Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > “İndi Paşinyan “azərbaycanlılar və ruslar məni aldatdı” rolunu oynayır” – KUZNETSOV

“İndi Paşinyan “azərbaycanlılar və ruslar məni aldatdı” rolunu oynayır” – KUZNETSOV


14-04-2021, 20:00. Yazar: Xeberaz
Qarabağdakı sülhməramlı missiyanın rəhbəri Rüstəm Muradovun İrəvana boş dönən təyyarəsi ətrafında yaranan hay-küy baş verənlərlə bağlı bir neçə sual və versiya doğurdu. Erməni tərəf Baş nazirlik ofisi səviyyəsində, Muradovun sərbəst buraxılan təxribatçılarla birlikdə İrəvana gələcəyini rəsmi olaraq elan etdi, ancaq Muradovun özü bu xəbəri inkar etdi və bunun dezinformasiya olduğunu bildirdi.
Digər tərəfdən sual yaranır: Muradov Bakıda olan zaman kimlərlə və nə barədə danışıb? Axı, bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama olmadı.

Rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində Rüstəm Muradovun boş təyyarəsi və Ermənistandakı seçkiqabağı oyunlar barədə danışıb.

- Rüstəm Muradovun təyyarəsi İrəvana boş qayıtdı, lakin sonradan məlum olduğu kimi, erməni təxribatçılarının geri qaytarılması ilə bağlı heç bir razılaşma olmayıb. Niyə bu mövzu ətrafında belə bir ajiotaj yarandı? Paşinyanın nümayəndələri niyə hansısa razılaşmaların baş tutduğunu dedilər?

- Bu suala artıq bir çox cavablar verilib - açıq şəkildə istehza etməkdən tamamilə sui-qəsd nəzəriyyələrinə qədər. Buna görə də bu mövzuda bir növ konkret fikir sahibi olmaq, özünün PR-ı ilə məşğul olanların, heç bir izi olmayan yerdə geosiyasi intriqa qurmağa çalışanların uzun bir cərgəsində dayanmaq deməkdir. Bu vəziyyətdə general Muradovun qəti razılaşmalar olmadığı, Paşinyan hökumətinin, Bakının boyun əyəcəyi ümidi ilə özü üçün asanlıqla seçkiqabağı xal toplamağa çalışdığı fikrini tamamilə bölüşürəm.

Vəziyyətə aydın nəzərlərlə baxırsınızsa, bu hay-küydən Paşinyan heç nə itirmədi, amma Bakının danışıqlar apara bilməməsi və Moskvanın bu məsələdə İrəvanın tərəfinə keçmək istəməməsi barədə yerli auditoriyaya növbəti informasiya ötürmək imkanı qazandı. Yəni, ondan başqa hər kəs günahkardır və o, təxribatçıların geri qaytarılması üçün hər şeyi etdi, hətta onlar üçün təntənəli bir qarşılama da təşkil etdi... Əslində isə sərbəst buraxılmayacaqlarına əmin idi.

İndi “məkrli azərbaycanlılar və ruslar onu bir daha aldadıb” deməsinə heç bir şey mane olmur və o, “yazıq, kasıb, bədbəxt və dürüst” bir Baş nazir bir daha erməni xalqının əzablarının yükünü öz çiyinlərinə götürməlidir... Maraqlıdır, bu yanaşma işləyir. Yenə hamı günahkardır, hər kəs - Putin, Əliyev, Müdafiə Nazirliyi - ancaq Paşinyan deyil. Baş verənlərin bir kub şəklində qurulmuş populizm olmasını bütün sağlam düşüncəli insanlar mükəmməl başa düşürlər, lakin erməni etnosunun kollektiv şüursuzluğu buna standart insan məntiqindən tamamilə fərqli bir şəkildə reaksiya göstərir.

- Azərbaycanın Qırmızı Bazardan Şuşaya gedən yol müqabilində diversantları qaytarmağa hazır olduğu barədə bir fikir var. Belə bir mübadilə mümkündür? Bu, nə dərəcədə realdır?

- Şayiələr nə qədər şirin olsa da, şərh etməməyə çalışıram. Əminəm ki, məni bu məlumatın mənbəyinə işarə etdirə bilməyəcəksiniz, nəinki belə bir ehtimalı açıq şəkildə ilk elan edən Azərbaycan Respublikasının rəsmi şəxsinin adını çəkə. Bakı ilə İrəvan arasında bir informasiya müharibəsinin davam etdiyini çox yaxşı başa düşürəm və bu tip şayiələr düşməni çaşdırmaq və mənəvi cəhətdən ruhdan salmaq üçün ona təsir edən bir vasitədir.

