Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ
Tarix: 17-05-2016 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm / Maraqlı / Foto-fakt / Reportaj | çapa göndər

Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ

15 mayda çölə axdıq...
Daha dəqiqi Qusara...


Betonlardan yaşıllığa doğru

Biz avtobusda şüşəyə söykənib gəlib-keçən, sürətlə ötüşən mənzərələrə baxdıqca, yavaş-yavaş Bakıdan uzaqlaşdıqca düşündüm ki, şəhər gərginlik mənbəyidir. Gözümüzü döyənək eləyən divarlar, daşlar, dəmir-dümürlər, binalar bizi içimizdəki həyat sevgisindən uzaqlaşdırıb. Ona görə bu qədər aqressiv, ona görə bu qədər bir-birimizə kinliyik. Oysa, ağaclara, quşların səsinə qulaq kəsildikcə beynimizin içi necə də rahatlaşır... Yolda gedə-gedə Qan Turalı ilə bu barədə danışırdıq.

- Sən hər şeyi buraxıb belə bir yerdə yaşayarsan?

Əslində, o yaşıllıqda çayın şırhaşır axdığını duyduğumuz anda hamımızın cavabı eyni olacaq: “Əlbəttə. Bu nə sualdı verirsən?”

Ancaq həyatın sərt qanunları var. O cür təbiət səni bezdirə bilər, ağaclardan, quşların səsindən, axar çaydan daşlara, divarlara sığınmaq istəyərsən. Çünki o daşlarda, divarların arxasında sənin sevdiklərin, dostların yaşayır, işin var. Nə yazıq ki, yarı robota çevrilmiş həyat sənin üçün daha maraqlı gəlir.

Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ

Çöl həyatı

Bu haqda söhbət etdiyimiz vaxt avtobus dayandı və biz meşənin çölündə bir sıra düzüldük. Çölçü klubunun rəhbəri Eltən bəy sıranın başına çıxıb danışmağa başladı. Qara eynəkli, başında çalma, dolu bədənli bu maraqlı adama baxanda onun vəhşi təbiət sevgisinə heyran qaldım. Danışdığı əhvalatlar mənə başqa bir həyatın mənzərəsini çizirdi. Bu həyat bizim yaşadığımız sönük, boz həyatdan deyildi, daha təbii, daha gerçək və daha vəhşi bir həyatdı. Burda sən vəhşi qanunlara tabe olmalı, dözümlülük göstərməli, hər əngəli aşa bilməlisən. Bu həyat pessimistlərin, Eltən bəyin dediyi kimi, heç vaxt heç nəyin düzəlməyəcəyini düşünən adamların yeri deyil. Onların həyatı yalnız və yalnız qaranlıq düşüncələrdən ibarətdir. Və bu adamlar hamını öz uçurumlarına düşürüb məhv edirlər. Eltən bəy ürəyi yana-yana danışırdı: “Bu insanlardan uzaqlaşın. Çöl həyatı yeni insanlar qazandıracaq sizə. Burdakı insanların hamısı enerji daşıyıcısıdır”.

Elton bəyin sözünə qüvvət, sağımda-solumda durmuş gənc xanım və bəyləri görəndə başqa bir dünyanın sakinləri ilə qarşılaşmış kimi oldum. Onlar bellərində çanta, başları çalmalı, papaqlı günəşə axın edirlər, deyirlər ki, günəşin ələ keçirilməsi çox yaxındadır. Hamısının üzündə gülüş dostcasına bir-birinə baxırlar. Onlar çöl həyatına atılan, yaşamaq uğrunda mübarizə aparmaq istəyənlərdir. Onları heç kim durdura bilməz. Çölçülər yemirlər-içmirlər, gecə-gündüz dağa dırmaşırlar, gəzirlər, yatmırlar. Zarafat edirəm. Bir an inandınız deyəsən?

Ən yaxşısı gəzintidə bizə yardımçı olacaq müəllimimiz Bünyamin bəyi dinləyək: “Mən bura Erzurumdan gəldim. 7 idman növü ilə məşğulam. Oxçuluq, dağçılıq, dalğıc və s. Çöldə gəzmək çətindir. Asfaltda gəzməyə bənzəməz. Hamı ayaqqabıların sıx-sıx bağlasın”.

Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ

Yürüyüş

Eltən bəy hamını iki cərgə düzdü. Yürüyüş başladı. Yadıma əsgərlik düşdü. Birdən cərgələr pozuldu. Elton bəyin qəzəbli səsi gəldi. Təklif etdim ki, əsgərlikdə olduğu kimi hər kəs əlini qarşısındakının çiyninə vursun və çiyin məsafəsində geri çəkilsin. Buna isə təbii ki, hamı gülüşdü.

Biz getməkdə olaq sizə “Çölçü Axını”nın çağırışını deyim, siz də bilin: “Darıxdırıcı iş rejimindən, şəhər adlandırdığımız "beton cəngəllik"dəki səs-küydən yorulub, təbiəti kəşf etmək, çöldə yaşamağın sirlərini öyrənmək, yeni dostluqlar, dönə-dönə xatırlanacaq anlar yaşamaq istəyirsən? ““Çölçü Axını”na sən də qoşul. Çölçü çağlamazsa, şən yaşamaz”.

“Çölçü Axını”ında qoşulmaq üçün bu əşyaları özünüzlə bərabər gətirmək lazımdır: çöldə rahat gəzmək üçün rahat ayaqqabı, ehtiyat geyim 2 dəst köynək, 2-3 cüt corab, qara gün eynəyi, şəxsi apteçka, kürək çantası, baş və əl fənəri, cib bıçağı, kibrit (alışqan), su qabı (termos), bir günlük yemək (buterbrod, bulka, peçenye, baton şokolad və s.), şəxsi turist fincanı (kofe və ya çay içmək üçün), fit (əlaqə saxlamaq üçün).

Ancaq mən hazırlıqsız getmişdim. Çünki bundan əvvəl “Çölçü Axını”nın iki yürüyüşü olmuşdu və onlara qoşulmamışdım. Ayaqqabıma baxa-baxa axınla birgə son mənzilimiz olacaq Hil kəndinə sarı gedir və öz-özümə yalvarırdım ki, cırılıb eləməsin, yolda qalmayım. Fiziki gücümün azlığını də nəzərə alsaq, işim çətin olmalıydı.

İki cərgə getməkdə davam edirdik, gün də başımıza şaxıyırdı, heyf ki, papaq götürməmişdik. Arada cərgələr pozulurdu və biz Eltən bəyin “dur” komandasını eşidib dayanırdıq. Nə az, nə çox, 70 nəfər idik. Çölün də öz qaydaları var axı. Nizamsızlıq olarsa, qaydalar pozularsa, o zaman işimiz fırıq olar. Bələdçilər bizi tez-tez təlimatlandırırdı. Bəziləri düşünürdü ki, bu elə-belə istirahətdir, bir yaşıllıq yerdə dayanıb azuqələrimizi çıxaracaq, hətta kabab qalayacaq, yeyib-içib axşam da yola düşəcəyik. O bəzilərinin içində mən də var idim. Bu mövzuda zarafatlarım camaatı əyləndirsə də, Eltən bəyin səsini eşidirdim.

Gah gün çıxırdı, gah da kölgə düşürdü üstümüzə. Ayaq səslərimiz çölün düzündən gələn quş səslərinə, yarpaq titrəyişinə qarışmışdı. Bir azdan gölün qabağında dayanıb dincəlməyə qərar verdik. Bu gölün adını heç kim bilmədi və onu “Adsız” adlandırdıq, xatirə fotosu çəkdirib təzədən yolumuza davam elədik.

Hələ çətini qabaqda idi, təpəyə dırmaşmalıydıq. Hamının üz-gözü qıpqırmızı olmuşdu, tər də nə qədər istəsən. Hocamız Bünyamin bəy də dedi ki, bu çox yaxşıdı, bədəninizdəki mikroblar çölə çıxır. Ayağımızın altındakı torpaq, daş-çanaq bizi durdura bilməzdi. Biz irəli getməliydik. Geriyə qalan çölçü nizamı pozardı yoxsa.
Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ


Şaman

Yürüyüş zamanı bir nəfər özünü pis hiss elədi. Klubun rəhbəri Eltən bəy dedi ki, aranızda həkim varsa kömək eləsin. Bir cavan oğlan meydana çıxıb sinəsinə döydü: “Mən həkiməm”.

- Nə olub sənə? – soruşdu.

- Allergiyadı deyəsən.

- Mən diş həkimiyəm axı.

Bir gülüşmə düşdü ki, elə bil çölə ildırım düşdü.

