Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səhiyyənin İnsanov, Şirəliyev dövrü - nələr oldu...
Tarix: 29-04-2021 | Saat: 16:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Səhiyyə | çapa göndər


Dünyada insan inkişafının əsas göstəricilərindən biri olan keyfiyyətli səhiyyə xidməti Azərbaycan əhalisi üçün əlçatmaz olaraq qalmaqdadır. Uzun illər boyu icbari tibbi sığortanın tətbiqini gözləyən ölkə insanı Əli İnsanov, Oqtay Şirəliyevin rəhbərliyi altında olan səhiyyə sistemindən hədsiz narazılığını heç vaxt gizlətməyib: yolu bir dəfə də olsa dövlət xəstəxanasına düşən kiminsə buradakı xidmət səviyyəsindən razı qalması mümkün olmayıb.

30 ilə yaxın müstəqillik dövrünü bu iki şəxsin rəhbərlik etdiyi səhiyyə sistemində yaşayan Azərbaycan vətəndaşları indi tamamilə fərqli olması gözlənilən icbari tibbi sığortanın tətbiqi prosesini yaşayır. Bu mərhələdə indiyədək sistemdə baş verənləri dəyərləndirib, zəruri dərsləri çıxarmadan irəli getmək yəqin ki, mümkün olmayacaq. Azərbaycan səhiyyəsi İnsanov və Şirəliyev dövründə nə qədər fərqləndi? Bu sistemdə normal xidmət səviyyəsinə nail olmaq üçün neynəmək lazımdır? Hansı islahatlar həyata keçirilməlidir ki, Azərbaycan səhiyyəsi irəliyə gedə bilsin?

Tanınmış həkim Vaqif Qarayevin dediyinə görə, son 30 ilə yaxın dövrdə səhiyyə sisteminin başında cəmi iki nəfər olub: “Ona görə də sistemin problemlərini qiymətləndirərkən bu iki şəxsin rəhbərlik etdiyi dövrləri fərqləndirmək lazım gəlir. Səhiyyə bütün dünyada çox spesifik sistem hesab olunur. Hər bir insanın sağlamlıq zəmanəti olmalıdır. Yəni vətəndaş əmin olmalıdır ki, hər hansı bir ehtiyacı yarandıqda klinikaların qapısını açıb keyfiyyətli tibbi xidmət ala biləcək. Son 30 ildə Azərbaycanda vətəndaşın belə əminliyi olmayıb. Siz təsəvvür edə bilirsinizmi ki, kimsə dövlət xəstəxanasına gedib nəzərdə tutulduğu kimi pulsuz və keyfiyyətli xidmət alsın - tutalım ki, əməliyyat olunsun? Biz hamımız yaxşı bilirik ki, bu, mümkün deyil. Əli İnsanov çox peşəkar pulmanoloqdur, bu sahədə Avropa alimləri arasında ən yüksək yerlərdən birini tutur.

Lakin onun səhiyyəyə rəhbərlik etdiyi dövr tibb elminin ən fəci dövrü sayıla bilər. Çünki adamı yalnız pul qazanmaq düşündürürdü - dövlət səhiyyə müəssisələrində bir xadimə belə pulsuz işə qəbul olunmurdu, o da ola həkim. Həbs olunanda onun olduğu deyilən var-dövləti, qızılları nümayiş etdirilmişdi, çoxları deyirdi, onunku deyil. Konkret videoya çəkilənlərin onun olub-olmadığını deyə bilmərəm, amma əminəm ki, İnsanovun topladığı o göstərilənlərdən qat-qat çox idi. Onun dövründə çox murdar bir ənənənin əsası qoyulmuşdu: xəstəxanada işləyən bütün şəxslərdən, hətta xadimələrdən də fond pulu deyilən vəsait toplanırdı. Guya səhiyyə müəssisələrinin təmiri, cari təminatı üçün. Pul yığılsa da, heç bir xəstəxana təmir olunmurdu, bint, şprisə qədər xəstələrin özlərinə aldırırdılar. Təəssüflər olsun ki, bu fondpulu indiyədək qalmaqdadır"...