Bu söz-söhbətlərin mənbəyinin Bakıda olduğuna şübhə etmirəm, çünki belə bir ssenari tamamilə Azərbaycanın maraqlarına cavab verir. Ancaq bu, heç bir şəkildə Rusiya sülhməramlılarının mənafelərinə, Qarabağ ermənilərinin maraqlarına və heç bir şəkildə 10 noyabr 2020-ci il tarixli Sazişə uyğun gəlmir. Bu səbəbdən belə bir ssenarinin reallığına, xüsusən də üçtərəfli danışıqların başqa bir raundunun olmaması fonunda, inanmıram. Putin, Əliyev və Paşinyan arasındakı görüş əvvəlcədən planlaşdırılan tarixdə baş tutsaydı, belə bir razılığa gəlmək barədə danışmaq mümkün olardı. Amma indi ortada yalnız Paşinyanla Putin arasında Əliyev olmadan görüş var və odur ki, mənim üçün tam olaraq bu məzmunda bir razılaşma ehtimalı sıfıra bərabərdir.

- İndi Robert Köçəryanla Nikol Paşinyan arasında şiddətli bir döyüş olacağı gözlənilir. Kreml Robertə “stavka” edir, amma rəy sorğularında Paşinyan qalib gəlir. Bu siyasi döyüşdən gözləntiləriniz nədir?

- Köçəryana və onun rəhbərlik etdiyi “Qarabağ klanı”na erməni xalqının əsas hissəsi tərəfindən nifrət edildiyini dəfələrlə söyləmişəm və son aylarda bunun əksini göstərən sübutlar görmədim. Köçəryanın Ermənistanda yerli standartlara görə bir meqa-oliqarx kimi hələ də nüfuzlu olduğunu, Ermənistanda bir neçə on, hətta yüz minlərlə siyasi marginal insanın səsini almağa qadir olması kimi açıq bir həqiqəti inkar etməyəcəyəm. Amma bu, xalq tərəfindən sevildiyi demək deyil. Köçəryanın real reytinqi yüzdə 5-dən çox deyil, bəlkə də ona itaət edən müxalifət sayəsində səslərin dörddə birinə qədər sahib ola biləcək. Bu vəziyyətdə onun seçki imkanlarının maksimum tavanı əhalinin aktiv hissəsinin üçdə birini təşkil edir, qalanları Paşinyanı dəstəkləyəcək.

İndi Ermənistanda “yeni” siyasətçilərdən üçüncü namizəd olsaydı, səslərin üçdə birini asanlıqla toplaya bilərdi, amma hazırkı ssenaridə Ermənistanın belə bir perspektivi yoxdur və alternativ Köçəryanla Paşinyan arasında olacaqsa, əksəriyyət sonuncunun tərəfində olacaq. Burada bir paradoksal fikri dilə gətirə bilərəm: Köçəryanın Ermənistanda hakimiyyətə gəlməsi strateji cəhətdən Azərbaycan üçün daha faydalıdır, nəinki Paşinyanın öz hakimiyyətini qoruyub saxlaması.

Köçəryanın hakimiyyətə gəlməsi Azərbaycanla Ermənistan arasında daha aqressiv qarşıdurma üçün mənəvi və hüquqi ilkin şərtlər yaradacaq və bu da Azərbaycanın yeni hərbi-siyasi qələbəsi ilə nəticələnəcək. Köçəryanın Ermənistanı ilə yeni bir müharibəyə başlamağın Paşinyanla müqayisədə daha çox səbəbi olacaq, bu səbəbdən də əgər ikinci bir məğlubiyyət istəmirlərsə, ermənilər yaxınlaşan erkən parlament seçkilərində səs vermək üçün son dərəcə diqqətli olmalıdırlar.

- Bu seçkilərdə qalib gələcək sürpriz namizədlərin olacağını gözləyirsinizmi? Məsələn, keçmiş Baş Qərargah rəisi Onik Qasparyan, və ya Ermənistan Ombudsmanı...

- Ermənistanın siyasi məkanında erməni seçicilərinin adekvat hissəsini öz ətrafında birləşdirə biləcək yeni bir insanın meydana çıxmasını səmimi qəlbdən alqışlayardım. Ancaq təəssüf ki, bu ölkənin siyasi elitasının ikinci eşelonu arasında belə bir insan görmürəm. Dediyiniz bu adlar, hamısı “vurulan pilot”lardır.

Onik Qasparyan Ermənistanın son müharibədə məğlubiyyətində əsas günahkardır, Ombudsman isə açıq-aşkar bir siyasi fiqlyar və Paşinyanın bir klonudur. Ancaq İrəvandakı belə bir vəziyyət yalnız Bakının əlinə oynayır. Ermənistan gözlərimiz qarşısında getdikcə daha çox deqradasiya edir və indi də qətiliklə deyə bilərik ki, erkən parlament seçkiləri keçirməklə Ermənistandakı daxili siyasi böhran tükənməyəcək, bu ölkə yayda – seçkilərdən sonra da sakitləşməyəcək, əksinə tənəzzül yalnız güclənəcək.

Milli müstəsnalıq ideologiyasının mütləq səviyyəyə qaldırıldığı, qonşularla uzlaşmaya gedə bilməyən bir cəmiyyət daxili kompromis qurmaq iqtidarında da deyil. Ermənistan indiki ideoloji çevrəsində əhalinin üçdə ikisi üçdə birinin dərsini verənə qədər xaosa məhkumdur. Təəssüf ki, bu, etnosun kollektivist davranışını təyin edən erməni mentallığının reallığıdır. Bu etnos üçün daxili sülh və harmoniya perspektivlərini görmürəm.

Geri dön