Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sanki Kəlbəcəri ruslar-ermənilər deyil, mən işğal etmişdim"
Tarix: 27-04-2016 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

"Sanki Kəlbəcəri ruslar-ermənilər deyil, mən işğal etmişdim"
Moderator.az - ın “Qürbətdəki məşhurlar" layihəsi davam edir. Layihəmizin bu dəfəki qonağı 1992-93-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Almaniyanın Frankfurt şəhərində mühacir həyatı yaşayan İlham Həsən oldu.

Xatırladaq ki, İlham Həsən Elçibəy iqtidarı dönəmində hərbi qərargahın rəhbəri vəzifəsində də çalışıb. Azərbaycan Xalq Cəbhəsi Kəlbəcər rayon şöbəsinin sədri, Kəlbəcər könüllü özünümüdafiə batalyonunun komandiri olub.

- İlham bəy, xeyli müddətdir ki, Almaniyada mühacir həyatı yaşayırsınız. Bu müddət ərzində mühacirlikdən bezmədinizmi?

- İlk öncə Moderator.az saytının bütün əməkdaşlarına qürbətdə yaşayan soydaşlarımızla yaxından ilgiləndiklərinə görə təşəkkür edirəm. Sualınızın cavabına gəldikdə isə, mühacirlik xoş olmadığı kimi həm də cansıxıcıdır. Vətəndən, el-obadan uzaq yaşamaq məncə, bir insana verilə biləcək ən ağır cəzadır! Vətəninə bağlı bir insan qürbətdə nə qədər qayğısız, xoş gün keçirsə belə, hər an bir parçasının əskik olduğunu hiss edir. Bu üzdən kimsəyə çox məcbur olmadığı müddətcə mühacirəti arzu etmirəm.

- İndi necə davam edir həyatınız, hansı işlərlə məşğulsunuz? Tam almaniyalı olmusunuzmu, yoxsa ki, orjinal azərbaycanlı obrazını hələ də qoruyub saxlayırsınız?

- Avropada, xüsusilə də Almaniyada iş rəqabəti böyük olsa da çalışmaq istəyən hər kəsə o imkanlar verilib. Mən də bir müddət dövlət işində çalışdım, sonradan öz işimi qurub ticarətlə məşğul olmağa başladım. Almaniya qanunları ilə yaşasaq da Azərbaycan, Türk kimliyini, adət-ənənələrini yaşatmağa çalışırıq. Bunun da müsbət nəticələrini görəndə bir az təsəlli tapırıq. Belə ki, burada böyüyüb təhsil alan gənclərimiz kimliyinə, dövlətinə, bayrağına bağlı, milli ruhda formalaşırlar. Bu xüsusuda alman millətçiliyinin də az rolu olmur.

- Bu zaman ərzində illər, məsafələr sizi Azərbaycandan tamamən kənar salmayıb ki? Qəriblikdən olsa belə Azərbaycanda baş verən siyasi-iqtisadi hadisələrlə ilgilənirsinizmi?

- Azərbaycandan çıxmaq məcburiyyətində qaldığımız vaxtdan 20 ildən çox zaman keçsə də o istiliyi, o sevgini çıxarıb atmaq mümkün deyil, əksinə, daha çox bağlanmışıq. Bəlkə də burada qürbətçiliyin gətirdiyi duyğusallığın da rolu var. Ölkəmizin gündəlik həyatında baş verən hadisələrdə yaxından iştirak edə bilməsək də hər an, hər dəqiqə məlumat almağa çalışırıq. Azərbaycanda baş verən istər siyasi, istərsə də iqtisadi hadisələrlə yaxından ilgilənir, analiz etməyə çalışırıq.

- Bir azərbaycanlı olaraq kənardan baxanda Azərbaycanda daha çox nəyin və necə dəyişdiyini müşahidə etmək olur? Müsbətlərimiz artır, yoxsa mənfilərimiz?

