çıxmır, müzakirələrə qatılmırlar, onlarla necə, fikir mübadiləsi aparmaq olur?

- Millət vəkillərinə susqun demək düzgün deyil. Millət vəkili orda danışmaqla millət vəkili olmur. Millət vəkillərinin təmsil olunduğu komissiyalar, müxtəlif dövlətlərin parlamentləri ilə dostluq qruplarından tutmuş bütün beynəlxalq təşkilatların üzvü olan millət vəkillərimiz var. Məsələn, bütün beynəlxalq təşkilatlarda təmsili olunan millət vəkilləri var ki, ola bilsin, Məclisdə bir dəfə də danışmayıb, ancaq beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini layiqincə qoruyub. Millət vəkillərinə susqun demək olmaz. Mən heç birinin barəsində pis fikirləşmirəm. Allah hamısına ömür versin. Sadəcə, insanlarımız hər şeyi görür, bilir. Yəni bu gün belə tendensiya var ki, millət vəkilləri danışmır. Bilirsiniz, bir gündə dörd saat iclas olur. 10-20 qanun layihəsi çıxarılır müzakirəyə. Və bir dənə qanun layihəsində bütün millət vəkilləri fikir bildirsə, o bir gün bəs eləməz ona. Və görürəm ki, məndən öncə demək istədiyimi dedilər. Camaatı eyni problemlər narahat eləyir də. Tutaq ki, mənim onu deməyimə nə ehtiyac var ki? O, artıq pafosdur. Mən çıxım eyni şeyi niyə təkrarlayım?!

Belə məsələlər çox müzakirə olunur

- Polisdə işləmisiniz...

- Yasamalda da işləmişəm, Nərimanovda da. Bu ərazilərin hamısı 16-cı bölmənin əraziləri idi. Mən o bölmənin rəisi olmuşam. İşlədiyim ərazidən namizədliyimi vermişəm.

- Olub ki, polisə gətirilən kiməsə qarşı sizin tərəfinizdən haqsızlıq olsun?

- Əslində, əsil polis işçiləri polis nəfəri, serjant kimi posta çıxanlar, polisin bütün iç üzünü görənlərdir. Polisdə olan hər şeyi bilən adamlar, bax, onlardır. Yəni mən polisə birbaşa zabit kimi gəlmişəm. Hərbi dəniz qüvvələrindən köçürülmüşəm. Müdafiə Nazirliyindən nadir halda polisə keçmək olur. Polisdən hərbiyə təbii ki, gedən yoxdur, amma hərbidən polisə əgər bir neçə nəfər olubsa, biri də mənəm.

- Adil müəllim, bu günlərdə statusunuzda oxudum, çox şeylər var ki, bir vətəndaş, millət vəkili olaraq sizi qane eləmir. Nədir bunun çıxış yolu?

- Təbii ki, belə məsələlər çox müzakirə olunur. Yəni mətbuat üçün çox şeyləri biz dilə gətirmirik. Ancaq ona baxmayaraq, hər nə cür çətinliklər olursa-olsun, bu məsələdə millətin birliyi, millətin birləşməsi, həmrəyliyi çox böyük rol oynayır. İçməyin əleyhinə deyiləm, amma buna baxmayaraq, istəyirəm ki, gənclər daha çox idmanla məşğul olsunlar, nəinki içki içsinlər, siqaret çəksinlər. Yəni belə şeylər milləti zəiflədir. Millətin güclü olması üçün insanlar sağlam düşünməlidir. Biri var, dumanlı başla fikirləşir. Biri də var - ayıq başla. Dumanlı başla insan tələsik heç nəyə nail ola bilməyəcək.

Kimsən sən, hansı vəzifəni tutmusan?

- Adil müəllim, tək və ya dostlarla olanda, ötənlərdən daha çox nələr xatırlanır?

- Vallah, elə bizim hər addımımız xatirədir də. Bir sinifdə oxumuşuq. İdman təmayüllü internat məktəbində keçən günlərimiz başdan-ayağa xatirələrlə doludur. Çox şey danışmaq olar. Ancaq indi kiminsə barəsində danışmaq, xatırlamaq onun zəif yerini göstərmək kimi çıxar. Bu o insanı ələ salmaq deməkdir.

- Vaxtınızı çox almadım ki?

- Açığı, yenə deyirəm, mən müsahibə vermək fikrində deyildim. Söhbət eləyirdik biz. Çox vaxt müsahibə verməkdən yayınıram. Nəyə görə? Baxın, 125 millət vəkili var, sizin dediyiniz kimi, nə qədərsə adam ortalıqdadır. Sabah deyirlər ki, kimsən sən, hansı vəzifəni tutmusan, nə məsələ həll eləyirsən ki, gündə mətbuatdasan. İndi mən deyə bilmirəm axı, ay qardaş, mən xahiş eləmirəm ki, gəlin məndən müsahibə alın.

- Demək, iradlar var. İradlar dost-tanış tərəfindəndir?

- Heç kim mənə göstəriş verə bilməz. Cəmiyyəti düzgün istiqamətləndirmək, hər bir adamla fərdi şəkildə işləmək, cəmiyyətin qayğısına qalmaq lazımdır. Cəmiyyəti yönləndirmək gərəkdir. Cəmiyyəti özbaşına buraxmaq olmaz.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___