Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağı ermənilərdən azad edəcəyik”
Tarix: 09-05-2016 | Saat: 00:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Qarabağı ermənilərdən azad edəcəyik”

Azərbaycan ərazilərinin böyük bir hissəsi düşmən işğalında ikən 9 May Qələbə günündən danışmaq təbii ki, ağırdır və bununla bağlı cəmiyyətdəki əks fikirlər anlaşılandır. Lakin unutmayaq ki, söhbət yarım milyondan çox insanımızın da qatıldığı, 300 min qurban verdiyimiz dəhşətlərlə dolu dünya müharibəsindən gedir və üstəlik, həmin savaşda iştirak edənlərin hər hansı bir günahı yoxdur.

Bu gün İkinci Dünya Müharibəsinin çox azsaylı nümayəndələri sağdır. Onlardan biri, Naxçıvandakı məşhur Kəngərlilər nəslinin nümayəndələrindən biri, 92 yaşlı müharibə veteranı Ulduz Kəngərli ilə tam təsadüfən qarşılaşdıq. Avtobusa dayanacağında dayanmış bu nurani ağsaqqalın sinəsini bəzəyən “Qızıl ulduz” ordeni, “İkinci dərəcəli vətən müharibəsi qələbəsi ordeni”, digər orden-medallar diqqətimi cəlb etdi. Hal-əhvaldan sonra xatirə fotosu çəkdirmək istəyinin ardınca müsahibə niyyətimi də açıqladım və Texniki Universitetin professoru olan veteranımızla Musavat.com-un söhbəti alındı.

- Ulduz müəllim, müharibəyə getdiyiniz ilk günü necə xatırlayırsınız?

- 1941-ci ildə, müharibə başlayanda mən hələ 9-cu sinfi qurtarmışdım. O vaxt məndən 3 yaş böyük qardaşım Nurəddin Kəngərli Leninqradda ordudaydı və bütün müharibə boyu Leninqrad blokadasında olmuşdu, serjant idi, çoxlu ordenlər almışdı. Çox təəssüf ki, o, ağır yaralanmışdı. Qayıdandan sonra uzun müddət hospitalda müalicə olundu. Ancaq sonra dünyasını dəyişdi... Müharibə başlayanda biz də komsomol idik, vətənpərvərlik hissi də bizdə çox yüksək idi. Mən və iki yaxın yoldaşım getdik hərbi komissarlığa və xahiş etdik ki, bizi cəbhəyə yollasınlar. Ancaq bizə dedilər ki, sizin yaşınız çatmır, heç 17 yaşımız tamam olmamışdı. Mən 1924-cü ilin axırında doğulmuşam. Ona görə də məni hərbi məktəbə yolladılar. Bu səbəbdən 10-cu sinfi oxumadım. Bundan sonra mən artilleriya məktəbinə keçdim, dərslər də ruscaydı. Artilleriya məktəbini qurtarandan sonra isə...O zaman almanlar Qafqaza yaxınlaşanda dağ şəraitində artilleriya zabitləri tələb olunurdu. Ona görə də məni Tiflisə - Dağ Artilleriya Məktəbində təhsil almağa yolladılar. Orada 8 ay təhsil aldıq. Kiçik leytenant rütbəsi alandan sonra, 1943-cü ildə isə bizi 3-cü Ukrayna cəbhəsinə göndərdilər. Biz Baş Komandanın, yəni Stalinin himayəsində olan briqadada - Əlahiddə Tank Əleyhinə Qırıcı Artilleriyada olduq. Mən orada tağım komandiri kimi qulluq elədim.

- Hansı cəbhələrdə oldunuz? Ən ağır döyüşlərdən hansını xatırlayırsınız?

- Döyüşlərə Qərbi Ukraynadan başladıq, Rumıniya və Macarıstanı keçdik və Avstriyaya keçdik. Avstriyada, Obervart şəhərində müharibəni qurtardıq. Döyüşdüyüm alayın nömrəsi 1172 idi. Budapeşt Qvardiya Alayında qulluq edirdim. Yaşım nisbətən az olduğu üçün mən cəbhəyə gec getdim. Amma ən ağır döyüşlər Macarıstandakı Balaton gölünün yaxınlığında yerləşən Sitişvehervar şəhəri uğrunda gedib. O şəhər dəfələrlə əldən-ələ keçmişdi. Mən onun uğrunda bütün döyüşlərdə iştirak etdim, axırda onu tutduq.

- Döyüşlərdə siz də yaralanmışdınız?

- Yox, mən heç vaxt yaralanmamışam. Allaha şükür ki, sağ-salamat qayıtdım. Bir neçə dəfə güclü partlayış səbəbindən qulaqlarım tutulub, eşitməmişəm, yüngül xəsarətlər olub, ancaq faciəli bir şeylər olmayıb. Hətta bəzən məni qospitala yollamaq istəyəndə getməmişəm, çünki öz hissəmdən ayrılmaq istəmirdim.

- Müharibənin bitməsi, qələbə xəbərini aldığınız günü necə xatırlayırsınız?

