Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xatirə Əziz: «Vətənə oğul olmuşam»
Tarix: 21-05-2016 | Saat: 14:09
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Xatirə Əziz: «Vətənə oğul olmuşam»
Sevgidən yarımamaq mənim günahım deyil...


Bəllidir ki, qadın bütün varlığı ilə bir şəfqət abidəsidir; bu şəfqət onun yaradılış və təbiətindən qaynaqlanır. Yazımızın qəhrəmanı da qadındır: qeyb aləmlərinə biganə olmayan və ruhunun qapısı açıq olan mübarək bir qadın. O, ailə içində sanki bir Qütb ulduzudur, lakin əhvalı sa­bit deyil, həmişə öz yerində durmur. Narahatdır, öz məhvərində dolanır, mənsub olduğu ailənin digər üzvləri öz varlıqlarını daim onun şəxsində formalaşdırır və ona bağlılıq içərisində öz məqsədlərinə doğru yeriyirlər...
...Biz belə yetkin və kamil bir qadının qarşısında ruhumuza o biri dünyanın mərhəmət, şəfqət və gözəlliklərinin hər an sızdığını hiss edir və daxili aləmimizin dərinliklərində daim axirət aqibətli olmanın sevinci ilə titrəyirik. Bizə görə, qadın analıq ən­ginliyi ilə səmalar qədər geniş və könlündə göylərdəki ulduzlar qədər hisslərin, düşüncələrin coşduğu bir hiss və mərhəmət yumağıdır.
Nə isə, mətləbdən uzaq düşməyib müsahibimizi təqdim edək. Xatirə Əziz (Rəhimli) - Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «QafqazPRESS.az» İnformasiya Agentliyinin və «Qafqaztv.az» xəbər saytının rəhbəri, «Azərbaycan uğrunda» qəzetinin təsisçisi və baş redaktoru, şair-publisist, Vətən sevgili insan, ünvanına daha nə qədər yaraşıqlı söz deyə biləcəyimiz bir vətəndaş. Onunla söhbətimiz dərin hisslər doğurur. İlk sualımız da ənənəvi xarakter kəsb edir.

- Xatirə xanım, siz də bilirsiniz ki, zaman reallığı həyat zərurətləri üçün ünvansız keçidlərdir. Bilmək istərdik, bu keçidlər sizi hansı çətinliklərə tuş edib?
- Həyatı başa düşmək çətin məsələdir. Uşaq vaxtımın zaman reallığı bu günüm üçün də eynidir: yəni o vaxt anlaya bilmirdim yaşadığımız həyat bizi hansı keçidlərə çəkir, bu gün də onun çək-çevirlərindən baş aça bilmirəm. Təkcə ata və anamın çətinliklər girdabında çabalamaları mənə inandırıcı görünür. Atam, anam övladlarına daim gözəl, xoş ömür sürməyi arzulardılar, xoş talelərlə qarşılaşmaq istərdilər, ancaq hər za­man aradıqlarını tapa bilməzdilər, bəzən ümidləri puça çıxardı. Bəzən rüzgar onların arzu və istəklərini sovurardı... Məhz belə vaxtlarda onlar inləyər və özlərinə yer tapa bilməzdilər. Ah-fəqanları ilə için-için coşar, göz yaşları ilə dərin nəfəs alardılar. Bəzən də üfüqündə zühur edən gözəlliklərlə uşaq kimi sevinər və hamıya piyalə-piyalə sevinc paylayardılar. Hər halda, belə bir cənnətlik ata-ananın kölgəsində şəfqət və nəvazişlə böyüyən uşaqların da - yəni bizim - dörd bacı, üç qardaş - ruhani varlıqlar kimi daim ucalıqlara yol yoracağımız o zamandan bəlli idi.
Atamın, anamın tale çevikliyi bizi bütün çətinliklərdən qorumağa yetmirdi. Lakin onların müqəddəslik ələdiyi bir yuvada, bir ailədə doğulub böyümə xoşbəxtliyi nəsib olub bizə.