Bu vaxt pırpız saçlı bir kişi əlində dəf meydana çıxıb dedi ki, mən həll edərəm. Oğlanın qabağına çıxıb dəfi çaldı, bir-iki dəfə “hu-hu” elədi.

Ordan-burdan səslər gəldi:

- Şamandı bu kişi...

Bir səs səsi gəldi bu vaxt:

- Şaman olan vaxt allergiya var idi?

Bu suala şaman adlanan kişi də güldü. Sonra yolumuza davam elədik. “Şaman dayı” ilə söhbətləşdik. Dedim ki, mən şamançılıq haqqında öyrənmək istəyirəm.

- Çin dilini öyrənə bilərsən?

- Müəllim, bir dəf çalmaqdı da...

- Yox, elə deyil. Gərək harmoniyaya girəsən, təbiəti hiss edəsən. Mən 200 dəfə dəfi vursam, istənilən qadını transa salaram. Şamançılıq çox çətindi.

- İstənilən qadını?

- Hə...

- Hər kişiyə lazım bir şamansınız.

Ayaq səslərinə təzədən gülüşlər qarışdı...

Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ

Çöldə itmək də var...

Qabağımda gedən qız elə hey saçı ilə oynayırdı, hiss elədim ki, saçını yığmaq istəyir. Nəsə tapa bilmədik, hicablı bir xanımdan təklif gəldi: çələng eləyək. İkimiz çəmənliyə düşüb çiçək topladıq, o da çələng hördü. Dəstə irəliləyirdi, gün yandırıb-yaxırdı, hicablı xanım qızın saçına çələngi hörürdü. Güllər qızın saçında qarışdı, yarı çəmənliyi xatırlatdı saçı. Ayağa durub dəstənin arxasınca getməyə başladıq. Birdən nə olsa yaxşıdır? Səs-səmir kəsildi, insan hənirtisi gəlmədi. Ətrafdan yalnız quşların cikkiltisi, yarpaqların titrəyişi eşidilirdi.

- Ay da itdik!

- Neyləyəcək indi?

- Bizi buraxıb getdilər!

Bir anlıq sevindim ki, macəra yaşayacağıq. Təbii, qızlara bunu demədim. Onların gərginliyini aradan qaldırmaq üçün dedim ki, narahat olmayın, bura Amazon deyil, cəngəllik deyil, bizi tapacaqlar, özü də telefonumuz var, biri ilə əlaqə saxlayarıq.

Hicablı xanım çox rahat idi, dediklərimi eşidib gülümsündü. Ancaq o birisi qız əsəbi idi, dil qəfəsə qoymadan danışır, axşamı burda keçirəcəyimizdən qorxurdu. Nə qədər ona dəstək dursaq da, olmadı ki, olmadı.

Axırda qaça-qaça gedib dəstəyə çatmağı düşündük. Yolumuzun qabağına nə çıxsa yaxşıdır? Qorxmayın! Canavar deyil. Palçıq. Qız elə qışqırdı ki, özüm də səksəndim. Yox bu bataqlıq deyildi, lilli, palçıqlı yoldu. Əl-ələ tutub birtəhər keçdik, torpaq yola çıxdıq. İndi zəng edirik götürən yox. Bir azdan set də itdi. İlk dəfə texnologiyanın geri qayıtması üçün dua etdim. Qışqırmaqla bir şey olan deyildi. Səhərdən ovunu hiss edib ətrafı dinləyən vəhşi heyvanlar kimi qulaqlarımızı dörd açıb insan səsi eşitməyə çalışırdıq. Ancaq heç bir səs-soraq yox idi. Birdən telefonuma mesaj gəldi. Açdım baxdım, Qan Turalı yazmışdı. Qızlar sağıma-soluma keçdi. Ancaq heç nə başa düşmədik mesajdan: “U...j y...tx...Ğ...” Üçümüz də qəfil güldük. Bu vaxt zəng gəldi: Qan Turalı idi. Ona harda qaldığımızı izah etdim. Bir azdan telefonda səs dəyişdi, başqa, qalın səsli bir oğlan danışırdı: “Ayxan, mən qışqıracam, səsimi eşidən kimi ora doğru gəlin”.

Yenə sakitcə ətrafı dinşədik, bir azdan çölün içinə güllə kimi bir səs dəydi: “Ehheey, bura gəlin”.

Qəhrəman bələdçilər bizi xilas etdilər. Yolda qızlar “nə maraqlı oldu, macəra yaşadıq” dedilər və təklif etdik ki, kampa çatanda bərabər çay içək, itdiyimiz günü qeyd edək.