- Biz Macarıstandan Avstriyaya keçəndən sonra, Obervart şəhərini azad edəndə artıq may ayı idi, xəbər gəldi ki, müharibə qurtardı. Biz artıq mayın 1-də bilirdik ki, müharibə qurtarır. Çünki son günlər artıq çox atışmalar da olmurdu. Mayın 1-də zabitlər üçün çox böyük bayram təşkil elədilər. Biz may bayramını keçirirdik. Artıq səngərlərdən çıxmışdıq və evlərdə məskunlaşmağa icazə verilmişdi. Çox möhtəşəm bir banket düzəldildi. Səhərdən gecə yarısına qədər davam etdi. Ancaq 1945-ci ilin 2 mayında, gecə yarısı, saat 1-dən sonra bir polkovnik gəlib elan etdi ki, Berlin ələ keçirildi. İndi təsəvvür edin, hamı da bir az içib və sair. Bu xəbərdən sonra tədbir səhərə qədər davam elədi. O gün bizim ən möhtəşəm bayramımız oldu.

- Sizinlə birgə müharibəyə gedənlərin neçəsi davadan sağ-salamat qayıtdı, heç sağ qalan, görüşdükləriniz varmı?

- Mən özüm Bakıya gəlmə adamam. Ona görə də mənim orta məktəb yoldaşlarım hərəsi bir tərəfə yayılıb. Bakıda ailəvi dostluq etdiyim bir neçə nəfər var. Mənim də bir az yaşım artıqdır, onların çoxu Allahın rəhmətinə gediblər. 2-3 nəfər qalmışıq, hərdən-bir görüşüb dərdləşirik. Bir müddət əvvəl mən bir dostumla, 9-cu sinfədək mənimlə birgə oxuyan Məhəmməd Quliyevlə tam təsadüfən Bakıda rastlaşdım. O da müharibədən sağ-salamat qayıdıb. Onun oğlu polkovnikdir, məni bağa qonaq apardılar, çox yaddaqalan bir görüşümüz oldu. Ancaq nədənsə son vaxtlar mən ona zəng edirəm, amma tapa bilmirəm. Dediyinə görə, nədənsə o, bir müddət Qazaxıstanda yaşayıb, sonra həyat yoldaşı rəhmətə gedib və təkrar bir rus qadınla evlənmişdi. Məndə belə bir təsəvvür yaranır bəlkə də o, həyat yoldaşının qohumlarının yanına qayıdıb. Oğlunun da telefonuna zəng çatmır.

- Kim bilir, bəlkə elə özü, ya övladları bu müsahibəni oxuyandan sonra sizi arayıb-axtaracaqlar, yenidən görüşəcəksiniz...

- Nə bilmək olar. Ancaq sizə deyim ki, o, bizim Yasamal rayonunda qeydiyyatdadır. Elə bu günlərdə bizim Yasamal Rayon İcra Hakimiyyətində icra başçısı İbrahim müəllimlə bir görüşümüz vardı. Baxdım ki, siyahıda da Məhəmməd Quliyevin adı var, ancaq özü yoxdur. Soruşdum, dedilər biz də bilmirik, bir müddətdir bura gəlib-getmir.

- Qayıdaq müharibənin bitdiyi dövrə. Müharibə başa çatdı və siz evə qayıtdınız, eləmi?

- Yox. Ondan sonra da orduda qaldım, 1947-ci ilə qədər. Çünki o zaman zabitləri buraxmırdılar. 1947-ci ilin əvvəllərində evə qayıtdım.

- Ağır müharibə həyatından sonra hansı işlə məşğul oldunuz?

- Mən evə gəldim və Neft-Kimya İnstitutuna daxil oldum. Paralel olaraq Moskvada Ümumittifaq Energetika İnstitutu var idi, ora da daxil oldum və hər ikisini bitirdim. Müharibə qurtarandan sonra məni hərbi təhsil keçmiş bir zabit kimi ordudakı serjant məktəbinə dəvət etdilər ki, orda dərs deyim. Mən orada hərbidə rabitənin istifadəsi ilə bağlı tələbələr hazırlayırdım, eyni zamanda hərbi kəşfiyyat dərsini deyirdim. Elə buna görə də mən ikinci instituta girdim. Mən ildə iki dəfə imtahanlarımı vermək üçün Moskvaya gedirdim. Ona görə də bir ay qabaq imtahanlarımı burda tək verirdim, Moskvaya gedirdim.

- Hətta sonra aspiranturaya da daxil oldunuz...

