Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arıqlamaq istəyənlərin nəzərinə: "Çörəyi rasiondan çıxarmaq..."
Tarix: 27-04-2016 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm / Qadınlar / M2 | çapa göndər

Arıqlamaq istəyənlərin nəzərinə: "Çörəyi rasiondan çıxarmaq..."
Artıq çəki problemindən əziyyət çəkənlərin sayı artdıqca müxtəlif üsullarla möcüzəvi arıqlama üsulları vəd edən dietoloqlara müraciət edənlərin də sayı artır. Bu isə bazarda dietik məhsullara, qidalara, çaylara olan tələbatı artırıb.
Əvvəllər mağazaların piştaxtasına yığılıb qalan dietik suxarıların üzünə belə baxan yox idisə, indi arıqlamaq arzusunda olan alıcılar bu məhsulu mağazaların vitrinlərindən əl-əl axtarırlar. Qreypfrut adlı arıqladıcı təsirə malik subtropik meyvəni əvvəllər tanımayanlar belə, indi bazarda bu meyvəni soraqlayaraq alırlar. Elə götürək arıqladıcı təsirə malik çayları. İndi satışda müxtəlif firmaların istehsalı olan arıqladıcı təsirə malik çaylara tələbat böyükdür. Form çaylarının qiyməti isə 2 manat 50 qəpikdən 6-7 manatadək dəyişir.

Qeyd edək ki, satışda artıq çəkidən xilas olmaq üçün dietoloqların tövsiyə etdiyi məmulatların çoxu idxal məhsullarıdır. Onların nə dərəcədə keyfiyyətli olması, sağlamlığa təsiri geniş araşdırma mövzusudur. İkinci məqam isə bu məhsulların qiymətinin kifayət qədər baha olmasıdır. Apardığımız araşdırma zamanı bəlli oldu ki, dieta saxlayaraq az yemək heç də çox yeməkdən ucuz başa gəlmir. Əksinə, dieta saxlayanlar dietik məhsullara gündəlik az qala bir ətək pul xərcləyirlər. Müxtəlif dietoloqların tövsiyəsi ilə çörəyi, şəkəri gündəlik qida rasionundan çıxardanlar bu qidaların daha az kalorisini mənimsəmək üçün bir neçə adda ərzaq məhsulu almalı olurlar. Çörəyi qida rasionundan çıxardanlar hazırda daha çox satışda "xlebsı” kimi təqdim olunan dietik suxarılar alırlar ki, onların da bir qutusunun qiyməti 95 qəpik-1 manat arasında dəyişir. Çörək əvəzi şabalıddan, orqanizmin zəifləməməsi üçün badamdan, şirniyyat əvəzi şəkəri olmayan keks və digər şirniyyatlardan istifadə edənlər bir günə bu məhsullara ən azından 5-7 manat pul xərcləməli olur. Dieta saxlayan xanımlar bəzən bu xərcin gündəlik 10 manata çatdığını da söyləyirlər.

7 aydan çoxdur ki, dieta saxlayan Təranə Bağırova deyir ki, dietoloqun proqramı əsasında qəbul etdiyi qidalar heç də ona ucuz başa gəlmir: "Camaat elə bilir ki, arıqlamaq ucuz başa gəlir. Daha demirlər ki, arıqlamaq kökəlməkdən bahadır. Elə götürək ən ucuzu olan çörəyi... Tutaq ki, 30 qəpiyə bir çörək bir nəfərə bəs edirdisə, dieta saxlayan insan çörəyi dietik suxarı, yaxud qara çörəklə əvəzləməlidir. Bunların da qiyməti 60-95 qəpik arasında dəyişir. Bir günə də ən az yesən, 1 qutu dietik suxarı ancaq bəs edir. Gündə ən azı iki litr təmizlənmiş su içmək lazımdır ki, bir litr su 50-60 qəpikdir.
Bundan əlavə hər gün tərəvəzlərdən xiyar, pomidor, ağ kələm, göyərti almağa ən azı 5 manat pul tələb olunur. Üstəlik göy alma, qreypfrut alsan, gərək gündə ən azı 10 manat xərcləyəsən. Çünki həkim də deyir ki, ac qalmaqla arıqlamaq olmaz. Dietik, şəkərsiz şirniyyatlar da çox bahadır. Müəyyən qədər balıq, toyuq, ağartı üçün pul xərcləyəndə görürsən ki, arıqlamaq kökəlməkdən baha başa gəlir. Bunun üzərinə ot çaylarının da qiymətini əlavə edəndə xərc daha da artır”.

Dırnaqarası dietoloqların tövsiyəsinə nöqtə, vergülünə qədər əməl edənlər isə bəzən onların arıqlama reseptlərini öz üzərlərində testdən keçirməklə həm ciblərinə, həm də sağlamlıqlarına ciddi ziyan vurmuş olurlar.

Məşhur dietoloq Tutu Zeynalova movqe.az-a açıqlamasında hazırda stilist-vizajistlərin də dietoloq kimi arıqlama proqramları hazırladıqlarından, bunun təhlükəsindən söz açıb: "Sosial şəbəkələrdə rastlaşmışam ki, stilist-vizajistlər belə, arıqladıcı proqramlar hazırlayırlar. Belə dırnaqarası dietoloqların qeyri-peşəkarcasına hazırladığı dieta proqramlarından istifadə edənlər isə özləri də düşünmədən sağlamlıqlarına ciddi ziyan vurmuş olurlar”.

