Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qeybə çəkilən qızıllar, dənizin ortasında qətliam, vahiməli məktub... – MEDİADA İLK
Tarix: 20-04-2016 | Saat: 16:17
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Qeybə çəkilən qızıllar, dənizin ortasında qətliam, vahiməli məktub... – MEDİADA İLK
Onun haqqında heç harada, heç bir informasiyaya rast gələ bilməzsən. İnternet resurslarda belə. Hə, bircə Azərbaycan Sovet Ensiklopediyasında xəsisliklə verilmiş bir-iki cümlədən savayı. Azərbaycanın əyalət kəndindən Moskvayacan gedib çıxıb. Bolşeviklərə qoşulub, əvvəl “Hümmət” təşkilatına, sonra isə Rusiya Kommunist (bolşeviklər) Partiyasına. Fəhlə-Kəndli Qızıl Ordusunun Hərbi Akademiyasında oxumuş ilk azərbaycanlıdır. Hə, bir də Rusiyanın ilk azərbaycanlı diplomatı. Onun barəsində Azərbaycandakı arxivlərdə belə az məlumat var. Aşağıda, şəkillərdə gördüyünüz sənədlər, fotolar da Moskvadakı arxivlərdən əldə edilib.

II yazı

(Əvvəli burada: http://news.lent.az/news/239932)


Hə, Lenin ona Bakıya qayıtmağa icazə vermir. Orucəli vur-tut bir günlüyə Bakıya gəlir, Nərimanovla görüşür, elə həmin axşam da Tiflisə yola düşür. Oradan isə Türkiyə sərhədinə - Batumiyə. Trabzonda onu Türkiyə kommunistlərinin lideri Mustafa Sübhi qarşılayır. O Mustafa Sübhi ki, çox yox, 7 ay sonra onu və 14 yoldaşını elə bu Trabzon şəhərindəcə qayığa mindirib dənizin ortasına aparacaqdılar. Qayıqda süngüyə keçirəcəkdilər, heç meyitləri də ələ gəlməyəcəkdi…

...Trabzonda iki gün qalır Orucəli. Bir qədər dincəldikdən sonra Ankaraya yola düşür. RSFSR-in Türkiyədəki səfirliyinə. Trabzondaykən Kremldən növbəti teleqram alır - səfirliyin hərbi attaşesi vəzifəsinə təyin edilmişdi…

Ankarada işlədiyi ilk günlərdə Orucəli Bağırov Atatürk hökumətinin Sovet Rusiyasına səmimi münasibət bəslədiyini görürdü. O, bu barədə Xarici İşlər Komissarlığına ətraflı məlumat verirdi. Qısa zamanda İsmət Paşayla dostluq əlaqələri yaranır. Sonradan Orucəli Kremlə göndərdiyi teleqramların birində belə yazacaqdı: “İsmət Paşa həmişə deyir ki, Atatürk və Lenin Türkiyə-Sovet münasibətlərinin bünövrəsini qoymuş və qarşılıqlı dostluğu möhkəmləndirməyi hamımıza vəsiyyət etmişlər. O, etiraf edir ki, türk xalqının və Atatürk hökumətinin Rusiya ilə ittifaqa ehtiyacı vardı. Belə bir dövrdə sovet-türk münasibətlərində yeni mərhələ açmaq kimi ideyaları və möhkəm niyyətləri əsas götürən nəsil meydana çıxdı. Bu ideyaları yayan əsas şəxslər Lenin və Atatürk idi”.

Orucəli Rusiyanın Türkiyədəki səfirilə birgə Ankarada keçirilən əksər rəsmi tədbirlərə dəvət alırdı. Türkiyə siyasi elitasının - Atatürk də daxil olmaqla – bütün üzvləri ilə münasibəti yaranmışdı. Avqustda Ankaradakı səfirlik Moskvadan növbəti teleqram alır. “Tamamilə məxfi” qrifli teleqramda Orucəlinin üzərinə yeni vəzifə qoyulurdu. O, Türkiyə kommunistlərinin konsolidasiyasını təşkil etməli, az qala dağınıq hala düşmüş yerli fəalların toparlanmasına çalışmalıydı.

