Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həmkarımızın xatirəsi: Məhərrəmsiz qırx gün...
Tarix: 14-07-2021 | Saat: 00:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var / Məşhurların Taleyi | çapa göndər


Qırx gün ötdü...
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla Azərbaycan televiziyasının operatoru Sirac Abışovun tank əleyhinə minanın partlaması nəticəsində həlak olaraq şəhidlik zirvəsinə yüksəldikləri gündən qırx gün keçdi...
Ağrı, iztirab, üzüntü, təəssüf, həsrət dolu qırx gün...
Susuzluq yolunda partlayan minanın səsi haralarda eşidilmədi, kimləri silkələmədi? Dünyanın aparıcı informasiya agentlikləri, televiziya kanalları, ayrı-ayrı ölkələrin mətbu nəşrləri peşə fəaliyyətini yerinə yetirərkən erməni terrorunun qurbanı olan həmkarlarımızın faciəli ölümü barədə xəbərləri dünyaya yaydılar. Tanınmış ictimai-siyasi xadimlər, siyasətçi və politoloqlar erməni vəhşiliyinin növbəti təzahürü olan bu hadisəyə münasibət bildirdilər.
Həmin o minanın bir qəlpəsi də milyon-milyon ürəkləri yandırıb-yaxdı, iş başında xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin həyatdan qəfil və vaxtsız gedişi sinələri göynətdi...
İşğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Qubadlı rayonlarını kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev lentə alıb erməni quldurlarının törətdiyi vandallığı tarixin yaddaşına çevirənlər indi özləri yaddaşa çevrildilər.
Hər gün Bakının Binəqədi rayonunda Məmmədəmin Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində dalan yollarına düşən izlərdən biri itdi. Qırx gündür ki, bu həyətin, bu evin hər güncünə, hər qarışına atasızlıq, kimsəsizlik və hüzn çöküb.
Üç qardaşın, dörd bacının istəkli qardaşı, iki oğul atası Məhərrəm İbrahimov həyat səhnəsindən çəkilib getdi...
Qırx gündür ki, Məhərrəmsiz qalan ev, həyət, küçələr, iş yeri... Onsuz qalan ailə üzvləri, qohumları, dostları, yoldaşları...
O, bir də bu dalan yolları ilə addımlayaraq qapının ağzında dayanıb yolunu gözləyən ömür-gün yoldaşı Baharın, bir cüt gül balasının görüşünə gəlməyəcək, gələ bilməyəcək...
Axşamlar işdən qayıdıb darvazadan içəri girəndə bir cüt uşağın tamet döşənmiş həyətdə onun qarşısına yüyürüb “Atam gəldi!” sədası eşidilməyəcək...
Böyük oğlu Uğur “ata, bazar günü məni gəzməyə apararsan” deməyəcək...
Səhərlər evdən çıxanda kiçik oğlu “ata, axşam mənə şirniquş alıb gətirərsən” tapşırmayacaq...
Qardaşları Əkbər, Əsgər, Qarabağ müharibəsi əlili Ələsgər, bacıları Sevda, İradə, Fəridə və Azadə ötən qırx günün hər saatında, hər dəqiqəsində ailənin sonbeşiyinin itkisi ilə yanıb-yaxıldılar...
Azərbaycan Televiziyasının həyətində ağ mərmər lövhə üzərində Birinci Qarabağ müharibəsi dövründə öz peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan jurnalistlərin sırasına Qarabağ Zəfərindən sonra həyatını itirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun da adları əlavə olundu. Televiziyanın girişində, AZƏRTAC-ın foyesində şəhid jurnalistlərin xatirəsini əbədiləşdirən guşənin önünə qırx gün təzə-tər gül-çiçək dəstələri qoyuldu.
Şəhid həmkarlarımız Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
“Vikipediya”nın beş xarici dil bölməsində “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradıldı.
Niderlandda azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxıldı...
Rus yazıçısı Vladimir Nabokov yazır ki, insan ömrünün ən qısa tarixçəsi qəbiristanlıqda başdaşlarının üstünə həkk olunmuş rəqəmlərdir. İndi Məhərrəmin qara mərmər başdaşı üzərində iki rəqəm yazılıb: 1982-2021. Amma bu iki rəqəm arasına nə qədər hiss, həyəcan, duyğu və iztirab sığışıb.
Bir şeirin misralarıdır:
Söykəndik dünyanın yaxşı dağına,
Heyif, sonra bildik sonu hədərdir.
Heyif yaxşıların yaxşılığına,
Hamısı bir ömrün boyu qədərdir.
Amma yox! Nə yaxşılıq, nə qəhrəmanlıq bir ömrün boyu qədər ola bilməz. İllər ötüb keçəcək, Suzuzluq yolunda baş verən faciəli hadisə zaman-zaman xatırlanacaq və həmin faciənin qurbanı olan Məhərrəm İbrahimovla Sirac Abışov həmişə ən xoş hisslərlə xatırlanacaq...
Filosoflardan birinin sözüdür: İnsan doğulur ölmək üçün, ölür yaşamaq üçün. Dünyanın bu əzəli və əbədi qanununa qarşı kim çıxa bilib ki? Ölüm gec-tez, əvvəl-axır hamının qismətidir. Qardaşı Əsgərin də dediyi kimi, “İnsan ömrü 70-80, bəlkə də bir az artıq ola bilər. Şəhid ömrü isə əbədidir. Biz bu dünyada olmayanda onların adı yaşayacaq, xatırlanacaq, göstərdikləri nümunə sonrakı nəsillərə örnək olacaq. Qardaşım əbədiyaşarlıq qazandığına görə iftixar hissi keçirirəm”.
Məhərrəm isə öz ölümsüzlüyünü, əbədiyyətini 39 yaşında qazandı. Zaman ötsə də, neçə-neçə illər keçsə də, o, bu dünyanın əbədi sakinlərindən biri olaraq qalacaq...
   


Xəbəri paylaş

4628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___