Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə > İşdən qovulan icra başçılarının ordenləri də GERİ ALINACAQ?..

İşdən qovulan icra başçılarının ordenləri də GERİ ALINACAQ?..


9-05-2020, 01:59. Yazar: Xeberaz
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Videomateriallardan da göründüyü kimi, icra başçıları rüşvətxor əməllərini çox rahat formada icra edirlər.
Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev... Dünən isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...

Belə görünür, dövlətin büdcəsini talamağı qarşılarına xüsusi vəzifə qoyan başçılar vətəndaşlara vicdanla xidmət etmək missiyasını çoxdan unudublar.

Maraqlıdır ki, DTX-nın qandalladığı icra başçılar dövlətin orden və medalları ilə təltif olunublar.

Belə ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev "Şöhrət" ordeni, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Biləsuvarın əli qandallanmış başçısı Mahir Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, İmişlinin həbs olunan icra başçısı  Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Bu ordenlər onlara Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətə və fəal iştiraka görə verilib.

Bəs indki halda Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunan sabiq icra başçılarının ordenləri geri alına bilərmi?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, vəzifəsindən çıxarılaraq, həbs edilən sabiq icra başçıları bütün orden və medallardan məhrum edilməlidir:


“Əgər həmin  icra başçılarının digər dövlət təltifləri varsa, dərhal həmin təltiflərdən də məhrum edilməlidirlər. Ümumilikdə bütün hüquqi imtiyazlardan məhrum edilməlidirlər”.

Fəzail Ağamalının sözlərinə görə, onlar ölkə prezidentinin dövlətçilik siyasətinə qarşı çıxıblar:


“Eyni zamanda, ən ağır əməllə - rüşvətxorluq və korrupsiya ilə məşğul olurlar. Rüşvətxorluq xalqın pulunu mənimsəməkdirsə, korrupsiya isə dövlətin cibinə girməkdir. Bunların hər ikisi bağışlanan davranış deyil. Ona görə də onlara cəza verilməklə yanaşı, korrupsiya və rüşvətxorluq yolu ilə əldə etmiş olduqları mülkləri əllərindən alınmalı, hərraca çıxarılmalı və həmin vəsaitlər yenidən dövlətin büdcəsinə qaytarılmalıdır”.
Geri dön