Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı > Nərminin qatili həbs olunmaya bilər... - TƏFƏRRÜATLAR

Nərminin qatili həbs olunmaya bilər... - TƏFƏRRÜATLAR


11-01-2020, 13:43. Yazar: Xeberaz
Nərminin qatili həbs olunmaya bilər...- TƏFƏRRÜATLAR

"Hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz”.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri lent.az -a hüquqşünas Şamil Paşayev Nərminin qatilinin anlaqsız olması barədə yayılan məlumatlardan danışarkən bildirib.
Psixi durumu yerində olmayan, etdiyi əməlin mahiyyətini dərk etməyən şəxslərin əvvəllər də cinayət törətmələri barədə mediada xeyli məlumatlar yazılıb. Kimisi öz qohumunu, kimisi həkimi öldürüb. Hətta ötən il Bərdədə mağaza sahiblərinə hədə-qorxu gəlib onların pulunu alan şəxsin ruhi xəstə olduğu üzə məlum olub. Son günlər ölkə gündəmini zəbt edən Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı 48 gün gizlədib sonra isə öldürüb yandırmaqda şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun da psixi problemləri olduğu deyilir. Buna görə də, onun həbs ediləcəyi yaxud stasionar müalicəyə göndəriləcəyi barədə cəmiyyət arasında çaşqınlıq yaranıb.
Şamil Paşayev bildirib ki, İ.Süleymanovun anlaqsız olduğu sübuta yetiriləcəyi təqdirdə, o, stasionar müalicəyə göndərilməlidir:

"Hadisə ilə əlaqədar şübhəli şəxs barəsində tutulma, təqsirləndirilən şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilir. Şübhəli şəxsin təqsirli bilinməsi ilə bağlı müstəntiq prokurora vəsatət verir, prokuror da məhkəməyə müraciət edir. Məhkəmədə isə təqsirli bilinən şəxsin psixi pozğunluğu aşkar edilərsə, onun anlaqlı olub-olmamasını müəyyənləşdirmək üçün istintaq ilkin olaraq kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizası təyin edir. Ekspertiza haqqında qanuna əsasən, bunun üçün 1 ay müddət ayrılır. Əgər şəxs hansısa xəstəxanada qeydiyyatdadırsa, özünə və ya ətrafına narahatlıq verirsə, həmçinin dindirilməsi mümkün olmursa, o zaman ekspertiza stasionar qaydada aparılır. Cinayət Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, yəni, kəmağıllıq, xroniki psixi pozğunluq olan, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəsini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Əgər şəxs həqiqətən anlaqsız olsa, bununla bağlı istintaq orqanı cinayət işinin materiallarını toplayır. Bundan sonra şəxsin əməli sübut edilirsə, ittiham aktı tərtib edilmir. Çünki artıq anlaqsız şəxs barədə məcburi tibbi xarakterli tədbirlərin seçilməsinə görə, cinayət işini müvafiq qərara əsasən, məhkəməyə göndərir. Bu zaman da onun həqiqətən anlaqsız olmasını bilmək üçün qeyd etdiyimiz kimi ekspertiza təyin edilir”.
Hadisədən sonra psixi xəstəliyə tutulan şəxsə məcburi tədbirlər görüləcəyini deyən hüquqşünas, bu barədə ölkənin yüksək səviyyəli məhkəmə orqanlarının da qərarları olduğunu dilə gətirib:
"Bundan əlavə, şəxsin hadisədən əvvəl, yaxud sonra anlaqsız vəziyyətə düşməsi proses üçün əhəmiyyət daşıyır. Belə ki, Məcəllənin 21.3-cü maddəsinə görə, hadisəni törədərkən anlaqlı olan, ancaq məhkəmənin hökmünə qədər anlaqsız vəziyyətə düşərək öz əməlinin xarakterini dərk etməyən şəxs barədə məhkəmə nəzərdə tutulan məcburi tədbirlər tətbiq edə bilər. Ancaq hadisəni törədərkən psixi xəstə olan şəxslər birmənalı olaraq cinayət məsuliyyətinə cəlb edilmir. Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin plenium qərarlarında da anlaqlı halda cinayət törədib, lakin məhkəmənin hökmünə qədər psixi xəstəliyə tutulan şəxs barədə məcburi qaydada tibbi tədbirlərin görülməsi imperativ qaydada göstərilib. Eyni zamanda şəxs barədə məcburi tibbi tədbirlər Cinayət Məcəlləsinin 95-ci maddəsinə əsasən, həyata keçirilir. Həmin tədbirlər məcburi ambulator müşahidə psixiatrik müalicəsi, ümumi tipli psixiatrik stasionar müalicəsi, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında instensiv müşahidə altında müalicəsindən ibarətdir. Stasionar müalicə alan şəxs 6 aydan bir yoxlanılır. Məcburi müalicənin ləğv edilməsi yalnız müəssisə rəhbərinin təklifi ilə məhkəmə tərəfindən həyata keçirilir”.
  • Nərminin qatili həbs olunmaya bilər...- TƏFƏRRÜATLAR

Geri dön