- «Ana həsrətli günlərim» adlı yazını oxuyuruq. Ürək çırpıntısı ilə könül sızladan bu yazıda təmtəraq yoxdur, inandırıcı övlad sevgisi var. Bu yazıda özünüzü günahkar sanırsınız. Ancaq taleyə qarşı gəlmək sizin işiniz deyil axı...
- Tale çox vaxt kor və lal olur. Nə zaman arzu selində kükrəmişəm, onun tərpənməyə halı olmayıb. Elə ata və anamın da mənə aid arzularına sədd çəkən odur. Atamın-anamın bir arzusu vardı: məni ağ gəlinlikdə görsünlər. Fəqət, zalım fələk buna yol vermədi; nə mən ailə qura bildim, nə də onların istəklərinə gün düşmədi. Məni yandıran da budur. Atamın-anamın gözləri önündə ölüm tüğyan edəndə də onlar sanki əcəldən möhlət istəyirdilər - baxışları ilə məndən nigaran getdiklərini ifadə edirdilər. Dərd odur ki, onlar mənə arzuladıqları ağ gəlinliyi kəfən olaraq özlərinə bükdülər.

- Qəm eləməyin, təbii ki, «ötən günə gün çatmaz», lakin qarşıdan gələn günün də böyük həyat həqiqətləri ola bilər.
- Doğrusu, buna inanıram da, inanmıram da. Bilirsiniz, böyük bir ailənin ağırlığını daşıyıram. Ailə qursam belə, ürəyim onların yanında qalacaq. Ailə həyatını ürəksiz necə yaşamaq olar?

- Doğrudur. Lakin açıq-açığına özünüzü ailə üçün fəda edirsiniz...
- Mənə ailəm, yaradıcılığım və Vətənim qədər əziz heç nə yoxdur.

- Maraqlıdır, çoxları maddi maraq güdürkən, siz səngərlərdə - əsgər qoxusu gələn dar keçidlərdə ömür «xırdalayırsınız».
- Bilirsiniz, mən anamı itirmişəm. Bu gün Vətən mənə analıq edir. Əlbəttə, mən onun qoynunda olmalıyam.

- Vətən sevginizə şübhəmiz yoxdur. Sizinlə əlaqəli «Vətən sevdalısı» yazımda da bu ali hissə işarə etmişəm. Çoxumuza məlumdur ki, siz ən narahat vaxtlarınızı belə səngərdə keçirir, düşmənlə üz-üzə dayanan qəhrəman əsgərlərlə görüşür, onların xidmət şəraiti ilə yaxından tanış olur, jurnalist və şair sevginizi onlardan əsirgəmirsiniz.
- Əmin olun ki, bu, daim belə olacaq.

- Belə deyək ki, sevgidən yarımamısınız: əslində, bilirik ki, daxilinizdə Leyli sevgisi qədər (bəlkə də çox) eşq odu var, yaradıcılığınızın əsas ana xətti də sevgi hissləridir. Lakin həyat-tale israrları sizi ailə məkanına sarı getməkdən yayındırıb. Şeirlərinizin əksərində insan ürəyinə güc-təpər verən əzəmətli sevgi sıçramaları var. Məsələn, «Sən gələn yollar» şeirinizdə olduğu kimi. Təbiidir, hər şairin öz ilham pəriləri olur. Ancaq bu şeirdəki yol üstədki adam pəri timsallı deyil, canlı aşiqdir. Bilmək olarmı, yolunu gözlədiyiniz o bəxtəvər kimdir?
- Açığı, adını çəkdiyiniz şeirimdəki ləngər, aşiqanə müraciət ürək çırpıntılarımın həyat duyğularıdır. Bəzən özüm də inanıram ki, yolunu gözlədiyim o şəxs elə o yolla mənə sarı gələcək. Sonra da əmin oluram ki, bu, sadəcə bir hissdir. Lakin Yunis Əmrə deyir: «İçimdə bir «mən» var məndən içəri...» Bu mənada içimdəki «mən» deyir ki, o, nə vaxtsa gələcək. Bir də ki, sevgidən yarımamaq mənim günahım deyil...

- Demək, hissiyyatın təsirinə tez düşürsünüz. Bəlkə elə sizi özünüzdən alıb qeyri-məlum səmtlərə aparan sarsıntılar bu təsirlə əlaqəlidir? Bu ictimai məğzi «Alıb əlimə başımı gedirəm» şeirinizdə də aydın görmək olur. Allah xatirinə, hara getdiyinizin fərqindəsinizmi?
- Tale yolumun qapısı açıqdır; baxmayaraq ki, həyat öz israrları ilə məni çək-çevirdə sıxır. Ancaq hara getdiyimin fərqindəyəm. O səbəbdən ki, Uca Allah mənimlədir. Allahın müəyyən etdiyi yol da təbii ki, işıqlı olmalıdır. Başımı əlimə ona görə almışam ki, qiymətlidir, bədənimin üstündə ona xətər toxundura bilərlər.

