Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > Pakistan, Türkiyə, İsrail və Azərbaycanı hədələyən Xamenei: ŞAPALAQ KİMƏ DƏYƏCƏK? – TƏHLİL

Pakistan, Türkiyə, İsrail və Azərbaycanı hədələyən Xamenei: ŞAPALAQ KİMƏ DƏYƏCƏK? – TƏHLİL


6-10-2021, 19:39. Yazar: Xeberaz




Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev
İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamenei: “Öz qabiliyyəti ilə təhlükəsizliyini təmin edə bilmək bir ölkə üçün böyük bir şərəfdir. Ancaq başqalarına güvənərək öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər bilsin ki, şapalaq yeyəcəklər”.
Diqqət edin, Xamenei əvvəlcə öyüd-nəsihət verir və daha sonra tonunu sərtləşdirir, demək istəyir ki, başqasına güvənsəniz “şapalaq” yeyərsiniz.
Şübhəsiz ki, azərbaycanlı şiələrin mütləq əksəriyyətinin mərcei-təqlidi, mənəvi ağsaqqalı “şapalaq” deyərkən, Azərbaycanı nəzərdə tutur.
Xamenei bu gün atdığı tvitdə həm də onu demək istəyir ki, ey azərilər, Pakistana, Türkiyəyə, İsrailə güvənib təhlükəsizliyinizin təmin ediləcəyinə çox da inanmayın.

Xamenei gördüyünüz kimi, bir müddət susqunluq nümayiş etdirdi. Dünən isə İranın Xarici İşlər naziri Hüseyn Əmir-Abdollahian da İran-Azərbaycan sərhədində keçirilən hərbi təlimləri nəzərdə tutaraq, yenə də rejimin mahiyyətinə uyğun ənənəvi, şablon “sionizm” kəlməsindən istifadə etdi və dedi ki, şimal-qərb sərhədlərimizdə saxta sionist rejimin varlığına dözməyəcəyik. Bu gün isə İranın ali dini lideri “şapalaq”-zad deyir.
Hüseyn Əmir-Abdollahian
Həmişə vurğuladığım kimi, İranın Azərbaycan siyasəti heç vaxt praqmatik olmayıb, daha çox doqmatik dini ehkamlara və fanatizmə söykənib.
Əslində, İran bütün müsəlman qonşuları ilə eyni siyasi xətti yürüdüb. Bu ölkənin yeganə xristian qonşusu Ermənistandır və bu ölkə ilə də praqmatik prinsiplərə söykənən siyasət yeridir. Anlaşılan odur ki, başda Xamenei olmaqla İrandakı bütün klerikal elita Azərbaycan ordusunun 44 gün ərzində Dağlıq Qarabağın böyük hissəsini azad etməsindən şok keçiriblər; qısa intervalla və böyük şücaətlə azərbaycanlılar İran-Azərbaycan dövlət sərhədini tam nəzarətə götürüblər.
Ağbəndin işğaldan azad edilməsi xəbərinin verildiyi an!
Fikir versək görərik ki, iranlı siyasətçilər son vaxtlar deyirlər ki, regionda (onlar məntəqə deyirlər) sərhədlərin dəyişməsinə imkan verməyəcəklər. Lakin regionda heç bir sərhəd dəyişməyəcək. Yox əgər mollalar Zəngəzur dəhlizini nəzərdə tuturlarsa, axı bu məsələdə heç bir sərhəd dəyişikliyindən söhbət getmir. Sadəcə, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quruyol mövcud olacaq. Bu, o deməkdir ki, Azərbaycan və Naxçıvan arasında İran vasitəsi ilə sərnişin və yükdaşımalar yaxın gələcəkdə Zəngəzur dəhlizi vasitəsi ilə reallaşdırıla bilər.
Görünür qonşu İranı ən çox o narahat edir ki, Zəngəzur dəhlizi ilə Türkiyə də öz yüklərini həm Azərbaycana, həm də Mərkəzi Asiyaya daşıya biləcək. Gördüyünüz kimi, dost İran iqtidarını da bu tendensiya narahat edir. Yoxsa ki, regionda nə siyasi xəritə dəyişəcək, nə də İrana qarşı hər hansı ziyan dəyəcək.

Sizə bir şeyi də deyim ki, Tehrandakı klerikal elita heç Ermənistanın baş naziri Nikol Paşinyana da inanmır. Çünki, Paşinyan qərbpərəst siyasətçidir, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir və nəhayət Zəngəzur dəhlizinin açılmasına prinsipcə razıdır. İranı isə 2020-ci ilin 27 sentyabrına qədər regiondakı status-kvo tam qane edirdi. İndi isə vəziyyət dəyişib, Türkiyə prezidenti Təyyib Ərdoğanın təklif etdiyi “altılıq” formatına Rusiya prezidenti Vladimir Putin də müsbət yanaşır. Belə olan təqdirdə, bu, Cənubi Qafqazda uzun müddətli sülhün bərqərar olması, regionda ticarətin də böyüməsinə faydalı ola bilər. İran da öz geopolitik maraqlarının zəiflədiyindən və ya zəifləyəcəyindən duyuq düşərək sağ-sola zəhər qusur.
Digər tərəfdən, Xamanei tez-tələsik Çinlə 25 illik iqtisadi müqavilə imzalatdırır, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur. Üstəlik, rejim Vyanada davam edən nüvə danışıqlarından hər vəchlə imtina edir. Təbii ki, bütün bunların drijoru ağayi Xameneidir. Ölkə iqtisadiyyatı isə pərişan vəziyyətdədir, bu barədə danışmağa dəyməz, hər şey göz önündədir.

Çəmbər isə daralır. Xamenei nə öz nüvə obyektlərini İsrailin kiber hücumlarından qoruya bilir, nə də “sionistlər”-ə şapalaq ata bilir. Necə deyərlər, ağayi mərcei-təqlid hıncını azərbaycanlılardan çıxarmaq istəyir. Belə etdikcə də, özünə həm qeyri-ciddi imic yaradır, həm də gülüş obyektinə çevrilir.
KAİM.az
Geri dön