Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbulda Sabir Rüstəmxanlının 70 illiyi qeyd edildi
Tarix: 15-05-2016 | Saat: 03:57
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İstanbulda Sabir Rüstəmxanlının 70 illiyi qeyd edildi

İstanbulda Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illiyinə həsr edilmiş mərasim keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi və İstanbul metropol bələdiyyəsi tərəfindən təşkil edilən mərasimdə bələdiyyənin məsul işçisi Özcan Ünlü, azərbaycanlı şairin tərcümeyi-halını oxuyandan sonra onun yaradıcılığı barədə danışıb. TDAV başqanı Közhan Yazgan atası Turan Yazganın 1989-cu ildə Türkiyədən Bakıya heyət aparmasından sonra Sabir Rüstəmxanlı ilə aralarında yaranmış dostluğun bu gün də davam etməsindən məmnuniyyət duyduqlarını deyib.

Akademik, millət vəkili Rəfael Hüseynov mərasimdəki çıxışında Sabir Rüstəmxanlının sovet dövründəki yaradıcılığının və fəaliyyətinin milli cəhətləri barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüb. “İndi milli məsələlər barədə danışmaq asandır. Sovet dövründə milli məsələlərimizi gündəmə gətirərkən bizi həbs edirdilər, incidirdilər, kitablarımızı çap etmirdilər. Sabir Rüstəmxanlı o vaxtlar bizim milli düşüncəmizin inkişafında çox önəmli rol oynayan bir aydınımız idi. Onun ruh dünyası heç vaxt Azərbaycan Türklüyü ilə məhdudlaşmayıb. Ruh dünyası təlatümə gələndə Rüstəmxanlı Monqolustana gedib əski Türk yazılı abidələrinin önündə baş əyib. Heç kimin qabağında əyilməyən Sabir Rüstəmxanlının daşın önündə baş əyməsi sizə təəccüblü gəlməsin, Rüstəmxanlı daşın içindəki Türk ruhunun önündə əyilib”- deyə akademik Rəfael Hüseynov vurğulayıb.

Mərasimdə çıxış edən Marmara universiteti Türkiyyat araşdırmaları institutunun direktoru, professor Gülşən Alışık isə Sabir Rüstəmxanlının şeirlərinin poetik xüsusiyyətləri barədə dinləyicilərə geniş məlumat verib. Rüstəmxanlının ictimai-siyasi fəaliyyətinə də toxunan professor Alışık, onun “Ömür kitabı” əsərinin Türkiyədə doğurduğu rezonans barədə ətraflı danışıb. Gülşən Alışık,Türkiyədə milli şüurun daha da güclənməsində Rüstəmxanlının bundan sonra da önəmli rolu olacağını vurğulayıb.

İzmirdəki 9 Eylül universitetinin professor Əli Yavuz Akpınar, Sabir Rüstəmxanlıyla Bakıda 1978-ci ildə başşlayıb bu günə qədər davam edən dostluqlarından bəzi fraqmentləri dinləyicilərlə bölüşüb. “Mərhum vəkil İbrahim Bozyel ilə çıxardığımız “Kardeş edebiyatlar” dərgisində Sabir Rüstəmxanlının şeirlərini ilk dəfə biz çap etmişik. Sabir Rüstəmxanlı Cənubi Azərbaycan mövzusunu qətiyyən usanıb-yorulmadan öz yaradıcılıq gündəmində saxlayan bir söz ustasıdır. Onun misralarındakı poetik obrazların Cənubi Azərbaycandakı milli oyanış hərəkatları üzərində həmişə təsir gücü olacaqdır”- deyə professor Əli Yavuz Akpınar deyib.

Professor Firudin Cəlilov, Azərbaycanın müstəqilliyinə doğru güdən yolda Sabir Rüstəmxanlıyla birgə fəaliyyətlərinə dair xatirələrindən bəzi fraqmentlər danışıb. “Müstəqilliyimizə doğru gedən yolda biz Sabir bəylə çox sıxıntılar çəkdik, çox təzyiqlərə məruz qaldıq. Ancaq ən böyük arzumuz olan milli dövlətimizə qovuşduq”- deyə professor Firudin Cəlilov vurğulayıb.

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov mərasimdə çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan milli təfəkkürünün inkişafında rolu barədə danışıb.

Mərasimdə Azərbaycanın “Savalan” musiqi qrupu və müğənni Elçin Cəfərov, Sabir Rüstəmxanlının şeirlərinə bəstələnmiş mahnılar səsləndiriblər.

Mərasimin sonunda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı TDAV-a və İstanbul metropol bələdiyyəsinə təşəkkür edərək bir neçə şeirini oxuyub. Türkiyədəki bəzi QHT-lər Sabir Rüstəmxanlıya xatirə plaketləri təqdim ediblər.

Sabir Rüstəmxanlının İstanbul metropol bələdiyyəsi tərəfindən 10 min tirajla çap edilmiş “Yurdumun en güzel nağmesi” şeirler kitabı mərasim iştirakçılarına təqdim edilib. 296 səhifəlik kitabı türkcəyə filologiya elmləri namizədi Mayis Əlizadə tərcümə edib.


Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___