- Fərqli haldır ki, hətta sevgi müraciətlərinizdə belə, bir Vətən amalı var. Bunu necə əlaqələqdirərdiniz?
- Bilirsiniz, Vətən ayaq basdığımız hər yerdir. Ayaqlarımın dəydiyi hər qarış yerdə içimdən bir sevgi hayqırır - yarısı Vətən yanğısı, yarısı vətəndaşlıq hissi. Bu iki amil birlikdə həyat duyğularımda oxşar zəminlər doğurur. Ola bilsin, Vətənə bağlılığım bununla əlaqədardır.

- Səmimi bir sual vermək istəyirik: Vətənimiz qorxmaz, cəsur oğulların əhatəsindədir. Belə halda sizin «Vətənə oğul olmuşam» fikriniz hansı anlama gəlir? Məgər Vətən üçün oğul olmanıza lüzum varmı?
- Sual üçün təşəkkür edirəm. Mən də sevinirəm ki, Vətənimiz Azərbaycan mərd və cəsur oğulların əhatəsindədir, Onun bu gün mənim oğul olmaq imkanıma ehtiyacı yoxdur. Lakin Vətən keşiyində duran qorxmaz oğullar görəndə ki, bir qadın Vətən üçün oğul olmaq istəyir, istər-istəməz onların Vətən sevgisi bəlkə də yüz dəfə artar.

- Yəni demək istəyirsiniz ki, onlarda qısqanclıq yaranar?!
- Bir növ, belə anlamaq olar.

- Doğrusu, maraqlı məqama toxunduq. Lakin atalarımız əbəs yerə deməyiblər: «Aslanın erkəyi, dişisi olmaz»... Bunu da bilirik ki, səngər yaşantılarınızı «Cəbhə həqiqətləri» adlı kitaba düzürsünüz. Sirr deyilsə, o kitabı nə zaman oxuyacağıq?
- Yazılası hələ çox gerçəklər var. Ola bilər, bu kitab bir qədər yubansın.
- Əməksevərlik zəhmətlə qoşalıq yaradır. Həm də çağdaş həyat təkcə öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin elə makro-strukturu, yalnız böyük miqyaslarda üzə çıxan elə qanunauyğunluğu vardır ki, bunlar heç vaxt nəzərdən qaçırılmamalıdır...
- Bəli, bu zəmin ictimai diqqətçəkmələri həm də məhz çağdaş proseslərin iştrakçısı kimi nəzərə çatdırır. Bu mənada, insan ömrü də o tarixi qatlarda təzahür edir. Şübhəsiz, mənim də - ürəyi Vətən sevgisi ilə dolu olan vətənpərvər bir qadının da həyat-tale məsələləri bu aspektdə diqqət çəkməlidir.


- Bəzən insan çöhrəsində fiziki-ruhi əlamətlər özünü aydın xarakterizə edir. Sizdə də bu vəziyyət tez-tez özünü büruzə verir...
- Bilirsiniz, insan-vətəndaş dediyimiz fərd vətənpərvər, zəhmətsevər bir insan olmaqla, ürəyini həm də daim xoş niyyətlərə kökləməlidir; həmçinin Vətən amili onun üçün ən uca amil olmalıdır. Məhz müstəqil dövlətimizin apardığı siyasətin kökündə də vətəndaşlara dövlət qayğısının gücləndirilməsi, onların dövlətçilik işində fəallıqlarının artması, bunun üçün mühüm addmların atılması vacib bir məqam kimi diqqət çəkir. Zəhmətdən qaçmaq, Vətəndən can əsirgəmək bizim həyata baxışımıza zəmin yaradan ideoloji çək-çevirlərə zidd gələr.

- Əslində, zəhmətsevərlik ədalətli olmaq anlamı da kəsb edir. Bu mənada sizin Vətən sevdanız çoxları üçün görkdür.
- Təşəkkür edirəm. Vətənə canım fəda.

- Yaradıcı iş dəqiq yanaşmalara sirayət edir. Siz necə düşünürsünüz?
- Yaradıcılıq təkcə ədəbiyyat kodeksi deyil, bunu Vətən amili üçün də keçici hesab etmək olar. Məsələn, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Bu mənada Azərbaycan xoşbəxt dövlətlərdən biridir. Hər bir dövlətin uğurları bu konkret amildən asılı olur. Yəni qurucu-yaradıcı iş sayəsində müasir Azərbaycan reallığı əks olundu. Bir növ, «Müstəqil Azərbaycan» adlı bir trilogiya yazıldı. Və bu ənənə çox şükür ki, bu gün də layiqli şəkildə uğurla davam etdirilir.

