Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc qızların inamsızlıq sindromu: İntihar son yoldurmu?
Tarix: 05-05-2016 | Saat: 11:26
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Gənc qızların inamsızlıq sindromu: İntihar son yoldurmu?
Rübabə Mərdanova: “Siz geri çəkildikcə qınayanlar daha çoxalacaq”

Nail Cəlil: “Bəzən elə olur ki, bu gün üzləşdikləri haqsızlıqdan kədərlənənlər bir müddət sonra baş verən itkiyə sevinirlər”.

Şahnaz Məmmədova: “Sevgini pula qurban verən, özgüvəni olmayan, həyatda nəyə tutunacağını bilməyən gənclik hökm sürür”.

Heç kimə sirr deyil ki, cəmiyyətimizdə müəyyən qisim gənc qızlar çox tez-tez özlərinə inamlarını itirir və bir çox hallarda bu faciə ilə nəticələnir. Son zamanlar gənc qızlar arasında intihar hallarının artmasının əsas səbələrindən biri də məhz gənc qızlarda özünə güvənin itirilməsindən qaynaqlanır. Xüsusilə nişan qaytaran və ya nişanı qayıdan, sevgilisi ilə ayrılandan sonra başqa oğlanla sevgili olan qızlara qarşı bir qisim insanlar normal fikirdə olsalar da, müəyyən qisim bu halı birmənalı qarşılamır. Bunun nəticəsində özünü cəmiyyətdən təcrid edən, tənhalığa meyl edən, güvənsizliyə məhkum olan və "camaat nə deyər?" düşüncəsiylə həyatını məhv edən qızlar da çoxdur.

Sadalığımız amillərlə üzləşən qızların cəmiyyətdəki mövqeyi də birmənalı qarşılanmır. Son zamanlar gənc qızların intihar hallarının çoxalmasını da nəzərə alsaq, intiharların səbəblərindən biri də yuxarıda qeyd etdiyimiz səbəblər ola bilər. Bəzən bu cür neqativ hadisələr baş verdiyi zaman insan bir günahkar axtarmağa çalışır. Əgər bir günahkar axtarmaq lazımdırsa, bunun günahı kimdə və ya nədədir? Mental dəyərlərin və cəmiyyətimizdə qadınlara qarşı bəlli çərçivənin mövcudluğunu bu məsələdə "günahkar" hesab etmək olarmı? Ümumiyyətlə isə insanların özlərini cəmiyyətdən təcrid etməmələri, özlərinə qapanmamaları üçün, xüsusən də yaşamaq hisslərinin ölməməsi üçün nə etmək lazımdır?

PİA.AZ günümüzün aktual mövzularından biri olan bu məsələ ilə bağlı psixoloqların rəylərini təqdim edir:


Psixoloq Rübabə Mərdanova: “Hələ də cəmiyyətimizdə psixoloji xidmət səviyyəsi aşağıdır”.

Günahkar axtaran insanın özünün “qurban” rolunda olduğunu bildirən psixoloq Rübabə Mərdanovaya görə, ölkəmizdə psixoloji xidmət səviyyəsinin aşağı olması gənclərin bu kimi neqativ hallarla üzləşməsinə və cəmiyyətdən təcrid olunmasına şərait yaradır:

“Bu cür problemlə ya özümüz, ya yaxınlarımız mütləq rastlaşır. Çünki yaşadığımız mühitdə hər kəs başqalarının şəxsi, özəl həyatına qarışmaq haqqı olduğunu düşünür. Ona görə ki, bu insanların həyatına da başqalarının müdaxiləsi olub. Nişanı qayıdan, boşanan insanlar arasında qızlar, qadınlar daha çox təzyiqə məruz qalırlar. Amma buna cavab reaksiyası eyni deyil. Xarakterindən, temperament tipindən asılı olaraq, hər insan bu vəziyyəti müxtəlif cür qarşılayır. İstənilən halda, bir münasibətin pozulması onu yaşayan insanın həyatında travmadır. Bir münasibətin xoşbəxtliyi kimi acısı da həmin insanda iz buraxar. Heç kim həyatın surprizlərinden sığortalanmayıb. Təcrid olunmaq doğru deyil. Siz geri çəkildikcə qınayanlar daha çoxalacaq. Günahkar axtarsanız, “qurban” rolunda çıxış etmiş olursunuz. Qurban isə hər zaman bir incidən axtarır, ətrafı günahlandırır. Hələ də cəmiyyətimizdə psixoloji xidmət səviyyəsi aşağıdır. Gənclər bu hallarda psixoloq məsləhəti almalı, həyata baxış bucaqlarını dəyişməlidirlər”.

Image result for nail cəlil
Psixoloq Nail Cəlil: “Qızlar da seçim edərkən nişanlı olmuş, nişanı qayıtmış, evlənib boşanmış birisini çox çətinliklə qəbul edirlər, ya da heç qəbul etmirlər”.