Çox yox, iki gün sonra səfir Şalva Eliavanı Türkiyə Böyük Millət Məclisinə çağırırlar. Səfir Eliavaya diplomatik şəkildə bildirirlər ki… “hər şeydən xəbərimiz var”.
Şalva türk xəfiyyəsinin teleqramdan xəbəri olduğunu dərhal anlayır. Orucəliyə məsləhət görür ki, bir müddət ümumiyyətlə səfarətxananı tərk eləməsin.

Amma Kremldən növbəti teleqram da özünü çox gözlətmir. Orucəli Bağırovun Rusiyanın Trabzondakı konsulunun müavini olması barədə yeni göstəriş gəlmişdi. Əslində Trabzon təsadüfi seçilməmişdi. Çünki Türkiyə kommunistlərin əsas dayaq nöqtəsi məhz Trabzon sayılırdı. Görünür, Moskva da Türkiyədə kommunist hərəkatını məhz Trabzondan başlamaq istəyirdi.

Orucəli yubanmadan Trabzona yola düşmək qərarına gəlir. 1920-ci il dekabrın 14-də o, konsul müavini təyin olunmasıyla bağlı sənədi Türkiyə Böyük Millət Məclisinə təqdim edir. Həmin sənəddə belə yazılmışdı: “Bu sənəd təsdiq edir ki, onu təqdim edən Rusiya vətəndaşı Orucəli Bağırov Trabzonda RSFSR konsulunun müavini təyin edilmişdir. Anadolunun bütün mülki və hərbi idarələrindən xahiş olunur, Trabzona gedən yolda ona hər cür kömək göstərsinlər, lazım gələndə ən qısa yolla Yerevana və geriyə - Trabzona gedib-gəlmək imkanı versinlər”.

Ertəsi gün - dekabrın 15-də isə Türkiyənin Xarici İşlər Nazirliyi Trabzon qubernatoruna yazmışdı: “Böyük Milli Məclisin hökuməti ilə Sovet Rusiyasının hökuməti arasında konsulluq haqqında müqavilə təsdiq edilənədək rus vətəndaşlarının hüquq və mənafelərini müdafiə etmək məqsədilə öz vəzifələrini yerinə yetirmək üçün rus Sovet hökuməti səfirliyinin hərbi attaşesi Orucəli Bağırovun rus Sovet hökumətinin Türkiyədəki səfirliyi adından Trabzon konsulunun müavini göndərilməsi ilə əlaqədar olaraq onun səlahiyyətinə inanmağınızı, mövcud qanun və qaydalara əsasən hər cür kömək və xidmət göstərmənizi xahiş edirəm”.

...Orucəli Trabzona dekabrın 22-də gəlib çıxır. Konsulluğa çatandan bir gün sonra isə yenidən Kremldən teleqram alır. “Təcili Mustafa Sübhiylə əlaqəyə girin”.
Amma Orucəlinin xəbəri yox idi ki, yerli hökumət dairələri kommunistləri, xüsusən də Mustafa Sübhini və onun tərəfdarlarını hər yerdə izləyirlər. Nəinki kommunistlər, Orucəlinin özü belə jandarm nəzarəti altında idi. Trabzon qubernatoru Ankaradan gəlmiş təlimata uyqun olaraq Orucəlinin mühafizəsi üçün xüsusi qoruma da ayırmışdı.

Bu qorumalar isə Orucəlinin ən xırda hərəkəti barədə hər gün axşam xəfiyyə strukturlarına məruzə edirdilər. Orucəlinin isə bundan xəbəri ola bilməzdi.