- Bayaq dediniz ki, yaradıcılıq sizə Vətən qədər əzizdir. Bəlkə bu səbəbdən söz boxçasında zaman aşırımları həyat fəlsəfəsi qədər önəmlidir?
- Ola bilər. Həyat gerçəkliyi, zaman aşırımları ədəbi hissləri bəzən qeyri-məlum səmtlərə yuvarlayır. Bunun üçün yaradıcı olmağın özü haradasa həyat boyu əziyyət çəkmək anlamı kəsb edir.

- Səmimi deyək ki, çoxlarından fərqli olaraq ədəbi fəaliyyətinizdə - yaradıcılığınızda və hətta hazırkı sakitliyinizdə belə ictimai hisslər milli təfəkkürə istinad edir. Doğrusu, bu prosedur həyat fəlsəfəsi fonunda mental dəyərlər aşılayır, nəticədə həyat qayəniz təmiz əxlaqdan keçmək imkanı qazanır.
- Çalışıram ki, qələmə aldıqlarımda zaman gerçəkliyi ehtiva edim. Belə başa düşürəm ki, şeirlərimin çoxunun həyat gerçəkliyi bir az ictimai dürüstlükdə, bir az da inam və etiqadda xarakterizə olunur. Elə bilirəm ki, çox vaxt fikirlərim varlıqdan təşəkkülə keçir.

- Əslində, bu fikir doğrudur. Çünki yaradıcılığınızda varlıqdan təşəkkülə sürətli fikir paylaşması var. Bu prosesi nizamlayan da ola bilsin, sizin zamana olan əks yanaşmanızdır...
- Bilirsiniz, obyektiv idealizmin daşıyıcısı olmaq bəzən mümkünsüz olur. Bu zaman elə etməliyik ki, adi fikir və düşüncəmiz həyat «maraqları» ilə zidd olmasın. Əks halda insan olaraq inkara tuş gələ bilərik.

- Xatirə xanım, şeirlərinizin əksərində bir dərd təlatümü var. Sanki dərd sizə qucaq açır, siz də onu qucaqlamağa məcbursunuz. Hətta dərdləriniz belə deyək, Füzuli dağlarına bənzəyir - dərdi bu qədər ilahiləşdirməyə nə lüzum var?
- Elə bilirəm ki, məni dərd yaşadır. Dərd əslində, həyat yoludur - onun adı insanları qorxudur. Dərdə salam vermək tale israrlarından yaxa qurtarmaq anlamı kəsb edir. Bir sözlə, məni mətin və mübariz etdiyi üçün istəyirəm onun abidəsini yonum. Allaha şükr edirəm ki, mənə bu dərdləri verib.

- Fikirlərinizin əksərində ictimai hissiyyatların dəqiq ünvanı var.

- Yaradıcılığımın bir ünvanı da Vətəndir.

- Nə deyirik, Xatirə xanım, qoy Vətən sevginiz sizi gerçək bir «oğul»a çevirsin. Bir halda ki, yaradıcılığınızdan da Vətən keçir, sizə uğurlar arzulayırıq. Ancaq bir tövsiyəmiz var: Vətən üçün şəhid olma, şahid ol - onu daim uca tut!
P.S. Bizim düşüncə və xəyal dünyamızda qadın xilqət hadisəsinin ən mühüm rəngi, bəşəriyyət aləminin ən bərəkətli və sehirli rük­nü, evimizdə Cənnət gözəlliyinin qüsursuz bir timsalı, varlıq və sonsuzluğumuzun da ən sağlam təminatıdır: O, yaradılmamış­dan əvvəl Adəm Peyğəmbər yalqız, ekoloji sistem ruhsuz, bəşəriyyət müsibətlərə təslim, ailə bir ağacın koğuşu, hər hansı bir canlı və insan da öz ömür lampasının məhbusu idi. Nə yaxşı ki, QADIN gəldi...


Hikmət Məlikzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

Xatirə Əziz: «Vətənə oğul olmuşam»
Xatirə Əziz: «Vətənə oğul olmuşam»
Xatirə Əziz: «Vətənə oğul olmuşam»
Xatirə Əziz: «Vətənə oğul olmuşam»


Xəbəri paylaş

2 4008 dəfə oxunub.

Digər xəbərlər
27-05-2017, 11:21 Ramazan ayı başladı

bütün xəbərlər
____ Instagram ___