İnsanların cəmiyyətdən təcrid olunmasına təsir edən amillərdən biri də dedi-qoduların, şayiələrin olduğunu vurğulayan psixoloq Nail Cəlilin fikrincə, insan “camaat nə deyər?” düşüncəsiylə yaşadığı müddətcə cəmiyyətdən təcrid oluna bilir:

“Azərbaycan cəmiyyətində qızlara, xanımlara münasibətdə ənənəvi olaraq, bir həssaslıq, xüsusi diqqət var. Bu səbəbdən qızlara münasibətdə etik tələblər, davranış gözləntiləri daha yüksəkdir. Onlardan cəmiyyətdə bir qız kimi əlçatmaz, məsuliyyətli olmaq, Azərbaycan ailəsinə xas ailə dəyərlərini nəsillərdən nəsillərə daşımaq tələb olunur. Bu mənada, müəyyən ictimai qınağın olması başadüşüləndir. Bununla yanaşı, ailə məfhumu daha çox şəxsi münasibətləri əhatə edir və tərəflərdən biri digərini qəbul edə bilmirsə, nişanın qaytarılması normaldır. Eləcə də bir oğlanla münasibətləri alınmayan qız başqa bir oğlanla ciddi münasibət qura, sevgili ola bilər. Lakin bu dəbə, müəyyən qisim üçün tez-tez təkrarlanan vərdişə çevrilməməli, bizim cəmiyyətə xas olan neomühafizəkar ailə dəyərlərini sarsıtmamalıdır. Əslində, bu oğlanlara münasibətdə də belədir. Qızlar da seçim edərkən nişanlı olmuş, nişanı qayıtmış, evlənib boşanmış birisini çox çətinliklə qəbul edirlər, ya da heç qəbul etmirlər.

Hər bir insanın şəxsi həyatında uğurlu və uğursuz anlar ola bilər. Bəzən elə olur ki, bu gün kiminsə onları tərk etməsindən, üzləşdikləri haqsızlıqdan kədərlənənlər bir müddət sonra baş verən itkiyə sevinirlər. Çünki həyat təcrübəsinə güvənməklə gözlədiklərindən daha uğurlu bir seçim edə bilirlər.

Tənhalıq, özünütəcrid, güvənsizlik, başqalarının rəyindən asılı olmaq çıxış yolu deyil. Burada birmənalı şəkildə kimisə, nəyisə günahlandırmaq olmaz. Əgər kimsə mənsub olduğu cəmiyyətdə rəğbət qazanmaq, müsbət dəyərləndirilmək istəyirsə, orada sosial normaya çevrilmiş mənəvi-etik prinsiplərə ciddi şəkildə əməl etməlidir. Ailə-sevgi münasibətlərinə gəldikdə, hər kəs tərəf müqabilini, həyat yoldaşını cəmiyyətə görə deyil, özü üçün seçir. Bunu anlayan, dərk edən qız və ya oğlan üçün “camaat nə deyər?” düşüncəsi artıq öz əhəmiyyətini itirir.

Cəmiyyətdə bəzən elə olur ki, yanlış fikirlər, şayiələr, dedi-qodu yaxşı insanlar, məsum qızlar haqqında mənfi, xoşagəlməz təsəvvür yarada bilir. Çoxları bunun müqabilində cəmiyyətdən təcrid olunmaqla özlərini qorumağa, “xilas etməyə” çalışırlar. Bu, çıxış yolu deyil və hər hansı münasibət, problem səbəbindən insanlardan təcrid olunma çətinlikləri heç də aradan qaldırmır. Belə qızları fəal həyata qaytarmaq, onlara cəmiyyətlə layiqli mövqe tutmaqda yardımçı olmaq üçün ilk növbədə, onlarla ciddi sosial-psixoloji iş aparılmalıdır. Psixoloqun yardımından imtina edirlərsə, onda sosial işçilərə müraciət olunmalıdır. Belə ki, məsələ cəmiyyətin mühafizəkar qisminin qızların davranışı ilə bağlı olduğundan burada sosial maarifləndirmə, kəskin qınağın, əsassız ittihamların subyekti olan şəxslər, qruplarla sosial iş fərdi-psixoloji xidmətdən daha böyük fayda verə bilər”.

Psixoloq Şahnaz Məmmədova: “Sevgi olan yerdə ümidsizlik və məğlubiyyət olmaz”.

Mənəviyyata bağlı olan bütün problemlərin kökündə sevgisizliyin dayandığını bildirən psixoloq Şahnaz Məmmədova hesab edir ki, insan daxilən sevgi ilə zəngin olarsa, o zaman başqalarının həyatını və seçimlərini mühakimə etməyə çalışmaz:

"Ümumiyyətlə yaşadığımız müddətcə həyatda və həyatımızda sevgimiz bitmir. Sevgi həyatda hər formada təzahür edir. lakin zamanla bəzi məsələlər kimi, sevgi məsələsində də deformasiya yaranıb. Artıq sevgi də zamana ayaq uydurur. Demək olar ki, indi dövrümüzdə sevgi ayrılıqları insanların canını yandırmır. "Bu zamanda sevgi yoxdur" deyib, yollarına davam edənlərin sayı daha da çoxalıb. Biz bunu günümüzün gəncliyində çox rahat görə bilirik. Adi hal alan belə durumlarda heç kəs öz xətasını görmədən qarşı tərəfi günahlandırır. Başqasını günahlandırmaq vərdişi ailələrdə də özünü biruzə verir. Buna görə də boşanmaların sayının da artım hiss olunur. Bunun başlıca səbəbi ondan ibarətdir ki, artıq hər kəs özü üçün yaşayır.

Sevgini psixoloji cəhətdən dəyərləndirsək, gənclərdə həyat eşqi qalmayıb. Hərşeyi pulla ölçən bir gəncliyimiz var. Sevgini pula qurban verən, özgüvəni olmayan, həyatda nəyə tutunacağını bilməyən gənclik hökm sürür. Hesab edirəm ki, insanların qəlbində sevgi olsa və həyata baxış bucaqları sevginin təsiri altında olarsa, digər insanların cəmiyyətdən təcrid olunmasına şərait yaratmazlar. Çünki sevgi insanı sağlam yaşamaga sövq edir. Sevgi olan yerdə ümidsizlik və məğlubiyyət olmaz. Sevgisiz həyat isə uğursuzluq dolu həyat deməkdir”.


Xəbəri paylaş

1 3798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___