Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yadplanetli görən Şamaxı sakinindən MARAQLI AÇIQLAMALAR
Tarix: 16-03-2016 | Saat: 13:58
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Yadplanetli görən Şamaxı sakinindən MARAQLI AÇIQLAMALAR

Ayrı-ayrı sivilizasiyalar, o sivilizasiyaların sakinləri olan yadplanetlilər, "uçan boşqab"lar hər zaman insanların maraq dairəsində olub. Kimiləri bunu sadəcə bir uydurma, kimiləri isə həqiqətən də real əsası olan fakt kimi qəbul edib. Dünyanın iki nəhəng dövləti ABŞ və SSRİ də vaxtilə (elə indi də - E.N.) ufolarla bağlı xüsusi tədqiqatlar aparıb, bunlara xeyli miqdarda pul da xərcləyiblər. ABŞ-dakı məşhur "51-ci zona"nın salınması da bu kimi faktları bir daha təsdiqləmiş olur.

Zaman-zaman (əsasən də ötən əsrin 70-80-ci illərində) Xəzərin Bakıya aid hissəsində də "uçan boşqab"lara rast gəlinib. Hətta onları görən, yadplanetlilərlə ünsiyyətə girən azərbaycanlılar olub ki, həmin adamların sonradan danışdıqları kimsəyə inandırıcı olmayıb.

Şamaxı şəhər sakini Elxan Eyubov da ötən əsrin 80-ci illərində belə bir hadisənin şahidi olub. "Xəbəraz.az " bildirir ki, moderator.az-a müraciət edən Elxan Eyyubov indi də o hadisənin təsirindədir:

"Gördüyüm, başıma gələn maraqlı bir hadisəni olduğu kimi yazmaq istəyirəm.

Hadisə 04.05.1984-cü ildə Şamaxı şəhərinin yaxınlığında avtomobil yolunun (Şamaxı-Bakı) sağında baş verdi.

Həmin vaxtlar Şamaxı Elektrik Şəbəkəsində işləyirdim. Dünyada baş verən maraqlı hadisələr, daha çox, uçan naməlum obyektlər (UNO) haqqında məlumat almaq istəyirdim. UNO-lar haqqında mətbuatda, televiziyada və radioda verilən xəbərlərə daha çox həvəsli idim. Bu həvəsim də bir gün öz gözlərim qarşısında göründü...

04.05.1984-cü il tarixdə evimdə şənlik idi, uşaqlarımdan birinin, qızım Leylanın ad gününü qeyd edirdik. Şamaxıda olan qohumlarımdan şənlikdə iştirak edənləri şəhərə aparmalı idim. Saat 22-23 radələrində qonaqları evlərinə aparıb, idarə etdiyim maşınla yaşadığım Sabir qəsəbəsinə qayıdırdım...

Mindiyim və idarə etdiyim "Jiquli" təzə idi. Şamaxı şəhərinin çıxışında maşın orta sürətlə hərəkət edirdi. 5 yaşlı qızım Münəvvər də mənim yanımda idi. Şəhərin Bakı istiqamətinə çıxış yolunun sağ tərəfində keçəndə qəflətən elə bil ki, maşını qabaq tərəfdən güclü bir təzyiqlə saxlamaq istədilər. Maşın bir neçə dəfə ləngər vurdu, lakin yenə hərəkətini davam etdirdi. Narahat oldum, ətrafa baxdım, bu nə idi, heç bir şey görmədim. Əhəmiyyət verməyib yoluma davam edirdim. Təxminən 1-1.5 km getmişdim ki, yenə hadisə təkrar oldu və maşının mühərriki söndü. Nə qədər çalışdım, açarı bir neçə dəfə açıb-bağladımsa da yenə mühərriki işə sala bilmədim. Nəhayət, maşının hərəkət intiqalını neytral vəziyyətə gətirdim.

Maşına qarşı tərəfdən olan təzyiq fasilə ilə olurdu, elə bil, başqa bir qüvvə maşını gah buraxır, gah da saxlamaq istəyirdi.

Qızım Münəvvər qabaqda oturub pəncərədən baxırdı. Birdən, "ata, boşqab, boşqab!" deyərək qışqırdı. Onu sakitləşdirib həmin istiqamətə baxanda heyrət və həyəcanla uçan naməlum obyekt gördüm.

Gördüyüm bu hadisə haqqında çoxlu məlumat oxuduğumdan böyük maraqla onu seyr etməyə başladım.

