Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var > Krım Qarabağ, Rusiya isə Ermənistan deyil - Kiyevin müharibə haqqı...

Krım Qarabağ, Rusiya isə Ermənistan deyil - Kiyevin müharibə haqqı...


7-03-2021, 15:16. Yazar: Xeberaz
Ukraynanın münaqişə zonasında, Donbas bölgəsində müharibə yenidən alovlana bilər. Məlumatlara görə, son günlər münaqişə zonasında atəşkəs mütəmadi olaraq pozulur. Martın 3-də tanınmamış “Donetsk Xalq Respublikası”nın qondarma “rəhbərliyi” tərəfindən “Xalq Milisliyi”nə atəşkəs pozulacağı halda Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə atəş açmağa icazə verilib.
Ukraynanın ilk Prezidenti, Üçtərəfli Əlaqə Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib ki, Ukrayna Minsk razılaşmalarının və Normand formatında qəbul edilmiş müqavilələrin həyata keçirilməsinin tərəfdarı olaraq qalır. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin danışıqlar prosesi ilə bağlı rəsmi açıqlamaları vacibdir: “Biz bunu artıq mətbuatda yayımlamışıq. Keçən il 22 iyulda qəbul edilmiş müqaviləni ümumiyyətlə pozmamaq barədə rəsmi açıqlama var. Ukrayna tərəfinin atəşkəs rejiminə əməl edəcəyinə ümid edirəm. Ancaq müəyyən vaxtlarda xırda atəşkəs pozuntuları ola bilər”.

Lakin Ukraynanın bir sıra ictimai-siyasi xadimləri hərbi əməliyyatların tərəfdarı olduqlarını, işğal edilmiş ərazilərini – Donetski, Krımı hərbi yolla azad etməli olduqlarının vacibliyindən danışırlar. Məsələn, ukraynalı siyasətçi, Ali Radanın keçmiş deputatı Tatyana Çernovol rəsmi Kiyevi hər an Krımı hərbi yolla qaytarmağa hazır olmağa çağırıb.

Xanım siyasətçi bildirib ki, Ukrayna yarımadanı geri qaytarmaq üçün hərbi əməliyyat keçirməyə daim hazır olmalıdır: “Rusiyada gərgin proseslər başlayana qədər gözləmək lazımdır. Zaman yetişəndə, yarımada hərbi yolla azad edilməlidir. Ancaq buna hazır olmalısan. Düşünürəm ki, Ukrayna hələ ki, bu hazırlıqları etməyib”.

Ukrayna Prezidenti Vladimir Zelenski isə deyib ki, Krım yeddi il əvvəl qoparılan “Ukraynanın ürəyidir”. “Bəziləri “ürəyimizi” qanuni yolla və nəzakətlə qopardıqlarını deyirlər”, - Zelenski əlavə edib.

“Ukraynalı siyasətçilərin çoxu Krıma qarşı hərbi güc tətbiqinin Ukraynanın parçalanmasına səbəb olacağını bilirlər”. Bunu isə Rusiya Federasiya Şurasının üzvü Sergey Tsekov ukraynalı siyasətçi T.Çernovolun açıqlamasına münasibətində deyib. “Çernovol davamlı olaraq qeyri-adekvat fikirlər söyləyir, aqressiv bir siyasətçidir. Döyüşlərdən, müharibələrdən danışır. Bu gün artıq hər kəsə Krımın Rusiya Federasiyasının bir hissəsi olduğu aydındır və başqa yol yoxdur”, - deyə Tsekov əlavə edib.

Krım 2014-cü ilin martında bölgədə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil edilib. Ukrayna, Avropa Birliyi ölkələri və ABŞ səsvermənin nəticələrini tanımaqdan imtina edərək, yarımadanın Rusiyaya birləşməsini ilhaq adlandırıb. Rusiya hakimiyyəti bu ittihamları rədd edir və birləşmə prosedurunun beynəlxalq hüquqa uyğun olduğunda israrlıdır.

Bəzi ekspertlərin qənaətincə Ukrayna siyasətçiləri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi zəfərindən ilhamlanaraq, müharibə çağırışlarını gücləndirirlər. Amma reallığa gələndə, münaqişələrlə bağlı durum, qarşıdakı ölkə fərqlidir – yəni, Krım Qarabağ, Rusiya isə Ermənistan deyil.