- Bəlkə də Azərbaycanda olsaydıq ölkədəki vəziyyəti bu qədər dəqiqliklə görə bilməzdik. Üzülərək qeyd etməliyəm ki, bütün sahələrdə mənfiyə doğru geriləmə o qədər böyükdür ki, müsbət bir irəliləyiş olsa belə kölgədə qalır. Təəssüflər olsun ki, istər iqtisadi, siyasi, istərsə də təhsil sahəsində o qədər neqativ hadisələr baş verib ki, bunu bir fəlakət nəticəsi ilə müqayisə etmək olar. Ölkənin sərvəti talan olunub, millətimizin gələcəyi olan təhsil sistemimiz çökdürülüb, işğal olunmuş torpaqlarımız hələ də düşmən tapdağı altındadır. Ən böyük faciə isə xalqın mənəvi dəyərlərinin deqradasiyaya məruz qoyulmasıdır. İnsanlarımız mütiliyə, ədalətsizliklə barışmağa, milli dəyərlərdən imtina etməyə məcbur edilib və bunun bir hissəsinə qismən də olsa nail olunub.

- On pilləlik qiymətləndirmə aparılsaydı bu qarışıq dünyada Azərbaycanı neçənci yerdə qərarlaşdırardınız? Və nəyə görə?

- Könlüm cox istərdi ki, ölkəmizi bütün sahələrdə inkişaf etmiş ölkələr sırasında görüm. Amma təəssüflər olsun ki, bu günkü real göstəricilərə görə müsbət sahələrdə sonuncu, korrupsiya, insan haqlarının pozulması kimi sahələrdə isə ilk sıralardayıq. Bu da gözlənilən nəticədir, çünki ölkəmizi öz təsir dairəsində saxlamaq, onun inkişafını hər yerdə əngəlləmək istəyən, imperiya xislətindən qurtula bilməyən qonşu Putin Rusiyasının himayədarlıq etdiyi bir hökumətimiz var. Bu hakimiyyət də özünü qorumaq üçün onun tapşırıqlarını sözsüz yerinə yetirmək məcburiyyətindədir. Bu üzdən mövcud hakimiyyətdən müsbətə doğru inqilabi dəyişiklik gözləmək sadəlöhvlükdən başqa bir şey deyil. Bəlkə bu fikrim bir qədər radikal görünə bilər, amma Rusiya-Ermənistan cütlüyünün bu hakimiyyətin əli ilə son 20 ildə Azərbaycana vurduğu ziyan miqyasına görə Qarabağdakı zərərimizdən geri qalmır!

- AXC-nin dövründə rəhbər vəzifədə çalışmısınız, həm də AXC-nin Kəlbəcər rayon təşkilatının sədri olmusunuz. İndi hansı partiyanı dəstəkləyirsiniz?

- AXC Ali Məclisinin üzvü, AXC Kəlbəcər rayon şöbəsinin rəhbəri olmuşam. Bununla belə, Azərbaycanda qurulan könüllü alaylardan olan Kəlbəcər Alayının qurucusu və komandiri olmuşam. Hansı ki, bu alayın bazasında Kəlbəcər briqadası qurulub və həmin briqada Ağdərənin böyük bir hissəsinin, Laçının azad olunmasında əvəzsiz xidmətlər göstərib. Müstəqil Azərbaycanın milli dövlətçiliyi üçün çalışan bütün insanlar və təşkilatlar mənim üçün doğmadır. Hazırda Musavat Partiyasında fəaliyyət göstərirəm. Son 20 ildə Azərbaycanın milli qüvvələrini hər vasitə ilə sıradan çıxarmağa, yox etməyə çalışıblar. Bu da dövlətçiliyimizin əleyhinə aparılan bir siyasətdir. Maddi, mənəvi və qanunsuz fiziki basqılarla bu təşkilatımızı zəiflətsələr də, tam sıradan çıxara bilməyiblər. Xüsusilə də Şərqin ilk demokratik cumhuriyyətini (ADR) quran Musavat ideologiyasını öncə bolşeviklər, 20 ildir də onların varisləri yox etmək üçün bütün mümkün olan yollara baş vurur. Ancaq hələ də anlaya bilmirlər ki, bu elə bir dərin kökə bağlı ideologiyadır və elə dərin bir iz buraxıb ki, onu xalqımızın içindən silib atmaq mümkün deyil. Çox təəssüflər olsun ki, bəzən Azərbaycan xalq hərəkatından gəlmiş, illərlə bu mübarizənin içində olan bəzi dostlarımızı da bu çirkin oyuna alət etməyə çalışırlar.

