Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil > Bakıda bu məktəb koronaya görə bağlandı

Bakıda bu məktəb koronaya görə bağlandı


18-02-2021, 20:11. Yazar: Xeberaz



Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, 82 nömrəli tam orta məktəbin bir nəfər I sinif şagirdinin, bir nəfər ibtidai sinif və bir nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb. Bu səbəbdən Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ-nin rəhbərliyi və idarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.
Geri dön