Avtomobil yolundan 25-30 m aralı, təxminən 10 m-ə qədər hündürlükdə, uzunluğu 15-20 m, hündürlüyü 3-4 m-ə qədər olan iki üz-üzə "boşqab" formalı obyekt və ya cisim havadan asılı vəziyyətdə elə bil ki, ətrafı seyr edirdi. Onu şərti olaraq obyekt adlandırdım, üstü günbəz formasında idi və kiçik dairəvi pəncərə kimi gözlükdən yanıb-sönən sarı işıqlar görünürdü. Obyekt təmiz ağ rəngdə idi, baxmayaraq ki, ətraf qaranlıq idi. Həmin vaxt yaxınlıqdakı restoranın işıqları sönmüşdü, yolda heç bir nəqliyyat işləmirdi. Obyekt elə bil ki, sakit idi, diqqətlə qulaq verdim, uğultu eşidilirdi, arada səs çoxalır, yenə azalırdı. Maşından düşüb obyektə tərəf yerimək istədim, lakin qızımın maşında tək qalacağını düşünüb, onunla birlikdə bu naməlum "qonağ"a baxmağa başladıq. "Qonağ"a baxmaq çox maraqlı idi. Mənə elə gəlirdi ki, "o" çox sürətlə və sakitcə fırlanır. Üstündə yanıb-sönən işıqlar bir-birini əvəz edirdi. Lap üstdəki işıq arabir gah qırmızı, gah da yaşıl rəngdə olurdu. Elə bil sehrli bir varlığa tamaşa edirdik. Belə vəziyyət təxminən dəqiqə yarım davam etdi...

Çox maraqlı idi, görəsən, bu uçan naməlum obyektin içində nələr var idi? Oradakılar kimlər idi?..

Qəflətən çox güclü tufana bənzər səs eşidildi. Obyektin işıqları daha parlaq oldu və günbəzin sarı işıqları yaşıl rənglə əvəz olundu. UNO bir anda ulduzla dolu qaranlıq səmanın ənginliklərində yox oldu. Hadisə o qədər maraqlı olub ki, 30 ildən çox keçməsinə baxmayaraq, olduğu kimi yaddaşıma həkk olundu.

"Qonaq" ulduzla dolu qaranlıq səmada yox olandan sonra idarə etdiyim maşın normal qaydada işə düşdü və mən evə getdim.

Səhərisi gün həmin əraziyə getdim və obyekti gördüyüm yerə baxdım. Sahə boş qamış bitmiş nohur yeri idi, qamış çubuqları əzilmişdi. Başqa heç nə görmədim.

Çox təəssüflər olsun ki, o vaxtlar indiki kimi mobil telefon, nə də kameralar yox idi ki, həmin naməlum "qonağ"ın şəklini çəkəydim. Lakin yaddaşımda qalan rəsmini təqdim edirəm.

Görəsən, doğrudanmı, yaşadığımız ana Yerdən başqa Kainatın heç bir yerində canlı aləm yoxdur, yaxud biz hələ də onu aydınlaşdıra bilmirik?..

Fikrimdə məni narahat edən suallar hələ də qalır:

- Maşına qabaqdan təsir edən qüvvə nə idi?
- Niyə maşın söndü?
- Ətrafın (restoranın) işıqları niyə sönmüşdü, sonra yandı?
- Yolda digər nəqliyyat vasitələrinə niyə rast gəlmədim?..
Sonda onu bildirmək istəyirəm ki, hörmətli həmyerlimiz, Azərbaycan Respublikasının baş və ali kateqoriyalı müəllimi, qabaqcıl maarif xadimi, "Qızıl qələm" mükafatı laureatı Heybət Rəhimovun bu yaxınlarda çapdan çıxmış "Zirzəmi Astronomiya Mərkəzi" kitabının 2-ci fəslində "uçan boşqablar" və onlarla əlaqəli hadisələrdən geniş şəkildə bəhs edilib. Heybət müəllimin 2014-cü ildə çap etdirdiyi bu kitabı oxuyandan sonra 1984-cü ildə gördüyüm hadisə yadıma düşdü və məndə tam əminlik yarandı ki, deməli, "uçan boşqablar" mövcuddur. Sadəcə olaraq, hələ ki "kosmosdan gələnlər" haqqında tam təsəvvür yaratmaq mümkün deyil. Lakin ufoloqlar nikbinliyi itirmək fikrindən uzaqdırlar, yaxın gələcəkdə uğurlu nəticələr əldə olunacağına inanırlar".


Xəbəri paylaş

9698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___