Həkim bildirir ki, O.Şirəliyevin dövründə tibb müəssisələrinin təmiri, maddi-texniki təminatının gücləndirilməsi sahəsində böyük sıçrayış olub: “Demək olar ki, bütün tibb müəssisələri yenidən quruldu, avadanlıq, texniki təminat gücləndirildi, çoxlu yeniləri tikildi. Lakin bu, Şirəliyevin xidməti deyildi: Azərbaycan böyük neft gəlirləri əldə etməyə başlamışdı, onun hesabına səhiyyə sistemində bu işlər görülürdü. Və yüz milyonlarla manat dövlət vəsaiti hesabına təmir olunan, yeni tikilən tibb müəssisələrində xidmətin keyfiyyətində hansısa dəyişiklik, irəliləyiş baş vermədi. Ölkə üzrə tibbi xidmətin inkişafı əsasən özəl klinikaların hesabına getdi. Həkim-pasiyent münasibətlərində yaranan əsas problem ödənişlə bağlıdır. Normalda həkim birbaşa xəstədən pul almamalıdır: bunu hər xəstəyə göstərilən xidmət əsasında sığorta şirkətləri etməlidilər. Azərbaycanda da şükürlər olsun ki, 30 ilə yaxın müddətdən sonra dünyanın çox uğurla təcrübədən keçirdiyi bu sistemə - icbari tibbi sığortaya keçilir. Həkim heç vaxt xəstə axtarmamalıdır, heç xəstə də hansısa həkimi axtarmamalıdılar. Xəstə klinikanı axtarmalıdır, bilməlidir ki, hansı xəstəlikləri hansı klinikalarda daha yaxşı müalicə olunur. Yəni klinikalar xəstəliklər, yaxud orqanizmin hissələrindəki xəstəliklər üzrə ixtisaslaşmalıdır. Bir xəstəxananın bütün xəstəliklər üzrə keyfiyyətli xidmət təqdim etməsi mümkün deyil”.

V.Qarayev deyir ki, Azərbaycanda praktik təbabətin bütün sahələrində bacarıqlı, peşəkar gənc həkimlər var: “Bu, birmənalıdır ki, son illərdə xaricdə təhsil alıb gələn çox peşəkar gənc həkimlərimiz yetişib. Sadəcə, onların demək olar ki, hamısı özəl klinikalarda çalışmağı üstün tuturlar, çünki dövlət xəstəxanalarındakı həkim-pasiyent münasibətlərini qəbul edə bilmirlər. Peşəkarlar özəl klinikalarda olduqları üçün Azərbaycanda keyfiyyətli tibbi xidmətə çıxış əhalinin əksər təbəqələri üçün əlçatmazdır. Bunu əlçatan etmək üçün icbari tibbi sığortanın tətbiqi son dərəcə vacibdir. Bizdə bu proses başlanıb, lakin etiraf etmək lazımdır ki, koronavirus pandemiyası bu məsələdə ciddi problemlər yaradır. Pandemiyaya qədər çox ciddi hazırlıq işləri aparılırdı. Lakin pandemiya səhiyyə sistemində çox böyük yüklənməyə səbəb oldu ki, bu da hazırlıq işlərinin faktiki olaraq dayanmasına gətirib çıxardı. Buna baxmayaraq, proses başlanıb, bundan sonra əsas diqqət problemləri vaxtında aşkarlayıb, onların aradan qaldırılması üçün təcili addımların atılmasına yönəldilməlidir. Yalnız beləliklə yaxın 3-5 il ərzində normal tibbi sığorta sistemini yaratmaq mümkündür. Vətəndaşların həkimlərə etibarı bu sistem vasitəsilə formalaşacaq. İndi heç kim həkimə etibar etmir, çünki üz tutduqları həkimlər onlardan pul istəyirlər. Həkimin xəstədən pul istəməsi iyrəncdir. Düşünürəm ki, tibbi sığortanın uğurlu tətbiqi səhiyyə sisteminə rəhbərlik sahəsindəki pərakəndəliyin aradan qaldırılmasından da asılıdır. İndi üç qurum var bu sahədə: İcabri Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi. Bunlardan azı biri ləğv olunmalıdır”.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin “Yeni Müsavat”a dediyinə görə, səhiyyə sistemini nazirlərin rəhbərlik etdiyi dövrlər üzrə qiymətləndirmək düzgün olmazdı: “Onların hər ikisi o vəzifəyə təyin olunan adamlardır və səhiyyədə baş verən proseslərin çox mühüm hissəsi heç də onlardan asılı olmayıb. Onların hansısa formada şəxsi təşəbbüsü, yaxud nazirliyin təklifi əsasında səhiyyə sistemində hər hansı dəyişikliyin şahidi olmamışıq: nə Əli İnsanovun, nə də Oqtay Şirəliyevin dövründə. Səhiyyə sistemində islahatların təşəbbüskarı 2000-ci illərdən başlayaraq Dünya Bankı olub. Hansı ki, onun təklif etdiyi islahatların böyük əksəriyyəti həyata keçirilməyib. Nazirliyə rəhbərlik etdiyi dövrlərlə bağlı qiymətləndirmə apararkən əsas diqqətçəkici məqam Oqtay Şirəliyevin dövründə dövlət büdcəsindən səhiyyəyə daha yüksək məbləğdə vəsait ayrılmasıdır”.

