Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Aktual > "Azəriqaz" vətəndaşları soyur - Deputatın biri şikayətləri haqlı sayır, digəri isə yox

"Azəriqaz" vətəndaşları soyur - Deputatın biri şikayətləri haqlı sayır, digəri isə yox


19-02-2021, 08:04. Yazar: Xeberaz

Günlərdir müzakirə obyektinə çevrilən qaz sayğacları haqqında vətəndaşların şikayətləri hələ də səngiməyib.
İnsanlar smart tipli sayğacların köhnələri ilə əvəzlənməsindən narazıdırlar. Səbəb isə köhnə sayğacların üzərində əvvəldən borcun olması və bu borcun həddən çox yazılmasıdır.

"Azəriqaz" İB isə əvvəl gah müddəti 5 ili ötmüş yeni sayğacların baxışdan keçməli olduğunu, gah da smart kart tipli sayğacların baha olmasını bəhanə edərək açıqlama verməyə çalışdı. Nəticədə isə hələ də öz əməllərinə davam edirlər.

Sayğaclar köhnələri ilə əvəz olunur, həm də bu, insanların özlərinə xəbər edilmədən həyata keçirilir. Vətəndaşlar da qazdan gələn bildirişlərin üzərində həddən çox məbləğ yazıldığını görüb haqlı olaraq etiraz edirlər.

Onlar deyir ki, bu qədər məbləğdə qaz sərfiyyatı etməmişik. "Azəriqaz" isə yenə də qazın artıq pulunu soyuqqanlılıqla əhalidən almağa çalışır.
İş o yerə çatıb ki, mövzu Milli Məclisin deputatları arasında da müzakirəyə səbəb olub. Onlar da smart tipli qaz sayğaclarının mexanikilərlə əvəz olunmasını qəbuledilməz hesab ediblər.

Məsələ haqqında "Şərq"ə fikir bildirən millət vəkili Azay Quliyev dedi ki, "Azəriqaz" İB-nin fəaliyyətinə nəzarət etmək üçün ictimai şura yaradılır: "Azəriqaz"ın fəaliyyətinə ictimai nəzarəti təmin etmək üçün İctimai şura yaradılır. Şura qeyd edilən məsələlər də daxil olmaqla bütün şikayətləri araşdıracaq".

Deputat Razi Nurullayev də ona bu barədə şikayətlərin daxil olduğunu və şikayətlər haqqında "Azəriqaz"ın rəhbəri Ruslan Əliyevlə danışdığını bildirib: "Mən bu barədə Ruslan müəllimlə bir neçə dəfə əlaqə saxlamışam.

"Azəriqaz"ın yanında yoxlama mərkəzi var. Bir çox insan öz sayğacını aparıb orada yoxlatdırır. Onlar ekspertizada müəyyən edə bilirlər ki, köhnə sayğac indikindən çox, ya da az yazır. Mən özüm buna şahidlik etmişəm.

Üstəlik, "Azəriqaz"da 2 və 4-cü günlər açıq qapı günü keçirilir. Vətəndaşlar şikayət və ərizələrini götürərək ora müraciət edib bu məsələni yerindəcə öyrənə bilərlər.

Bu məsələlərdən sonra mən "Azəriqaz"ın rəhbərinin feysbukda canlı yayımda açıqlamalarını izlədim. Orada vətəndaşların suallarına birbaşa özü cavab verirdi. Bu gün də həmin şikayətləri özü qəbul edir".

Millət vəkili təkcə bu yox, hər məsələdə xalqın yanında olduğunu qeyd etdi və onu da dedi ki, "Azəriqaz"ın sayğacı köhnəsi ilə əvəz edib xalqdan ikiqat çox pul alıb onları aldatmasına heç cür inanmır:

"Hesab edirəm ki, bu boyda dövlətdə xalqı və hökuməti bu dərəcədə aldatmaq olmaz, inanmıram ki, belə bir şey edilsin. Bunu etmək çox böyük cinayət olar.

Mən bununla bağlı vətəndaşlar arasında sorğu da keçirdim. Dedim ki, mənə keçən ilin yanvar ayının qəbzi ilə bu ilin yanvar ayının bildirişlərini verin, biz çıxarış edək ki, nə qədər qaz sərfiyyatı olub.

Təəssüf ki, bunu da heç kim təmin edə bilmədi. Yəni ortada fakt olmalıdır. "Azəriqaz" və onun rəhbərliyi isə məsələyə biganə qalmır. Deyir ki, gətirin sübutlarınızı, biz onlara baxaq və məsələni həll edək.

Mən inana bilmirəm ki, həmin sayğaclar çox yazsın. Çünki onlar "Azəriqaz"a çatana qədər bir neçə qurumdan keçib təsdiqlənir ki, həqiqətən də istifadəyə yararlıdır. Əgər doğrudan da yeni qoyulanlar çox yazırsa, deməli, həmin qurumların da burada ciddi günahları var və onlar özləri üçün böyük bir şəbəkə yaradıblar".

Deputat R.Nurullayev sayğacların vətəndaşlardan xəbərsiz quraşdırılması ilə bağlı münasibət bildirdi:

"Əgər xəbərsiz qoyulub xəbər olunmayıbsa, bununla bağlı insanlar şikayətlərini aktlaşdırıb "Azəriqaz"a göndərməlidirlər. Müəssisənin rəhbərliyi də deyir ki, sayğacların dəyişdirilməsi vətəndaşlarla razılaşdırılır. Onlar razılaşmasa sayğac da dəyişilmir.
Yəqin ki, bunu hansısa idarələr özbaşına edirlər. Əhali bunu mütləq "Azəriqaz"a və şəxsən mənə söyləyə bilərlər. Mən özüm bu şikayətləri onların rəhbərliyinə çatdıraram".

Geri dön