Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
25 ildir taksi sürən xanım: “Ərə gedəndə şərt qoymuşdum ki... ” (VİDEO)
Tarix: 07-03-2016 | Saat: 16:24
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

25 ildir taksi sürən xanım: “Ərə gedəndə şərt qoymuşdum ki... ” (VİDEO)

"Onunla təsadüfən tanış olduq. Ömrünün 35 ilini sürücülük peşəsinə bağlayan xanım sürücü nə az-nə çox 25 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sürücülüyə hədsiz həvəsinin olduğunu deyən xanım hətta ailə qururkən həyat yoldaşına sürücülük fəaliyyətini davam etdirəcəyini şərt kimi irəli sürüb. Xanım sürücünün oğlu da bu peşəni davam etdirir. Nəvəsi də sürücü olmaq arzusundadır. Biz də bayram ərəfəsində Rəhilə xanımın peşəsinə niyə bu qədər bağlı olduğunu öyrənmək istədik".

Rəhilə Əlizadə 16 yaşında ailə qurub. Bir oğlu, iki nəvəsi var. Deyir ki, uşaqlıqdan sürücü olmaq arzusu ilə yaşayıb. Amma atası buna icazə verməyib. Ailə qurarkən sürücü olacağını həyat yoldaşının qarşısına şərt qoyub. O da razılaşıb. Düz 35 ildir sükan arxasında olan 55 yaşlı xanım sürücü 25 ildir ömrünü sevdiyi peşəsinə bağlayıb.

"Yoldaşım rəhmətə gedib. Bir övlad anasıyam, gəlinim və iki nəvəm var. 16 yaşımda olarkən Beyləqanda sürücülük məktəbinə yazıldım. Ailə qurdum, həyat yoldaşım da razı oldu. Onun özünün də maşını var idi. Əvvəlcə o öyrətdi məni, sonra sürücülük vəsiqəsi aldım".

Rəhilə xanım deyir ki, sürücü kimi rol arxasında əyləşməsi Sovet dönəminə təsadüf etdiyindən onun peşəsinə birmənalı yanaşılmayıb, çünki o zaman qadın sürücülərin sayı kifayət qədər az olub.

"Yəni Azərbaycanda mən də daxil olmaqla, 10 qadın sürücü ancaq olardı. Bəzən özümü itirirdim. Mənə o qədər heyrətlə baxırdılar ki... Gənc idim, utanırdım. İndi maşallah olsun ki qadın sürücülər çoxdur. Amma o illərdə sürücülüyü öyrənsəm də, təxminən 10 il işləmədim. Uşaq balaca idi, ailə qayğıları buna imkan vermədi. Həm də ehtiyacım yox idi. Yoldaşım da işləyirdi. Onun da avtomobili var idi. Mən sürücü kimi fəaliyyətə onun ölümündən sonra başladım. Problemlər çoxaldı. Çox fikirləşdikdən sonra qərara gəldim ki, sevdiyim işlə məşğul olum".

Həmsöhbətim deyir ki, ailənin yükü uzun illərdi onun çiyinlərindədir. Elə buna görə də səhər saatlarından axşamadək yorulmadan çalışır. Ev işlərinə gəlincə....

"Mənim bir ana kimi məsləhətim odur ki, gənc ailələr kişiləri çox sıxmasınlar. Mən öz evimin məsuliyyətini daşıyıram, oğlum, gəlinim, nəvəm... Oğlum subay olanda bütün işlərin öhdəsindən özüm gəlmişəm. Gəlin gələndən sonra isə demək olar ki, bu işlərdən kənaram. Yəni bir növ kişi kimi olmuşam. İşdən gəlirəm, o mənim qulluğumda durur. Səhər oyandım, bir tikə çörək yedim, ictimai yerə çıxdığım üçün səliqəmə fikir verdim, vəssalam, çıxıram işləməyə".

Rəhilə xanım deyir ki, ailə onun üçün müqəddəsdir. Elə bu səbəbdən də işinin çoxluğundan şikayətlənməyi sevmir, hətta səhhətində hərdən problem yaşasa da, bu, onun işləmək həvəsinə mane olmur. Rəhilə xanımın avtomobilində səliqə-sahman göz oxşayır. Deyir ki, hər gün səhər ilk işi maşında təmizlik işləri aparmaq olur. Maşında aksessuar gəzdirməkdən xoşlanmadığını deyən xanım sürücü bildirir ki, düz 25 ildir avtomobilində anasının şəklini gəzdirir.

"Ana müqəddəsdir. Ananın yaxşısı pisi olmaz. Adətən deyirlər ki, qadınlar övlad üçün yaşayırlar. Amma bu fikirlə razı deyiləm. Ailəm də oldu, övladım da. Mən daha çox anam üçün yaşadım. Düz 5 il idi xəstə idi. Çox təəssüf ki dərdinə dərman tapılmadı. 4 aydır ki, rəhmətə gedib".

Onunla görüşümüz 8 mart beynəlxalq qadınlar gününə təsadüf etdiyindən daha çox kimdən hədiyyə gözlədiyini də öyrənməyə çalışdıq.

"Həmişə məni ilk olaraq qardaşlarım təbrik edib. Düzdür böyük qardaşım indi rəhmətə gedib, amma digərlərindən gözləyirəm. Ailəm yoxdur, amma oğlum da, gəlinim də artıq məni təbrik ediblər. Oğlum mənə dəyər verir. Hətta qudam da artıq təbrik edib".

Sürücü-müştəri münasibətlərinə gəlincə Rəhilə xanım deyir ki, bu günədək narazı qaldığı müştərisi olmayıb.

"Daha çox müştərilərim qadınlardır. Bilirsiniz necə? Bəlkə də heç o xanımlara maşın lazım olmur. Amma dayanacaqda gözləyəndə mənim keçdiyimi görüb əl eləyirlər. Bəzən həm də maraq üçün. Sonra söhbət zamanı bəlli olur ki, onlar üçün mənim sürücü işləməyim təəccüblü olur. Söhbət bəylərimizə gəlincə, onu deyim ki, mən bu 25 ildə onlardan inciməmişəm. İnanın bəzən toydan çıxan sərxoş müştərilər belə əl eləyib, maşını saxlayırlar. Dayanıram, görürlər ki mənəm, tez özlərini düzəldirlər".

Düz 25 ildir böyük həvəslə işlədiyi peşəsinin sirlərindən danışan Rəhilə xanım deyir ki, nəinki müştərilərlə, heç yol müfəttişləri ilə də problemi olmayıb. Qanunlara hörmətlə yanaşdığını deyən xanım sürücünü təbrik edib, ona qəzasız bəlasız yollar diləyərək ayrılırıq.

Yolunuz açıq olsun, Rəhilə xanım!!! /APA TV/


Xəbəri paylaş

8408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___