Ukraynanın Rusiyaya qarşı müharibə edə biləcəyi ehtimalını AYNA-ya şərh edən Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, Azərbaycanın Qarabağdakı qələbəsi sadəcə Azərbaycan üçün deyil, belə problemlərlə üz-üzə olan digər bölgə ölkələri üçün əmsal təşkil etdi.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağdakı zəfərindən sonra bir çox ölkələrin mediası və ictimaiyyətində, xüsusilə də, Ukrayna və Rusiyada Krımın ilhaqı, Donbasın işğalı gündəmə gətirildi: “Dünyada adətən Şərqi Ukrayna məsələsi, yəni, Donbasın işğalı qabardılsa da, Ukraynada həm Donbasın işğalı, həm də Krımın ilhaqı məsələsi önə çıxarılır. Təbii ki, bu, Ukrayna üçün çox həssas məsələdir. Əlbəttə, Azərbaycanın Qarabağda hərbi uğuru, qələbəsi Ukrayna ictimaiyyətinə təsirini göstərir. Amma unutmaq olmaz ki, bu problemlər ayrı-ayrı problemlərdir. Əvvəllər bəzi hallarda Dağlıq Qarabağ problemini Abxaziya, Dnestryanı, Kosova, daha sonra Krımla müqayisə edirdilər. Amma istənilən problemin özünəməxsus xüsusiyyətləri var”.

“Təbii ki, beynəlxalq hüquqa görə, Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmək haqqı var. Azərbaycan da bu haqdan istifadə edərək, ərazisində hərbi əməliyyatlar apardı. Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən, digər qurumlar tərəfindən Qarabağın işğal edildiyi faktı təsdiqlənmişdi. Eyni zamanda, müharibə dönəmində Rusiya rəsmiləri, Prezident Vladimir Putin açıqlamalarında Qarabağın Azərbaycan ərazisi olduğunu ifadə edirdi. Ukrayna məsələsində isə başqa nüanslar var. Birincisi, burada tərəf Rusiyadır. Amma Qarabağ məsələsinin Rusiyaya aidiyyatı yoxdur. Yəni, Qarabağ ərazilərinin Rusiya ilə nə bağlılığı var, nə sərhədi var və s. Burada işğalçı tərəf Ermənistandır ki, arxasında Rusiya dayansa da, Ermənistan Rusiya deyil. Ukraynada isə fərqlilik ondan ibarətdir ki, tərəflərdən biri Rusiyadır”, - deyə T.İsmayıl qeyd edib.

Politoloqun qənaətincə, Rusiya bu gün dünyada ən böyük orduya və silaha sahib dövlətdir: “Ola bilsin ki, Ukrayna şərqindəki bölgədə, Donbasda hərbi əməliyyatlar aparsın, uğurlu nəticələr də əldə etsin. Amma Krım məsələsi olduqca qarışıq və mürəkkəb məsələdir. Rəsmi Kiyevin Krım məsələsinin hərbi yolla həllinə təkbaşına başlaması imkansız görünür.

Ukraynanın hərbi və iqtisadi məsələdə Rusiya ilə gücü eyni deyil. Eyni zamanda, Ukraynanın xarici siyasət kursu da fərqlidir. Etiraf etmək lazımdır ki, Azərbaycan uzun illər məntiqli və uğurlu xarici siyasət həyata keçirdi. Doğru hesablamalar, xüsusilə də Türkiyənin münaqişədə Azərbaycana açıq dəstəyi müharibədə uğur əldə etməyimizə səbəb oldu. Ukraynanın arxasında kim dayanacaq? Avropa, ABŞ Ukraynaya açıq dəstək verib, rəsmi Kiyevin arxasında sonacan dayanacaqmı? Bu, o qədər də inandırıcı deyil. İşğal dönəmində onlar Ukraynaya dəstək vermədilər, sabah müharibə başlayarsa, yanlarında olacaqları ehtimalı zəifdir”.

“Ümumiyyətlə, dünya ölkələri Ukraynanın hərbi əməliyyatlara başlamasını istəyirlərmi? Bu həssas məsələ ilə bağlı birmənalı fikir bildirmək imkansızdır. Krım məsələsi Qarabağ problemi kimi aydın deyil. Hətta biz İkinci Qarabağ müharibəsində gördük ki, Rusiya son anda müdaxilə etdi, sülhməramlı qüvvələr adı altında əsgərlərini Qarabağa gətirdi. Ermənistanın da tamamilə məhv olmasının qarşısını aldı. Ukrayna diplomatik, siyasi, hərbi hesablamalar aparmadan müharibəyə başlayarsa, mənfi nəticələrlə üzləşə bilər”, - deyə T.ismayıl fikrini tamamlayıb.

Geri dön