- İlham bəy, yeri gəlmişkən qeyd edim ki, Gəncə qiyamından öncə siz canınız-qanınız bahasına olsa belə Kəlbəcəri qaytarmaq istəyirdiniz. Ancaq artıq 20 ildən çoxdur ki, Kəlbəcərin gözü yolda, qulağı səsdə qalıb. Necə tab gətirirsiniz Kəlbəcərsizliyə? Olmaya vətəndən getməklə Kəlbəcər dərdiniz də qaysaqlayıb?



- Kəlbəcər yarası elə bir dərddir ki, o dərdin yarasının qaysaqlaması mümkün deyil, nəinki unudulması. Kəlbəcərin itirilməsi nəinki şəhidlərimizin qanı bahasına azad etdiyimiz daha iki bölgəmizin də itirilməsinə gətirib çıxardı, həm də mənfur düşmənlərimizə imkan verdi ki, bundan istifadə edib milli hökumətimizi də iflasa uğratsınlar. Milli hökumətimizin süqutu isə isə daha beş rayonumuzun işğalına səbəb oldu. Bəli, Gəncə qiyamını təşkil edənlər, bu qiyamda iştirak edənlər vətənimizin böyük bir hissəsinin itirilməsinə səbəb oldular. Bunu da nə xalq, nə də tarix onlara bağışlamayacaq! Mən də Kəlbəcərin itkisində böyük şok yaşasam da, toparlanıb Kəlbəcərin qeyrətli oğullarını yenidən toplayıb torpaqlarımızı geri qaytara bilmək üçün çalışdım. Həmin vaxt düşmənlərimizin yerdəki himayədarları tərəfindən zərərsizləşdirilərək həbsə atıldım. Hətta bəzi “kəlbəcərli”, vətən sevgisindən uzaq “insanları” da mətbuata, televiziyaya çıxararaq məni şantaj etdirməyə başladılar. Ancaq o məxluqlardan soruşan olmadı ki, Kəlbəcər işğal olunanda sən harda idin, vətəni belə sevirdinsə nədən gedib onu qorumaq üçün döyüşmürdün. Sanki Kəlbəcəri bir qrup xəyənatkarın köməyi ilə ruslar-ermənilər deyil, mən işğal etmişdim! Amma mən o zavallılara cavab vermək əvəzinə nədən vətəni qoruyub saxlaya bilmədim deyə özümü ittiham edirdim. Axı mən Kəlbəcəri qorumaq üçün hələ 1990-cı illərin başında ov tüfəngləri ilə də olsa qanunsuz silahlı dəstələr yaradıb onları birləşdirərək düzənli ordu halına salına bilmək üçün nə qədər təhlükəli yollar keçmişdim. Saxta vətənsevərlər bilməlidirlər ki, onların acısı mənimki qədər böyük ola bilməz. Çünki mən o savaşda canım qədər sevdiyim yüzlərlə dostumu, yaxınımı şəhid vermişəm! Bu gün geri dönüb o torpaqları geri qaytarsam belə acım tam keçməz, çünki qollarım üstündə şəhid olan igidlərin səsi hələ də qulağımdan getməyib. 20 il əvvəl də bu fikri səsləndirmişəm, bu gün də o qənaətdəyəm ki, Kəlbəcərin işğalı Azərbaycan Milli Hakimiyyətini (AXC) yıxmaq üçün Rusiya-İran-Ermənistan üçlüyünün Azərbaycandakı havadarları ilə birgə hazırladığı mənfur planın birinci hissəsi, Gəncə hərbi qiyamı isə ikinci hissəsi idi. Və hər ikisi də bir mərkəzdən idarə olunurdu.

- Bildiyimiz kimi aprel ayının əvvəllərində ön cəbhədə döyüş yenidən başladı və artıq ümidlənmişdik ki, bir-iki günə Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanacaq. Kəlbəcərli olmaqla yanaşı keçmiş hərbçi, özünümüdafiə batalyonunun komandiri kimi həmin ərəfədə hansı hissləri keçirdiniz?