Mustafa Sübhi ilə konsulluqda görüşdən sonra fevral ayında Türkiyə kommunistlərinin birləşdirici qurultayının keçirilməsi qərara alınır. Qurultayın keçirilməsi üçün maliyyə yardımı da ayrılır. Yardım isə Bakıdan göndərilməliydi, qızıl şəklində. Amma türk xəfiyyəsi bundan da xəbər tutur. Yardımı Bakıdan gətirən şəxs geri qayıdarkən yanvarın 25-də Batumidəki mehmanxanaların birində ölü tapılır. Onun üstündəki qızıl isə müəmmalı şəkildə yoxa çıxır. Həmin hadisənin səhəri gün “İstiqbal” qəzetində “Bakı səyyahları gəlirlər və ... gedəcəklər” sərlövhəli baş məqalə dərc edilir. Bu yazıda Trabzon konsulluğunun əməkdaşlarını Türkiyədə təfriqə törətməsi, kommunistlərin keçiriləcək qurultayına yol verilməməsi, rusiyalı diplomatların isə qısa zamanda deportasiya edilməsi tələb olunurdu. Qəzet Mustafa Sübhini və onun qrupunun digər üzvlərinin “Bakıda türk hərbi əsirlərinin qatilləri”, soyğunçular və satqınlar adlandırır. Bu yazı Türkiyə və Rusiya arasında diplomatik qalmaqala səbəb olur. Orucəli Bağırov tezliklə onların ölkədən çıxarılacağını düşünür. Konsulluqda aparılan müzakirələrdən sonra yazıdakı “gedəcəklər” ifadəsinin məhz deportasiyaya işarə olduğu qənaətinə gəlinir. Amma nə biləydilər ki...

Orucəli təcili Sübhiylə görüşür. Ona ehtiyatlı olmağı məsləhət görür. Hətta bir müddət konsulluğun binasında qalmağı da təklif edir. Növbəti görüş isə yanvarın 28-ə, şəhərdəki rus konsulluğunun icarəyə götürdüyü gizli evlərin birinə təyin olunur. Orucəli deyilən vaxt evə gəlir. 4 saatdan çox Sübhini və onunu digər kommunist yoldaşlarını gözləyir. Amma Sübhidən xəbər çıxmır. Orucəli yenidən konsulluğa qayıdır. Qərara alınır ki, səhər Sübhidən xəbər çıxmasa, əlaqələndirici vasitəsilə Sübhini tapsınlar. Amma sübh tezdən konsulluğun poçtuna məktub atılır. Məktubda bircə cümlə yazılmışdı: “Onları axtarmayın, əgər axtarsaz, yerlərini balıqlardan soruşarsız”.

Heç kim heç nə başa düşmür. 2 saat keçmiş isə artıq bütün şəhər Sübhi və 14 kommunist yoldaşın gecə baş vermiş faciəsindən danışırdı.

Mustafa Sübhi, Ədhəm Nicat, Nəzmi, İsmail Çitoğlu və digərləri yanvarın 28-i axşam həbs ediliblər. Onları möhkəm döyəndən sonra qayıqlarla dənizin ortasına aparıblar. Əvvəlcə süngüdən keçiriblər. Sonra isə bir-bir güllələyərək, dənizə atıblar…
Səbuhi MƏMMƏDLİ, Moskv lent.az
Qeybə çəkilən qızıllar, dənizin ortasında qətliam, vahiməli məktub... – MEDİADA İLK
Qeybə çəkilən qızıllar, dənizin ortasında qətliam, vahiməli məktub... – MEDİADA İLK
Qeybə çəkilən qızıllar, dənizin ortasında qətliam, vahiməli məktub... – MEDİADA İLK
Qeybə çəkilən qızıllar, dənizin ortasında qətliam, vahiməli məktub... – MEDİADA İLK


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
12-04-2015, 18:11 Azərbaycana qar yağıb

bütün xəbərlər
____ Instagram ___