Oxçuluq dərsi

Hil kəndi, Gilas bulağı deyilən yer. Hamı özünə yer eləyib öz azuqəsini qabağına töküb. Kənarda samovar, od yandırıblar. Bir az qıraqda çadır qurulub.

Bir azdan Bünyamin bəy oxçuluq dərsinə başladı. Macəranın içində dərs dinləmək bir az qəribə gəldi mənə. Bu arada 70 nəfərin içində şöhrət tapmışdım. Hətta Quba televiziyası məndən müsahibə aldı. Qan Turalı da dedi ki, gündəmə gəlmək üçün qəsdən yoxa çıxmısan. Mən də dedim, böyük yazıçılarda belə şeylər çox olur. Hamı gülüşdü.

Bünyamin bəy dağçılıqla, eyni zamanda oxçuluqla professional məşğuldur. Sən demə, atın üstündə 300 metr qabaqdakı hədəfi vura bilir. Oxçuluğun tarixindən danışdı bizə, hər kəs öz suallarını verdi. Heç bilmirdim, öyrəndim: sən demə, ilk oxçu Adəm olubmuş. Sonra yavaş-yavaş yayılıb. “Ata spor”u deyir Bünyamin bəy. Osmanlı dönəmində qələbələr oxçuların, kəmagərlərin hesabına qazanılırmış.

Bir azdan yarışların başlanılması elanı verildi. Mən yorulduğum üçün oturub Bünyamin bəylə danışdım.

- Bünyamin bəy, məni sevgilim tərk etdi.

- Ya boş ver.

- Siz oxçuluqla məşğulsuz. Yəqin bilərsiniz, yunan mifologiyasında Eros var, ox atır və sevənləri qovuşdurur. Deyirəm, bir ox atardınız biz təzədən qovuşardıq.

Yanında xanımı vardı Bünyamin bəyin, bunu eşidəndə ikisi də şaqqanaq çəkdi.

- Şairsən sən qaliba. – dedi Bünyamin bəyin xanımı və gülümsündü.



İtən telefon


Elə bu vaxt yarış başlamışdı və ip dartanlar qəfil yerə yıxıldılar. Hakimin səsi eşidildi: “İp qalib gəldi”. Gülüş səsləri çölün üstünə yeridi. İpi düzəldib təzədən dartmağa başladılar və yenə ip qopdu, hərəsi bir tərəfə düşdü. Qarnımızı tutub təzədən güldük, yıxılanlar da bizə qoşuldu.

Növbəti yarışa keçdilər. Könülümə gəzmək düşdü, tək başına ağcalıqlara doğru getdim. Elə bu vaxt Elton bəyin səsi gəldi: “Diqqət! Bir xanımın telefonu itib”.

Bir sıra düzülüb yavaş-yavaş irəlilədik, ancaq telefon qabağımıza çıxmadı. Sonra çantalar ortaya qoyuldu, axtarışlar başladı. Yenə nəticə olmadı. Bir azdan Bünyamin bəy ox atmaq istəyənləri çağırdı. Hədəf taxtasının qabağına bir xeyli adam yığışdı. Bünyamin bəy dedi ki, oxu atanda yayı çəkib “Ya Hu” deyin. Bu vaxt kimsə qışqırdı, hamı səsə döyükdü, çevrilib baxdıq. Bir qız bayaq itən telefonu tapdığını dedi. Hamı bir nəfər kimi sevindi.



Son

Qaş qaralırdı, artıq çölçülər yığışıb yola düzəldik. Gedə-gedə mahnılar oxuyurduq, çölçü mahnıları. Hamı şən, sevincli idi. Təbiət bizi özümüzə gətirmişdi. Sanki hamı bir-birinə dost olmuşdu. Bir-birimizə gülümsəyirdik, gərginliyimizi ağaclar, yaşıllıqlar alıb götürmüşdü. Qaranlıqda ayaq səsləri oxuduğumuz mahnılara qarışmışdı. Bir az kövrək gəlirdi bu səslər. Bəlkə də təzədən daşlara qayıtmaq hər kəsi üzürdü. Gedirdik, sevincliydik, mutlu idik, qarşıda bizi “beton cəngəllik” gözləyirdi...



6378 dəfə oxunub.

Digər xəbərlər
28-03-2015, 16:06 Islamda qadın

bütün xəbərlər
____ Instagram ___