Həmsöhbətimiz deyir ki, ilk növbədə dietik proqram hazırlayan şəxs mütləq həkim olmalı, onun bu sahə üzrə təhsili olmalıdır. Eyni zamanda həmin şəxs hansı ərzağın hansı məhsuldan bir qədər az kalorili olduğunu, daha çox kalorili qidanı qida rasionundan çıxardarkən onu bir qədər az kalorili olanı ilə əvəz eləmək qabiliyyətində olmalıdır. Bunun üçün isə qidaların tərkibini, kalorisini mütləq bilməlidir. T. Zeynalova insanı möcüzəvi şəkildə arıqladan qidanın olmadığını söyləyir: "Bunu kim deyirsə, bu fikir absurddur. Həmçinin insan birdən-birə çox çəki itirə bilməz. Normalda insan bir həftədə 0,5-1 kiloqram çəki itirə bilər. Bu çəki isə insan orqanizmindəki su və əzələ kütləsindən yox, yağdan itirilməlidir. Əgər itirilən çəki yağdan getmirsə, bu, öd xəstəliyinə, öddə daşın yaranmasına belə, gətirib çıxarda bilər. Çünki belə olduqda bədəndə yağ mübadiləsi pozulur, öddə daşların formalaşmasına zəmin yaranır”.

T. Zeynalova sürətlə arıqlamağın təkcə ödə yox, eləcə də ürəyin də zəifləməsinə gətirib çıxartdığını bildirir: "Bəzən öz işini peşəkarcasına bilməyənlər yağsız məhsulları, yəni "light ürünlər”i məsləhət görür və bunun arıqlamağa möcüzəvi təsirinin olduğuna pasiyenti inandırırlar. Amma insan tamamilə yağsız qidaya yox, yağı azaldılmış qidalara üstünlük verməlidir”.

Həmsöhbətimiz deyir ki, insan sürətlə arıqladıqda, itirilmiş çəki tezliklə geri qayıdır.
Dietoloq form çayları ilə arıqlama məsələsinə də toxunub. Onun sözlərinə görə, bitki tərkibli çayları artıq çəkidən xilas olmaq üçün istifadə etmək tamamilə yanlışdır: "Qeyd edim ki, form çaylarını mütəmadi qəbul etmək olmaz. Bəzən dietoloqlar bu cür çayları arıqlamaq üçün tövsiyə edirlər. Amma nəzərə almaq lazımdır ki, bu cür bitki tərkibli çaylar əsasən bağırsaqişlədici funksiyaya malikdir. Bu çayların tərkibində "sena” adlı bitki var ki, o bitki bağırsağı işlədir. Beləcə, insan orqanizmi o çayları qəbul edərkən çoxlu su kütləsi itirir. Bizim yediyimiz qidaların tərkibindəki vitamin isə orqanizmə bağırsaq vasitəsilə sovrulur. Bu çayları qəbul etdikdə bağırsaq tez-tez işlədiyindən o vitaminlər orqanizmdə mənimsənilməmiş xaric olur. Bu da az keçmir ki, saçın tökülməsinə, vitamin çatışmazlığına səbəb olur. Həmçinin bu çaylar bağırsağı tənbəl öyrədir, asılılığa yol açır. Çayı qəbul etmədikdə bağırsaq ləng işləyir, qəbzlik yaranır. Ona görə də mən bu cür çaylardan məhz çəki itirmək üçün istifadəni məqbul saymıram”.

T. Zeynalovanın sözlərinə görə, birdən-birə kalorini azaltmaq düzgün deyil. Bu zaman metobalizm zəifləyir, immun sistemi aşağı düşür. Həmsöhbətimiz axşam saat 6-dan sonra ümumiyyətlə, yemək yeməməyin də səhv olduğu fikrindədir: “Arıqlamaq üçün çörəyi tamamilə qida rasionundan çıxartmaq yolverilməzdir. Gündə üst-üstə 5 dilim çörək yemək olar. Amma çalışmaq lazımdır ki, kalorisi bir qədər az olan çörəkdən istifadə edilsin. Yaxud da o kalorini orqanizmə verən qidalar digər az kalorili qidalarla əvəzlənməlidir. Məsələn, 3 xörək qaşığı qarabaşaq 1 dilim çörəyə bərabərdir. Yaxud da 4 şabalıd yeyən insan 1 dilim çörək yemiş sayılır. Ona görə də dietik reseptləri qidaların tərkibini bilən mütəxəssislər hazırlamalıdır ki, qida rasionundan birini çıxartdıqda onu qismən əvəzləyən qida tövsiyə etsin. Yaxud da bilsin ki, əgər insan bir gündə 1 stəkan popkorn yeyibsə, bu, bir dilim çörəyə bərabərdir. Unutmaq olmaz ki, gündəlik enerji ehtiyacımızın 55 faizini karbohidratlardan, yəni çörəkdən alırıq. Çörəyi tamamilə gündəlik qida rasionundan çıxartmaq sinir sistemi xəstəliklərinə və sair fəsadlara yol aça bilər. Yəni çörəkdə hansı qidalar varsa, dieta zamanı onun alternativi tövsiyə olunmalıdır ki, orqanizmin karbohidrata olan tələbatı ödənilsin”.

T. Zeynalovanın sözlərinə görə, ümumiyyətlə, istənilən pasiyentin arıqlamasını təmin etmək üçün ilk növbədə onun piylənməsinə səbəb olan faktı taparaq aradan qaldırmaq lazımdır. Eyni zamanda həmsöhbətimiz gün ərzində 1,5 saat açıq havada gəzişməyin vacib olduğunu söyləyir.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___