Ana Sayfa > Bütün xəbərlər / M / Siyasət > Kriminal aləm üzvlərinə qarşı əməliyyat: Özünə xəsarət yetirdi

Kriminal aləm üzvlərinə qarşı əməliyyat: Özünə xəsarət yetirdi


10-03-2021, 13:53. Yazar: Xeberaz

Bakıda karantin qaydasını pozaraq ad günü məclisində toplaşdığı üçün saxlanılan, daha sonra narkotik ittihamı ilə həbs edilən şəxs hakim qarşısına çıxarılıb. Həmin şəxs məhkəmə prosesində etiraz olaraq özünə xəsarət yetirib.

"Xeberaz.Az"  Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən 1964-cü il təvəllüdlü Elman Abbasəli oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittihamla Elman Məmmədov özünü qəti olaraq təqsirli bilmir. Həm kriminal aləm üzvü olması və narkotik ittihamlarını qəbul etmir.
Prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəməyə bir neçə vəsatət təqdim edib. Vəsatətlər əlavə şahidlərin dindirilməsi, video materialların sübut kimi cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı olub.
Məhkəmə vəsatətləri təmin etməyib. Elman Məmmədov buna etiraz olaraq özünə xəsarət yetirib. Konvoy əməkdaşlarının səyi nəticəsində E.Məmmədovun özünə daha ciddi xəsarət almasının qarşısı alınıb. Məhkəmə prosesi təxirə salınıb.
Xatırladaq ki, Elman Məmmədov və daha 70-80 nəfər ötən il avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində toplaşıblar.
Daxili İşlər Nazirliyi həmin şəxslərin cinayət törətməyə meylli bir qrup şəxs olduğunu, xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etdiyini qeyd edib.
Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin – Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.
Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar. Saxlanılan 5 nəfər isə narkotik ittihamı ilə həbs edilib.
Həmin 5 nəfərdən biri də Elman Məmmədovdur. Digər şəxslərin işi ayrıca icraata verilib və hazırda məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, Elman Məmmədov 2019-cu ildə də odlu silah saxlamaq ittihamı ilə həbs edilmişdi. Daha sonra E.Məmmədov bu iş üzrə bəraət almışdı.
Geri dön