Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Hadisə / Xəbəraz-ın debatı > Komitə sədri Səfər Mehdiyev polisə “həyasız” deyir… - Deputatın biri polisi döyür, o biri polisə “dana” deyir…

Komitə sədri Səfər Mehdiyev polisə “həyasız” deyir… - Deputatın biri polisi döyür, o biri polisə “dana” deyir…


20-08-2022, 05:31. Yazar: Xeberaz


15
avqust
16:28
Komitə  sədri Səfər Mehdiyev polisə “həyasız”  deyir… - Deputatın biri polisi döyür, o biri polisə “dana” deyir…
BBiz nə polisin, nə də məmurun deyil, dövlətin, dövlətçiliyin  tərəfindəyik, amma Hüquq Mühafizə Orqanlarının nümayəndələrini təhqir etmək olmaz...

Öncə onu qeyd edək ki, bizim Dövlət Yol Polisinə vəkillik etməyə nə həvəsimiz var, nə də marağımız.
Bəli, heç kimə sirr deyil ki, Dövlət Yol Polisinin əməkdaşlarından cəmiyyətdə ciddi  narazılıqlar var.
Amma gəlin görək, təhsil sferasından, səhiyyə işçilərindən, yaxud  gömrük əməkdaşlarından razı olan varmı..?
Bəli, hər gün on minlərlə, bəlkə də yüz minlərlə  sürücü yola çıxır  və DYP əməkdaşları ilə üz-üzə gəlir, amma 10-15  biznesmenin işi Dövlət Gömrük Komitəsinə düşür.
Fərqi hiss etdinizmi ?  100 min və 10-15...
Ona görə də DYP söhbəti  bu qədər səsli-küylüdür.
Bir daha qeyd edirik ki, DYP-nin yaratdığı problemlərdən əziyyət çəkənlərdən biri də bizik. Amma hər şeyi obyektiv və  vicdanla, qərəzsiz qiymətləndirmək lazımdır.
Axı, Dövlət Gömrük Komitəsinin sabiq  sədri  Səfər Mehdiyev kimdir ki, onu saxlayan polis əməkdaşına deyir:
“Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?”
Yol polisi isə ona nəzakətlə  cavab verir:
“Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz”
Cənab Mehdiyev yekəbaşcasına çevrilib  zirehli maşına minib gedir.
Yeri gəlmişkən, dünən yayılan informasiyadan bəlli olur ki, Səfər Mehdiyev özü və ailə üzvləri üçün xaricdən bahalı zirehli  avtomobil gətirib.
Adama deyərlər ki, sən Prezidentsən, dövlət başçısısan, kimsən ki, zirehli maşında gəzəsən.
Həm də sən milyonlarla dəyəri olan bu maşınları hansı pulla almısan..?
Onda adamdan  soruşarlar ki, həyasız sənsən, cənab general, yoxsa, sıravi yol polisi..?
Adam nə qədər səviyyəsiz ola ki, dövlət qulluğunda çalışan polisə həyasız  deyə.
Səfər Mehdiyevin  hirsli-hirsli dediyindən belə nəticə çıxır ki, polis işçisi  mütləq onu və avtomobilini tanıyıb, ona “çest”  verməli imiş.
Gör, Azərbaycanda bəzi məmurlar nə qədər harınlayıb ki...
Mediada  yayılan məlumatlardan bəlli olur ki, hətta bəziləri Səfər Mehdiyevə  yerini göstərən polis işçilərinin  vəzifədən azad edilməsini də arzu edirmişlər.
Yaxşı ki, Daxili İşlər Nazirliyi rəsmi məlumat verdi ki, polislərin vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərin heç bir əsası yoxdur.
Bir daha təkrar etməyə məcburuq ki, kimsə bizim  DYP-nin əməkdaşlarını müdafiə etməyimizi düşünməsin.
Bizim dediyimiz  dövlət məsələsi, dövlət məmurunun, lap nazirin  dövlət ədəb-ərkanı məsələsidir.
Bu məqamda  bir neçə il öncə DYP ilə bağlı  baş verən bir oxşar olayı yada salaq.
Yəqin yadınızdadır, bir neçə il öncə, Milli Məclisin üzvü, hətta  MM-də Aqrar Komitənin sədri hörmətli  Eldar İbrahimov parlamentin tribunasından  yol polisi əməkdaşına “DANA”  demişdir.
Xatırlatma üçün qeyd edək ki, Eldar İbrahimov parlamentin tribunasından demişdir:
Bizim polislərdə mədəniyyət çatmır, serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır?...Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin, deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək.
Atalarımızın bir müdrik sözü var ee…
Yüz dəfə İmam üçün ağlayanda bircə dəfə də Yezid üçün ağlayın.
Axı, polis  deputatların, nazirlərin, icra başçılarının, prokurorların, məhkəmələrin, nə bilim kəndxudaların  nömrəsini əzbər bilə bilməz.
Həm də niyə polis bilməlidir ki, sükanın arxasında oturan Səfər Mehdiyevdir, yoxsa deputat, ya da sıravi vətəndaş..?
Əə, siz bəlkə göydən  zənbillə  düşmüsünüz ..?
Bəlkə, rəhmətlik Mirzə Cəlil demişkən, Həsən ağanın qohumlarısınız..?
Cənab deputat  deyir ki, bu danaları kim gətirib qoyub ora..?
Hörmətli  deputatımızdan soruşmaq istəyirik ki, bir neçə ay öncə  Xaçmazda  polisi söyən və döyən deputat  Eldəniz Səlimovu  kim gətirmişdi parlamentə..?
Siz  sıravi polisin hərəkətinə görə, ona “həyasız…dana..”  deyirsiniz, bəs özünü millət vəkili hesab edən şəxsə  nə demək olar..?
Bizim sözümüzün canı odur ki, bütün bu baş verənlər, yəni polisin vətəndaşı dövlətdən narazı salması, komitə sədrinin  polisə “həyasız”  deməsi, deputatın  polisi döyməsi, Səfər Mehdiyev kimi rüşvətxor məmurların  sahibkarlardan milyardlarla rüşvət alması və s…bütün bunlar  dövlətə və dövlətçiliyə zərbədir.
Biz nə polisin, nə də məmurun tərəfində deyilik. Biz dövlətin, dövlətçiliyin yanındayıq.
Qalanı xırda detallardır.

Geri dön