- Əvvəla bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm! Aprel hadisələrinin ən müsbət tərəflərindən birincisi o oldu ki, millətimizin içindəki vətən sevgisinin hələ də yaşadığının açıq şahidi olduq. Bu da bizi sevməyən xarici və onların xidmətçiliyini edən bəzi daxili qüvvələrə bir işarət oldu! Xəbərlərdən izlədiyim qədər xalqın arasında olan narazılıq əsasən nəyə görə şəhidlərin arasında bir YAP-çı və ya məmur övladının olmamasından ibarət idi. Bu, xoş qarşılanası məsələ olmadığı kimi o qədər təəccüblü də deyil. Çünki birinci Qarabağ müharibəsində də indiki hakimiyyətdə təmsil olunan məmurların özləri və ya övladları ya Rusiyaya, ya da Türkiyəyə qaçıb gizlənirdilər. Tam əksinə olaraq isə AXC hökuməti zamanı isə vəzifəlilər və ya övladları digər qəhrəman Azərbaycan övladları ilə birlikdə məhz ön cəbhədə döyüşürdü. AXC milli hakimiyyəti ilə bu günkü hakimiyyətin fərqi də buradadır!
Xırda uğur olsa da şəhidlərimizin qanı ilə qazanılmış bir uğuru qaralamaq fikrim yoxdur, amma bir-iki kəndi azad etmək üçün bu qədər şəhidin verilməsi hərbi baxışdan bir qədər məntiqsiz görünür. Kəlbəcərdə, Ağdərədə, Laçında hərbi əməliyyatlarda yaxından iştirak etmiş bir adam kimi hesab edirəm ki, əməliyyatlarda bir səriştəsizlik var idi. Yenə də deyim ki, orada qəhrəmanlıq etmiş əsgər və zabitlərimizin əməyini qaralamaq fikrim yoxdur, sadəcə Müdafiə Nazirliyinin yuxarı təbəqəsini nəzərdə tuturam. Çünki o vaxtlar texnikamızın da yetərli olmadığı bir dövrdə beş-altı böyük kəndin azad edilməsində bu qədər şəhid vermirdik.
Könlüm çox istərdi ki, tezliklə bayrağımız bütün işğal olunmuş torpaqlarımızda dalğalansın! Çox istərdim ki, bu fikrimdə yanılım, amma Qarabağı tamam azad edəcəyimiz mənə məntiqli görünmür. Rusiya Azərbaycanın müstəqilliyini təhlükə altına atacaq, Qarabağda öz əsgəri gücünü leqallaşdıracaq, himayəsində olan indiki rejimin ömrünü bir az daha uzada bilmək üçün bəzi ağır şərtlərlə bir neçə rayonu boşalda bilər. Buna da xalqımız aldanmamalı, müstəqilliyimizi təhlükəyə ata biləcək heç bir sazişə imkan verməməlidir!

- Yenidən atəşkəsin imzalanmasını necə qarşıladınız? Bu atəşkəs bizi daha 20 il Qarabağdan ayırmayacaq ki?

- Əslində indiki sazişə qarşı çıxanlar olsa da yuxarıda sadaladığım səbəblərdən dolayı bu savaşın böyük uğur qazanacağı, heç bir şərtsiz bir neçə bölgəmizin azad olunacağı mənə inandırıcı görünmürdü və arada ordudakı qəhrəman, ləyaqətli övladlarımızı şəhid vermiş olacaqdıq. O üzdən bu atəşkəsə pis baxmadım. Atəşkəsin mənfi tərəfi isə xalqımızın yenə də ümidsizliyə düçar ola biləcəyidir.

- Ehtimal olunur ki, müharibə yenidən başlayacaq. Belə olan təqdirdə İlham Həsənov vətənə qayıdıb Qarabağ uğrunda savaşarmı?

- Xalqımızın bir məsələyə də əmin olmasını istəyirəm, müharibə başlayarsa, Qarabağımızın azadlığı uğrunda gerçək savaş başlayarsa, xaricdə yaşayan digər vətənpərvər insanlarla bərabər mən də vətənə qayıdıb bir əsgər kimi öz borcumu verməyə hazıram.



4858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___