Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə > Ramiz Mehdiyevdən sensasion bəyanat: Əlimdəki faktları açıqlasam, çoxları ölkədən qaçar

Ramiz Mehdiyevdən sensasion bəyanat: Əlimdəki faktları açıqlasam, çoxları ölkədən qaçar


11-09-2020, 09:39. Yazar: Xeberaz

Akademik R.Mehdiyev: «Məni əsassız tənqidlər belə narahat etmir, məni ən çox narahat edən yaxşılıq etdiklərimin… nankorluğudur…»"Xeberaz.Az"  xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan MEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev «Təzadlar»a sensasion açıqlamalar verib… AMEA rəhbəri əməkdaşımızın sualına cavabında ilk növbədə «Təzadlar»ı uzun illərdir izlədiyini, qəzetin daim alimlərə və ziyalılara dərin hörmət bəsləməsini xüsusilə vurğulayaraq həmişə vahid mövqeyini qoruduğunu, Qarabağ problemini daim gündəmdə saxladığını qeyd edib.
R.Mehdiyev son vaxtlar ona qarşı olan tənqidi və sərt çıxışlar və s. barədə əməkdaşımızın verdiyi sualına cavab olaraq qeyd edib ki, «İlk növbədə qəzetininizin baş redaktoru Asif Mərzilinin barəmdə iki yazısını oxudum. Tənqidlərə sözüm yox, lakin nankorlar barədə yazdığına görə ona minnətdarlığımı şəxsən çatdırın. Çünki həmin nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar… Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün. Mən həmişə bütün fəaliyyətimdə dövlətimə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmışam, bunu əməli fəaliyyətim bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla, sübut etsinlər… Kimliyindən asılı olmayaraq maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur. Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev ulu öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir. Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz… ».
«Biz siyasi məsələlərdən kənar, sırf qeyd etdiyiniz nankorluq barədə Sizdən müsahibə götürmək istəyirik. Vaxtınız varmı?», -sualına akademik Ramiz Mehdiyev belə cavab verdi: «Heç bir problem yoxdur, Sizin qəzetin obyektiv, qərəzsiz mövqeyini bilirəm, inşallah, yaxın günlərdə müsahibə verərəm…», -deyə cavab verib.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev 80-ci illərin sonlarında SSRİ MK Siyasi Bürosundan istefa verəndən sonra onun əleyhinə Moskvaya teleqram vuranlar da vaxtilə yaxşılıq etdiyi insanlar olmuşdu. Hətta H.Əliyev 1990-cı ildə Siyasi Büronun fəaliyyəti və digər məsələlər barədə o vaxtkı «Respublika» qəzetinə geniş müsahibəsində nankorlar barədə tarixi söz demişdir: «Mən onlara inanmışdım, yaxşılıq etmişdim, vəzifə vermişdim, amma…».

İnanırıq ki, yaxın günlərdə AMEA-nın Prezidenti Ramiz Mehdiyevlə tarixi müsahibəni təqdim edə biləcəyik.


Geri dön