İqtisadçı-alim deyir ki, Azərbaycanın səhiyyə sistemində əsas islahat olan icbari tibbi sığortaya keçidlə bağlı addımlar 2007-ci ildən atılmağa başlayıb: “Hətta 2012-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanmasına dair vədlər də verilib. Lakin maraqlar toqquşması üzündən bu proses indiyədək ləngiyib. İcbari tibbi sığortanın tətbiqi istiqamətində real addımlar 2016-cı ildən atılmağa başlayıb. Həmin ildən etibarən pilot qaydada icbari tibbi sığortanın tətbiqinə başlandı. Bütün ölkə ərazisində 2021-ci ildən tətbiq olunur”.

A.Mehtiyev hesab edir ki, Azərbaycanda normal səhiyyə xidmətinin formalaşması üçün icbari tibbi sığortanın normal tətbiqi təmin olunmalıdır: “Tibbi xidmətlərin göstərilməsi, tibbi xidmətlərin satın alınması, tibb siyasətinin həyata keçirilməsi kimi fəaliyyətlərin bir-birindən ayrılması nəzərdə tutulurdu. Hazırda bununla bağlı addımlar atılıb - İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB yaradılıb, səhiyyə siyasətini müəyyən etmək üçün Səhiyyə Nazirliyi var. Hazırda Azərbaycanda icbari tibbi sığortaya keçid prosesi baş verir. Açıq hiss olunur ki, bu prosesin gedişatına, islahatların tam çərçivəsinə dair hökumətin özündə belə aydın təsəvvürlər yoxdur. Qurumlar arasında nüfuz və maraqlar mübarizəsi davam edir. Hətta səhiyyə müəssisələrinin tabeliyində də parçalanma var: bir çoxu TƏBİB-ə, qalanları Səhiyyə Nazirliyinə tabedir. Eyni zamanda proseslə bağlı məlumatlar ictimaiyyətə açıqlanmır, buna görə də hansı problemlərin yarandığını, hökumətin onları aradan qaldırmaq üçün nələr edəcəyini söyləmək mümkün deyil. Hələlik görünən budur ki, ölkədə tibbi xidmətin təqdim olunması prosesinə nəzarət sistemi qurulmalıdır. Həkimlərin pasiyent inhisarçılığına son qoyulmalıdır”.

İqtisadçı-alimin fikrincə, hazırda əsas diqqət səhiyyə xərclərinin qarşılanmasında dövlətin yükünün bir hissəsinin vətəndaşın üzərinə qoyulması məsələsinə yönəlib: “İslahatların necə gedəcəyi, hansı nəticələrin əldə olunmasının hədəfləndiyinə dair hər hansı proqram sənədi açıqlanmayıb. Hökumətin hansı müddətə hansı nəticələri əldə etməyi planlaşdırdığı belə məlum deyil. Buna görə də icbari tibbi sığortanın tətbiqinin səhiyyə sistemində vətəndaşları narazı salan problemləri aradan qaldırıb-qaldırmayacağını söyləmək mümkün deyil”.
“Yeni Müsavat”



1568 dəfə oxunub.

Digər xəbərlər
31-05-2017, 12:32 Güclü külək əsəcək
29-02-2016, 12:15 Mart ayının hava proqnozu

16-05-2021
bütün xəbərlər
____ Instagram ___