- Bəli, mən insitutları bitirəndən sonra aspiranturaya girdim. Neft sənayesində radioelektronikanın tətbiqi mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. Bu olub 1948-ci ildə. O zaman bizim Nazirlər Sovetinin Azərbaycanda radioelektronika, telekommunikasiya sahəsində ali təhsilin təşkilinin zəruriliyi ilə əlaqədar bir qərarı oldu. Məni də Politexnik İnstituta dəvət etdilər, çünki o vaxt ixtisaslı kadr yox idi. Ancaq mən o zaman böyük bir elmi tədqiqat laboratoriyasına rəhbərlik edirdim. Özü də doktorluq dissertasiyamı işləməyə başlamışdım, ona görə də getmək istəmirdim. Çünki işlədiyim institut - neftayırma sahəsində Elmi Tədqiat İnstitutu çox avtoritetli bir təhsil ocağı idi. Mən orda ayrıca laboratoriya təşkil etmişdim, hansı ki, Bakıda ən zəngin cihazlarla təchiz olunmuşdu. Ancaq məni bir kommunist kimi məcbur etdilər ki, Politexnik İnstituta gedim və bu sahədə ali təhsili təşkil edib. Elə oldu ki, 1961-ci ildə Politexnik İnstituta, yəni indiki Texniki Universitetə keçdim, orada yeni bir fakültə - radiotexnika, elektronika və rabitə fakültəsini təşkil elədim. O gündən başlayaraq biz Azərbaycanda al təhsilli mühəndislər hazırlamağa başladıq. Təbii ki, rektorluğun köməyi ilə Azərbaycanda bir kafedranın əsasənda 7 yeni kafedra, daha sonra isə iki yeni fakültə yaratdıq.

- Maşallah olsun, siz pedaqoji fəaliyyətinizi bu yaşda da davam etdirirsiniz...

- Mən artıq 62 ildir ali məktəbdə dərs deyirəm. Neft Akademiyasında dərs demişəm, Dəniz Akademiyasında da.

Həyatım boyu heç vaxt çalışmamışam ki, gördüyüm işlərdən danışım. Ancaq ölkədə gənc nəslin təhsilində, tərbiyəsində rol oynamağa çalışmışam. Mən 1969-cu ildə doktor elmi adını almışam, 70-ci ildən professoram. 2008-ci ildə də möhtərəm prezidentimiz mənə ölkəmizdə yeni texnologiyaların inkişafında oynadığım rola görə prezident təqaüdü verib.

- Heç olubmu ki, Stalin uğrunda, sovetlər uğrunda döyüşdüyünüzə görə təəssüflənəsiniz, peşimançılıq keçirəsiniz?

- Yox. Mən heç bir çətinlikdən qorxmamışam, qarşıma qoyduğum məsələləri həmişə həll etməyə çalışmışam, həyatmdan da narazı olmamışam. Müharibəyə getdiyimə görə də heç vaxt peşman olmamışam. Çünki mən müharibədə tərbiyələnmişəm. Orduda tələbat yüksək idi, nizam-intizam, qayda-qanun yerindəydi. Bütün həyatım boyu o cavabdehlik, dəqiqlik məndə olub. Ona görə mən öz həyatımdan çox razıyam. Mənim ailəm, uşaqlarım, nəvə-nəticələrim var. Mən öz dövlətimdən çox razıyam.

- Ulduz müəllim, ağsaqqal bir ziyalı, böyüş savaşdan keşmiş bir insan olaraq Qarabağın taleyi ilə bağlı nələri deyə bilərsiniz?

- Mən öz dövlətimə çox inanıram, ölkəmizin inkişafını yüksək qiymətləndirirəm. Tədbirlərin birində də - orda generallar da oturmuşdular – dedim ki, mən çox inamlıyam. Çünki prezidentimizin dediyi sözlər dəqiq sözlərdir. O kişi həyat yoldaşı ilə bərabər cəbhənin ən təhlükəli yerlərinə gedib camaatın qayğısına qalır, hərbçilərlə görüşür. Hər rəhbər belə olmur. Mən həm ulu öndərimizə inanmışam, həm də bu gün İlham Əliyevə böyük inamım var. İnanıram ki, çox tezliklə bizim yüksək sıçrayışımız olacaq. İnşallah biz o torpaqları azad edəcəyik!

- Yəqin alman faşistləri ilə döyüşən sovet ordusu və hazırda erməni faşistləri ilə üz-üzə dayanan Azərbaycan ordusu arasında müqayisələr aparırsınız...

- Mən ordumuza çox inanıram. Çünki ordumuzun rəhbəri, Ali Baş Komandan çox bacarıqlı siyasətçi, hər şeyi dəqiq ölçüb-biçən bir insandır. Yeri gəlmişkən, mayın 9-da da biz prezidentin qəbulunda olacağıq, onunla görüşəcəyik. Şübhəm yoxdur ki, prezidentin rəhbərliyi ilə biz Qarabağı ermənilərdən azad edəcəyik. Allah eləsin bu hadisə biz həyatda olduğumuz zaman baş versin ki, biz də Qarabağın azadlığını görək. Ancaq bu, gec-tez olacaq.

- Siz də o fikirdəsinizmi ki, Qarabağı danışıqlar yolu ilə geri qaytarmaq mümkün deyil və gərək savaşıb torpağı azad edək?

- Görürsünüzmü, hər dəfə sülh söhbəti olanda ermənilər bir fırıldaq qururlar ki, onu pozsunlar. Amma biz istənilən üsulla torpaqları azad etməliyik. İnanıram ki, o gün olacaq. İnşallah biz Qarabağın azadlığını da qələbə paradı ilə qeyd edəcəyik!


Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___